Month: April 2026

  • Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

    Aprelin 11-13-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı, Qobustanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

  • Burak Denizin evindən narkotik vasitə çıxdı

    Türkiyəli aktyor Burak Deniz saxlanılan zaman evində axtarış aparılıb.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, axtarış zamanı aktyorun mənzilindən 1 qram çəkidə narkotik vasitə tapılıb.

    Qeyd edək ki, sonuncu əməliyyat zamanı 14 nəfər barəsində saxlanılma qərarı verilib.

  • Balın təbiiliyi necə müəyyən olunur? – Video

    Balın təbiiliyi Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələr əsasında dəqiq müəyyən edilə bilər. Satışda “təbii bal” adı ilə müxtəlif məhsullar təqdim olunsa da, onların keyfiyyəti xüsusi göstəricilər üzrə qiymətləndirilir.

    Əsas meyarlara diastaza ədədi, prolin miqdarı, hidroksimetil furfural (HMF) səviyyəsi, şəkər tərkibi və pestisid qalıqları daxildir. Prolinin yüksək olması balın təbii və keyfiyyətli olduğunu göstərir. HMF səviyyəsinin artması məhsulun yüksək temperaturda saxlanıldığını və ya uzun müddət düzgün şəraitdə qorunmadığını bildirir. Diastaza ədədi isə balın ferment aktivliyini göstərərək onun təzəliyini müəyyən etməyə kömək edir.

    Eyni zamanda, arıçılıqda istifadə olunan amitraz kimi maddələrin qalıq miqdarına nəzarət də vacibdir. Bu göstəricilər üzrə AQTİ-də aparılan laborator yoxlamalar balın təhlükəsizliyini təmin edir.
    Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu vətəndaşlara bildirir ki, sosial şəbəkələrdə yayılan qeyri-ənənəvi üsullarla balın yoxlanılması etibarlı deyil və təhlükəsizlik baxımından tövsiyə olunmur.

  • Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? – Yenidən yoxlanacaq

    Bakıda sevgilisini anlaqsız vəziyyətdə öldürdüyünə görə ittiham olunan iş adamı Emil Ağacanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf, təqsirləndirilənin hadisəni törədən zaman həqiqətəndə anlaqsız vəziyyətdə olub-olmaması ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təqdim edib.

    Müşavirədən sonra məhkəmə vəsatəti qəbul edib.

    Təqsirləndirilən Emil Ağacanovun təkrar kompleks stasionar məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasından keçirilməsi ilə bağlı qərar qəbul edilib.

    Ekspertizanın rəyinin məhkəməyə daxil olması üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

    Qeyd edək ki, hadisə 2025-ci il avqustun 23-də Bakının Yasamal rayonunda qeydə alınıb.

    Paytaxt sakini İradə Muradovanın meyiti Emil Ağacanova məxsus mənzilin hamamında vannada paltarsız vəziyyətdə aşkar olunub.

    İlkin araşdırmalarla qadının Emil Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub

    Onu da qeyd edək ki,“Emil Ağacanov “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”ın sahibi olub.

    Qətlə yetirilən İradə Muradova isə sahibkarın “YAMAMAY” mağazasının icraçı direktoru vəzifəsində çalışıb.

    Emil Ağacanov barəsində Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Ona qarşı Cinayət Məcəlləsiin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

    Onu da qeyd edək ki, cinayət işinin istintaqı zamanı Emil Ağacanovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi məlum olub.

  • Hacıqabul sakini itkin düşdü

    Hacıqabul rayonunun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Əsgərov Baxış Absalam oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

    B.Əsgərovun əlamətləri: boyu 160 sm., orta bədən quruluşludur.

    Evdən çıxan zaman əynində qara rəngli köynək, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə və ya Hacıqabul Rayon Polis Şöbəsinə (021 204 10 32, 050 356 97 18) məlumat vermələri xahiş olunur.

