Month: April 2026

  • Naxçıvanda 50 qida obyekti cərimələndi

    2026-cı ilin ilk üç ayı ərzində Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən muxtar respublikada 50 qida obyektinə cərimə tətbiq olunub.

    Agentlikdən verilən məlumata görə, bu müddətdə ümumilikdə 68 yoxlama həyata keçirilib və əksər qida obyektlərində müxtəlif növ pozuntular aşkarlanıb.

    Yoxlamaların 28-i ictimai iaşə müəssisələrində, 12-si topdan və pərakəndə satış obyektlərində, 5-i ilkin istehsal və istehsal sahələrində, 3-ü ət satışı obyektlərində, 2-si məktəb bufetlərində, 3-ü apteklərdə, 15-i isə emal müəssisələrində aparılıb.

    Aparılan nəzarət tədbirləri zamanı ən çox pozuntuların emal müəssisələri və ictimai iaşə obyektlərində qeydə alındığı bildirilib.

    Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Həm planlı, həm də plandankənar yoxlamaların nəticəsi olaraq 50 qida obyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati tənbehvermə qərarı qəbul edilib.

  • Bakıda 1,5 kilometrlik yolda 25 çala yarandı – Video

    Jurnalist Tural Yusifov Hövsan qəsəbəsində rastlaşdığı problemlə bağlı video paylaşıb.

    Yaşadığı qəsəbənin yollarında yaranmış çoxsaylı çalaları sayan T.Yusifov 1.5 kilometrlik yolda 25-ə yaxın çalanın yarandığını deyib.

    Hövsan-MİDA yolundakı vəziyyətlə bağlı narahatlığını ifadə edən jurnalist həmin çalaları zarafatla “dinozavr yuvası” adlandırıb və dövlət qurumlarına ritorik sual ünvanlayıb: “Görəsən Bakıda yağışla birgə nə yağır ki, yollar bu vəziyyətə düşür?!”

    Qeyd edək ki, bir neçə gün davam edən intensiv yağışlardan sonra Bakının əksər küçə və prospektlərinin asfalt örtüyündə problemlər yaranıb. Paytaxtın inzibati ərazisinə daxil olan qəsəbələrdə bu problemlər daha çoxdur.

  • Su kanalından odlu silahlar tapıldı

    Saatlı rayonunun Nərimankənd kəndi ərazisindən keçən su kanalından odlu silahlar tapılıb.

    Polis əməkdaşlarının hadisə yerinə baxışı zamanı 2 ədəd avtomat aşkarlanaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Sabiq ədliyyə nazirinin nəvəsi faciəvi şəkildə həyatını itirdi

    Azərbaycanın sabiq ədliyyə naziri Əlisaab Orucovun (1985–1992 və 1992-ci ilin aprel-iyul ayları) nəvəsi ehtiyatsızlıqdan dünyasını dəyişib.

    “Cebheinfo.az”a bu haqda ailənin yaxınları məlumat verib.

    Bildirilib ki, sabiq nazirin 19 yaşlı nəvəsi hündürmərtəbəli binanın pəncərəsindən yıxılıb.

    O, elə hadisə yerindəcə dünyasını dəyişib.

  • 10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

    Gündəlik fiziki aktivlik uzun və sağlam həyatın vacib şərtidir. Lakin alimlərin müəyyən etdiyinə görə, geniş yayılmış “gündə 10 min addım” qaydası o qədər də mütləq deyil. Müasir tədqiqatlar göstərir ki, daha vacib amillər hərəkətin intensivliyi və həftə ərzində ümumi aktivlik müddətidir.

    Bu barədə “Focus online” yazır.

    Nəşrin izahına görə, 10 min addım “qızıl standartı” 1964-cü ildə Yaponiyanın “Yamasa” şirkətinin reklam kampaniyasından qaynaqlanır. Həmin dövrdə “Manpo-kei” adlı ilk portativ pedometr təqdim olunmuşdu və bu ad “10 min addım sayğacı” kimi tərcümə edilirdi. Məqsəd bu rəqəmin sağlam həyat üçün kifayət olduğu təəssüratını yaratmaq idi.

