Month: April 2026

  • Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?

    Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevin oğlu ölkəni tərk edib.

    Qaynarinfo-ya daxil olan məlumata görə, Elgün Şıxəliyev Türkiyəyə gedib. O, artıq bir neçə aydır ki, adıçəkilən ölkədədir.

    Elgün Şıxəliyevin Azərbaycanı bitdəfəlik tərk etdiyi, yoxsa müvəqqəti olaraq Türkiyədə məskunlaşdığı məlum deyil.

    Bəzi iddialara görə, Mövlam Şıxəliyevin oğlu ölkədən birdəfəlik gedib.

    Mövlam Şıxəliyev “MTN işi” çərçivəsində cinayət məsuliyyətinə cəlb edilərək 12 il müddətinə azadlıqdan məhrum olunub.

  • Qəhvənin bilinməyən faydası aşkarlandı

    Qəhvənin bilinməyən faydası aşkarlandı

    Yeni bir araşdırmaya görə, qəhvə yalnız səhərlər oyanmağı asanlaşdırmır. Onun müntəzəm istehlakı bağırsaq mikrobiotasına müsbət təsir göstərə, stress səviyyələrini azalda və zehni performansa töhfə verə bilər.

    Qəhvə illərdir enerji verən içki kimi tanınır. Lakin son elmi tədqiqatlar onun bağırsaq və beyin sağlamlığına da müsbət təsirlər göstərə biləcəyini ortaya qoyur. İrlandiyada yerləşən University College Cork nəzdində çalışan tədqiqatçılar tərəfindən aparılan araşdırmada həm kafeinli, həm də kafeinsiz qəhvənin bağırsaq bakteriyalarına müsbət təsir etdiyi müəyyən edilib.

    Qaynarinfo xəbər verir ki, “Nature Communications” jurnalında dərc olunan tədqiqatda 62 iştirakçı izlənilib. Onların yarısı müntəzəm qəhvə içənlər, digər yarısı isə qəhvə içməyənlər olub. Müntəzəm qəhvə içən qrupdan iki həftə ərzində qəhvədən imtina etmələri istənilib. Bu müddətdə bağırsaq mikrobiotasında nəzərəçarpacaq dəyişikliklər müşahidə olunub. Qəhvə yenidən qəbul edildikdən sonra isə iştirakçılar stress, depressiya və impulsivlik səviyyələrində azalma hiss etdiklərini bildiriblər.

    Araşdırmada qeyd olunub ki, kafeinsiz qəhvə öyrənmə və yaddaşa töhfə verə bilər, kafeinli qəhvə isə diqqət, oyaqlıq və narahatlıq səviyyələrinə müsbət təsir göstərə bilər. Mütəxəssislərə görə, qəhvənin təsiri yalnız kafeindən qaynaqlanmır. Onun tərkibindəki polifenollar kimi birləşmələr iltihabı azalda, hüceyrə zədələnməsini məhdudlaşdıra və beyin sağlamlığını dəstəkləyə bilər.

    Tədqiqatın baş müəllifi professor Con Kryan bildirib ki, qəhvə sağlam və balanslı qidalanma planının bir hissəsi kimi qiymətləndirilə bilər. Mütəxəssislər isə qeyd edirlər ki, ölçülü şəkildə qəbul edilən qəhvə həzm sistemi və əhval-ruhiyyə üçün faydalı ola bilər, lakin istehlak miqdarı şəxsin sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər.

  • Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR

    Gələn il xarici dil imtahanı necə olacaq? – DETALLAR

    2027-ci ildən etibarən tam orta təhsil səviyyəsində (11 illik) xarici dillər üzrə imtahan modelində hansı dəyişikliklərin ediləcəyinin detalları açıqlanıb.

    “Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” adlı tədbirdə məlumat verib.

    O bildirib ki, yeniliyə əsasən, imtahan 26 tapşırıqdan ibarət olacaq. Bu tapşırıqlardan 25-i qapalı tipli, 1-i isə yazı işidir. Dinləyib-anlama bölməsi üzrə 4 qapalı tipli test tapşırığı təqdim ediləcək. Oxu bacarığı 2 hissədən ibarət olmaqla ümumilikdə 8 test tapşırığı ilə yoxlanılacaq. Qrammatika üzrə isə abituriyentlərə 13 test tapşırığı veriləcək. Yazı bacarığı ayrıca 1 tapşırıq vasitəsilə qiymətləndiriləcək.

    Bildirilib ki, yazı bacarığının yoxlanılması zamanı şagirdlərdən verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz fikirlərini yazılı şəkildə ifadə etmələri tələb olunacaq.

    Qeyd edək ki, əvvəlki – 2019–2026-cı illəri əhatə edən modeldə imtahan 30 tapşırıqdan ibarət idi. Həmin modeldə 23 qapalı, 7 açıq tipli sual yer alırdı. Dinləyib-anlama bölməsi 6, oxuyub-anlama 8, qrammatika isə 16 tapşırıqdan ibarət olurdu. Yazı bacarığı isə açıq suallar əsasında qiymətləndirilirdi.

  • Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir

    Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir

    Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli, yəni ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov yolu keçərkən piyadanı öldürən sürücünün ağladığını əks etdirən görüntünün məhkəmədə nəzərə alınması hallarından danışarkən deyib.

    Vəkil bildirib ki, burada təqsirkar şəxsin cinayəti ehtiyatsızlıqdan törətməsi və səmimi peşmançılıq çəkməsi, hadisə yerindən qaçmaması yüngülləşdirici hal kimi nəzərə alınmaqla cəza tətbiq edərkən məhkəmə tərəfindən diqqətə alınmalı nüanslardır.

    Qeyd edək ki, Bakıda ağır yol qəzası baş verib. Murad Abaszadə idarə etdiyi avtomobillə Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyadanı vurub və nəticədə 2010-cu il təvəllüdlü Emil Kamil oğlu Əliyev hadisə yerində ölüb.

  • Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

    Şamaxıda yol qəzası olub, xəsarət alanlar var

    Şamaxıda avtomobil qəzası baş verib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq arakəsməyə çırpılıb. Hadisə nəticəsində 1972-ci Süleyman Bayramov, 1961-ci il təvəllüdlü İmran Ələkbərov, 1980-ci il təvəllüdlü İsmayıl Bayramov və 1984-cü il təvəllüdlü Əffət Camalova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

  • Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR

    Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR

    Baş nazir Əli Əsədov daxili yanacaq bazarında sabitliyin təmin edilməsi və fasiləsiz təchizatın qorunması məqsədilə qərar qəbul imzalayıb.

    Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

    Qərara əsasən, 01 may 2026-cı il – 31 mart 2027-ci il tarixlərində idxal olunan Aİ-92 markalı benzin və dizel yanacağı üzrə aksiz vergisi müvəqqəti olaraq hər ton üçün 1 manat səviyyəsində müəyyən edilib.

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 2026-cı il 1 may – 2027-ci il 31 mart tarixlərində idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün müvafiq olaraq 205 min ton və 201 min ton yuxarı hədd müəyyən edilib.

  • “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

    “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarıldı

    Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” matçının biletləri satışa çıxarılıb.

    Qiyməti 2 (“Şərq 1”, “Şərq 2”, “Forza”, “Qərb 1”, “Qərb 2” sektorları), 3 (“Anatoli Banişevski üst”, “Şimal 1”, “Şimal 2” sektorları), 5 (“Anatoli Banişevski alt” sektoru), 15 (“VIP Silver 1”, “VIP Silver 2”, “VIP Family” sektorları) və 20 (“VIP Gold” sektoru) AZN təşkil edən biletləri “Neftçi”nin mobil tətbiqindən və https://bilet.neftchi.az saytından onlayn şəkildə əldə etmək olar.

    “Palms Sports Arena”nın kassasında isə biletlər oyun günü saat 12:00-dan etibarən satışda olacaq.

    Qeyd edək ki, bundan əvvəl “Qarabağ”la hər iki oyuna (26 və 30 aprel) bilet əldə etmiş azarkeşlərin bu matça girişi sərbəst olacaq.

    Xatırladaq ki, matç aprelin 30-u, saat 20:00-da “Palms Sports Arena”da keçiriləcək.

  • Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilənlərə ağır cəza istənildi

    Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilənlərə ağır cəza istənildi

    Bakıda iki dostu – Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirilməkdə təqsirləndirilən Yunis Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovla bağlı cinayət işi üzrə məhkəmə istintaqi tamamlanıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə prokuror dövlət ittihamının müdafiəsi zamanı təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini məhkəməyə teklif edib.

    Cıxışlar üçün söz müdafiə tərəfinə verilsə də vaxt məhdudiyyətindən vəkillər buna vaxt istəyib.

    Növbəti proses mayın 18-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nərimanov rayonu ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki,paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetirib.
    Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimov məsuliyyətə şübhəli şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunublar.

    Onlara qarşı Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə və silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə maddələri ilə cinayət işi başlanılaraq ittiham irəli sürulüb.
    Onuda qeyd edək ki,cinayət işinin məhkəmə istintaqı daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin icraatinda araşdırılırdı.Hakim 2025-ci ilin mayinda dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygun Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib.
    //unikal.az

  • Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək

    Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək

    Gələn il buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək.

    Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar şagirdlərə 15 dəqiqə əlavə vaxt verilməsi nəzərdə tutulur.

    Həmçinin tapşırıq sayının azaldılması və yazı bacarığının ayrıca qiymətləndirilməsi həyata keçiriləcək.

  • Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

    Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək

    Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

    Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Belə ki, minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqını dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

    Bu Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu Qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da (ən çoxu 23 yaşına çatanadək) şamil olunur.

    Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
    //unikal.az