Month: March 2026

  • Putin Dərbənddəki Azərbaycan Musiqili Dram Teatrının açılışında çıxış etdi

    Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən Azərbaycan Dövlət Musiqili Dram Teatrı əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bu mədəniyyət ocağının açılış mərasiminə videokonfrans formatında qatılıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, təntənəli tədbir Beynəlxalq Teatr Günündə baş tutub.

    Mərasimdə videoformatda çıxış edən Rusiya dövlət başçısı bu incəsənət sahəsinə bağlı olan bütün şəxsləri, rejissor heyətindən tutmuş tamaşaçılara qədər hər kəsi Beynəlxalq Teatr Günü münasibətilə təbrik edib.

    Rusiya rəhbəri əminliklə vurğulayıb ki, Dərbənddə yenilənmiş teatr binasının istifadəyə verilməsi həm Dağıstanın, həm də bütün ölkənin mədəni həyatında mühüm hadisəyə çevriləcək. O cümlədən, bu açılışın qonşu Qafqaz dövlətləri üçün də xüsusi önəm daşıdığı diqqətə çatdırılıb.

    Vladimir Putin xüsusi olaraq qeyd edib ki, Moskva və Bakı arasındakı əlaqələr müştərək tarixi köklərə, o cümlədən zəngin mədəni irsə əsaslanan möhkəm bünövrə üzərində irəliləyir.

  • Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

    Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.

    Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.

  • Putin İlham Əliyevə təşəkkür etdi

    Rusiya-Azərbaycan münasibətləri ümumi keçmiş tarixi, o cümlədən mədəni irsi olan möhkəm bünövrə üzərində inkişaf edir.

    Bunu Rusiya prezidenti Vladimir Putin Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının açılışında bildirib.

    Açılışa videokonfrans vasitəsilə qatılan Rusiya prezidenti vurğulayıb ki, Dərbənddəki yenilənmiş Azərbaycan Dövlət Dram Teatrının açılışı Dağıstan Respublikasının və ümumilikdə Rusiyanən və onunla qonşu dövlətlərin mədəni həyatında əhəmiyyətli hadisə olacaq:

    “Xatırladım ki, teatrın özünün tarixi 19-cu əsrin 80-ci illərinə gedib çıxır. Bu teatrda hər zaman incəsənətə sadiq şəxslər qulluq ediblər. Sevindirici haldır ki, indi, miqyaslı bərpa işlərindən sonra teatr öz əsl müasir görkəmini alıb. Əminəm ki, yenilənmiş teatrda bizim vətəndaşlarımız zəngin Azərbaycan mədəniyyəti ilə tanış olacaqlar. Açılış mərasimində iştirak edən Bakıdan gələn qonaqları da salamlayırıq”.

    Putin çıxışında Rusiya-Azərbaycan ikitərəfli münasibətlərinin inkişafından da danışıb.

    Bakıdakı məşhur Rus Dram Teatrının uğurla fəaliyyət göstərdiyini xatırladan Rusiya prezidenti teatra dəstək verdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib: “Qeyd etmək istəyirəm ki, bu iki səhnə, Bakıdakı Rus Dram teatrı və Dərbəndəki Azərbaycan Dram teatrı bizim mədəniyyətlər arasındakı körpüdür”.

    Putin Dərbəndəki Azərbaycan teatrının kollektivinə yaradıcılıq uğurları arzulayıb.

  • Sabunçuda evdən 6300 dollar oğurlandı – Saxlanılan var

    Sabunçu rayonu Maştağa qəsəbəsində bir nəfər yaşadığı evdən 6300 dollar pul vəsaitinin naməlum şəraitdə oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 28 yaşlı R.Əlizadə müəyyən edilərək saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Lənkəranda zəlzələ oldu

    Lənkaran rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Bildirilib ki, Lənkəran stansiyasından 12 km qərbdə baş verən 3.1 maqnitudalı zəlzələ hiss olunmayıb.

