Month: April 2026

  • Nəsimi rayonundakı mübahisəli tikinti ilə bağlı RƏSMİ AÇIQLAMA

    Nəsimi rayonu ərazisindəki Ənvər Qasımzadə küçəsi, 15 ünvanında icra edilən tikintinin fəaliyyətinə dair şikayətlərə aydınlıq gətirilib.

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 15 ünvanında aparılan tikinti işləri ilə bağlı daxil olan müraciətlərlə əlaqədar sözügedən ərazidə zirzəmisi olan birmərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə 13 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti dövlət qurumlarının rəyləri əsasında müvafiq icazə verilib və verilən tarixdən həmin icazədə heç bir dəyişikliklər edilməyib.

    “Daxil olmuş müraciətlər əsasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən əraziyə yerində baxış keçirilib. Aparılmış yoxlama zamanı təsdiq olunmuş layihədən hər hansı kənarlaşma, o cümlədən əlavə mərtəbənin inşası faktı öz təsdiqini tapmayıb”, – məlumatda bildirilib.

    Qeyd edilib ki, hazırda həmin ünvanda aparılan tikinti işləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarəti altındadır.

    “Bunlarla yanaşı qeyd edək ki, tikintiyə verilmiş icazə və layihə barədə ətraflı məlumatlar Tikintilərin Dövlət Reyestrində (e-tikinti.gov.az) hamı üçün açıq şəkildə mövcuddur”, – deyə vurğulanıb.

  • İnsanlar musiqini necə kəşf edib? – Alimlər açıqladı

    Kioto Universitetinin alimləri müəyyən ediblər ki, şimpanzelər predmetlərə vurma hərəkətlərini vokal səslərlə birləşdirərək ritmik musiqi yarada bilirlər. Bu tapıntı insanlarda musiqi qabiliyyətinin təkamülünü anlamaq üçün mühüm açar hesab olunur.

    Tədqiqatın nəticələri “Annals of the New York Academy of Sciences” (ANYAS) jurnalında dərc edilib.

    Araşdırmanın mərkəzində 26 yaşlı Ayumu adlı erkək şimpanze dayanıb. Alimlər müşahidə ediblər ki, o, əvvəl primatlarda müşahidə edildiyi kimi sadəcə çubuqlarla və ya digər əşyalarla səs çıxarmır, əksinə, vokal səslərlə müşayiət olunan real “musiqi kompozisiyaları” yaradır.

    2023-cü ilin fevralından 2025-ci ilin martına qədər Ayumu təxminən 90 belə spontan “çıxış” nümayiş etdirib. O, müntəzəm şəkildə yol örtüyünün taxta hissələrini sökərək onları müxtəlif səslər əldə etmək üçün istifadə edib.

    Tədqiqatçılar qeyd ediblər ki, Ayumunun zərbə ardıcıllığı və aralarındakı fasilələr təsadüfi olmayıb — ritm sabit qalıb və demək olar ki, metronomu xatırladıb. Bu isə göstərir ki, primatın vokal vasitəsilə ifadə etdiyi emosiyalar tədricən instrumental səslərə çevrilib.

    Alimlər Ayumunun davranışını zərbə, sürükləmə və predmetləri atma kimi kateqoriyalara bölərək ətraflı təhlil ediblər. Xüsusilə bu hərəkətlər arasındakı keçidlər araşdırılıb: hansının təsadüfi, hansının isə məqsədli olduğu müəyyənləşdirilib. Bundan əlavə, şimpanzenin “ifa” zamanı mimikasının müşahidəsi onun müsbət emosiyalar yaşadığını göstərib və bu çıxışların emosional xarakter daşıdığını təsdiqləyib.

    Daha əvvəl arxeoloqlar qədim insanların musiqi praktikasını bərpa etməkdə çətinlik çəkirdilər, çünki həmin dövrdə zərb alətləri ağac və heyvan dərisi kimi tez sıradan çıxan materiallardan hazırlanırdı. Şimpanzelərin davranışı isə musiqinin mümkün mənşəyinə işıq salır: musiqi vokal və alətlərin birləşməsi vasitəsilə emosiyaların ifadəsi kimi yaranmış ola bilər.

