Month: April 2026

  • Bakıda avtobuslar bu yolu keçə bilmirlər – Video

    Bakıda avtobuslar bu yolu keçə bilmirlər – Video

    Bakının Binəqədi rayonu, 9-cu mikrorayon, Adil Məmmədov küçəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaşanır. Yolun hər iki tərəfində sistemsiz parklanma ictimai nəqliyyatın hərəkətini iflic edib.

    Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, 85 nömrəli marşrut xətti üzrə hərəkət edən sürücülərin sözlərinə görə, yolun sol tərəfində qanuni parklanma yeri olmasına baxmayaraq, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlayırlar. Bu isə yolun daralmasına və günün istənilən saatında süni sıxlığın yaranmasına səbəb olur.

    Müşahidələr göstərir ki, yolun sağ tərəfində dayanma və durmanı qadağan edən nişanın olmaması sürücülərin bu ərazini “parklanma yeri” kimi istifadə etməsinə şərait yaradır. İctimai nəqliyyat vasitələri isə daralmış yolda hərəkət etməkdə çətinlik çəkir, nəticədə sərnişinlər vaxt itkisi ilə üzləşirlər.

    Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib. Qurumdan verilən məlumata görə, yolun sağ tərəfində aidiyyəti qurumlarla razılaşdırılmaqla, dayanma və durmanı qadağan edən nişanların quraşdırılması məsələsinə baxılır.

  • Ağcabədidə ağır qəza – 1 ölü, 4 yaralı

    Ağcabədidə ağır qəza – 1 ölü, 4 yaralı

    Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. Qəza zamanı bir nəfər həyatını itirib, dörd nəfər isə xəsarət alıb.

    Hadisə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı Qayğı qəsəbəsində qeydə alınıb.

    Belə ki, Laçın sakini Quliyev Bakir Möhbalı oğlunun idarə etdiyi 41-BE-893 dövlət nömrə nişanlı minik avtomobili Yevlax rayon sakini Bədəlov Azər Bənah oğluna məxsus “KamAz” markalı yük maşını ilə toqquşub.

    Toqquşma nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü B.Quliyev hadisə yerində ölüb. Nəqliyyat vasitəsində olan sərnişinlər – 1980-ci il təvəllüdlü Həsənov Habil Əli oğlu, 2008-ci il təvəllüdlü Həsənov Polad Habil oğlu, 2013-cü il təvəllüdlü Həsənov Murad Habil oğlu və 2014-cü il təvəllüdlü Həsənov Razi Surxay oğlu müxtəlif dərəcəli xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azər Əkbərli vəfat etdi

    Azər Əkbərli vəfat etdi

    Şirvanda tanınmış həkim vəfat edib.

    Azər Əkbərli bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının peşəkar həkimlərindən biri olub. Azər Əkbərli 2000-2007-ci illərdə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində sahə həkimi-terapevt kimi fəaliyyət göstərib. 2008-ci ildən etibarən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsində həkim-anestezioloq-reanimatoloq işləyib. 2010-cu ildən isə həmin xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində çalışmağa davam edib.

    O, 2021-ci ildən etibarən Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində fəaliyyət göstərirdi.

    2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

  • Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar

    Sibiqa: Azərbaycan və Ukrayna hüquqi yardım haqqında saziş imzalayıblar

    Azərbaycan və Ukrayna mülki və kommersiya işləri üzrə hüquqi yardım haqqında saziş imzalayıblar.

    Median.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünun yekununa əsasən bildirib.

    Görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində baş tutub. “Azərbaycanlı həmkarımla əhəmiyyətli ikitərəfli görüş keçirdim.

    Liderlərimiz arasında bugünkü səmərəli danışıqların vacibliyini qeyd etdik və onların razılaşmalarının nəticələrini həyata keçirmək üçün növbətia ddımları razılaşdırdıq”, – Sibiqa sosial şəbəkə hesabında yazıb.

    O, həmçinin bildirib ki, Ceyhun Bayramovla danışıqlar zamanı energetika, humanitar yardım, iqtisadiyyat, siyasi dialoq və Ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla əməkdaşlığın prioritet sahələrini müzakirə edib.

    “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə, humanitar yardıma və əlaqələrimizi möhkəmləndirməyə hazır olduğuna görə Azərbaycana minnətdaram”, – Ukrayna XİN başçısı vurğulayıb.

  • İsrail ordusu Qəzzada silahlı qruplaşmanı məhv etdi

    İsrail ordusu Qəzzada silahlı qruplaşmanı məhv etdi

    İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsində silahlı dəstəni məhv ediblər.

    Bu barədə rəsmi açıqlamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti yayıb.