  • Şahdağ və Qrıza qar yağır – FAKTİKİ HAVA

    Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Şahdağ və Qrıza isə qar yağır.

    Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 19 mm (aylıq normanın 81 %-i), Ağdam, Göygöl, Neftçalada 14, Zərdab, Bərdə, Astarada 13, Xızı, Lənkəranda 12, Beyləqan, Cəlilabad, Daşkəsəndə 11, Goranboy, Kürdəmir, Şamaxıda 10, Lerik, Cəbrayıl, Sabirabadda 9, Şirvanda 8, Xaltan, Yardımlı, Mingəçevir, Gədəbəy, Gəncədə 7, Göyçayda 6, Şəmkir, Oğuzda 5, Ağstafada 4, Tovuz, Qubada 3, Culfa, Şabran, Qax, Qusarda 2, Balakən, Zaqatalada 1 mm-dir.

  • Kürdə köməksiz qalanlar bir ailənin üzvləri imiş – YENİLƏNİB

    Samuxda Kürdə köməksiz vəziyyətdə qalan şəxslərin kimlikləri məlum olub.

    Həmin şəxslər bir ailənin 4 üzvüdür. Onlar Gədəbəy rayon sankinləri,1990-ci il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və övladları 2019-cu il təvəllüdü B.Mustafayeva 2025-ci il təvəllüdlü A.Mustafayevdir. Məlumata görə, həmin şəxslər bitki və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.

    Hazırda həmin şəxslərin xilas edilməsi istiqamətində işlər gedir.

    * * * * *

    Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində bir ailənin 4 üzvü köməksiz vəziyyətdə qalıblar.

    “Unikal”ın məlumatına görə, rayon sakinləri olan bir neçə nəfər Kürün ortasındakı adada odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Nəticədə onlar Kürün ortasında qalıblar.

    Dərhal əraziyə FHN-in və adiyyatı qurumların əməkdaşları cəlb edilib. Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

  • Azərbaycanlı güləşçi dopinqə görə sərt cəzalandırıldı

    Azərbaycanlı güləşçi Sabir Cəfərov cəzalandırılıb.

    Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.

    Onun nümunəsində qadağan edilmiş maddə, onun metabolitləri və ya markerlərinin mövcudluğu aşkarlanıb. Həmçinin idmançı tərəfindən qadağan edilmiş maddə, qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdi olub.

    Sabir Cəfərov AMADA tərəfindən dörd il müddətinə yarışlardan kənarlaşdırılıb. 2025-ci il sentyabrın 1-dən başlayan sanksiya 2029-cu il avqustun 31-də başa çatacaq.

  • Saxlanılan məşhur türkiyəli aktrisa Hande Erçel ifadə verib

    İstanbul Baş Prokurorluğu tərəfindən tanınmış şəxsləri hədəf alan narkotik istintaqı çərçivəsində yeni məlumatlar ortaya çıxıb.

    Bu barədə Median.Az “Cumhuriyet” nəşrinə istinadən xəbər verir.

    Məlumata görə, barəsində saxlanılma qərarı verilən və ölkə xaricində olan türkiyəli məşhur aktrisa Hande Erçel Türkiyəyə qayıdıb.

    İstintaq çərçivəsində saxlanılan Hande Erçel İstanbul Məhkəməsində ifadə verib. Aktrisadan götürülən saç və qan nümunələri Məhkəmə Tibbi Ekspertizasına göndərilib.

  • Hikmət Hacıyev Ərdoğanın baş müşaviri ilə görüşdü

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Şağatay Kılıçla görüşüb.

    O, bu barədə özünün “X” sosial media hesabında yazıb.

    “Budapeştdə Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıçla səmərəli görüşümüz oldu. Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqliyi əsasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi, eləcə də regional təhlükəsizlik və bağlantılar məsələləri ətrafında fikir mübadiləsi apardıq. Mövcud qlobal çağırışlar fonunda Türk dünyasında birlik və həmrəyliyin daha da gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”, – H.Hacıyev qeyd edib.