Month: March 2026

  • “Lənkəran” və “Atletiko Baku”ya texniki məğlubiyyət verildi

    Futzal üzrə Yüksək Liqada çıxış edən “Lənkəran” komandası texniki məğlubiyyət alıb.

    Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

    Bölgə təmsilçisi XV turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən “Lənkəran”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

    Eyni hal futzal üzrə 1-ci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

  • Maşında sıxılı vəziyyətdə qalan qadın xilas edildi – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz şəhəri, Bakı küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” və “Haval” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Haval” markalı minik avtomobilində sərnişin sıxılı vəziyyətdə qalıb.

    Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı qalan sərnişin, 1962-ci il təvəllüdlü N.Əliyeva xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

  • Gürcüstanda yanacağın qiyməti bahalaşdı

    Gürcüstanda yanacağın qiymətləri yenidən bahalaşıb.

    Son iki həftədə qiymətlər 50-60 tetri (15-20 sent) bahalaşıb.

    Bahalaşmaya əsasən Yaxın Şərqdə baş verən hadisələr, xüsusən də Hörmüz boğazı vasitəsilə neft daşınmalarında gecikmələr səbəb olub.

  • İkiqat olimpiya çempionu vəfat edib

    Voleybol üzrə SSRİ yığma komandasının heyətində ikiqat Olimpiya çempionu olmuş Roza Salihova vəfat edib.

    Bu barədə Ümumrusiya Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    O, 81 yaşında həyatını itirib. Ölüm səbəbi barədə məlumat verilməyib.

    Qeyd edək ki, R.Salihova SSRİ yığmasının üzvü kimi 1968 və 1972-ci illərdə Olimpiya titulunu qazanıb. O, həmçinin Dünya çempionatının (1970) və Dünya kubokunun (1973) qalibi və ikiqat Avropa çempionu (1967 və 1971) olub.

  • Keçmiş məhkum narkotiklə tutuldu

    Salyanda külli miqdarda marixuana ələ keçirilib.

    Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ramal Əliyev saxlanılıb.

    Ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Əliyev barəsində həbs qətimkan tədbiri seçilib.

  • Qanunsuz saxlanılan silahlar aşkarlanıb

    Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 4 tüfəng, 1 patron darağı və 1080 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Havanın temperaturu 5 dərəcə enəcək – XƏBƏRDARLIQ

    Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Bakıda və Abşeron yarımadasında martın 27-si səhərdən 29-dək arabir yağış yağacağı , bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən qısamüddətli güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

    Azərbaycanın bəzi rayonlarında martın 27-dən 31-dək hava şəraitinin fasilələrlə intensiv xarakterli yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

    Martın 27-28-də ayrı-ayrı yerlərdə Quba-Qusar (Siyəzən, Şabran, Xızı, Quba, Qusar, Xaçmaz), Dağlıq Şirvan (Şamaxı, Ağsu, Qobustan) Mərkəzi Aran (Hacıqabul, Neftçala, Sabirabad, Salyan), Qarabağ və Şərqi-Zəngəzur (Ağdam, Xankəndi, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) bölgəsində yağıntıların güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında, xüsusilə Quba-Qusar, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisindən axan çaylarda qısamüddətli daşqın və sel hadisələrinin baş verəcəyi ehtimal olunur.

    Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlama ehtimalı var.

  • İşlədiyi istixanadan oğurluq etdi

    Xəzər rayonunda yerləşən istixanaların birindən elektrik naqillərinin oğurlanması faktı aşkarlanıb.

    DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Həmidli müəyyən olunaraq saxlanılıb.

    Araşdırma zamanı onun oğurluq etdiyi istixanada çalışdığı məlum olub.

  • Azərbaycanlıların da olduğu 41 qanunsuz miqrant saxlanıldı

    Gürcüstanda qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Tbilisi və Batumi şəhərlərində 41 nəfər xarici ölkə vətəndaşı saxlanılıb.

    Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Türkiyə, Türkmənistan, Rusiya, Azərbaycan, Əlcəzair, Çin, Özbəkistan, Yəmən, İordaniya və İraq vətəndaşları olan həmin şəxslərin Gürcüstanda qanuni əsas olmadan yaşadıqları müəyyən edilib.

    Əcnəbilər DİN-nin Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılırlar. Hazırda onların Gürcüstandan deportasiyası üçün müvafiq prosedurlar həyata keçirilir.

  • Özəl fondların yaradılması ilə pensiyalar artacaq

    “Özəl pensiya fondlarının yaradılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlər davam etdirilir. Nazirliyin açıqladığı məlumatlara əsasən, artıq 20-yə yaxın qanunverici akta dəyişikliklərin edilməsi və qanunvericiliyin bu istiqamətdə təkmilləşdirilməsi reallaşa bilər”.

    Bunu “Unikal”a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, uyğun qanunverici aktlar Milli Məclisə təqdim edildikdən sonra bu istiqamətdə müzakirələrə başlanılacaq:

    “Dünya praktikasında özəl pensiya fondları paralel yığım imkanları deməkdir. Vətəndaş özəl pensiya fonduna vəsait yönəltməklə həmin pensiya fondunda müəyyən kapitala malik olur. Bu, vətəndaşın pensiya yaşında iki mənbədən pensiya almasına gətirib çıxarır. Həm Dövlət Sosial Müdafiə Fondundan, həm də özəl pensiya fondundan pensiya alınması anlamına gəlir. Həmçinin, vətəndaşın pensiya yaşında pensiya məbləğinin artması deməkdir.

    Dünya praktikasında özəl pensiya fondunda yığılan kapitalın daha tez istifadə imkanları var. Özəl pensiya fondu ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən, kapitalın bir hissəsinin birdəfəlik götürülməsi mümkün olur. Güman edirik ki, oxşar praktika Azərbaycanda tətbiq olunacaq. Yığılan kapitalın bir hissəsinin vətəndaş tərəfindən daha tez, pensiya yaşı tamam olmadan istifadə olunması həm də özəl pensiya fondlarına marağın artmasına və bu yığımların səmərəliliyinin yüksəlməsinə gətirib çıxaracaq”.