    Tədqiqatçılar isə bildirirlər ki, 10 min rəqəmi əslində təsadüfi seçilib. 2025-ci ildə “The Lancet” jurnalında dərc olunan araşdırmaya görə, sağlamlıq üçün gündə artıq 7 min addım belə kifayət edə bilər.

    Alimlərin fikrincə, müntəzəm olaraq bu qədər addım atan insanlarda ölüm riski demək olar ki, iki dəfə azalır, ürək-damar xəstəlikləri riski 25 faiz, demensiya riski isə üçdə birindən çox aşağı düşür. Eyni zamanda, 2-ci tip diabet, depressiya və yıxılma halları da daha az müşahidə olunur.

    Digər bir araşdırma “British Journal of Sports Medicine” jurnalında göstərib ki, bəzən addım sayından daha vacib olan amil yerimə sürətidir. Alimlər hesab edirlər ki, dəqiqədə 100 addım tempi orta intensiv fiziki aktivlik sayılır və bu, ürək döyüntüsünü artıraraq fiziki formanı yaxşılaşdırır.

    ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamentinin tövsiyələrinə əsasən, böyüklər həftədə ən azı 150 dəqiqə orta intensivlikli aerob aktivlik etməlidirlər. Bu isə gündəlik gəzintilərdə tempin bir qədər artırılması deməkdir.

    Dəqiqədə 100 addım hədəfi asan yadda qalsa da, onu smart saat və ya fitnes qolbaqları ilə izləmək həmişə rahat olmur, çünki əksəriyyət cihazlar sürəti kilometr və ya mil/saatla göstərir. Buna görə mütəxəssislər məsləhət görürlər ki, insanlar öz hisslərinə əsaslansınlar: nəfəsi və nəbzi artıran, lakin davam etdirilə bilən tempdə yerimək kifayətdir.

    Əgər gəzinti uyğun deyilsə, 10 min addım başqa fəaliyyətlərlə də əvəz oluna bilər:

    30 dəqiqə qaçış: orta tempdə (təxminən 8 km/saat) 4 000–5 000 addıma bərabərdir
    1 saat yoqa: intensivlikdən asılı olaraq təxminən 2 000–3 000 addım
    //qaynar.az

  • Taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər müəyyənləşəcək

    Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair yeni tələblər müəyyənləşdiriləcək.

    Bununla bağlı Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

    Sənəddə qeyd olunur ki, müvafiq dəyişikliklərlə bağll təkliflər iki ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.

    “Avtomobil nəqliyyatı haqqında” Qanunun 15.5-ci maddəsinə əsasən, müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında, habelə qeyri-müntəzəm sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunur, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılır və ya o, ləğv edilir.

  • Martda 75 nəfər Avropadan Azərbaycana readmissiya edilib

    Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin mart ayı ərzində 75 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.

  • Emin qızının ad gününü bu mahnı və kliplə təbrik etdi – Video

    Xalq artisti Emin Ağalarov qızı Əminənin ad gününü fərqli şəkildə təbrik edib.

    Müğənni qızına həsr etdiyi “Əminə” mahnısını rəqəmsal platformalarda paylaşıb.

    Qeyd edək ki, mahnının bəstəkarı Maksim Fadeyevdir.

  • Dövlət agentliyinə yeni departament müdiri təyin edilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatı olub.

    Median.Az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

    Əmrə əsasən, Cəlil Əhmədov Agentliyin Daxili nəzarət və audit departamentinə müdir təyin olunub.

  • KİV: İran Hörmüz boğazından gündə 15 gəminin keçməsinə icazə verəcək

    İran Hörmüz boğazından gündə 15 gəminin keçməsinə icazə verəcək.

    Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb.

    Bildirilib ki, İran ABŞ ilə əldə etdiyi atəşkəs razılaşmasına əsasən, gündə 15 gəmidən çox olmayaraq Hörmüz boğazından keçməsinə icazə verəcək.

    İran və Oman arasında cəmi 34 kilometr (21 mil) enində olan boğaz, Körfəzdən Hind okeanına keçidi təmin edir və dünya neft tədarükünün təxminən beşdə birinin, eyni zamanda həyati əhəmiyyətli malların əsas marşrutudur.

    Fevralın sonunda münaqişənin başlamasından bəri İran tərəfindən əsasən bağlanıb və bu da qlobal neft qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.