Month: Aprel 2026

  • Ardıcıl 3 gün ardıcıl yenə YAĞIŞ YAĞACAQ – Bu tarixdən…

    Bakı şəhərində qarşıdakı günlərdə hava şəraitinin dəyişəcəyi gözlənilir.

    Hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 4, 5 və 6 aprel tarixlərində yağış yağacağı ehtimal olunur.

    Hazırda yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat yoxdur. Bununla belə, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır.

  • Səsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: “Həkim nəzarətindəyəm”

    Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

    Populyar sənətçi bu barədə özünün şəxsi “Instagram” səhifəsi üzərindən pərəstişkarlarına müraciət ünvanlayıb.

    “Səsimdə yaranan problemlə əlaqədar yayılan xəbərlərdən təşvişə düşən sevənlərimə öncə diqqətlərinə görə minnətdarlığımı bildirir və onlardan narahat olmamalarını xahiş edirəm. Doğrudur, səsimlə əlaqədar bəzi çətinliklər meydana gəlib, ancaq hazırda həkimlərin tam nəzarəti altındayam.

    Çox əfsus ki, aprel ayının 4-nə Daşkənd şəhərində planlaşdırılan konsertimizin tarixini dəyişmək məcburiyyətində qaldıq. Digər işlərimizin vaxtlarında isə heç bir fərqlilik yoxdur. Çıxışlarımızın yüksək keyfiyyətdə keçməsi və dinləyicilərimizin yaxşı əhvali-ruhiyyədə olması bizim üçün çox önəmlidir.

    Elə buna görə də dəyişdirilmiş tarixdə baş tutacaq konsertimizə tam şəkildə hazır olmalıyıq. Təxirə salınan konsert aprelin 17-də keçiriləcək”, – deyə ifaçı bildirib.

  • Yağışın həcminə görə onun qarşısını almaq mümkün idi? – RƏSMİ CAVAB

    “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvvəlcədən intensiv yağıntılarla bağlı xəbərdarlıq edilsə də, mart ayının son günlərində müşahidə olunan güclü yağışlar gözləniləndən də artıq olub. Rəsmi məlumatlara görə, cəmi üç gün ərzində yağan yağıntının həcmi aylıq normanı təxminən 6 dəfə (146 mm) üstələyərək rekord səviyyəyə çatıb”.

    Bu sözləri İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Sukanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov bildirib.

    O əlavə edib ki, belə ekstremal hava şəraiti mövcud infrastrukturun imkanlarını ciddi şəkildə aşır:

    “Məsələn, kollektor və kanalizasiya xətlərinin daşıma gücü müəyyən həddə hesablanıb və normadan dəfələrlə çox yağan yağışı eyni anda ötürmək texniki baxımdan mümkün deyil. Bu səbəbdən, istifadə olunan texnika və cəlb edilən canlı qüvvədən asılı olmayaraq, belə hallarda su basmalarının qarşısını tam şəkildə almaq mümkün olmur.

    Bununla belə, aidiyyəti qurumlar tərəfindən qabaqlayıcı tədbirlər görülüb. Bütün texnika və əməkdaşlar gücləndirilmiş, 24 saatlıq iş rejiminə keçirilmiş, xətlərdə profilaktik təmizləmə və yuma işləri aparılaraq onların ötürücülük qabiliyyəti artırılmağa çalışılıb. Yağıntılar dayandıqdan qısa müddət sonra küçələrdə yığılan suyun çəkilməsi də bu tədbirlərin effektivliyini göstərir”.

    İdarənin rəis müavini həmçinin deyib ki, vətəndaşlara da əvvəlcədən xəbərdarlıq olunub:

    “Onlara tövsiyə edilib ki, xüsusilə çökək ərazilərdə yaşayanlar öz evlərini qorumaq üçün əlavə tədbirlər görsünlər, suyun qarşısını almaq üçün fərdi səviyyədə hazırlıq işləri həyata keçirsinlər.

