Month: April 2026

  • “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir

    Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 800 avtomobil gözləyir.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 83, “Mazımqara” gömrük postunda 2, “Samur” gömrük postunda 235 yük maşını var.

    Eyni zamanda, “Xanoba” gömrük postunda gözləyən avtomobillərin sayı isə 10-dur.

    Məlumata görə, hazırda “Biləsuvar” gömrük postunda gözləyən avtomobil yoxdur.

  • Sabah 21° isti olacaq

    Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

  • Ad günündə dəfn edilən uşağın ölüm səbəbi bilindi

    Bakıda 2 yaşlı körpə boğazında qida qalması nəticəsində ölüb.

    Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

    Belə ki, aprelin 13-ü saat 22 radələrində 2024-cü il təvəllüdlü Bünyamin Əliyev boğazında qida qalması nəticəsində vəfat edib.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ötən gün anadangəlmə qıcolma xəstəliyi olan 2 yaşlı Bünyaminin ölməsi barədə yazmışdıq.

    O, 2 yaşının tamam olduğu gün dəfn edilib.

  • Aİ Ermənistana yeni missiya göndərir

    Brüsseldəki Aİ səfirləri bu gün Ermənistana yeni mülki missiya göndərmək qərarını təsdiqləyiblər.

    Bu barədə Ermənistan mətbuatı yazıb.

    Onlar bununla da gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə baş tutması gözlənilən yekun təsdiq üçün yol açıblar.

    Missiyanın mandatı, strukturu və müddəti ilə bağlı Aİ Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarının təklifinə əsasən, missiya nazirliklərə və təhlükəsizlik qurumlarına strateji, praktik məsləhət və dəstək verməklə Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməlidir. Missiya həmçinin Ermənistanın təhlükəsizlik imkanlarını inkişaf etdirmək üçün nəyin lazım olduğunu qiymətləndirməlidir ki, ölkə hibrid təhdidləri Aİ metodologiyalarına və standartlarına uyğun olaraq daha effektiv şəkildə aşkarlaya və cavab verə bilsin. Yeni Aİ komandasının iki il müddətinə Ermənistanda yerləşdiriləcəyi, 20-30 beynəlxalq işçi heyətinə malik olacağı və “Avropa Birliyi Tərəfdaşlıq Missiyası” adı altında fəaliyyət göstərəcəyi gözlənilir.
    //unikal.az

  • Cinayətdə şübhəli bilinən 69 nəfər saxlanıldı

    Aprelin 14-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

  • Tramp ABŞ-nin müttəfiqlərini təhdid etdi

    “Vaşinqtonun Tehrana qarşı əməliyyatda dəstək verməyən müttəfiqləri ilə münasibətləri artıq əvvəlki kimi olmayacaq”.

    Bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

    “İrana qarşı əməliyyatda bizə kömək etməkdən imtina edənlərlə artıq əvvəlki münasibətlərimiz yoxdur”, – deyə Tramp qeyd edib.

    Xatırladaq ki, fevralın sonunda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlamışdı.

  • Biləsuvarda ana yemək üstündə qızını vəhşicəsinə döydü

    Biləsuvarda ana yemək üstündə qızını döyüb.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Amankənd kəndində qeydə alınıb.

    Kənd sakini, 65 yaşlı Firuzə Əsədova (ad və soyad şərtidir) mübahisə zamanı qızını döyüb. Hadisəyə səbəb qızın öz övladına atasıgilin yeməyindən pay vermək istəməsi olub. Belə ki, Firuzə Əsədova qızının bu hərəkətinə irad bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı ana qızının yaxasından tutaraq yerə yıxıb. Sonra təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Nəticədə zərərçəkən xüsusən sifətindən müxtəlif xəsarətlər alıb.

    Bu əməlinə görə, F.Əsədova saxlanılıb və barəsində cinayət işi açılıb.

    Təqsirləndirilən şəxs zərərçəkənlə barışdığını və əməlindən peşman olduğunu deyərək cinayət təqibinə xitam verilməsini istəyib.

    Zərərçəkən şəxs də həmçinin ona dəyən ziyanın tam ödənildiyini bildirərək anasına qarşı şikayət və tələbinin olmadığını deyib.

    Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və Firuzə Əsədova məsuliyyətdən azad olunub.

  • Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək

    Azərbaycanın Almaniyadakı səfirliyi Kölndə səyyar konsulluq xidmətləri həyata keçirəcək.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfirliyinin “X” hesabında məlumat yayılıb.

    “25-26 aprel 2026-cı il tarixində Azərbaycanın Almaniyadakı Səfirliyi tərəfindən Köln şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır”, – məlumatda bildirilib.

  • Bakının 2 rayonunda qaz kəsiləcək

    Sabah bəzi ərazilərdə qazın verilişində fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

    Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə sabah saat 10:00-dan etibarən Suraxanı rayonu üzrə “MİDA” yaşayış kompleksinin və “Sahil” yaşayış massivinin, Sabunçu rayonu üzrə isə Zabrat-1 qəsəbəsinin, Neftçilər və Nərimanov küçələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

  • Azərbaycan XİN Türkiyəyə başsağlığı verib – FOTO

    “Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi”.

    Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkə hesabında paylaşım edib.

    “Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq”, – paylaşımda qeyd olunub.