Month: April 2026

  • FHN avtomobildə sıxılı vəziyyətdə qalmış şəxsləri xilas edib – Video

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ələt-Astara avtomobil yolunun 54-cü kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, bir neçə avtomobilin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.

    Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə 1980-ci il təvəllüdlü V. Bədəlova və 1959-cu il təvəllüdlü F. İsmayılovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

    Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

  • Bu rayonda qaz olmayacaq

    Tovuz rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi (RQİİ) məlumat yayıb.

    Bildirilib ki, Alakol AQPS-dən qidalanan xətlərdə aparılacaq təmir və yenidənqurma işləri ilə əlaqədar qazın verilişi dayandırılacaq.

    Belə ki, Yanıqlı kəndi ərazisində vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 219 millimetr olan ortatəzyiqli qaz xəttinin, eləcə də Alakol kəndində digər vətəndaşa məxsus obyektin qarşısından keçən diametri 108 millimetr olan qaz xəttinin vətəndaşların öz vəsaiti hesabına yerinin dəyişdirilməsi nəzərdə tutulur.

    Bu səbəbdən 2026-cı il aprelin 14-də saat 09:30-dan etibarən Yanıqlı, Əhmədabad, Alakol və 1№-li Qovlar kəndlərinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq. Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

    Qaz kəsintisi müddətində ümumilikdə 1 949 abonentin qaz təminatında fasilə yaranacağı bildirilib.

  • Hörmüz boğazının blokadası alüminium qiymətlərini dörd illik maksimuma yüksəltdi

    Londonda alüminium qiymətləri dörd illik maksimuma yüksəlib, çünki ABŞ Prezidenti Donald Tramp tərəfindən İran limanlarına qarşı tətbiq edilən blokada Fars körfəzi ölkələrindən tədarükdə daha ciddi pozuntular yarada biləcəyi ilə bağlı narahatlıqları artırıb.

    Valyuta.az “Bloomberg”ə istinadən xəbər verir ki, alüminiumun qiyməti London Metal Birjasında (LME) 11:02 (Bakı vaxtı ilə) vəziyyətinə görə 1,4% artaraq ton başına 3 547,50 ABŞ dollarına çatıb. Metalın qiyməti Şanxay Fyuçers Birjasında da 0,5% artaraq ton başına 24 740 yuana yüksəlib. Mis 0,4% artaraq 12 892,50 dollara, sink isə 0,3% bahalaşıb. Sinqapurda dəmir filizi fyuçersləri 0,9% yüksəlib.

    Qeyd olunur ki, Yaxın Şərq dünya alüminium istehsalının təxminən 9%-ni təmin edir. Daha əvvəl regionun ən böyük istehsalçısı olan “Emirates Global Aluminium PJSC” döyüş əməliyyatları nəticəsində zərər görmüşdü. Bildirilib ki, şirkətin metallurgiya zavodlarından biri ayın əvvəlində İran hücumu nəticəsində sıradan çıxıb.

    Digər əsas metalların əksəriyyəti bazar ertəsi, 13 aprel tarixində ya bahalaşmayıb, ya da ucuzlaşıb. ABŞ və İran arasında həftəsonu aparılan danışıqların uğursuzluğu bazarlardakı qısa optimizm dövrünü zəiflədib.

    Mütəxəssislərin fikrincə, metal bazarı zəif tələbat səbəbindən təzyiq altındadır. Onlar bildirirlər ki, enerji qiymətlərindəki kəskin artım qlobal iqtisadiyyata mənfi təsir göstərir və bu, metalların tələbinə də təsir edə bilər.

    Enerji daşıyıcılarının bahalaşması xüsusilə Çində tələbi məhdudlaşdırır. Hazırda metalların ən böyük istehlakçısı olan ölkədə ehtiyatlar 2020-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Ekspertlər hesab edirlər ki, Çindən gələn nisbətən zəif tələb alüminium qiymətlərinin artım potensialını məhdudlaşdıracaq.

    ABŞ İran limanlarına daxil olan və ya oradan çıxan bütün gəmilərə dəniz blokadası tətbiq etdiyini açıqlayıb. Bununla belə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından qeyri-İran istiqamətində keçən gəmilər üçün naviqasiya azadlığının təmin ediləcəyini bildirib.

    Qeyd edək ki, adətən Hörmüz boğazından gündə təxminən 150 gəmi keçir. “S&P Global Market Intelligence” məlumatlarına görə, mart ayında bu su yolundan ümumilikdə 150-dən bir qədər çox gəmi keçib.

  • Mərdəkan çimərliyində törədilən qətlin CİNAYƏT İŞİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə Bakıda kütləvi dava zamanı baş verən qətldə təqsirləndirilənlər – Süleymanov Mətləb, Dəyanət Məhərrəmov, Abbasov Ələkbər, Abbasov Samirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Məhkəmə şahid ifadəsi ilə davam edib.