    Ümumilikdə, baş verənlər onu göstərir ki, problem hazırlıqsızlıqdan deyil, yağıntının normadan dəfələrlə artıq olmasından qaynaqlanıb və bu kimi ekstremal halların təsirini minimuma endirmək üçün həm infrastrukturun, həm də fərdi hazırlığın daha da gücləndirilməsi vacibdir”.

  • Suqovuşanda mina partladı – Kənd sakini yaralandı

    Ağdərə rayonu ərazisində mina partlayışı hadisəsi baş verib.

    Hadisə rayonun Suqovuşan kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Məhərrəmov Mahir Abdulla oğlu qulançar yığan zaman piyada əleyhinə minaya düşüb.

    Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin yaydığı məlumata görə, 1982-ci il təvəllüdlü Ağdərə rayonunun Hacıqərvənd kənd sakini Məhərrəmov Mahir Abdulla oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

    Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

    Hər üç qurum bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

  • Küveyt hava limanı 7-ci dəfə hücuma məruz qaldı

    Küveyt hava limanı müharibə başlayandan bəri yeddinci dəfə zərbələrə məruz qalıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə, ötən həftə yanacaq çəni alovlanıb və mülki müdafiə qrupları onu söndürmək üçün 58 saat vaxt sərf ediblər.

    Məlumata görə, son iki həftə ərzində Küveytdə mülki infrastrukturun dağıdılması həyəcan verici səviyyədə olub.

    Son bir neçə gündə neft emalı zavodları, limanlar, hava limanı, duzsuzlaşdırma zavodu və elektrik stansiyaları zədələnib.

  • Azərbaycanda avtomobil icarəsi ilə bağlı yeni qaydalar hazırlanır

    Azərbaycanda avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və bu sahədə əməliyyatların rəqəmsallaşdırılması istiqamətində normativ hüquqi akt layihələri hazırlanır.

    Median.Az report-a istinadən xəbər verir ki, yeni yanaşma çərçivəsində avtomobil icarəsi xidmətlərinin daha şəffaf və effektiv təşkili, həmçinin bazarda vahid qaydaların tətbiqi nəzərdə tutulur.

    Layihələr üzrə sənədlərin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə cari ilin sonuna qədər razılaşdırılması prosesi davam etdirilir.

    Gözlənilir ki, qəbul ediləcək yeni tənzimləmələr avtomobil icarəsi bazarında xidmət keyfiyyətinin artırılmasına, əməliyyatların rəqəmsal mühitə inteqrasiyasına və istifadəçi məmnuniyyətinin yüksəldilməsinə töhfə verəcək.

  • Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb

    Bakıda 12000 manatlıq mobil telefon oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.

  • Bu məktəbdə tədris dayandırıldı

    Mehdiabad qəsəbə 3 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında aparılan texniki baxış zamanı divarlarda çatların yarandığı müəyyən edilib.

    Bununla bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

    Bildirilib ki, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması, məktəb binasının təhlükəsiz istismarının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi barədə göstəriş verilib.

    “Belə ki, aprelin 1-dən etibarən təhsil müəssisəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədilə şagirdlərin yaxınlıqda yerləşən digər ümumi təhsil müəssisələrinə yönləndirilməsi və dərs prosesinə cəlb olunması həyata keçirilir.

    Hazırda Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə yaranmış vəziyyətin səbəblərinin araşdırılması və zəruri təmir-bərpa işlərinin həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. Proses nəzarətdə saxlanılır. Görülən işlər barədə ictimaiyyətə əlavə məlumat ictimaiyyətə təqdim olunacaq”, – məlumatda vurğulanıb.

  • Masazırda çökən yolla bağlı RƏSMİ AÇIQLAMA

    Xırdalan–Masazır–Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən açıqlama verilib.

    Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

    Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

    Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

    Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.

    * * * * *

    Abşeron rayonu Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yeni çəkilən yol qısa müddət sonra çöküb.

    Bu barədə Baku TV məlumat yayıb.

    Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.

    Çökmənin aramsız yağan yağışlarla əlaqədar olduğu bildirilir. Həmçinin qeyd olunub ki, yol 2 ay əvvəl çəkilibmiş.

  • Bakıda 12 min manatlıq telefon oğurladı – Video

    Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.