    Bildirilib ki, terrorçu qruplaşmanın irəliləməsinə şərait yaradan silahlılar zərərsizləşdirib.

  • Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır

    Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır

    İranda müharibənin başlaması fonunda aviasiya yanacağının kəskin bahalaşması ABŞ-ın iri aviaşirkətlərinə artıq yüz milyonlarla dollar zərər vurub. Nəticədə daşıyıcılar biletlərin qiymətini artırmağa və uçuş sayını azaltmağa hazırlaşırlar.

    Bu barədə “Business Insider” yazır.

    İran müharibəsi başladıqdan sonra Brent markalı neftin qiyməti 41% artaraq təxminən 107 dollar/barel səviyyəsinə yüksəlib. Reaktiv yanacaq isə daha sürətlə bahalaşır və aviaşirkətlər üçün əməkhaqqından sonra ikinci ən böyük xərc maddəsi olaraq qalır.

    “Delta Air Lines” – Bu şirkətin yanacaq xərcləri ötən illə müqayisədə 332 milyon dollar artıb. Bununla belə, “Delta” Pensilvaniyada öz neft emalı zavoduna sahib olduğu üçün müəyyən üstünlüyə malikdir və növbəti rübdə təxminən 300 milyon dollar qənaət edə bilər.

    Şirkətin baş icraçı direktoru Ed Bastian bildirib ki, “Delta” uçuş həcmini “əhəmiyyətli dərəcədə” azaldır və yanacaq qiymətlərinin artımını kompensasiya etməyə çalışır.

    “United Airlines” – Şirkət yanacaq xərclərinin 340 milyon dollar artdığını, bunun ötən illə müqayisədə 12,6% çox olduğunu açıqlayıb. “United” artıq reysləri azaldır və xərcləri tam kompensasiya etməyi planlaşdırır, lakin bunun üçün hər sərnişindən əldə edilən gəlirin 15–20% artırılması tələb olunur.

    Baş direktor Skott Kirbi bildirib ki, 2026-cı ildə tam kompensasiya ehtimalı zəifdir, lakin 2027-ci ildə buna nail oluna bilər. Maliyyə direktoru Mayk Leskinen isə qeyd edib ki, şirkət artan xərcləri sərnişinlərə ötürmək imkanına malikdir.

    “American Airlines” – Şirkət yanacaq və əlaqəli vergilər üzrə xərclərin 13,2% artdığını, bu artımın 341 milyon dollar təşkil etdiyini bildirib. Baş direktor Robert Aysomun sözlərinə görə, şirkət yanvar ayından bəri əlavə 400 milyon dollar xərcləyib. Kommersiya direktoru Nat Pipper isə 2026-cı ildə xərclərin 4 milyard dollara qədər arta biləcəyini qeyd edib.

    “Southwest Airlines” – Şirkət yanacaq xərclərinin birinci rübdə 164 milyon dollar artdığını açıqlayıb. Baş direktor Bob Cordan bildirib ki, yanacaq qiymətləri yüksək qalarsa, bu artım bilet qiymətlərinə ötürüləcək. Şirkət artıq əlavə rüsumları da artırır: baqaj haqqı 10 dollar yüksəldilib. Oxşar addımlar American, Delta və United tərəfindən də atılıb.
    //qaynar.az

  • “Sumqayıt” “İmişli”yə qalib gəldi

    “Sumqayıt” “İmişli”yə qalib gəldi

    Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.

    “İmişli” “Sumqayıt”ı qəbul edib. Quba Olimpiya İdman Kompleksində təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Qonaqlar 38 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.

  • “WhatsApp” və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu (FOTO)

    “WhatsApp” və ChatGPT-ni geridə qoydu: Maskın messenceri birinci oldu (FOTO)

    İlon Maskın X sosial şəbəkəsi mesajlaşma üçün ayrıca tətbiq – “XChat”ı ictimai istifadəyə açıb. Yeni messencer artıq “iPhone” istifadəçiləri üçün əlçatandır və “WhatsApp”, “Telegram” və digər platformalara birbaşa rəqib kimi təqdim olunur.

    Valyuta.az xəbər verir ki, tətbiqin təsvirinə görə, burada bitkoin protokoluna bənzər E2E şifrələmə, hər iki tərəf üçün yazışmaların silinməsi və ekran görüntüsü və ekran yazısının qadağan edilməsi kimi funksiyalar var. Həmçinin reklamların olmadığı vurğulanır.

    “XChat”a giriş yalnız X hesabı vasitəsilə mümkündür. Yəni tətbiqdən istifadə etmək üçün təkcə messenceri yükləmək kifayət etmir, həm də Maskın sosial şəbəkəsində qeydiyyat tələb olunur.