    Tədqiqatçıların fikrincə, bu kəşf primatların akustik davranışları ilə insanın musiqi yaratmaq qabiliyyəti arasında təkamül bağlılığını vurğulayır. Bu, musiqi təfəkkürü və emosional ifadəliliyin yalnız insana xas xüsusiyyət olmadığını, uzun təkamül prosesinin nəticəsi olduğunu təsdiqləyir.
    //qaynar.az

  • Paşinyan Putinə Rusiya vətəndaşı olan ermənilərin Baş nazir olmasının mümkünsüzlüyündən bəhs etdi

    ​​​​

    Rusiya Ermənistandakı bütün siyasi qüvvələrin seçkilərdə iştirak edə bilməsini istəyir.

    APA xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə bildirib.

    O qeyd edib ki, Rusiyada 2 milyondan çox erməni yaşayır: “Rusiya Federasiyasında çox sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var, amma biz bunun 2 milyondan çox olduğunu təxmin edirik. Əslində Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir”.

    Putin Ermənistan seçkilərinin nəticəsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin möhkəmləndirilməsinə sadiqliyin davam edəcəyinə ümid etdiyini vurğulayıb: “Ermənistandakı seçkilərin necə bitməsindən asılı olmayaraq, Rusiya-Ermənistan münasibətlərinin qurulması və möhkəmləndirilməsinə sadiqliyimiz davam edəcək”.

    Putin Ermənistanda ev dustaqlığında olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyanın adını çəkməsə də, onun parlament seçkilərində iştirakına şərait yaradılmasına işarə edib.

    Paşinyan isə cavabında Rusiya vətəndaşı olan ermənilərin Ermənistanda parlament seçkilərində iştirakının və ölkənin Baş naziri postunu tutmasının mümkün olmadığını diqqətə çatdırıb.

  • Tramp ABŞ prezidentləri arasında ilkə imza atdı

    ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin iclasına gedib.

    Median.Az bu barədə “The New York Times” nəşrinə istinadən xəbər verir.

    Bununla da o, ABŞ tarixində Ali Məhkəməyə şəxsən gələn ilk fəaliyyətdə olan prezident adını qazanıb.

    Tramp məhkəmənin “doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman”a baxışında iştirak edib. Bu fərman 2025-ci ilin yanvarında Tramp tərəfindən imzalanan ilk sənədlərdən biri idi. Fərman, xüsusilə, ölkədə qeyri-qanuni şəkildə və ya turist vizası ilə olan anaların övladlarını ABŞ vətəndaşlığı almaq hüququndan məhrum edirdi.

    Bundan sonra onlarla ştat fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişini pozduğunu hesab edərək iddia qaldırıb. Sözügedən düzəliş “ABŞ-də doğulan və ya naturallaşdırılan bütün şəxsləri” ABŞ vətəndaşı elan edir.

  • Siyəzəndə qadın dəm qazından boğuldu

    Siyəzəndə dəm qazından boğulma baş verib.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, Siyəzən şəhər sakini, 59 yaşlı Sevda Ziyad qızı Zeynalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evin hamam otağında aşkarlanıb. Onun dəm qazından öldüyü ehtimal edilir.

    Araşdırmalar rayon prokurorluğunda aparılır.

  • Bakıda 20 yaşlı gənc 12 minlik telefon oğurladı – Video

    Bakının Xətai rayonunda 12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb.

    Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb.

    Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

  • Hörmüz böhranının Azərbaycana təsirləri: “Bu maşınların qiyməti cüzi arta bilər”

    Hörmüz boğazı ətrafında baş verən hadisələr artıq qlobal sənayeyə ciddi təsir göstərməyə başlayıb. Müharibənin nəticələri yalnız enerji və logistika sahələri ilə məhdudlaşmır, eyni zamanda dünya üzrə istehsal və təchizat zəncirlərinə də birbaşa təsir edir.

    ABŞ-da fəaliyyət göstərən “Auto Care Association” bildirir ki, xüsusilə təkər, kabel sistemləri, plastik hissələr və yağlar kimi əsas komponentlərdə yaranan fasilələr istehsal xətlərinin dayanmasına qədər gətirib çıxara bilər.

    Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına və qiymətlərə necə təsir edə bilər?

    Qaynarinfo-ya mövzunu şərh edən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan avtomobil bazarına o qədər də mənfi təsir etmir:

    “Ümumiyyətlə, Azərbaycana avtomobillər müxtəlif ölkələrdən, müxtəlif marşurutlarla idxal olunur. Ona görə də biz bir marşrutdan asılı deyilik. Sadəcə həmin bölgədən gətirilən maşınların yol xərcləri bir qədər arta bilər, onların ehtiyat hissələrnin ölkəyə gətirilməsi üçün yubanmalar ola bilər. Amma alternativ marşrutlar mövcuddur”.

    “Hansı avtomobillərin qiymətinə təsir edə bilər” sualını cavablandıran ekspertin fikrincə, bəzi model avtomobillər, xüsusi ilə yolsuzluq avtomobillərinin (daha çox Dubaydan gətirilən ikinci əl avtomobillər) ölkədə qıtlığı yaransa, həmin maşınlar ölkəyə gec gəlsə, daşınma xərcləri artsa, bu qiymətlərə cüzi də olsa, təsir edəcək:

    “Bununla belə, Azərbaycan avtomobil bazarında tədarük fasiləsi yarana bilməz. Çünki ölkəmizin idxal marşruları artıq diferensiallaşdırılıb. Yəni, biz bir ölkədən, bir marşrutdan asılı deyilik”.

  • Bitcoin canlanır: Trampın açıqlaması qiymətləri artırdı

    ABŞ prezidenti Donald Trampın İranla müharibənin iki-üç həftə ərzində sona çatacağı ilə bağlı bəyanatı riskli aktivlərin, o cümlədən Bitcoinin qiymətində artıma səbəb olub.

    1 aprel çərşənbə günü Avropada səhər saatlarında keçirilən hərrac zamanı Bitcoin 1,5% qalxaraq təxminən 69 000 dollar səviyyəsinə çatıb. İkinci ən böyük kriptovalyuta Ether isə 2 100 dolların üzərində ticarət olunur. Mart ayında Bitcoin 2,2% artaraq sentyabrdan bəri ilk aylıq yüksəlişini göstərib.

    “Bitwise Asset Management”in tədqiqat rəhbəri Rayan Rasmussen bildirib ki, geopolitik və makroiqtisadi risklərin azalması, institusional qəbul və tənzimləyici aydınlıq Bitcoin-in yeni tarixi rekordlara yüksəlməsini təmin edə bilər.

    Mart ayında ABŞ ETF-lərinə Bitcoin üzrə 1,2 milyard dollar daxil olub ki, bu da dörd aylıq çıxışı dayandırıb. Fevralda isə Bitcoin 16 aylıq minimuma – 60 000 dollar səviyyəsinə düşmüşdü və ay ərzində 19%-dən çox itki yaşamışdı.

    “Tokenize Capital”ın tərəfdaşı Heyden Hyuz qeyd edir ki, aprel ayında bazarda volatillik geri dönəcək. O, ilin sonuna qədər tədarük zəncirlərindəki pozuntular, yüksək ev təsərrüfatı borcu və digər risklər səbəbindən qiymətlərin yenidən düşə biləcəyini əlavə edib.

    Bitcoin hələ də öz tarixi maksimumu olan 126 000 dollar səviyyəsindən təxminən 45% aşağıdır, lakin mart ayında müşahidə olunan artım “kriptoyaz”dan çıxış ümidlərini artırır.
    //qaynar.az

  • Bu qurum ləğv edilir

    “Azərbaycan alüminiumu” ASC ləğv ediləcək.

    Bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı Azərbaycanda dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında bildirilib.

    Bununla bağlı Maliyyə Nazirliyinə “Azərbaycan alüminiumu”nun qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılması üçün Azərbaycan dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edilməsi tapşırılıb.

    Azərbaycan İnvestisiya Holdinqinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməsi tapşırılıb.

    “Azərbaycan alüminiumu”nun aktivləri “Azəralüminium” MMC-nin balansına veriləcək.

  • Sabah hava necə olacaq?

    Bakıda və Abşeron yarımadasında aprelin 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

    Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.