Month: April 2026

  • Daha bir “tiktoker” təhqirə görə həbs olundu

    Daha bir “tiktoker” təhqirə görə həbs olundu

    “TikTok”da yayılması qadağan olunan təhqiredici ifadələr səsləndirən edən daha bir “tiktoker” məsuliyyətə cəlb olunub.

    Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tədbirlər görülüb və Fikrət İsayev saxlanılıb.

    Toplanmış materiallar əsasında iş məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən, o, inzibati qaydada həbs edilib.

  • Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

    Diplomatların şəxsi baqajları gömrük baxışından keçiriləcək

    Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarına gömrük baxışı ilə bağlı qaydalar dəyişir.

    Bu, Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyində yer alan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

    Dəyişikliyə əsasən, artıq xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından keçiriləcək.

  • Elşən Xəzərin qızı “Beniz”in məhkəməsində ifadə verdi

    Elşən Xəzərin qızı “Beniz”in məhkəməsində ifadə verdi

    Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “Beniz” ləqəbli “tiktoker” Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən proses şahid ifadəsi ilə işini davam etdirib.

    Şahid A.F. ifadəsi zamanı Aybəniz Xəlilovanı şəxsən tanımadığını və yalnız sosial şəbəkələrdən iş adamı Xalid Kərimovun yaxını kimi tanıdığını deyib.

    Şahid bununla yanaşı ifadəsində bildirib ki, o bu işlə bağlı hər hansı bir polis bölməsində və yaxud hər hansı bir müstəntiqin yanında heç bir ifadə verməyib. Şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan edildikdən sonra o buna təəccübünü gizlədə bilməyib.

    “Mənim ümumiyyətlə bu ifadədən heç xəbərim olmayıb, heç yerdə ifadə verməmişəm və heç yerə də imza atmamışam”.

    İstintaqdakı ifadələrinin altından atılan imzalara baxdıqda isə onun imzasına oxşarlığını təsdiq etsədə onun bu ifadələrdən və imzalardan xəbərinin olmadığını bir daha deyib”.

    Şahidin ümümi ifadəsindən bəlli olub ki,o məşhur meyxanaçı Elşən Xəzərin qızı olmaqla yanaşı şəhid və qazi ailələrinə ərzaq və digər yardımlar göstərməklə məşğuldur. İş üzrə zərərçəkən Xalid Kərimovu da həmin yardımlarda iştirakçı kimi tanıyıb və onunlə digər hansı bir əlaqəsinin olmadığını deyib.

    Qeyd edək ki, şahidin adından yazılan ifadədə bildirilib ki, güya Aybəniz Xəlilova onun Xalid Kərimovla yaxınlığını əsas gətirərək onu şantaj edib ki, bu barədə onun əlindəki fotoları sosial şəbəkələrdə yayacaq.

    Növbəti proses mayın 5- nə təyin edilib.

    Qeyd edək ki, tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb. Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.
    //unikal.az

  • Dördüncü kurs tələbəsi dünyasını dəyişdi

    Dördüncü kurs tələbəsi dünyasını dəyişdi

    Odlar Yurdu Universitetinin tələbəsi dünyasını dəyişib.

    Bu barədə universitetin feysbuk səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, mühasibat ixtisası, IV kurs tələbəsi Quliyev Əli Əlipənah oğlu vəfat edib.

    Onun ölüm səbəbi açıqlanmayıb.

  • AzMİU-da yanğın olub? – Rəsmi açıqlama

    AzMİU-da yanğın olub? – Rəsmi açıqlama

    “Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanğın hadisəsi baş verib”.

    Bunu “Unikal”a açıqlamasında AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev deyib.

    Onun sözlərinə görə, əraziyə dərhal FHN qüvvələri cəlb olunub:

    “Yanğın hadisəsi universitetin 1 saylı tədris binasının yaxınlığında, həyətdə qeydə alınıb. Yanğının tüstüsü 1 saylı tədris binasında hiss olunub. Buna görə də tədris binasında olan bütün tələbələr və əməkdaşlar təcili olaraq təxliyə olunub. Yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin briqadaları tərəfindən söndürülüb, ərazi nəzarətə götürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda aidiyyəti qurumlar tərəfindən hadisənin səbəblərinin araşdırılması istiqamətində müvafiq tədbirlər görülür”.

  • Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar

    Piyadaların ölümünə səbəb olan qəzalar necə qiymətləndirilir? – Ali Məhkəmədən mühüm qərar

    Azərbaycan Respublikasının Ali Məhkəməsində yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi üzrə qərar qəbul edilib.

