Month: Aprel 2026

  • Sumqayıtda beş min abonent SUSUZ QALACAQ

    Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

    Bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

    Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.

    Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

  • 10 nəfərdən yarım milyon manata yaxın pul alan maklerlə bağlı QƏRAR – FOTO

    Paytaxtın Xəzər rayonu ərazisində bir qrup şəxsə qarşı dələduzluqda ittiham edilən makler barəsində həbs-qətimkan tədbiri seçilib.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, daşınmaz əmlakın və torpaq sahələrinin sənədləşdirilməsi vədi ilə 10 nəfərdən yarım milyon manatdan çox pul alan 60 yaşlı Elxan Abbasov barəsində Xəzər Rayon Məhkəməsi qərar çıxarıb.

    Barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılan şəxs barəsində istintaq müddəti üçün 4 aylıq həbs qərarı verilib.

    Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir.

    Qeyd edək ki, Elxan Abbasov əmlak rieltoru (makler) kimi tanınıb.



  • Çörək bahalaşacaq? – Agentlikdən RƏSMİ açıqlama

    Sosial şəbəkələrdə və internet informasiya resurslarında Azərbaycanda ərzaqlıq buğda və çörəyin bahalaşacağı, qıtlıq yaranacağı ilə bağlı yayılmış məlumat həqiqəti əks etdirmir.

    Median.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.

    Məlumata əsasən, agentlik un və un məmulatları bazarında mütəmadi monitorinqlər aparır, əhalinin istehlak səbətində yer alan strateji ərzaq məhsullarının qiymət dinamikasını daim diqqət mərkəzində saxlayır.

    “Vətəndaşlara yalnız rəsmi mənbələrə etibar etmələri, sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş informasiyalara qarşı diqqətli olmaları tövsiyə edilir”, – deyə agentlikdən bildirilib.

  • Lətif Kərimovun 120 illiyi qeyd olunacaq – SƏRƏNCAM

    Azərbaycan xalq tətbiqi sənətinin inkişafı, tədqiqi və təbliği işinə dəyərli töhfələr vermiş görkəmli xalça rəssamı Lətif Kərimovun 120 illiyi qeyd olunacaq.

    Median.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Qeyd edək ki, 2026-cı ilin noyabr ayında Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi tamam olur.

    Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri vardır. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur xalça ustalarından biri olaraq xüsusi şöhrət qazandırmışdır. Lətif Kərimov Azərbaycan xalçalarının ornamental, kompozisiya xüsusiyyətlərini müəyyənləşdirmiş və mükəmməl sistemli təsnifatını işləyib hazırlamışdır. Xalça sənətinin beynəlxalq miqyasda mahir bilicisi kimi tanınmış alimin bu istiqamətdə apardığı fundamental tədqiqatlar indi də ən çox istinad olunan mötəbər mənbələrdəndir.

  • İlham Əliyevdən SƏRƏNCAM: Təhlükəsizlik orqanlarında fəaliyyətinə görə orden verdi

    Yuriy Petroviç Kamayev “Şöhrət” ordeni ilə təltif edilib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncama əsasən, Y.Kamayev Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə və vəzifə borcunu yüksək peşəkarlıqla yerinə yetirdiyinə görə təltif olunub.

  • Sürücülərin NƏZƏRİNƏ: Sabahdan İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

    Sabahdan Bakıda baş tutacaq Beynəlxalq Xalça Festivalı ilə əlaqədar İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək.

    Bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

    Bildirilib ki, 1-3 may tarixlərində qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

  • I sinfə qəbul prosesi başlayır – TARİX AÇIQLANDI

    6 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

    Qeyd edilib ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

    “Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

    Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir”, – məlumatda bildirilib.

  • Məhsullarını poçtla sifariş edən VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ

    “Ölkəyə gətirilməsi qadağan olunan və ya xüsusi icazə əsasında idxalına yol verilən məhsulların poçt rabitəsi xidmətləri vasitəsilə sifarişi və ya göndərilməsi zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir”.

    Bununla bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) poçt rabitəsi xidmətinin istifadəçilərinə xatırlatma edib.

