Month: April 2026

  • Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

    Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

    İnək südü zülal, həmçinin kalsium, maqnezium və kalium kimi mineralların mənbəyidir. 

    “Realsimple” nəşrinin yazdığına görə, ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına əsasən, 1 stəkan (249 qram) tam südün qida dəyəri belədir:

    * kalori: 152;
    * zülal: 8,14 qram;
    * karbohidrat: 11,5 qram;
    * yağ: 6,9 qram;
    * kalsium: 306 milliqram;
    * maqnezium: 29,6 milliqram;
    * fosfor: 251 milliqram;
    * kalium: 374 milliqram;
    * natrium: 94,6 milliqram;
    * az miqdarda sink, selen və yod.

    Gündəlik süd içməyin təsiri

    Sümükləri möhkəmləndirir

    “Gündəlik süd qəbulu tərkibindəki kalsium, D vitamini və fosfor sayəsində sümüklərin sağlamlığını dəstəkləyir və onları möhkəmləndirir”, deyə diyetoloq Loren Manaker bildirib.

    “Kalsium sümük toxumasını qoruyan əsas mineraldır, D vitamini isə kalsiumun mənimsənilməsini yaxşılaşdırır və köhnə sümük toxumasının yenisi ilə əvəz olunması prosesini dəstəkləyir. Fosfor isə kalsiumla birlikdə sümüklərin strukturunu gücləndirərək onların sıxlığını və möhkəmliyini artırır”, deyə o əlavə edib.

    Əzələ inkişafına kömək edir

    “Süd əlçatan və iqtisadi zülal mənbəyidir”, deyə Kornell Universitetinin qidalanma üzrə tədqiqatlar kafedrasının müəllimi Edrienn Bitar bildirib.

    “Südün tərkibində orqanizm üçün vacib amin turşuları olan zərdab və kazein zülalları var ki, onlar əzələlərin bərpası və inkişafı üçün vacibdir”, deyə Manaker izah edib.

    Onun sözlərinə görə, zərdab zülalı tez həzm olunur və məşqdən sonra bərpa üçün idealdır, kazein isə daha yavaş mənimsənilir və uzun müddət ərzində əzələləri qidalandırır: “Bu iki zülal birlikdə müntəzəm məşq zamanı əzələ artımına, gücə və bərpaya kömək edir”.

    Toxluq hissi yaradır

    Gündəlik rasionda süd toxluq hissini artırır. Bu, əsasən zülalın yüksək olması ilə bağlıdır. “Süd yüksək keyfiyyətli zülal ehtiva edir, bu da həzmi ləngidir və aclıq hormonlarını tənzimləyərək uzun müddət toxluq hissi yaradır”, deyə Manaker qeyd edib.

    Bundan əlavə, 2 faizli və ya tam südün tərkibində olan yağ bu təsiri daha da gücləndirərək davamlı enerji mənbəyi yaradır.

    Ürək sağlamlığını dəstəkləyir

    “Gündəlik süd qəbulu kalsium, kalium və maqnezium sayəsində ürək sağlamlığını dəstəkləyir”, deyə Manaker bildirib.

    Bu minerallar yüksək qan təzyiqinin azalmasına kömək edir ki, bu da ürək-damar xəstəlikləri üçün əsas risk faktorudur. Kalsium damarların düzgün yığılmasını və boşalmasını təmin edir, kalium natriumun təsirini azaldır, maqnezium isə damarları genişləndirərək təzyiqi tənzimləyir.

    Gündəlik süd içməyin mənfi tərəfləri

    “Əksər insanlar üçün gündəlik süd qəbulu təhlükəsiz və faydalıdır, əgər süd allergiyası yoxdursa”, deyə Manaker bildirib.

    Lakin laktoza dözümsüzlüyü olan şəxslərə süd içmək tövsiyə olunmur.

    Nə qədər süd içmək lazımdır?

