Month: Aprel 2026

  • Hindistanda təyyarə yanacağı kəskin bahalaşdı

    Hindistanda təyyarə yanacağı kəskin – iki dəfədən çox bahalaşıb və 2022-ci ildən bu yana ilk dəfə olaraq min litr üçün 200 min rupi (təqribən 2 100 ABŞ dolları – red.) həddini geridə qoyub.

    Bu barədə TASS Hindistanın dövlət neft-qaz korporasiyalarının rəsmi internet resurslarına əsaslanaraq məlumat yayıb.

    Paralel olaraq, Çinin hava yolu şirkətləri ölkədaxili reyslərdə yanacaq üzrə əlavə ödənişləri çoxaltmağı nəzərdə tutur. “Xiamen Airlines” və “China United Airlines” kimi aşağı büdcəli aviaşirkətlər sözügedən rüsumları altı dəfə artırmağı planlaşdırırlar.

  • Sumqayıtda 46 yaşlı qadın bıçaqlandı: Qardaşı saxlanıldı

    Sumqayıt şəhərində 46 yaşlı qadın bıçaqlanıb.

    Oxu.az-ın məlumatına görə, hadisə şəhərin 1-ci mikrorayonu ərazisində baş verib.

    Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Səbirə İslamova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Araşdırmalarla müəyyən olunub ki, o, aralarında yaranmış mübahisə nəticəsində qardaşı, 1985-ci il təvəllüdlü Ramil Əmrahov tərəfindən bıçaqlanıb.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Əmrahov saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Gömrükçülər kələmin içindən 100 kiloqram narkotik tapdılar – VİDEO

    Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, “Astara” gömrük postunda kələm yükü daşıması görüntüsü yaradılan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindən kələm formasına salınaraq gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi təmiz çəkisi 43 kiloqram 565 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş və ümumi təmiz çəkisi 58 kiloqram 955 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş qətranı aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda ər və arvad faciəli şəkildə öldülər

    Bakıda ər və arvad dəm qazından boğulublar.

    Oxu.Az-ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində baş verib.

    1969-cu il təvəllüdlü Ayət Məmmədov və 1976-cı il təvəllüdlü həyat yoldaşı Ülviyyə Məmmədova Nərimanova Xətai rayonu, Araz Novruzov küçəsində yerləşən, kirayə yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüblər.

    Hazırda faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Azərbaycana səfərə gəlib

    Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökerquli Ataquliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Azərbaycan neftinin qiyməti 132 dolları ötdü – Dörd ilin REKORDU

    Dünya bazarında “Azeri Light” markalı neft bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 4.3 ABŞ dolları və ya 3.36% artaraq 132.35 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 128.05 ABŞ dolları olub.

    Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan nefti sonuncu dəfə 2022-ci ilin mart ayında 130 dollar həddini keçib.

  • Tanınmış sabiq hakim vəfat etdi

    Azərbaycanda tanınmış sabiq hakim vəfat edib.

    Uzun illər məhkəmə sistemində çalışmış Sərvət Qeybəli oğlu Hüseynov dünyasını dəyişib.

    Bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Sabiq hakimin ölüm səbəbi barədə məlumat verilməyib.

    Xatırladaq ki, Sərvət Hüseynov uzun illər məhkəmə sistemində çalışıb. O, 10 ildən artıq Bakı İnzibati Məhkəməsində, 15 ildən artıq Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyib.
    //oxu.az

  • Kubanıçbek Omuraliyev Azərbaycana səfərə gəlib

    Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

  • Rusiyanın “An-26” təyyarəsi qayaya çırpılıb: 29 nəfər həlak olub

    Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsi qayaya çırpılıb.

    Bu barədə TASS məlumat verib.

    Martın 31-də Moskva vaxtı ilə saat 18 (Bakı vaxtı ilə 19 – red.) radələrində Krım yarımadası üzərində planlı uçuş həyata keçirilərkən “An-26” təyyarəsi ilə əlaqə kəsilib. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, daha sonra axtarış-xilasetmə qrupu qəza yerini aşkar edib. Hadisə yerindən verilən məruzəyə əsasən, altı heyət üzvü və göyərtədə olan 23 sərnişin həlak olublar.

    Qeyd edilir ki, təyyarəyə hər hansı məhvedici təsir olmayıb. Qəzanın ilkin səbəbi texniki nasazlıqdır. Hadisə yerində Rusiya hərbi idarəsinin komissiyası fəaliyyət göstərir.

  • Teylor Svift musiqi albomuna görə məhkəməlik oldu

    Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.

    Median.Az “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, Las-Veqasdan olan sənətçi Maren Ueyd Svifti müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

    İddiaya görə, Teylor Sviftin 2025-ci ildə yayımlanan “The Life of a Showgirl” albomunun adı Maren Ueydin uzun illərdir istifadə etdiyi “Confessions of a Showgirl” layihəsinə həddindən artıq bənzəyir. Ueyd bildirib ki, o, bu adı 10 ildən artıqdır istifadə edir və hələ 2015-ci ildə onu rəsmi ticarət nişanı kimi qeydiyyatdan keçirib.

    Məhkəmə sənədlərində qeyd olunur ki, Sviftin komandası “Life of a Showgirl” adını ticarət nişanı kimi qeydiyyatdan keçirməyə cəhd göstərib. Lakin ABŞ Patent və Əmtəə Nişanları İdarəsi istehlakçılar arasında “qarışıqlıq riski” yarada biləcəyi səbəbindən bu müraciəti rədd edib.

    Buna baxmayaraq, albom həmin adla işıq üzü görüb. Hazırda Maren Ueyd Sviftdən külli miqdarda kompensasiya tələb edir və albom adının istifadəsinə qadağa qoyulmasını istəyir.