    Bildirilib ki, buraya baytarlıq preparatları, dövlət sınağından keçməmiş, təhlükəsizliyi təsdiq olunmamış və müvafiq qaydada qeydiyyata alınmamış pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, uyğunluq və fitosanitar sertifikatı olmayan toxumlar, bioloji aktiv qida məhsulları, qida və yem məhsulları, qida məhsulları ilə təmasda olan material və məmulatlar, eləcə də heyvan mənşəli qida məhsulları daxildir.

    “İstifadəçilərə poçt göndərişini təhvil verməzdən əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və poçt rabitəsi operatorlarından müvafiq qaydalar, məhdudiyyətlər və tələb olunan sənədlər barədə məlumat almaları tövsiyə edilir.

    Bildirilir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən, poçt göndərişinin içərisinə qanunvericiliklə göndərilməsi qadağan edilmiş əşyaların qoyulmasına və ya göndərilən əşyaların lazımi qaydada qablaşdırılmaması nəticəsində digər poçt göndərişlərinin zədələnməsinə və xarab olmasına görə poçt rabitəsi operatoru və istifadəçilər eyni miqdarda maddi məsuliyyət daşıyırlar.

    Vətəndaşların diqqətinə çatdırılır ki, bu kateqoriyadan olan məhsullar aidiyyəti icra hakimiyyəti orqanları tərəfindən saxlanıla və müsadirə oluna bilər. Ona görə də hər bir istifadəçi poçt vasitəsilə göndəriş həyata keçirməzdən əvvəl əşya və malların daşınması və idxalı ilə bağlı tətbiq olunan hüquqi tələbləri dəqiqləşdirməlidir.

    İKTA vətəndaşları sifariş etdikləri və ya göndərmək istədikləri məhsulların daşınmasının hüquqi rejimini əvvəlcədən yoxlamağa, zərurət yarandıqda tənzimləyici quruma, AQTA-ya və ya poçt rabitəsi operatorlarına müraciət etməyə çağırır”, – deyə məlumatda qeyd olunub.

  • Paşinyandan Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərinə REAKSİYA – Video

    Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan nümayəndə heyətinin səfərinə münasibət bildirib.

    Median.Az erməni mediasına istinadən məlumat yayıb.

    Hökumət rəhbəri qeyd edib ki, baş verənlər olduqca əhəmiyyətli bir hadisədir. Onun sözlərinə görə, hər iki ölkənin baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesinin məntiqi və onun rəsmiləşdirilməsi baxımından tarixi xarakter daşıyır.

    Paşinyan tərəflərin bu mərhələyə çatmasından məmnunluğunu ifadə edib.

    Qeyd edək ki, ötən gün baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvana səfər edib.

  • Azərbaycanda saatlıq əməkhaqqı sisteminə nə vaxt keçiləcək? – Deputat AÇIQLADI

    Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid daha qısa zamanda reallaşa bilər.

    Bu barədə deputat Vüqar Bayramov sosial media hesabında paylaşım edib.

    O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saatlıq əməkhaqqına dair qanun layihələrinin hazırlanması ilə bağlı işlər aparılıb:

    “İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir.

    Yeni mexanizmin tətbiq olunması, əməkhaqqı aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Saatlıq əməkhaqqının hesablanması bir tərəfdən vətəndaşlarımıza işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda vətəndaşımız saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, yeni qayda qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarımızın əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər.

    Bütövlükdə bu, yeni və inkişaf etmiş ölkələrdə tətbiq edilən bir mexanizmdir və özəlliyi ondan ibarətdir ki, vətəndaşlarımızın əməkhaqlarının və əməyinin daha yüksək qiymətləndirilməsi real olaraq həyata keçirilsin.

    Təbii ki, bu zaman meyarlar müəyyənləşəcək. Eləcə də saatlıq əməkhaqqı üçün də minimumlar məlum olacaq. Saat üçün minimum ödənişlər həm də aylıq əməkhaqqı üçün minimum ödənişlərin məbləğinə uyğunlaşdırılmalıdır və daha yüksək olmalıdır. Artıq yeni mexanizmin hazırlanması prosesi gedir. Son razılaşdırmalardan sonra bunun nə zaman tətbiq ediləcəyi bəlli olacaq. Bütün hallarda bu mexanizmin tətbiq olunması əməkhaqqı sistemində bir yenilikdir”.