    Böyüklər üçün tövsiyə olunan gündəlik norma üç porsiya süd və ya süd məhsuludur. Bitar qeyd edib ki, üç porsiya süd məhsulu əksər insanlara gündəlik kalsium ehtiyacını ödəməyə kömək edir. “Lakin 50 yaşdan yuxarı qadınlara gündə 1200 milliqram kalsium almaq üçün dörd porsiya süd və ya süd məhsulu lazımdır”, deyə o əlavə edib.
    //qaynar.az

  • Polis 18 kiloqramdan çox narkotik aşkarlayıb

    Polis 18 kiloqramdan çox narkotik aşkarlayıb

    Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

  • Dünyanın ən bahalı 20 klubu

    Dünyanın ən bahalı 20 klubu

    Sportico versiyasına görə “Real” 7,7 milyard dollar dəyəri ilə dünyanın ən bahalı klubudur.

    “Barselona” 2-ci, “Bavariya” 4-cü, “Tottenhem” 10-cu, “Milan” 14-cü, Messi’nin “İnter Mayami”si isə 16-cıdır.

    Sportico tərəfindən hazırlanan reytinqdə “Real” dünyanın ən bahalı futbol klubu seçilib. Araşdırma müəllifləri klubların maliyyə hesabatlarını, fəaliyyət göstəricilərini, brend gücünü, bazarın ölçüsünü, liqaların iqtisadiyyatını nəzərə alıblar, həmçinin klubların maliyyəsi ilə bağlı şəxslərlə də görüşüblər.

    Ən bahalı ilk 20 klub belə sıralanıb:

    “Real” – 7,7 milyard dollar

    “Barselona” – 6,65 milyard

    “Mançester Yunayted” – 6,47 milyard

    “Bavariya” – 5,78 milyard

    “Liverpul” – 5,74 milyard

    “Mançester Siti” – 5,7 milyard

    “Arsenal” – 5,43 milyard

    PSJ – 5 milyard

    “Çelsi” – 4 milyard

    “Tottenhem” – 3,5 milyard

    “Atletiko” – 2,5 milyard

    “Borussiya” Dortmund – 2,17 milyard

    “Yuventus” – 1,84 milyard

    “Milan” – 1,66 milyard

    “İnter” – 1,62 milyard

    “İnter Mayami” – 1,45 milyard

    “Los-Anceles” – 1,4 milyard

    “LA Galaksi”– 1,17 milyard

    “Atlanta Yunayted” – 1,14 milyard

    “Nyu-York Siti” – 1,12 milyard

  • Yenə intensiv yağışlar yağacaq – Xəbərdarlıq

    Yenə intensiv yağışlar yağacaq – Xəbərdarlıq

    Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

  • Ərdoğan Quran oxudu – Video

    Ərdoğan Quran oxudu – Video

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çamlıca məscidində Quranı əzbərləyən 333 tələbə üçün keçirilən məzun mərasimində iştirak edib.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə Ərdoğan Quran oxuyub.

    Prezident Ərdoğan Çamlıca məscidində tələbələrin “Allahu Əkbər” sədaları ilə qarşılanıb. Prezident Ərdoğan mərasim zamanı “Əşr-i Şərif” oxuyub.

    O, mərasimdən sonra iştirakçılarla birlikdə cümə namazı qılıb. Xütbə türk, ərəb, ingilis və yapon dillərində oxunub.

    Ərdoğanın bu görüntüləri sosial mediada sürətlə yayılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.

  • Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? – Maraqlı detallar

    Bakıda magistral su kəmərlərinin üstünü kimlərə satıblar? – Maraqlı detallar

    Paytaxtın kanalizasiya və su sistemi iflic vəziyyətindədir. Bakının magistral su kəmərlərinin sanitar-mühafizə zonaları, hətta boruların düz üstü rəsmən özəlləşdirilib.