    Şahid S.A təqsirləndirilənlərdən Süleymanov Mətləblə yerli olduğunu və hadisə günü birlikdə olduğunu bildirib:

    “Mən qaziyəm, Mətləbi dostumun vasitəsi ilə tanımışam. Ondan sonra mütəmmadi ümumi dostlarımızla birlikdə toplaşırdıq. Hadisə günü axşam saatları idi. Mətləbə zəng eləyərək, evlərində Qurban əti kəsildiyini dedi və məni çörək yeməyə evlərinə dəvət elədi. Durub getdim, oturub yemək yeyirdik. Bu vaxt Mətləbə zəng gəldi ki, dur gəl. Mətləbə dedim ki, bu gecə vaxtı hara gedirsən, getmə. O getmək istəyirdi, mən də onu işlətdiyim taksiylə “Neftçilər” metrosu yaxınlığındakı “Bayraq Meydanı” tərəfə gətirdim. Mətləbin üstündə bıçaq və hansısa kəsici alət olmayıb, o kimsəni vurmayıb. Biz ora düşəndə anladım ki dava var. Mətləbə dedim ki, gedib qarışmasın, özləri həll eləsinlər. Həmin vaxtda rəhmətlik Adil içkili halda qışqırırdı ki, nəyə gəlmisiniz, məni axtarırsınız? Onu gördüm ki, Adil qarşındakı adama bıçaq tulladı. Bu zaman qaranlıqda kim olduğunu sonradan bildiyim Samir adlı şəxsin rəhmətlik Adilin başına kubiklə vurduğunu gördüm. Orada “zerkalnı” nömrə olan bir maşın da vardı, səhv etmirəmsə, “444” nömrəsi vardı. Adil yerə yıxılandan sonra o maşının sürətlə uzaqlaşıb oradan yoxa çıxdığını gördüm. Mən Mətləblə ora çatanda maşınımı 15-20 metr aralıda saxlamışdım. Mətləb düşüb hadisə yerinə getdi, mən də maşınıma söykənib durdum. Hay-küy düşəndə maşını işə saldım ki, çıxıb gedim. Gördüm Mətləb ağzı qanaya-qanaya qayıdıb gəlir, burnundan qan süzülürdü. Çatan kimi dedi kimsə məni vurdu. Mən qayda-qanunlara əməl edən vətəndaş kimi ona dedim ki, hansısa bir xəta eləyibsə, bölməyə gedək. Mətləb ölən qardaşının qəbrinə and içdi ki, heç nə eləməyib”.

    Növbəti proses 27 aprel saat 14:30-a təyin olunub.

    Xatırladaq ki, məlum hadisə 2024-cü ilin iyununda Mərdəkan çimərliyində qeydə alınıb.

    Orada baş verən kütləvi dava zamanı Mətləb Süleymanov tanışları Adil adlı şəxsi bıçaqlayaraq qətlə yetirib.

    Hadisə ilə bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, Mətləb Süleymanov Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə təqsirləndirilərək həbs olunub.

    Hadisə yerində olan Abbasov Ələkbər, Məhərrəmov Dəyanət, Abbasov Samir isə Cinayət Məcəlləsinin 221.2.1, 221.3 maddələri ilə barələrində həbs olmayan qətimkan tədbiri seçilib.
    //lent.az

  • İnternetin qiymətinin artması ehtimal yox, qaçılmazdır

    Son dövrlər qlobal iqtisadi proseslər, enerji, logistika və ərzaq qiymətlərində artım müşahidə olunur, həmçinin, rəqəmsal xidmətlərə tələbat sürətlə yüksəlib.

    Maraqlıdır, bunun fonunda internet qiymətlərində artım ehtimalı varmı? Əgər belə bir ehtimal mövcuddursa, bunu şərtləndirən əsas faktorlar hansılardır?

    Median.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, ekspert Elvin Abbasov bildirib ki, hazırda internetin qiymətinin artması ehtimal yox, qaçılmaz prosesdir.

    “Telekommunikasiya sektoru elə sahədir ki, həm sürətlə dəyişir, həm də çox investisiya tələb edir. İstifadəçilərin sayı məhdud olsa da, internet trafikinin həcmi artır. Daha çox video izlənilir, oyun oynanılır, “bulud” xidmətlərindən istifadə olunur. Bu yükü eyni qiymət və eyni sürətlə uzun müddət saxlamaq real deyil.

    Bununla yanaşı, avadanlıqların idxalı, valyuta dəyişiklikləri, enerji, logistika və daşınma xərcləri, provayderlərin əməkhaqqı fondu və digər amillər birbaşa maya dəyərinə təsir edir.

