Month: March 2026

  • NASA kəşf olunan ekzoplanetlərin sayını açıqladı

    ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) hazırda agentliyin müşahidəsində olan təsdiqlənmiş Günəş sistemi xarici planetlərin (ekzoplanetlərin) sayının 5602 olduğunu bildirib.

    2025-ci il ekzoplanetlərin kəşfinin 30 illiyi ilə əlamətdar olub. Günəşə bənzər bir ulduzun orbitində yerləşən ilk ekzoplanet – 51 Pegasi b – 1995-ci ilin oktyabrında aşkarlanıb. O vaxtdan bəri alimlər milyardlarla mövcud olduğu ehtimal edilən planetlərdən daha 6000-ə yaxınını təsdiqləyiblər.

    Kosmik agentliyin məlumatına görə, aşkarlanan planetlərin əksəriyyəti Süd Yolu qalaktikasında, Yerə yaxın bölgələrdə yerləşir və bu məsafə bir neçə min işıq ilini əhatə edir. Müqayisə üçün, Yerə ən yaxın ekzoplanet olan Proxima Centauri b təxminən 4 işıq ili uzaqlıqda yerləşir.

    Müasir müşahidələr göstərir ki, Süd Yolunda ulduzlardan daha çox planet mövcuddur. Hazırda astronomlar ekzoplanetlərin kütləsini və ölçüsünü ölçə bilir ki, bu da onların tərkibi barədə müəyyən ehtimallar irəli sürməyə imkan verir.

    Bundan əvvəl bildirilmişdi ki, ekzoplanetlərdə texnosiqnalların (yəni texnoloji fəaliyyət izlərinin) axtarışı müasir astronomiyanın ən çətin vəzifələrindən biri olaraq qalır. Mümkün siqnalların sayı çox olsa da, mövcud teleskopların imkanları hələlik məhdud sayda müşahidə aparmağa imkan verir.
    //qaynar.az

  • Dünyanın ən qısa evliliyi: cəmi 3 dəqiqə davam etdi

    Küveytdə nikahdan sonra baş verən mübahisə evliliyin cəmi 3 dəqiqə davam etməsinə səbəb olub. Hadisə “dünyanın ən qısa evliliyi” kimi qeydə alınıb.

    Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlük rəsmi nikah prosedurunu tamamladıqdan dərhal sonra məhkəmə binasından çıxmağa hazırlaşarkən gözlənilməz mübahisə baş verib.

    İddiaya görə, gəlin büdrədikdən sonra bəy ona “axmaq” deyərək təhqir edib. Bu sözlər qarşısında ciddi reaksiya verən gəlin vəziyyəti qəbul etməyərək dərhal hərəkətə keçib. Gənc qadın nikahdan dərhal sonra hakimin qarşısına çıxaraq evliliyin ləğv edilməsini tələb edib.

    Müraciəti nəzərdən keçirən hakim evliliyi bir neçə dəqiqə ərzində ləğv edib.

    Beləliklə, cütlük nikah salonundan ər-arvad kimi çıxmadan yollarını ayırmış olub.

  • Ronaldonun oğlu “Real”da oynayacaq

    Kriştiano Ronaldonun oğlu Ronaldo Junior “Real Madrid” akademiyasında U16 komandası ilə məşqə qatılıb. O, yaxın zamanda İspaniya klubuna tam keçid edə bilər.

    Hazırda Ronaldo Junior “Ən-Nəsr” klubunda çıxış edir. Daha əvvəl futbolçu Portuqaliyanın 15 yaşadək milli komandasına çağırılıb və Xorvatiyada keçirilən beynəlxalq turnirdə çıxış edib. O, finalda ev sahiblərinə qarşı oyunda dubl edərək komandasının qələbəsinə töhfə verib.

    Xatırladaq ki, Kriştiano Ronaldo 2009–2018-ci illərdə “Real Madrid” formasını geyinib, daha sonra isə “Yuventus” klubuna transfer olunub. “Kral klubu”nun heyətində portuqaliyalı futbolçu 438 oyunda 450 qol vurub və 131 məhsuldar ötürmə edib.

  • Dünyanın ən yaşlı kişisi tapıldı: siqaretçəkir, kofe içir

    Dünyanın ən yaşlı insanı hesab olunan şəxs Braziliyada qocalar evlərindən birində tapılıb.