    İş materiallarına əsasən, təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. Həmçinin onun hadisə yerini tərk etdiyi göstərilib. Eyni zamanda həmin şəxsin psixi pozuntudan əziyyət çəkməsi və əməlini dərk etmək və idarə etmək qabiliyyətində olmaması barədə məlumatlar iş materiallarında əksini tapıb. Apellyasiya instansiyası məhkəməsi sübutların kifayət etmədiyi qənaətinə gələrək təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyini əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarıb.

    Məhkəmə işə baxarkən şahidlərin, təqsirləndirilən şəxsin qanuni nümayəndəsinin ifadələrini və digər sübutları müqayisəli şəkildə qiymətləndirib. Məhkəmə qərarında qeyd edilib ki, bəzi şahidlər hadisə zamanı avtomobilin kim tərəfindən idarə edilməsi, nəqliyyat vasitəsinin həyətdən çıxarılması və hadisədən sonrakı hərəkətlər barədə bir-birini tamamlayan, lakin eyni zamanda ziddiyyətli məzmunlu məlumatlar vermişlər. Xüsusilə telefon zəngləri və mobil operator məlumatlarında bəzi ifadələrin tam təsdiqlənmədiyi göstərilib, həmçinin təqsirləndirilən şəxsin psixi vəziyyəti ilə bağlı ekspert rəyi qiymətləndirilib. Apellyasiya instansiyası məhkəməsi təqdim edilmiş sübutların məcmusuna əsaslanaraq cinayəti törətmiş şəxsin düzgün müəyyən edilmədiyi barədə qənaətinə gəlib.

    Ali Məhkəmə isə iş materiallarını araşdıraraq ilk növbədə sübutetmə qaydaları və cinayət-prosessual qanunvericiliyin prinsiplərinə münasibət bildirməklə qeyd edib ki, təqdim olunan sübutlar məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hadisəni törətməsi ilə bağlı yaranmış şübhələri aradan qaldırmaq üçün kifayət etməyib. Kassasiya kollegiyası vurğulayıb ki, hər bir sübut ayrıca və bütün sübutlar məcmu halında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməli, ittihamın sübuta yetirilməsi üçün kifayət edən səviyyədə olmalıdır.

    Ali Məhkəmə xüsusi olaraq təqsirsizlik prezumpsiyası prinsipinə geniş yer ayıraraq qeyd edib ki, cinayət-prosessual qanunvericiliyə əsasən şəxsin təqsirli bilinməsi yalnız onun təqsiri qanunla müəyyən edilmiş qaydada tam və şübhəsiz sübuta yetirildiyi halda mümkündür. İttihamın sübuta yetirilməsi zamanı aradan qaldırılması mümkün olmayan şübhələr mövcud olduqda isə həmin şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlib ki, konkret iş üzrə toplanmış sübutlar bu standartlara cavab vermədiyindən apellyasiya instansiyasının şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə qənaəti mahiyyət etibarilə qanuni hesab oluna bilər.

    Bununla yanaşı, Ali Məhkəmə qeyd edib ki, iş ibtidai istintaq orqanı tərəfindən birinci instansiya məhkəməsinə ittiham aktı deyil, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün qərar göndərilib. Bu kateqoriyadan olan işlər üzrə məhkəmələr yalnız qanunla müəyyən edilmiş xüsusi prosedur çərçivəsində qərar qəbul etməlidirlər. Belə hallarda apellyasiya instansiyası məhkəməsi cinayət qanunu ilə qadağan olunmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin sübuta yetirilmədiyi qənaətinə gəldikdə bəraət hökmü çıxarmaq əvəzinə, cinayət işinə xitam verilməsi barədə qərar qəbul etməlidir. Bu yanaşma həm cinayət-prosessual qanunvericiliyin tələblərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” qərarında verilmiş izahlardan irəli gəlir.

    Beləliklə, Ali Məhkəmə tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunmuş və cinayət işi yenidən apellyasiya baxışına təyin olunub.

  • Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

    Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlandı

    Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.

    Median.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.

    Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.

    Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

  • Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

    Bu barədə səhmdar cəmiyyətindən bildirilib.

    Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

    Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

  • Attestatlar elektron formada təqdim olunacaq

    Attestatlar elektron formada təqdim olunacaq

    Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.

    O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər: “Bu, 300 minə yaxın şagirdi əhatə edəcək”.

  • Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI

    Şimşək çaxacaq, dolu düşəcək – SABAHIN HAVASI

    Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, səhər və axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-6° isti, gündüz 7-12° isti, bəzi yerlərdə 16° isti olacaq.