    Median.Az “Müsavat”a istinadən xəbər verir ki, vətəndaşlar Bəkir Çobanzadə küçəsi, giriş 240 ünvanında baş verən qanunsuzluqlarla bağlı Baş nazirin müavini Şahin Mustafayevə və digər ali instansiyalara müraciət ünvanlayıb.

    O, magistral su borusunun üzərindəki torpağa verilmiş çıxarışın ləğv olunmasını, strateji ərazinin zəbtdən azad edilməsinin vacibliyini diqqətə çatdırıb. Əks halda, baş verəcək növbəti texnogen qəzanın və insan itkisinin məsuliyyətini bu qanunsuzluğa imza atanlar daşıyacaq.

    Hacıbala Abutalıbovun “son iş günü” hədiyyəsi?

    Araşdırmalar zamanı məlum olan ən sarsıdıcı məqam Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun fəaliyyəti ilə bağlıdır. Belə ki, Abutalıbovun vəzifədə olduğu son iş günündə – 20 aprel 2018-ci ildə Nizami rayonu, Çobanzadə küçəsində yerləşən strateji su obyektlərinin taleyi bir imza ilə dəyişib. Həmin tarixdə bağlanmış 1460 saylı icarə müqaviləsi ilə yüksək təzyiqli, nəhəng diametrli (630 mm, 1220 mm və 1420 mm-lik!) magistral su kəmərlərinin mühafizə zonası “abadlıq və sahibkarlıq” adı altında Cəlal Əli oğlu Həmidova verilib. Şəhərin su təchizatının ana damarlarından söhbət gedir. Bu gün həmin ərazi ətrafında oyunlar daha da intensivləşib.

    Hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə bağlı əraziyə qanunsuz mülkiyyət hüququ əldə edilməsi ilə qonşuların mülkiyyət hüququna müdaxiləsinə dair şikayət də araşdırılır.

    Belə bir vaxtda Cəlal Həmidovun qəyyumu Tamara Həmidova artıq Nizami Rayon İcra Hakimiyyətini rəsmi xəbərdar edərək, həmin strateji boruların üstündə tikinti işlərinə başlayacağını bəyan edib. Daha bir müəmmalı məqam isə torpağın təyinatının “sehrli əl” vasitəsilə dəyişdirilməsidir. Əvvəllər sənaye, nəqliyyat və rabitə təyinatlı olan bu torpaqlar, hansısa yollarla sənədlərdə “yaşayış məntəqələrinin torpaqları” kimi rəsmiləşdirilib. İndi isə bu elan saytlarında 1 milyon 300 min manata satışa çıxarılıb. Alıcılara isə bura fərdi yaşayış evi tikmək üçün ideal yer kimi sırınır. Magistral su kəmərinin və ya kollektorun üzərində ev tikmək, hər an partlaya biləcək bombanın üzərində oturmaqdır.

    Yüksək təzyiqli kəmər sıradan çıxsa, suyun təzyiqi həmin evləri bir neçə dəqiqəyə yerlə-yeksan edər. Qəza baş versə, ağır texnika əraziyə daxil ola bilməyəcək, çünki borunun üstündə qanunsuz villalar və obyektlər ucalacaq. Keşlə və ətraf ərazilərin yağış suları altında qalmasının bir səbəbi də məhz belə kollektorların və mühafizə zonalarının zəbt edilməsidir. Vətəndaş Bahadur Oktay oğlu Əlinin rəsmi müraciətlərində qeyd etdiyi faktlar dövlət qurumları üçün ciddi bir sınaqdır.

    Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti hansı məntiqlə və hansı qanunla strateji su kəmərinin düz üstünə “çıxarış” (kupça) verib? Yüksəktəzyiqli magistral su borularının belə aşkar şəkildə zəbt edilməsi niyə diqqətdən kənar qalır? Prezident İlham Əliyev dəfələrlə magistral xətlərin mühafizə zonalarının zəbt edilməsinin yolverilməzliyini vurğulasa da, bəzi məmurlar köhnə “vərdiş”lərindən əl çəkmək istəmirlər.

