Month: April 2026

  • Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi

    Azərbaycanda median aylıq kirayə haqqı 1 002 manat olub.

    Bu, Azərbaycan Mərkəzi Bankının illik “Maliyyə Sabitliyi hesabatı”nda əksini tapıb.

    Qeyd olunub ki, mənzil bazarı ilə bağlı mövcud açıq mənbələrdən əldə edilən məlumata əsasən dekabr ayının sonunda ölkə üzrə təklif edilən median aylıq kirayə haqqı 1 002 manat təşkil edir ki, bu da daşınmaz əmlakın kapitalizasiya müddətinin 20.9 il olmasını şərtləndirir.

    Qeyd edək ki, 2024-cü illə müqayisədə kapitalizasiya müddətində 1.4 illik artım müşahidə olunur ki, bu da il ərzində mənzil qiymətlərinin artımının kirayə qiymətləri ilə müqayisədə daha sürətli artımı ilə əlaqələndirilir.
    //oxu.az

  • Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi

    Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.

    Teleqraf-ın əldə etdiyi məlumata görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.

    Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin yerdə yerüstü keçid olduğu halda qəza nəticəsində həyatını itirən şəxslər yolu bu formada keçib və nəticədə istəmədiyi halda hadisə baş verib.

    Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, o, hadisə vaxtı arvadı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşüb və yolu keçməyə qərar veriblər:

    “Həyat yoldaşıma yolüstü keçiddən keçmək lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, tez bir zamanda yolu qaçaraq keçə biləcəklərini söylədi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağına idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni “VAZ 2107” markalı avtomobil vurdu. Nəticədə oğlumla hər ikisi asfalt örtüyün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayıb onları xəstəxanaya aparsa da, ikisinin də həyatını xilas etmək mümkün olmadı”.

    Ülviyyə Əliyevanın həyat yoldaşı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

    Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, N.Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

  • Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki

    Mütəxəssislər bildirir ki, D vitamini insan orqanizmi üçün ən vacib mikroelementlərdən biridir və əsas mənbə günəş işığı olsa da, bəzi içkilər də bu vitaminlə zənginləşdirilə bilər. Adətən 240 ml-lik zənginləşdirilmiş portağal suyu təxminən 100 beynəlxalq vahid (BV) D vitamini ehtiva edir, lakin digər içkilərdə bu göstərici daha yüksək ola bilər.

    Qaynarinfo xəbər verir ki, “Very Well Health” nəşrinin məlumatına görə, D vitamini ilə daha zəngin içkilər aşağıdakılardır.

    Zənginləşdirilmiş süd

    Süd D vitamini üçün etibarlı mənbələrdən biridir: bir stəkan yağsız süddə təxminən 117 BV D vitamini olur. Təbii halda süd D vitamini ehtiva etməsə də, emal zamanı bu vitamin əlavə edilir.

    Süd həm də kalsiumla zəngindir və D vitamini ilə birlikdə sümüklərin və dişlərin möhkəmlənməsində mühüm rol oynayır. Onun müntəzəm istifadəsi sümük sağlamlığını və immun sistemini gücləndirə bilər.

    Zənginləşdirilmiş bitki mənşəli süd

    Laktoza dözümsüzlüyü olan və ya vegan qidalanan insanlar üçün soya, yulaf, badam və kokos südü kimi alternativlər mövcuddur. Bu içkilərin bir çoxu D vitamini və kalsiumla zənginləşdirilir.

    Bu məhsullar çox vaxt əlavə zülal və digər vitaminlərlə də təmin olunur və müxtəlif qida ehtiyaclarını qarşılaya bilir.

    Kefir

    Kefir xüsusilə zənginləşdirilmiş halda D vitamini mənbəyi ola bilər. Bir stəkan kefirdə 100 BV və ya daha çox D vitamini ola bilər.

    Təbii fermentləşdirilmiş kefirdə D vitamini azdır, lakin sənaye istehsalı olan zənginləşdirilmiş kefir sümüklərin möhkəmlənməsinə və immun sisteminə dəstək verir.

    Protein kokteylləri

    Bir çox protein içkiləri D vitamini ilə zənginləşdirilir və bir porsiyada təxminən 332 BV (8,3 mikroqram) D vitamini ola bilər.

    Göbələk bulyonu

    Göbələklər günəş şüaları altında D vitamini sintez edə bilən nadir bitki mənşəli məhsullardandır. Onlardan hazırlanan bulyon D2 formasında D vitamini ehtiva edə bilər.

    Lakin bişirmə üsulu və müddəti bu vitaminin miqdarına təsir edir: uzun müddət qaynadılma D vitaminini azalda bilər.

    Gündəlik D vitamini ehtiyacı

    Böyüklər üçün tövsiyə olunan gündəlik norma təxminən 600 BV təşkil edir və bu səviyyə sümük sağlamlığı, immunitet və ümumi orqanizm funksiyaları üçün vacib sayılır.

  • Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi

    Avtomobil dayanacağında nəzarətçi işləyən şəxslər dalaşıb.

    Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə baş verib. Tərəflər arasında yaranmış münaqişənin kökündə borc məsələsi dayanıb.

    Borc verən pulunu tələb edərkən qarşı tərəflə mübahisə yaranıb və nəticədə ikinci ona zərbə endirib. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılb.

    Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, qarşı tərəfin borcunu qaytarıb və onunla barışıq əldə edib.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib.

  • Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

    Amerikalı pop ulduzu Britni Spirs mart ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldıqdan sonra reabilitasiya mərkəzində müalicə kursuna başlayıb.

    Qaynarinfo “Variety” nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı ifaçı müalicə proqramını könüllü şəkildə keçir.

    Xatırladaq ki, sənətçi polis tərəfindən sərxoş halda sükan arxasında saxlanılıb. O, daha sonra polis bölməsinə aparılıb və bir müddət sonra sərbəst buraxılıb.

    Britni Spirsin nümayəndəsi hadisə ilə bağlı açıqlamasında bunun “təəssüf doğuran və qəbuledilməz bir insident” olduğunu bildirib və ifaçının müvafiq addımlar atacağını, qanunlara əməl edəcəyini qeyd edib. O, həmçinin Spirsin bu dövrdə lazımi dəstək və yardım alacağına ümid etdiklərini vurğulayıb.

  • 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)

    “28 may Müstəqillik günü ilə bağlı əfv sərəncamının verilməsi ehtimalını o qədər də yüksək qiymətləndirmirəm”.

    Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

    Komissiya üzvü bunun səbəbini Amnistiya aktının icrasının başa çatmaması ilə əlaqələndirib:

    “mnistiya aktının icrası davam etdiyi vaxtda əfv sərəncamının verilməsi bir qədər mümkün görünmür. Çünki bir humanist aktın icrası başa çatmalıdır ki, növbəti humanist aktın qəbul edilməsi üçün yeni imkanlar yaransın. Amnistiya aktının subyekti Milli Məclisdir, əfv sərəncamının subyekti ilə Prezidentdir. Amma mahiyyət, məzmun etibarı ilə hər ikisi humanizm, mərhəmət prinsiplərinə əsaslanır”.

    Əliməmməd Nuriyev əlavə edib ki, Azərbaycan Respublikası Konistitusiyasına əsasən, əfv Prezidentin müstəsna konistitusion səlahiyyətlərindən biridir və əfvin nə zaman verilməsi ilə bağlı qərar Prezident tərəfindən qəbul edilir:

    “Ötən ilin may ayında Prezident tərəfindən növbəti – 71-ci əfv sərəncamı imzalanıb. Bu sərəncam yüzlərlə məhkuma şamil olunub. Dekabrın sonunda Milli Məclis tərəfindən növbəti Amnistiya aktı qəbul edilib. Hazırda Amnistiya aktının icrası gedir və 4 ay müddətində bu proses başa çatmalıdır. Aprel ayının 21-də Amnistiya aktının icrası başa çatacaq. Nə qədər ki, Amnistiya aktının icrası gedir əfv sərəncamının verilməsi bir qədər uyğun görünmür”.

    Əliməmməd Nuriyev hazırda Əfv Komissiyasının iclaslarının keçirilmədiyini bildirib.

    “Amma Prezidentin hüquq-mühafizə orqanlarının iş şöbəsinin əfv sektoru və Əfv komissiyasının katibliyi fasiləsiz olaraq işləyir. Onlar bütün ilboyu daxil olan müraciətləri araşdırır və müraciətlərlə bağlı arayışlar hazırlanır. Proses gedir. Amma nə zaman əfv sərəncamı olacaq, onunla bağlı hər hansı fikir söyləmək qanunvericiliyin tələblərindən doğru olmaz”.

  • Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı

    Bakıda avtobus dayanacağında şəxsin telefonu, eynəyi və 70 manat pulu oğurlanıb.

    Qaynarinfo-nun əldə etdiyi məlumata görə, hadisə 20 yanvar ərazisində baş verib. Zərəçəkmişə ümumilikdə 980 manat ziyan dəyib.

    Hüquq-mühafizə orqanlarına müraciətdən sonra cinayəti törətməkdə şübhəli bilinə şəxs saxlanılıb. Məlum olub ki, o, bundan başqa da oxşar cinayət törədib. Həmin şəxsə Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq – təkrar törədildikdə), 177.2.3-1 (Oğurluq – elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) və 177.2.5 (Oğurluq – zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib. Həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işinə Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılıb. Müttəhim məhkəmə zamanı verilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.

    Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

  • Ehsan, yoxsa xeyriyyəçilik – Hansı daha çox savab qazandırır?

    Samux rayonunda atasını itirən bir kənd sakininin fərqli addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. O, ənənəvi ehsan mərasimi təşkil etmək əvəzinə, şəxsi vəsaiti hesabına kənddə uzun müddətdir bərbad vəziyyətdə olan küçələrə asfalt örtüyü çəkdirib. Bu təşəbbüslə həm atasının xatirəsini yad edib, həm də kənd sakinlərinin gündəlik həyatını xeyli asanlaşdırıb.