    Xatırladaq ki, messencerin təqdimatı barədə ilk məlumat 2025-ci ilin iyununda yayılmışdı. O vaxtdan bəri xidmət test rejimində bəzi istifadəçilər üçün açıq idi. Hazırda “XChat” yalnız “iPhone” üçün mövcuddur, Android versiyasının isə daha sonra çıxacağı gözlənilir.

    Media yazır ki, “XChat” sürətlə populyarlıq qazanır: tətbiq “App Store”da iki kateqoriyada – pulsuz tətbiqlər və sosial şəbəkələr bölməsində – birinci yerə yüksəlib.

  • Süni intellekt və rəqəmsallaşma işə qəbul prosesini necə dəyişdirəcək?

    Süni intellekt və rəqəmsallaşma işə qəbul prosesini necə dəyişdirəcək?

    Son illərdə süni intellekt texnologiyalarının işə qəbul və kadrların qiymətləndirilməsi prosesinə daxil olması geniş müzakirə olunur. Süni intellekt və rəqəmsallaşma HR sahəsində işə qəbul prosesini necə dəyişdirəcək?

    Median.Az-ın verdiyi xəbərə görə, insan resursları üzrə ekspert Sevda Quliyeva AZƏRTAC-a açıqlamasında bildirib ki, son illərdə bu texnologiyalar HR sahəsində çox sürətlə yayılmağa başlayıb.

    Onun sözlərinə görə, süni intellekt işə qəbul prosesində müəyyən mərhələləri asanlaşdıra bilər. Məsələn, CV-lərin təhlili, namizədlərin uyğunluq səviyyəsinə görə sıralanması və ilkin mərhələdə cavablandırma kimi proseslərdə süni intellekt mühüm dəstək rolunu oynaya bilər.

    “Süni intellekt hər zaman bütün məqamları tam şəkildə dərk edə bilmir. Xüsusilə namizədin şirkətin dəyərlərinə uyğunluğu, onun potensialı və insan faktoruna bağlı digər nüanslar bəzən texnologiya tərəfindən düzgün qiymətləndirilməyə bilər. Bu isə nəticə etibarilə bəzi potensial namizədlərin nəzərdən qaçırılmasına səbəb ola bilər. Məhz buna görə də seçim mərhələsində HR mütəxəssislərinin rolu əvəzolunmaz olaraq qalır. HR mütəxəssisləri süni intellekti tam əvəzləyici vasitə kimi deyil, dəstək mexanizmi kimi istifadə etməli və namizədləri daha yaxından tanımağa çalışmalıdırlar. Çünki şirkətlər üçün ən vacib məqam təşkilata dəyər qatacaq düzgün insan kapitalının seçilməsidir. Müasir HR yanaşmaları yalnız texnologiyadan istifadə ilə məhdudlaşmır. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi, tövsiyə mexanizmləri və peşəkar şəbəkələr vasitəsilə potensial namizədlərin müəyyən edilməsi də mühüm rol oynayır. Bu yanaşma sayəsində hazırda müxtəlif qurumlarda çalışan peşəkar mütəxəssislər konfidensial şəkildə alternativ vakansiyalar haqqında məlumat əldə edə bilirlər”, – deyə Sevda Quliyeva vurğulayıb.

    Onun sözlərinə görə, bəzən dövlət və özəl qurumlar müəyyən strateji vakansiyalar üzrə müraciət edirlər və bu zaman uyğun namizədlərin axtarışı aparılır: “Bu proses tam konfidensial şəkildə həyata keçirilir və peşəkar, ədalətli, beynəlxalq HR prinsiplərinə əsaslanır. Bu yanaşma həm şirkətlər üçün daha uyğun namizədlərin tapılmasına kömək edir, həm də əmək bazarında yeni imkanların yaranmasına şərait yaradır. Mövcud iş yerlərində çalışan mütəxəssislər prosesin məxfiliyinə əmin olduqları üçün belə imkanlardan rahat şəkildə yararlana bilirlər”.

  • Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub

    Göygöldə 62 yaşlı qadın dəm qazından boğulub

    Göygöl rayonunda qadın dəm qazından boğulub.

    Hadisə aprelin 25-i saat 11 radələrində saatlarında rayonun Bəhrambağı qəsəbəsində baş verib.

    Qəsəbə sakini, 1964-cü il təvəllüdlü İradə Allahverdiyeva evində dəm qazından boğularaq ölüb.

    Məlumata görə, qadın evində tək yaşayırmış. Onun meyiti qonşular tərəfindən aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az