    Lent.az xarici mediaya istinadla xəbər verir ki, Luis Karlos dos Santos adlı bu şəxs 118 yaşındadır və onun bu yaş üçün qeyri-adi görünən bəzi vərdişləri var. O, öz-özünə bükdüyü siqaretləri çəkir və axşam saatlarında qəhvə içir.

    Doğum şəhadətnaməsi də daxil olmaqla bir neçə sənəd yoxlandıqdan sonra Braziliyanın “RankBrasil” təşkilatı (ölkədə Ginnesin Rekordlar Kitabına bənzər qurum) təsdiqləyib ki, Luis 15 fevral 1908-ci ildə anadan olub. Bununla da o, əvvəlki rekordçu – Böyük Britaniyadan olan 116 yaşlı Etel Katerhemi geridə qoyub.

    Luis qocalar evində yaşayır və artıq 50 ildən çoxdur ki, oradadır – bu da ayrıca bir rekorddur. O, 10 sentyabr 1971-ci ildə bir keşişin köməyi ilə bu müəssisəyə gətirilib. Müəssisənin əməkdaşlarının sözlərinə görə, Luis sakit və tək həyat tərzi sürür, lakin bu onu narahat etmir. O, hələ də aktiv şəkildə yeriyir, dərmanlara ehtiyac duymur, yeməyini özü yeyir və siqaret çəkir. Bundan əlavə, o, gündə üç dəfə qəhvə içir və sonuncu fincanını axşam saat 19:30-da qəbul edir.

    Yaşına baxmayaraq Luis kifayət qədər gümrahdır. O, hətta COVID-19 pandemiyası zamanı belə xəstələnməyib. Ən diqqətçəkən xüsusiyyətlərindən biri isə heç vaxt başqalarının köməyini qəbul etməyi sevməməsi, əksinə, özü başqalarına kömək etməyə üstünlük verməsidir.

    Luis hələ də yaşlılar evindəki digər sakinlərə sevinc bəxş edir: küçədən daşlar toplayır və gecələri oturaq halda keçirir ki, bu da illərdir onun vərdişinə çevrilib. Onun bu qədər uzun ömür sürməsinin sirri tam məlum deyil, lakin həyat hekayəsi, şübhəsiz ki, ilhamverici və təsiredicidir.

  • Tərtərdə kişi göbələkdən zəhərləndi

    Tərtərdə kişi göbələkdən zəhərlənib.

    Hadisə Şıxarx qəsəbəsindəki kafedə baş verib.

    Qəsəbə sakini 49 yaşlı Yalçın Qasım oğlu Atakişiyev burada göbələkdən zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

    Araşdırma aparılır.

  • İnternet niyə “donur”? – SƏBƏBİ

    Provayderdən şikayət etməzdən əvvəl, routerinizin portlarının və istifadə etdiyiniz kabelin yüksək sürəti dəstəklədiyinə əmin olun. 2026-cı ildə ultra yüksək keyfiyyətli video və bulud xidmətləri artıq standartdır. Bu səbəbdən zəif internet ciddi problem kimi qəbul olunur. İstifadəçilər adətən provayderi və ya routeri günahlandırır, onu dəfələrlə yenidən başladır və tarif dəyişirlər.

    Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər problemin bəzən ən sadə və diqqətdən qaçan detalda — modem ilə routeri birləşdirən Ethernet kabelində olduğunu bildirirlər.

    Kabelin kateqoriyası vacibdir

    Adətən kabel bağlantısı “Wi-Fi”-dan daha stabil və sürətli olmalıdır. Amma praktikada əksinə hallar da olur.

    Səbəb kabelin kateqoriyasıdır (Cat). Kabelin görünüşü eyni olsa da, daxili quruluşu fərqli ola bilər.

    Standartlar arasındakı fərq:

    • Cat5 – maksimum 100 Mbit/s sürəti dəstəkləyir

    • Müasir internet paketləri isə 200 Mbit/s-dən 1 Gbit/s və daha yüksək sürət təklif edir

    • Cat5e və ya Cat6 – gigabit sürətləri dəstəkləyir

    Kabelin kateqoriyası onun üzərində yazılır, ayrıca yoxlamağa ehtiyac yoxdur.

    Texniki və fiziki problemlər

    Kabel uyğun olsa belə, sürət aşağı düşə bilər.