    Sakinlər bu addımı yüksək qiymətləndirərək, belə təşəbbüslərin gələcəkdə də davamlı ənənəyə çevrilməsini arzuladıqlarını bildiriblər.

    Bəs daha doğru yanaşma hansıdır? Dünyasını dəyişən şəxsin ruhuna ehsan vermək, yoxsa onun xatirəsini yaşatmaq üçün cəmiyyətə faydalı işlər görmək?

    Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, ənənəvi olaraq yas mərasimlərində və ehsan süfrələrində məqsəd mərhumun ruhuna dua etmək, onun xatirəsini yad etmək və ehtiyacı olanlara yardım göstərmək olub:

    “İslam dinində ehsanın əsas hikməti də məhz bundadır. Paylaşmaq, ehtiyac sahibinə əl tutmaq, savab qazanmaq və mərhumun ruhuna xeyir çatdırmaq dinimizin öyrətmək istədiyi əsas anlayışlardandır. Ehsan özünü göstərmək, lovğalıq vasitəsi deyil, səmimiyyət və xeyirxahlıq əməlinin təzahürüdür. Lakin zamanla bu ənənə bəzi hallarda mahiyyətindən uzaqlaşaraq, israf və göstəriş elementləri ilə yüklənib. Halbuki, İslam israfı qəti şəkildə qadağan edir. Qurani-Kərimdə israf edənlərin “şeytanın qardaşları” olduğu açıq şəkildə bəyan edilir. Bu ifadə israfın nə qədər ciddi və mənfi bir əməl olduğunu göstərir. Təəssüf ki, bu gün bəzi yas məclislərində süfrələrin həddindən artıq zəngin qurulması, insanların imkanlarını aşan xərclərə girməsi bu ilahi xəbərdarlığın unudulduğunu göstərir. Eyni vəziyyət daha qabarıq şəkildə toy məclislərində müşahidə olunur. Bəzən sadə bir sevinc mərasimi əvəzinə, böyük maliyyə yükünə çevrilən, israfın ən yüksək həddinə çatan tədbirlər təşkil edilir. Bir çox hallarda təməli yeni atılan gənc ailələr borc içində ailə həyatına başlayır, bu da ailə daxili problemlərin yaranmasına zəmin olur”.

    Rəsul Mirhəşimli vurğulayıb ki, yas mərasimi zamanı yemək-içmək məclisindən imtina edib, eyni vəsaiti yüzlərlə insanın gündəlik həyatını asanlaşdıracaq bir işə sərf etmək üçün atılan addım həm mərhum atasının xatirəsinə ehtiram, həm də cəmiyyətə xidmət kimi dəyərləndirilə bilər:

    “Belə əməllər təkcə bir günün deyil, uzun illər faydasını verir. İnsanların rahat hərəkəti, kəndin abadlaşması kimi nəticələr davamlı savab qazandıran işlərdir. İslamda “sədəqeyi-cariyə” anlayışı var. Bu ifadə davam edən savab anlamını verir. Yol çəkmək, su quyusu qazmaq, ağac əkmək kimi işlər insan dünyadan köçdükdən sonra da onun adına savab yazılmasına səbəb olur. Bu baxımdan, kənd yolunun təmiri kimi bir təşəbbüs həm mərhumun axirəti üçün böyük qazancdır, həm də bu işi görən şəxs üçün savab qapısıdır. İnsanlar bu cür xeyirxah əməlləri gördükdə dua edir, razılıq bildirir və bu dualar həm diri, həm də vəfat etmiş şəxslər üçün mənəvi qazanca çevrilir”.

    Onun sözlərinə görə, ehsanın mahiyyəti formasında deyil, məzmunundadır:

    “Əgər ayrılan vəsait cəmiyyətə real fayda verirsə, insanlara rahatlıq gətirirsə və uzunmüddətli xeyir yaradırsa, bu, ən gözəl ehsan nümunələrindən biri hesab oluna bilər. Xeyriyyə işi görmək kimi rast gəlinən belə nümunələr göstərir ki, ənənələri kor-koranə təkrarlamaq əvəzinə, onların ruhunu qoruyaraq daha faydalı istiqamətlərdə tətbiq etmək mümkündür. Bu yanaşma həm dini dəyərlərə daha uyğundur, həm də cəmiyyətin inkişafına töhfə verir”.

  • Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb

    Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər ölüb.

    Bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

    Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

    Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

  • Bu bağçalara yeni müdirlər təyin olundu

    Gəncədə uşaq bağçalarına müdir təyin edilib.

    Bu barədə Gəncə – Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

    Bildirilib ki, İbrahimova Zərqələm Kazım qızı Göygöl rayonu Xəqani kənd körpələr evi – uşaq bağçasının müdiri, Hüseynova Vüsalə Həsən qızı isə Gəncə şəhəri 19 nömrəli körpələr evi – uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.