Month: April 2026

  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir

    Azərbaycan ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası istiqamətində Çexiya təcrübəsini öyrənir. Bu məqsədlə təşkil olunan səfər çərçivəsində nümayəndə heyəti metro, tramvay, avtobus və dəmir yolunun vahid sistem kimi – sinxronlaşdırılmış hərəkət cədvəli və ümumi tarif modeli əsasında necə işlədiyini araşdıracaq.

    Bəs vahid tarif sisteminin Azərbaycanda tətbiqi nə dərəcədə realdır?

    Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa Qaynarinfo-ya açıqlamasında bildirib ki, ictimai nəqliyyatın vahid sistemə inteqrasiyası olduqca vacib məsələdir:

    “Hazırda ictimai nəqliyyat sahəsində müəyyən çətinliklər mövcuddur. Ölkədə tramvay və trolleybus xətləri fəaliyyət göstərmir. İctimai nəqliyyat əsasən avtobus və metrodan ibarətdir. Sərnişinlər nəqliyyat vasitələrinin dəqiq hərəkət qrafikini bilməlidir. Məsələn, avtobusun hansı dayanacaqda olduğu və doluluq səviyyəsi barədə məlumat əlçatan olmalıdır. Bütün bu proseslər sinxron şəkildə işləməlidir”.

    Ekspert qeyd edib ki, gələcəkdə belə sistemin tətbiqi mümkündür, lakin hazırda bu, real görünmür:

    “Yəqin ki, zamanla bizdə də bu cür sistem qurulacaq. Amma indiki şəraitdə bu, çətin görünür. Çünki hazırda yalnız avtobus və metro fəaliyyət göstərir”.

    Yasin Mustafa vahid tarif sistemi ilə bağlı problemlərə də toxunub. Onun sözlərinə görə, bu sahədə əsas çətinliklərdən biri müxtəlif qurumların fəaliyyət göstərməsidir:

    “Vahid tarif sisteminin tətbiqi zamanı maliyyə bölgüsü məsələsi ortaya çıxır. Hansı quruma nə qədər vəsait düşəcəyi sual doğurur. Hazırda bu məsələlər tam həllini tapmayıb. Amma düşünürəm ki, gələcəkdə bu problemlərin həlli üçün uyğun mexanizmlər tapılacaq”.

  • Ermənistan hava məkanını bağlayır

    Ermənistan mayın 3-dən 5-dək hava məkanını yüngül və ultra yüngül təyyarələr, eləcə də pilotsuz uçuş aparatları üçün bağlayacaq.

    Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

    “2026-cı il may ayının 3-dən 5-dək Ermənistan Respublikasında keçirilən genişmiqyaslı tədbirləri (8-ci Avropa Şurası Zirvə Görüşü, Ermənistan-AB Zirvə Görüşü və İrəvan Dialoqu) və bu tədbirlərdə çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakını nəzərə alaraq, sizə bildiririk ki, təhlükəsizlik səbəblərinə görə, bu müddət ərzində mülki pilotsuz uçuş aparatları da daxil olmaqla ümumi aviasiya uçuşları Ermənistan Respublikasının hava məkanında qadağandır”, – deyə açıqlamada bildirilir.

  • “5 min manat verdim, bir ay sonra iş bağlandı” – Uşaq bağçasının direktorunun məhkəməsi

    Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmədə zərərçəkənlər ifadə veriblər.

    Zərərçəkən A.Z. işlə bağlı vakansiya üzrə müraciət etdiyini etdiyini bildirib:

    “Mən musiqi müəllimi kimi müraciət etmişdim. Pulla bağlı haqq-hesabı H.Rüstəmova ilə atam həll edib, mən o prosesləri görməmişəm. Ödənişi verəndən on gün sonra işə düzəldim. Bir il maaş aldım, daha sonra ala bilmədim deyə işdən çıxdım. Hazırda ziyanım ödənilib, şikayətim yoxdur”.

    Digər zərərçəkən C.K iş üçün müraciət etdiyində ona təcrübə keçdikdən sonra işləyə biləcəyinin deyildiyini bildirib:

    “Mənə dedilər ki, bir ay təcrübə keçməliyəm, daha sonra işlə təmin ediləcəyəm. Bu xanıma (təqsirləndirilənə işarə edir) 5000 manat pul vermişəm. Bir ay sonra iş bağlandı.”.

    Məhkəmənin növbəti iclası mayın 6-na təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

    Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub.

    İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

    Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

    “Moon Kids” Uşaq Bağçasının fəaliyyəti dayandırılıb.

