Month: Aprel 2026

  • Şimali Kiprin baş naziri Azərbaycana səfərə gəlib

    Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Bəzi ərazilərdə sürüşmə prosesi aktivləşib – Hansı tədbirlər görülür? – Video

    Paytaxtın Xətai rayonu, Nəsirəddin Tusi küçəsi ilə Gəncə prospektinin kəsişməsindəki torpaq sürüşməsi sakinləri narahat edir.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bir müddət əvvəl eyni ərazidə yol çökmüşdü, hazırda aidiyyəti qurumlar həmin ərazidəki problemi aradan qaldırılmağa çalışır. Bununla belə, yolun digər tərəfində sürüşmə davam edir.

    Normadan artıq yağan yağışlar sürüşmənin miqyasını genişləndirib.

    Sakinlərin bəziləri deyirlər ki, sürüşmə zonasında yeni binaların tikilmə ehtimalı da var. Burada tikinti aparılsa, digər binalar da sürüşmənin hədəfinə çevriləcək.

    Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyindən bildirilib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Artıq Fövqəladə Hallar Nazirliyi ilə birlikdə görülməsi vacib olan qabaqlayıcı tədbirlərin hazırlanmasına başlanılıb.

    Monitorinqlər zamanı Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazilərində sürüşmə proseslərində aktivlik qeydə alınıb. Monitorinqlər davam etdirilir və ilkin məlumatlar əsasında icrası zəruri olan qabaqlayıcı tədbirlərin əsas istiqamətləri müəyyənləşdirilərək müvafiq qurumlara təqdim olunur.

    Sürüşmə zonasında tikinti işlərinin həyata keçirilməsi ilə bağlı isə Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən bildirilib ki, Bakı şəhərinin təsdiq olunmuş Baş planına əsasən, sözügedən ərazi yaşayış zonası statusuna malikdir. Bununla belə, həmin ünvan üzrə hər hansı tikinti işlərinin həyata keçirilməsi üçün heç bir icazə sənədi verilməyib. Tikintiyə icazə üçün müraciət edilən zaman bir qayda olaraq mövcud qanunvericiliyin tələblərinə əsasən, bütün aidiyyəti qurumların rəsmi rəyləri, o cümlədən ərazinin geoloji vəziyyəti kimi amillər nəzərə alınaraq qərar qəbul edilir.

  • Azərbaycanda məşhur memarlar vəfat ediblər

    Azərbaycanda məşhur memarlar vəfat ediblər.

    Oxu.Az-ın məlumatına görə, Memarlar İttifaqının üzvü Ziya Qədir oğlu Bananiyarski dünyasını dəyişib.

    Həmçinin Əməkdar memar, memarlıq üzrə fəlsəfə doktoru, Memarlar İttifaqının Ağsaqqallar Şurasının üzvü Kamran Darab oğlu Sultanov da dünyasını dəyişib.

  • KİV: Qulamhüseyn Möhsəni-Ejei öldürülüb

    İran İslam Respublikasının məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsəni-Ejeinin Tehrana endirilən hava zərbələrindən birində həlak olduğu bildirilir.

    Bu barədə “Al Hadath” televiziyası məlumat yayıb.

    İran hakimiyyətindən bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

    Qeyd edək ki, Qulamhüseyn Möhsəni-Ejei 2021-ci ilin yayında İslam Respublikasının məhkəmə sisteminin rəhbəri təyin edilib. Onun 69 yaşı var. 2005-ci ildən 2009-cu ilə qədər ölkənin Kəşfiyyat və Milli Təhlükəsizlik naziri vəzifəsində çalışıb.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

  • Bakı-Balakən-Bakı marşrutu üzrə gecə qatarına yeni dayanacaqlar əlavə edildi

    Bakı-Balakən-Bakı qatar marşrutu üzrə gecə reysinə yeni dayanacaqlar əlavə edilib. Bu gündən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

    Bildirilib ki, yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

    Yeni dayanacaqların istifadəyə verilməsindən sonra hərəkət qrafiki də yenilənib:
    https://ticket.ady.az/az/yeni-hereket-cedveli

  • Türkiyə millisinin dünya çempionatındakı OYUN TƏQVİMİ

    Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin həlledici final mərhələsi sona çatıb.

    Həlledici matçda Kosovonu 0:1 hesabı ilə məğlub edərək 24 illik fasilədən sonra dünya çempionatında iştirak hüququ əldə edən Türkiyə millisinin oyun təqvimi artıq məlumdur.

    ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın final mərhələsində Türkiyə millisi D qrupunda yer alacaq. Komandanın bu qrupdakı rəqibləri ABŞ, Paraqvay və Avstraliya milliləri olacaq.

    Türkiyə yığmasının komanda ilk matçına iyunun 14-də (Bakı vaxtı ilə saat 08:00) Vankuverdə Avstraliyaya qarşı çıxacaq. İkinci qarşılaşma iyunun 20-də (Bakı vaxtı ilə saat 08:00) San-Fransiskoda Paraqvay seçməsi ilə olacaq. “Ay-ulduzlular” qrup mərhələsindəki son sınağını isə iyunun 26-da (Bakı vaxtı ilə saat 06:00) Los-Ancelesdə meydan sahibi ABŞ millisinə qarşı keçirəcək.

    14 iyun, Bakı vaxtı ilə saat 08:00

    Avstraliya – Türkiyə

    (Vankuver, Kanada)

    20 iyun, Bakı vaxtı ilə saat 08:00

    Türkiyə – Paraqvay

    (San-Fransisko, ABŞ)

    26 iyun, Bakı vaxtı ilə saat 06:00

    Türkiyə – ABŞ

    (Los-Anceles, ABŞ)

    Məlumat üçün qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək davam edəcək DÇ-2026-da ümumilikdə 48 ölkənin milli komandası kubok uğrunda mübarizə aparacaq.

  • Bu gündən elektron siqaret satanlar və istehsal edənlər 5000 manatadək cərimələnəcəklər

    Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşib.

    Bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə dəyişikliiyi təsdiqləməsi ilə mümkün olub.

    Dəyişikliyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.

    Qanun bu gündən etibarən qüvvəyə minir.

  • AzTV-nin aparıcısına vəzifə verildi

    Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

    Sözügedən xidmətin icraçı direktorunun müvafiq əmrinə əsasən, AzTV-nin aparıcısı Təranə Quliyeva bu vəzifəyə təyin edilib.

    Qeyd edək ki, Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

    O, əmək fəaliyyətinə “Lider” TV-də redaktor və aparıcı kimi başlayıb. Daha sonra müxtəlif dövrlərdə ATV, “GünAz” TV və MTV telekanallarında aparıcı, redaktor və layihə rəhbəri vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda, media şirkətində icraçı direktor və kreativ direktor vəzifəsini icra edib.

    Xatırladaq ki, o, Azərbaycan Televiziyasında (AzTV) “Telesəhər” verilişinin aparıcısıdır və fəaliyyətini bu istiqamətdə də davam etdirəcək.