  • Parik taxıb Bakıda dələduzluq etdi – Video

    Parik taxıb Bakıda dələduzluq etdi – Video

    Bakıda dələduzluq edən zaman tanınmamaq üçün parikdən istifadə edən şəxs saxlanılıb.

    Paytaxtın Nəsimi rayonunda naməlum şəxs dələduzluq edərək bir nəfərin mobil telefonunu ələ keçirib. Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 33 yaşlı Ərşad Səfərov müəyyən edilərək saxlanılıb.

    Araşdırma zamanı Ə.Səfərovun mobil telefonların satışı ilə bağlı olan elanlardakı nömrələrlə əlaqə saxladığı və həmin şəxslərlə görüşərək telefonları yoxlatdırmaq adı ilə alıb oradan uzaqlaşdığı müəyyən edilib. Onun Nəsimi rayonu ilə yanaşı, Xətai, Yasamal və Səbail rayonlarında da müxtəlif şəxslərin telefonlarını ələ keçirdiyi məlum olub. Ə.Səfərovun zərərçəkənlərə ümumilikdə 15000 manatdan çox maddi ziyan vurduğu məlum olub.

    Qeyd edək ki, saxlanılan şəxs qanunsuz əməllərini həyata keçirən zaman kimliyini gizli saxlamaq üçün parikdən istifadə edib.

  • Narkotikin təsiri altında olan BYD sürücüsü həbs edildi

    Narkotikin təsiri altında olan BYD sürücüsü həbs edildi

    Masallı rayonu ərazisində BYD markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən R.Məmmədovun narkotik vasitədən istifadə etməsinə də şübhələr yarandığından o tibbi müayinədən keçirilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib.

    Məhkəmənin qərarı ilə R.Məmmədov 15 gün müddətinə inzibati həbs olunub.

  • Azərbaycanda ət niyə bahalaşır? – İqtisadçıdan açıqlamalar

    Azərbaycanda ət niyə bahalaşır? – İqtisadçıdan açıqlamalar

    Bu ilin ilk üç ayında Azərbaycanın ət idxalında artım qeydə alınıb. Rəsmi statistikaya görə, ölkəyə 12 min 299 ton ət gətirilib və bunun üçün 28 milyon 630 min ABŞ dolları vəsait xərclənib. Maraqlıdır ki, idxal olunan ətin həcmi cəmi 3,4 faiz artsa da, onun dəyəri 15,3 faiz yüksəlib. Bu isə bazarda qiymətlərin bahalaşması ehtimalını gündəmə gətirir. Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsində azalma müşahidə olunur – həm ixrac, həm də idxal ötən illə müqayisədə aşağı düşüb. Bütün bu göstəricilər fonunda sual yaranır: ölkə daxilində ət istehsalı tələbatı niyə qarşılamır və idxaldan asılılıq nə dərəcədə təhlükəlidir? Azərbaycanda ət idxalının artmasının əsas səbəbləri nədir? Yerli istehsal daxili tələbatı niyə tam ödəyə bilmir? İdxalın dəyərinin daha sürətlə artması qiymət bahalaşmasından xəbər verirmi?

    Median.Az xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli musavat.com-a danışıb:

    “Təəssüf ki, bu vəziyyət heç də təəccüblü deyil. Çünki ölkədə son 5 il ərzində həm iribuynuzlu, həm də xırdabuynuzlu mal-qaranın sayında ciddi və narahatedici azalma müşahidə olunur. Rəqəmlərə diqqət yetirdikdə mənzərə daha da aydın görünür: təxminən 300 min baş iribuynuzlu mal-qara, eləcə də 1,7–1,8 milyon baş qoyun-keçi sayı azalıb. Bu isə o deməkdir ki, yerli istehsalın zəifləməsi artıq qaçılmazdır. Nəticədə daxili bazarda ət və ət məhsullarının qiymətləri artır, eyni zamanda idxaldan asılılıq daha da güclənir. Statistik göstəricilər də bu tendensiyanı açıq şəkildə təsdiqləyir.