    Digər kommunal xidmətlərdə qiymətlər dünya bazarındakı dəyişikliklərə uyğun tənzimləndiyi kimi, internet də eyni qaydada bu təsirlərdən kənarda qala bilməz. İnternetin qiyməti də məhz müvafiq dəyişikliklərə uyğun olaraq indekslənməlidir”, – E.Abbasov qeyd edib.

    Ekspertin sözlərinə görə, burada əsas məsələ artımın olub-olmaması deyil, nə qədər artmasıdır: “Cəmiyyətin bu məsələyə həssas yanaşmasının səbəbi də budur ki, qiymətlər bizdə tez-tez yox, uzun fasilələrlə dəyişir. Ona görə də hər artım birdən-birə böyük görünür. Halbuki digər kommunal xidmətlərdə olduğu kimi, internet tariflərinə də mütəmadi, məsələn, illik baxılması daha sağlam yanaşmadır. Bu zaman qiymət artımı daha yumşaq olur və sürpriz effekti yaratmır.

    Əslində qiymətlər dəyişsə də, bir məsələni nəzərə almaq lazımdır ki, yüksəksürətli paketlərin qiymətlərinin əlçatanlığı digər ölkələrə nisbətən aşağıdır və maksimal sürətlər 250 Mbit/s ilə limitlənir. Ölkə üzrə median sürətin yüksəldilməsi və dayanıqlı keyfiyyətin təmin edilməsi üçün provayderlər yüksəksürətli paketlərin əlçatanlığını artırmalıdırlar”.

    “Hazırda bazarda provayderlər tərəfindən təqdim olunan 250 Mbit/s sürət tariflərində hər Mbit/s üçün orta ödəniş məbləği 0,14 AZN-dir. Düşünürəm ki, eyni sürəti daha yüksək qiymətə təklif etməklə deyil, hər Mbit/s üçün qiyməti aşağı salaraq daha yüksəksürətli paketlər təqdim etməklə nail olmaq olar.

    Mənim ehtimalım odur ki, hər Mbit/s üçün orta ödəniş məbləğini 10-20% civarında ucuzlaşdırmaqla həm yüksəksürətli minimal paketlər təqdim edilə bilər, həm də dəyişən bazar konyukturasında keyfiyyətin dayanıqlığı təmin olunar.

    Kəskin qiymət artımları əvəzinə, bu tip yenilənmələr provayderlərə davamlı investisiya imkanı yaradır və istifadəçi üçün daha məqbul olur. Nəticə olaraq, qiymətləri uzun müddət sabit saxlamaq yox, sürət-qiymət balansını bazar və texnologiyaya uyğun tənzimləmək xidmət keyfiyyətinin qorunması üçün vacibdir”, – E.Abbasov əlavə edib.

  • Orta aylıq əməkhaqqı artıb

    2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

    Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

    Bildirilib ki, muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,0 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

    2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.

  • Арарат Мирзоян совершит рабочий визит в Брюссель

    Министр иностранных дел Армении Арарат Мирзоян посетит Бельгию с рабочим визитом 14 апреля.

    Об этом говорится в заявлении МИД Армении.

    Согласно информации, запланированы встречи Мирзояна с партнерами по Евросоюзу, в том числе с верховным представителем ЕС по иностранным делам и политике безопасности Кайей Каллас.

  • Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan aprelin 14-də Belçikaya işgüzar səfər edəcək.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilir.

    Məlumata görə, Mirzoyanın Avropa İttifaqından (Aİ) olan tərəfdaşları, o cümlədən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşləri planlaşdırılır.

  • Millimiz Qazaxıstana məğlub oldu

    Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

    Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Qazaxıstanla qarşılaşıb.

    Aktaudakı “BS Arena”da baş tutan görüş rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.

    Qeyd edək ki, bu komandalar arasında növbəti oyun aprelin 15-də “BS Arena”da olacaq.

    Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.

  • Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb

    Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 52-ci kilometrliyində, yolun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı avtomobil toqquşub. Qəza nəticəsində Lənkəran rayon sakinləri – 1980-ci il təvəllüdlü Vüsalə Səməd qızı Bədəlova, 1972-ci il təvəllüdlü Rəfail Əvəz oğlu Bədəlov, 2002-ci il təvəllüdlü Həsən Rəfail oğlu Bədəlov, 1967-ci il təvəllüdlü Elşən Şəmsəddin oğlu Axundov və Cəbrayıl rayon sakini – 1959-cu il təvəllüdlü Füzuli Ramazan oğlu İsmayılov müxtəlif dərəcəli xəsarətlər alıblar.

    Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

    Faktla bağlı araşdırma aparılır.