  • “Səbail” cərimələndi

    AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

    İclasda 1-ci liqanın 21-ci turunda qeydə alınan qayda pozuntuları ilə bağlı qərarlar qəbul verilib.

    “Şəfa” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib. Qərarda bildirilir ki, matçın 90+1-ci dəqiqəsində “Səbail” komandasının tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyunluq cəzalandırılıb, klubu 2400 manat cərimə edilib.

    “Difai” – “Şahdağ Qusar” oyununun 77-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının futbolçusu Kvaku Adjey ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq çızalandırılıb, klubu 150 manat cərimə edilib.

  • Bakıda həbs edilən ruslara ittiham aktı elan edilib

    Kiberdələduzluq və narkotik maddələrin dövriyyəsi kimi cinayətlər törətməkdə şübhəli bilindiklərinə görə Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstə üzvləri – Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqlinin məhkəmə baxışı keçirilib.

    “Unikal”ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə ittiham aktı elan edilib.

    İttihama görə, Rusiya vətəndaşı olan Sergei Sofronov tamah niyyəti ilə həmin ölkənin vətəndaşları Dmitrii Bezuglyi, Aleksei Vasilcenko, Valery Dulov, Anton Draçev, Dmitrii Fedorov, Boris Timashov, Ilia Bezuglyi və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanılması, daşınması və sonrakı müddətdə Bakı şəhərində qanunsuz satışının həyata keçirilməsi barədə razılıq əldə ediblər.

    İttihamda həmçinin qeyd olunub ki, onlar aralarında əldə olunan ümumi razılaşmaya əsasən Sergei Sofronov digər mütəşəkkil dəstə üzvləri ilə birlikdə istintaqa məlum olmayan yerdə, vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 4,153 qram çəkidə narkotik vasitə heroin, 5 ədəd blisterdə təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edən külli miqdarda 50 ədəd narkotik vasitə metadon dərman tabletləri və külli miqdarda 36,814 qram çəkidə psixotrop maddə metamfetamin əldə edərək gələcəkdə hər birinin satışını birgə həyata keçirmələri üçün hissələrə ayırıb öz aralarında bölüblər.

    Təqsirləndirilənlər ittihamla özlərini təqsirli bilməyiblər. Məhkəmə təqsirləndirilənlərin ifafələri ilə işini davam etdirlib.

    Qeyd edək ki, Sergey Sofronov, Anton Draçev, Dmitri Bezuqli, Dmitri Fyodorov, Aleksandr Vaysero, Valeri Dulov, Aleksey Vasilçenko və İlya Bezuqli Daxili İşlər Nazirliyinin (DİN) İrandan narkotik vasitələrin tranziti, dövriyyəsi və kiberdələduzluqla bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Onlar barəsində ötən il iyulun 1-də Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

  • “Telegram” tamamilə bloklandı – Rusiyada

    “Telegram” Rusiyada tamamilə bloklanıb.

    Median.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, sosial platforma işini dayandırıb.

    Qeyd olunur ki, Son bir saat ərzində əsasən Moskva, Sankt-Peterburq və Samara bölgəsindən təxminən 800 şikayət daxil olub. İstifadəçilər mesajlaşma tətbiqinin açılmadığını, mesaj göndərməyə və media fayllarının yüklənməsinə icazə verilmədiyini bildiriblər.

  • Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək

    Minatəmizləmə zamanı həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin övladlarının təhsil haqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan müzakirə olunan “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Bildirilib ki, dəyişiklik minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur.

    Bu qanun layihəsinin keçid müddəalarına əsasən 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunacaq.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
    //unikal.az

  • Xamenei tezliklə xalqa müraciət edə bilər

    İranın Ali Lideri Müctəba Xamenei tezliklə xalqa müraciət edə bilər.

    Bu barədə TASS məlumat yayıb.

    “Ümid edirik ki, o, tezliklə öz fikrini bildirəcək və xalqa birbaşa müraciət edəcək”, – TASS mənbəyə istinadən yazıb.