    İqtisadiyyat bir bütöv sistemdir – onun yalnız bir tərəfinə baxmaqla real mənzərəni qiymətləndirmək mümkün deyil. Əgər istehsal azalırsa, bunun bazara, qiymətlərə, idxal-ixrac balansına təsiri də qaçılmaz olur.

    Ölkədə örüş sahələrinin tədricən zəbt olunması, yem bazasının zəifləməsi, maldarlıqla məşğul olmaq istəyən insanların sayının azalması bu prosesin əsas səbəblərindəndir. İnsanlar bu sahədən uzaqlaşırlar, çünki gəlirlilik aşağıdır, qarşılaşdıqları maneələr isə kifayət qədər çoxdur. Uzun illər zəhmət çəkib nəticədə gözlədiyi qazancı əldə etməyən fermer təbii ki, bu sahədən uzaqlaşır. Bu da ümumi heyvandarlıq sektoruna birbaşa zərbə vurur”.

    İqtidadçı qeyd edib ki, şəhər həyatının cazibəsi də kənd təsərrüfatından uzaqlaşmanı sürətləndirir:

    “İnsanlar düşünür ki, şəhərdə 1000–1500 manat maaşla fəhlə işləmək daha sərfəlidir, nəinki ağır və əziyyətli maldarlıqla məşğul olub qeyri-müəyyən gəlir gözləmək. Halbuki hamıya məlumdur ki, maldarlıq çox zəhmət tələb edən sahədir və bu sahədə çalışan insanların xüsusi dəstəyə ehtiyacı var.

    Mövcud vəziyyət göstərir ki, problem artıq sistem xarakteri alıb və onun həlli üçün fundamental addımlar atılmalıdır. Maldarlıqla məşğul olanlara real və effektiv stimullar verilməlidir. Bu sahə elə səviyyədə gəlirli olmalıdır ki, insanlar kənd təsərrüfatını tərk edib şəhərə üz tutmasınlar.

    Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, uzunmüddətli və aşağı faizli kreditlərin verilməsi, fermerlərin bazara birbaşa çıxış imkanlarının yaradılması, innovativ texnologiyaların tətbiqi, yeni və məhsuldar heyvan cinslərinin yetişdirilməsi, baytarlıq xidmətlərinin əlçatan və mümkün qədər pulsuz təşkili, yem bazasının genişləndirilməsi və möhkəmləndirilməsi”.

    Natiq Cəfərli vurğulayıb ki, bütün bunlar həyata keçirilməzsə, son illərdə müşahidə olunan mənfi tendensiya daha da dərinləşəcək. Əhalinin sayı artdığı halda mal-qara sayının azalması ciddi disbalans yaradacaq.

    Bu isə qaçılmaz olaraq ətin qiymətinin daha da bahalaşmasına, idxaldan asılılığın artmasına və ölkənin ərzaq təhlükəsizliyi baxımından risklərlə üzləşməsinə gətirib çıxara bilər:

    “Bu gün müşahidə etdiyimiz vəziyyət illər əvvəl proqnozlaşdırılırdı. Təəssüf ki, bu xəbərdarlıqlar özünü doğrultdu və indi artıq problemin nəticələri ilə üz-üzəyik. Əgər vaxtında və düzgün qərarlar qəbul olunmasa, yaxın gələcəkdə ət bazarında daha ciddi və kəskin bahalaşma dalğası qaçılmaz olacaq”.

  • Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

    Cinayətdə şübhəli bilinən 54 nəfər saxlanıldı

    Aprelin 24-də ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

    DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 153, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.