Month: April 2026

  • Azərbaycanda plastik əməliyyatlar sığorta ilə olacaq

    Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək. Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta ilə həyata keçiriləcək.

    Trend xəbər verir ki, Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib.

    Baş həkim qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq”.

    D.Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.

    “Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.

    Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir”.

    O əlavə edib ki, klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.

  • Mərkəzi Banka yanlış hesabat təqdim edən “Fizza Pay” kimindir?

    “Fizza Pay” MMC-nin vəzifəli şəxsi inzibati qaydada cəzalandırılıb.

    Tiraj.az xəbər verir ki, şirkət tərəfindən Mərkəzi Banka prudensial hesabatların yanlış təqdim edilib. Bu baxımdan, MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü (Ödəniş təşkilatı, elektron pul təşkilatı və ödəniş sistemi operatoru, o cümlədən xarici ödəniş təşkilatı, xarici elektron pul təşkilatı və xarici ödəniş sistemi operatorunun yerli filialı tərəfindən Mərkəzi Banka qanunla müəyyən edilmiş hesabatların təqdim edilməməsi, yaxud düzgün təqdim edilməməsi) maddəsi ilə iş başlanıb və o, 1000 manat cərimələnib.

    “Fizza Pay” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 645 100 manatdır. Şirkətin qanuni təmsilçisi Dursunov Azad Nizami oğludur.
    Ondan əvvəl MMC-nin qanuni təmsilçisi Mirzəməmmədli Orxan Kamran oğlu olub. Azad Dursunov cari ilin aprelin 1-də onu əvəzləyib.
    “Fizza Pay” şirkəti ödəniş əməliyyatlarının ekvayrinqi, eləcə də ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri üzrə fəaliyyət göstərir.

  • Ölümümü gözləyirəm, vaxtım gəlib çatmır – Xalq artisti

    “Biz Rasim Balayevlə birgə çox işləmişik. Cəfər Cabbarlının “Aydın” tamaşasında o, Dövlət bəyi, mən isə Gültəkin rolunu oynayırdım. Bu, universitetin Cəfər Cabbarlının yubileyinə hazırlanan bir tamaşası idi. Tamaşamız böyük səs-küy yaratmışdı. Rasim Dövlət bəyi çox gözəl oynamışdı. Bizim nəsil aktyorlar gedir. Gözləyirəm, hələ gəlib mənim vaxtım çatmır. Rasim yaxşı insan idi. Elə istedadlar var ki, həyatda özünü çox pis insan kimi göstərir. Əlbəttə ki, onlar da öləndən sonra tərifləyəcəklər, bu məlumdur. Amma Rasim necə gözəl aktyor idisə, elə də insan idi. Onunla institutda da çalışmışam. Heyif ondan. Çox əziyyət çəkdi”.

    Median.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Elmira Şabanova deyib:

    “İstedadlı yaşlı insanlar həyatdan köçür. Gənc sənətkarlar yaşayıb yaratsınlar. Bizim bəxtimiz gətirib ki, istedadlı müəllimlərlə işləmişik. Adil İsgəndərov, Tofiq Kazımov, Mehdi Məmmədov…

    Mehdi Məmmədov Rasimgilin kursunun rəhbəri idi. Mən də yeni dərs deməyə gəlmişdim. Əliabbas Qədirov, Mikayıl Mirzə, Rasim Balayev kimi sənətkarlara dərs deyirdim. Mən Rasimdən təxminən 8 yaş böyüyəm. Biz yaxşı dövrdə yaşamışıq. Rasim Balayev “kinoittifaq”da çalışdığı dövrlərdə xarici ölkələrə gedirdik, səfərlərimiz çox olurdu. İndi “kinoittifaq” yoxdur ki…

    Rasim bu işə çox can yandırırdı. Mən də orada üzv idim. Söhbət 80-ci illərdən gedir. Bir müddət sonra məlum məsələlərə görə oradan çıxdım. Rasim yaradan aktyor idi”.

    Elmira Şabanova bildirib ki, hər sənətkarın öz yolu, izi var:

    “Bizim sənətdə hamı “yek”, ulduz olmaq istəyir. Ələlxüsus da aktrisalar. Azərbaycanda yalnız bunlar səs salmalı idilər. Qalan hər kəsə badalaq verirdilər. Yuxarılarda heç vaxt adamım olmayıb. Nə qazanmışamsa öz gücümə qazanmışam. Bu gün efirlərə çıxmıram. Sağ olsunlar, dəvət edirlər. Mən əgər “yox” dedimsə demək ki, vəssalam. Mənə elə gəlir ki, telekanallar məndən inciyiblər. Çünki nə filmlərimi, nə televiziya tamaşalarımı göstərirlər. Göstərin də, özümlə qəbirə aparmayacağam”.