    Əsas səbəblər:

    • Mexaniki zədələr – kabelin bükülməsi və ya sıxılması siqnalı zəiflədir

    • Konnektor problemləri – zəif sıxılma və ya oksidləşmə əlaqəni pozur

    • Port məhdudiyyətləri – köhnə router və ya kompüter portları 100 Mbit/s-dən yuxarı sürəti dəstəkləməyə bilər

    Ən sadə həll yolu

    Mütəxəssislər bildirir ki, kabeli yoxlamaq və lazım gələrsə dəyişmək:

    • ən ucuz

    • ən sürətli

    • ən effektiv

    həll yollarından biridir.

    Yeni router almağa tələsmədən əvvəl sadəcə kabelinizin Cat5e və ya daha yüksək olub-olmadığını yoxlayın. Əksər hallarda bu sadə addım internetin müqavilədə göstərilən maksimum sürətlə işləməsini təmin edir.

  • Beyləqanda kişini cərəyan vurub öldürdü

    Beyləqanda kişini cərəyan vuraraq öldürüb.

    Hadisə Xaçınabad kəndi ərazisində qeydə alınıb.

    65 yaşlı İsmayıl Ləzim oğlu İsmayılov elektrik xəttində təmir işləri apararkən cərəyan vurması nəticəsində dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır

  • Pişiyinizdə bu hərəkətlər varsa – Deməli dişi ağrıyır

    Pişiklərdə diş ağrısını vaxtında aşkar etmək çətindir, çünki onlar diskomfortu gizlədirlər və sahibləri problemi çox vaxt gec fərq edir.

    Bu barədə baytar-stomatoloq Olqa Tereşko məlumat verib.

    Onun sözlərinə görə, ilk əlamətlər qidalanma ilə bağlı olur. Belə ki, pişik yalnız bir tərəflə çeynəyə bilər, yemək tikələrini tökər, başını silkələyər, miyoldayar və ya ümumiyyətlə bərk qidadan imtina edib yumşaq yeməyə üstünlük verər.

    Ağızdan gələn xoşagəlməz qoxu isə iltihab, infeksiya, gingivit və ya daha ciddi problemlərin göstəricisi ola bilər.

    Həmçinin pişik ağzındakı narahatlığı azaltmaq üçün üzünü əşyalara sürtə, sanki ağzından nə isə çıxarmağa çalışa bilər. Bu zaman ağız boşluğunda qızartı, yara və ifrazatlara diqqət yetirmək lazımdır. Digər əlamətlərə apatiya və ya aqressiya, çəki itkisi və tüklərin keyfiyyətinin pisləşməsi daxildir.

    Ekspert vurğulayıb ki, diş ağrısı müalicəsiz keçmir, əksinə güclənir və infeksiya qan vasitəsilə ürək, böyrəklər və qaraciyərə yayıla bilir.

    Ağır hallarda abses və çənə sümüyünün iltihabı olur. Buna görə də ən azı iki əlamət müşahidə olunarsa, dərhal baytara müraciət etmək tövsiyə olunur.
    //lent.az

  • iOS 27-nin təqdimat tarixi açıqlandı

    “Apple”, 8 iyun tarixində keçiriləcək WWDC 2026 tədbirində nəhəng rəqiblərinə iOS 27 ilə meydan oxuyacaq yeni nəsil süni intellekt xüsusiyyətlərini təqdim etməyə hazırlaşır.

    Bu ilki tədbirdə şirkət süni intellekt sahəsindəki ən son inkişafları və bütün platformaları üçün maraqlı proqram təminatı yeniləmələrini işıqlandıracaq.

    Yeni iOS 27 əməliyyat sistemi ilə “Apple Intelligence” tərəfindən dəstəklənən daha ağıllı Siri versiyasının istifadəçilərə təqdim edilməsi gözlənilir.

    Sirinin şəxsi konteksti dəstəkləməsi, ekrandakı məzmunla bağlı sualları cavablandırması və tətbiqlərarası əməliyyatları sorunsuz şəkildə yerinə yetirməsi gözlənilir.

  • Metehan Baltacı azadlığa çıxdı

    “Qalatasaray”ın futboçusu Metehan Baltacı azadlığa buraxılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu gün azadlığa çıxıb.

    Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “Futbol mərc oyunları araşdırması” çərçivəsində Metehan Baltacı öz klubunun oyunlarına mərc etdiyi iddiası ilə ötən ilin dekabrında həbs edilmişdi.