  • Qobustanda yeni qayaüstü təsvirlər aşkarlanıb

    Qobustan Milli Tarix-Bədii Qoruğunun Kiçikdaş dağı ərazisində aparılan monitorinqlər zamanı yeni qayaüstü təsvirlər aşkar olunub.

    Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Qeyd edilib ki, təsvirlər ov səhnəsi, qadın fiquru və hələlik mənası tam dəqiqləşdirilməmiş çoxsaylı paralel xətlərdən ibarətdir. Qadın təsviri üslub baxımından Qobustan kolleksiyasında mövcud olan digər qadın fiqurları ilə oxşarlıq təşkil edir.

    Ov səhnəsi isə öz dinamikası və realizmi ilə seçilir. Xüsusi maraq doğuran digər təsvir isə çoxsaylı yanaşı xətlərdən ibarətdir. İlk baxışda bu motiv Qobustanın məşhur qayıq səhnələrini xatırlatsa da, qayığın olmaması və xətlərin sıxlığı ilə fərqlənir.

  • Ermənistanda general axtarışa verildi

    Ermənistan silahlı qüvvələrinin üçüncü ordu korpusunun sabiq komandanı, general-mayor Qriqori Xaçaturova qarşı cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Məhkəmə Qriqori Xaçaturovun həbsinə qərar verib, lakin o, ölkədən kənardadır. Bu səbəbdən Xaçaturov axtarışa verilib.

    Ermənistan Baş prokurorluğunun məlumatına görə, Qriqori Xaçaturov Milli Təhlükəsizlik Xidmətinin istintaq departamentinin qanunsuz yolla əldə edilən daşınmaz əmlakın qanuniləşdirilməsi və külli miqdarda çirkli pulların yuyulmasında ittiham olunur.

  • Tərxis olunan hərbi qulluqçuların NƏZƏRİNƏ!

    Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılıb.

    Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliləri imzalayıb.

    Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

    Əvvəlki qanuna əsasən, bu, 3 gün idi.

    Dəyişiklikdə, həmçinin vurğulanıb ki, hərbi vəzifəlilər (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata alınmalıdırlar.

    Sənədə görə, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşların tibbi şəhadətləndirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Həqiqi hərbi və ya alternativ xidmət keçmədən xəstəliyinə görə ehtiyata keçirilmiş hərbi vəzifəlilər 30 yaşına çatanadək həqiqi hərbi xidmət keçməyə yararlı sayıldıqda çağırışçıların hərbi qeydiyyatına qaytarılır (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və onlar ümumi qayda üzrə müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

    Göstərilən vətəndaşların tibbi şəhadətləndirilməsi işinə cəlb edilən tibbi heyətə daxil olan şəxslərin iş yerlərində onların orta əməkhaqları saxlanılır.

  • Sabirabadda 18 yaşlı qızın meyiti tapıldı

    Sabirabadda 18 yaşlı qızın meyiti aşkarlanıb.

    “Unikal”ın məlumatına görə, hadisə Qara Güney kəndində baş verib. 18 yaşlı kənd sakini Samirə Azər qızının meyiti yaşadığı həyətin tövləsində aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda dolların məzənnəsi dəyişəcək? – Rəsmi açıqlama

    2030-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.

    Bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2027-2030-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

    Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin təqdim etdiyi makroiqtisadi proqnozlarda 2027-2030-cu illər üzrə manat/dollar nisbəti cari ilin səviyyəsində (1,7) götürülüb.

  • Azərbaycanda uşaqlara qoyulan yer adları: Salyan, Şəki, Laçın…

    Azərbaycanda yeni doğulan körpələrə digər adlarla yanaşı rayon və şəhər adları da verilir.

    Son 5 ildə 5 uşağa Tovuz, 112 uşağa Cəbrayıl, 376 uşağa Oğuz, 2 uşağa Ucar adı verilib.

    Son beş ildə həmçinin, 49 uşağa Füzuli, 1 uşağa Lənkəran, 2 uşağa Quba, 1 uşağa Salyan, 1 uşağa Şəki, 13 uşağa Şirvan, 131 uşağa Babək, 1 uşağa Xızı, 44 uşağa Laçın, 1 uşağa Şahbuz, 1 uşağa Gəncə, 1 uşağa isə Şərur adı qoyulub.
    //unikal.az

  • Bazar günü 37 mindən çox şəxs imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 19-da imtahan keçirəcək.

    Bu barədə DİM məlumat yayıb.

    Qeyd edilib ki, sözügedən tarixdə əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı baş tutacaq.

    Həmçinin esternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

    İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək.

    İmtahanda 37338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

    İmtahanda 90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

    İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.