  • Zaxarova Azərbaycana təşəkkür etdi

    Rusiya tərəfi İrana humanitar yardımın çatdırılmasına göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdardır.

    Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

    O xatırladıb ki, dərman vasitələrinin ikinci iri partiyasının təhvil verilməsi martın 27-də İran–Azərbaycan sərhədində yerləşən Astarada baş tutub.

    “Astaraya dəmir yolu ilə 300 tondan çox dərman preparatı çatdırılıb. Elə həmin gün həmçinin Dağıstan Respublikasının topladığı təxminən 150 tona yaxın humanitar yardım yük maşınları karvanı ilə Astaraya gətirilib.

    Göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə minnətdarıq”, – deyə Zaxarova qeyd edib.

  • Amnistiya aktı indiyədək neçə nəfərə şamil edilib?

    Amnistiya aktı ədliyyə orqanları üzrə 18 mindən çox şəxsə şamil edilib.

    Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18 203 şəxs barəsində tətbiq olunub.

    Amnistiya tətbiq olunan şəxslərin 5 310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10 226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2 648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).

    Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.

    Amnistiya tətbiq olunmuş şəxslərdən 1 309-u böyük ictimai təhlükə törətməyən, 15 996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

    Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17 292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).

    Amnistiya aktının icrası davam etdirilir.

  • AFFA 3 klubu yarışlardan kənarlaşdırıb

    AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

    Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

    AFFA U-12 Liqasında “Pambıqçı”, AFFA U-11 Liqasında isə “Məhsul”la “Zəfər” klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal 3-cü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

    Bundan əlavə U-14 Liqasında keçirilməli olan “İnter” – “Qaradağ Lökbatan” oyunu “İnter” tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

    AFFA Region Liqasında isə “Beyləqan” komandası “Şəfəq”lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

  • Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib

    Azad olunan ərazilərdə mart ayı ərzində 267 tank əleyhinə mina, 236 piyada əleyhinə mina, 4922 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

    Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında qeyd edilib.

    Bildirilir ki, ötən ay həmçinin 5336.5 hektar ərazi minalardan təmizlənib.

    Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

  • Yağışa görə dəyən ziyanın 10 milyona çatacağı gözlənilir

    20-30 mart tarixlərdə ölkə ərazisində Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günləri zamanı 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb.

    Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyası məlumat yayıb.

    Bildirilib ki, 11 gündə 8 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko” (“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u “Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.

    Qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmində müəyyənləşdirilib.

    Məlumata görə, qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir. Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyata keçirilməsi nəzərdə tutulur.

    Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimal edilir.

    Qeyd edilib ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-i isə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində) qeydə alınıb”.

  • “WhatsApp”da rəngli profillərin mənaları nələrdir?

    “WhatsApp”da söhbətlərdə görünən profil rənglərinin fərqli mənalar daşıdığı iddia edilib. Sosial mediada paylaşılan məlumatlara görə, hər rəng ayrı bir məna ifadə edir.

    Xüsusilə “profil rənglərinin insanlarla olan münasibətə görə dəyişdiyi” barədə paylaşımlar bir çoxları üçün maraq mövzusuna çevrilib.

    İddiaya görə, fərqli rənglər bir şəxsin sizi kontaktlarına qeyd edib-etmədiyini və ya sizinlə nə qədər tez-tez əlaqə saxladığını göstərir.

    Profil rənglərinin iddia edilən mənaları belədir:

    Yaşıl: şəxs sizi kontaktlarına əlavə etməyib
    Mavi: şəxs sizi daha əvvəl bloklayıb
    Qırmızı: çox sıx ünsiyyətdə olmadığınız şəxslərdə görünür
    Açıq yaşıl: əvvəl çox danışıb sonradan əlaqəni azaltdığınız şəxslər

    Qeyd edək ki, “WhatsApp”da profil rənglərinin bu cür xüsusi mənalar daşıdığına dair heç bir rəsmi funksiya mövcud deyil.

    Tətbiqdə görünən rənglər adətən profil şəkli olmayan istifadəçilər üçün avtomatik təyin olunur və tamamilə təsadüfi şəkildə seçilir.
    //unikal.az

  • Dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb

    Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin mart ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.

    Onların 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i Qazaxıstan vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

    Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülmüşdür;
    cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 322 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilmiş, ölkədən çıxışı qadağan edilmiş 582 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınmışdır;

    narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 541 kiloqram 132 qram narkоtik vasitə və 17 ədəd narkotik tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılmışdır;

    qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 573 min 290 manat оlan qaçaqmal, о cümlədən RF valyutası, odlu silaha məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülmüşdür.

    Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.