Month: April 2026

  • Bakı və Sumqayıtda övladları I sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

    Birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 15 aprel saat 18:00 tarixində yekunlaşır.

    Vətəndaşlar bu müddət ərzində daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər 15 aprel saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşa bilərlər.

    Qeyd edək ki, hazırkı tarixədək Bakı şəhəri üzrə ümumilikdə 230 , Sumqayıt şəhəri üzrə isə 32 valideyn mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciət edib.

  • Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanıldı

    Kafe və mağazalardan silsilə oğurluq edən şəxs saxlanılıb.

    Median.Az DİN-ə istinadən xəbər verir ki, Nəsimi rayonunda talama hadisələri qeydə alınıb. Belə ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən iki kafedən oğurluqlar edərək zərərçəkənlərə ümumilikdə 2500 manat maddi ziyan vurub, həmçinin 2 ədəd mobil telefonu talayıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 24 yaşlı S.Həmidov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı onun Sumqayıt şəhəri ərazisində bir mağazadan 418 manat və mobil telefon oğurlaması, həmçinin əvvəllər məhkum olunmuş tanışı 32 yaşlı Y.Əhmədli ilə birgə daha bir mağazadan 1690 manat dəyərində kosmetik vasitələr talaması da məlum olub. Y.Əhmədli də polis əməkdaşları tərəfindən saxlanılıb.

    Araşdırmalar davam etdirilir.

  • Ölkədə son 2 ayda 10 878 nəfər ölüb

    Bu ilin ilk iki ayı ərzində ölkədə 10878 ölüm halı qeydə alınıb.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-mart ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.

  • 522 əkiz, 21 üçəm doğulub

    Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,7-dən 8,9-a düşmüşdür.

    Bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.

    Doğulan körpələrin 53,7 faizi oğlan uşaqları, 46,3 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəmdir.

  • Marketlərdən lotoreya biletləri oğurlayan şəxs saxlanıldı

    Bakının Binəqədi və Xətai rayonlarında yerləşən iki marketdən lotoreya biletləri və digər məhsullar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar.

    Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.

    Araşdırmalar davam etdirilir.

  • Azərbaycanın valyuta ehtiyatları artıb

    İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

    Bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə deyib.

    Baş direktor qeyd edib ki, İranla ixracın və idxalın payı ümumi ticarətdə çox deyil.

    “Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Lakin prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa, proqnozlarımızı ona uyğun dəyişəcəyik”.

    Ş.Mahmudzadə bildirib ki, Yaxın Şərqdə baş verən proseslər dünya bazarında neftin qiymətini artırıb ki, bu da Azərbaycanın valyuta ehtiyatları və tədiyyə balansının artmasına səbəb olub.

  • Duracağa gətirilən avtomobil bu halda dərhal sahibinə qaytarılacaq

    Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq.

    Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Yol hərəkəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

    Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinin tələblərinə əsasən, dayanma və ya durma qaydalarının pozulması (346.1, 346.2 və ya 346.4-346.9-cu maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda) və parklama qaydalarının pozulması (346-1.5-ci maddə) inzibati xətalarını törədən şəxslərin saxlanılmış nəqliyyat vasitələrinin onlara geri qaytarılmasının şərtlərindən biri qismində nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqın ödənilməsi çıxış edir.

    “Yol hərəkəti haqqında” qanuna dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

    Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq.

  • 11 il öncə törədilmiş cinayət işi üzrə məhkəmədə şahid dindirildi – FOTO

    Bakıda 11 il əvvəl evinə oğurluğa getdiyi şəxsi bıçaqlayaraq, onun ölümünə səbəb olmaqda təqsirləndirilən Hüseyn Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin vəkili Cənnət Kazımlı məhkəmədə ərizə ilə çıxış edib.

    Vəkilin sözlərinə görə, cinayət işinin əsassız şəkildə uzadılması, süründürməçiliyə yol verilməsi artıq təkcə hüquqi məsələ deyil, həm də bir ailənin taleyinə vurulan dərin yaradır:

    “Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bildiyi halda bu gün məsuliyyətdən yayınmaq üçün təqsirini inkar edir. Bu açıq şəkildə həqiqətdən yayınmaq və ədalətdən qaçmaq cəhdidir. İş üzrə mövcud olan bütün sübutlar və dəlillər bu cinayət əməlinin məhz təqsirləndirilən şəxs Cəfərov Hüseyn Gülağa oğlu tərəfindən törədildiyini birmənalı şəkildə təsdiq edir. Hesab edirik ki, bu, məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilməli və məhkəmə təqsirləndirilən şəxsin bu cür davranışına tənqidi münasibət bəsləməlidir”.

    Daha iş üzrə şahid dindirilib.

    Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin edilib.

    Qeyd edək ki, 2025-ci ildə Sabunçu rayon prokurorluğu və rayon polis idarəsi əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 11 il əvvəl, 2014-cü ilin noyabr ayında 1977-ci il təvəllüdlü Namiq Naib oğlu Hənifənin qəsdən öldürülməsi müəyyən olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən, həyata keçirilən tədbirlərlə 1990-cı il təvəllüdlü Hüseyn Gülağa oğlu Cəfərovun ictimai-təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən Namiq Hənifəyə bıçaqla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

    Hüseyn Cəfərov Cinayət Məcəlləsinin 126.3 -cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib. Müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

  • Pirşağı hövzəsi üzrə tullantı sutəmizləyici qurğu tikilir – Video

    Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sutəmizləyici qurğuların tikintisi layihələrini davam etdirir. Layihələrdən biri Pirşağı hövzəsi üzrə icra olunur.

    Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

    Ümumi uzunluğu 33 km olan kollektorun və yeni nasos stansiyasının inşası Bilgəh, Nardaran, Pirşağı, Novxanı, Goradil, Fatmayı, Saray, Zabrat, Balaxanı, Məhəmmədi və Kürdəxanı qəsəbələrində tullantı sularının idarə edilməsinə imkan yaradacaq. Eyni zamanda hövzə daxilində yerləşən qəsəbələrdə subasma hallarının qarşısı alınacaq, Kürdəxanı, Zabrat gölləri və sahil boyu zonada ekoloji tarazlıq bərpa olunacaq.

    Hazırda layihə üzrə 9,8 km təzyiqli tullantı su xəttinin və 3,9 km-lik koruge borunun tikintisi başa çatıb. Kollektorun inşası üzrə digər müxətlif diametrli boru və mikrotunellərin çəkilməsi istiqamətində işlər müntəzəm icra olunur.

    Pirşağı hövzəsi üzrə gətirici kanalizasiya kollektorlarının tikintisi layihəsi çərçivəsində inşa olunacaq 31 şaxtadan 6-ı tamamlanıb, qalan şaxtalarda və kanalizasiya nasos stansiyasında işlər davam etdirilir.

    Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

  • Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənildi

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə aprel ayının pensiyalarını ödəyib.

    Bu barədə nazirlik məlumat yayıb.

    Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən də muxtar respublika üzrə bu ayın pensiya ödənişi yekunlaşıb.

    Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin aprel ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniəcək.