Month: April 2026

  • Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər

    Azərbaycan vətəndaşları bu ölkəyə vizasız səfər edə biləcəklər

    24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

    Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

  • Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz

    Bu məlumatları əvvəlcədən təqdim etməlisiniz

    Gömrük yoxlanışına daxil olan maşınlar üçün təqdim olunan məlumatların siyahısı genişləndirilir.

    Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

    Mövcud qanunvericiliyə görə, gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir.

    Dəyişikliyə əsasən, məsul şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində əks olunanları da əvvəlcədən gömrük orqanına təqdim edəcək.

  • Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar – AÇIQLAMA

    Bəzi gənclər əsgər getməmək üçün bu yollara üz tuturlar – AÇIQLAMA

    Son günlər hərbi təlim toplanışları ilə bağlı suallar və müzakirələr xeyli artıb. Xüsusilə çağırışa kimlərin çağırıldığı və kimlərin bu prosesdən azad olunduğu məsələsi cəmiyyətdə maraq doğurur.

    İddialara görə, bəzi şəxslər hərbi xidməti təxirə salmaq və ya yayınmaq məqsədilə müxtəlif yollara əl atırlar. Son dövrlərdə bəziləri hərbi xidmətdən yayınmaq üçün xarici təhsil şirkətləri vasitəsilə universitetlərə qeydiyyatdan keçərək tələbə statusu əldə edir. Lakin onların bir qisminin faktiki olaraq dərslərdə iştirak etmir.

    Median.Az xəbər verir ki, vəkil Babək Həmidov “Azxeber.com”a açıqlamasında deyib ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət hesab olunur:

    “Rəsmi sənədlərin saxtalaşdırılması və onlardan istifadə edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə qadağan olunur. Bu hal korrupsiya cinayəti hesab edilir. Mövcud vəziyyətdə, şəxsin hərbi xidmətdən yayınması məqsədilə saxta sənədlər hazırlayan şəxs, eləcə də həmin sənədin saxta olduğunu bilə-bilə onu aidiyyəti qurumlara təqdim edən şəxs qanun qarşısında məsuliyyət daşıyır”.

    Vəkil bildirib ki, hərbi xidmətdən yayınan şəxslər 6 ilə qədər azadlıqdan məhrum oluna bilər:

    “Bundan əlavə, hərbi xidmətdən boyun qaçırma halları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə tənzimlənir. Bu maddəyə əsasən, üzrlü səbəb olmadan həqiqi hərbi xidmətdən yayınan şəxslər məsuliyyətə cəlb oluna bilərlər. Belə hallarda məhkəmənin qərarı ilə şəxs iki ilədək azadlıqdan məhrum edilə bilər. Əgər bu əməl müharibə dövründə törədilərsə, bu hal ağırlaşdırıcı vəziyyət kimi qiymətləndirilir və həmin şəxs üç ildən altı ilədək azadlıqdan məhrum oluna bilər”.

    Təhsil eksperti Elmin Nuri “Azxeber.com”a açıqlamasında bildirib ki, bəzi şəxslər təhsildən birbaşa marketinq kimi istifadə edirlər:

    “Bəzi şəxslər təhsildən birbaşa marketinq istiqamətində istifadə etməyə çalışır. Hər bir sahədə menecment və marketinq fəaliyyəti ayıb deyil. Əksinə, bu proseslər qaydalara və hüquqi çərçivəyə uyğun həyata keçirilərsə, alqışlanmalıdır. Amma məsələ qeyri-loyal yanaşmalara gəlib çatdıqda, “qırmızı xətlər” keçildikdə, şəffaflıq və dürüstlük prinsipləri pozulduqda, artıq təhsil marketinqi də iflasa uğrayır”.

    O qeyd edib ki, bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar:

    “Bəzi xarici təhsil şirkətləri uzun illərdir qeyri-loyal fəaliyyətlə məşğuldurlar. Hüquqi dövlət olaraq müvafiq qurumlar bu istiqamətdə lazımi tədbirlər görürlər. Bu tip şirkətlər xeyli sayda abituriyenti və tələbə namizədlərini manipulyasiya edərək zaman-zaman aldadırlar. Vəziyyət əvvəlki olmasa da, yenə də bu cür şirkətlərə inanan valideynlər var.

    Hər il qəbul imtahanlarının nəticələri açıqlanandan sonra bəzi təhsil şirkətləri ortaya çıxır. Regionların birində cəmi bir neçə gün ərzində doqquza yaxın “təhsil şirkəti” fəaliyyətə başlayır. Bu rəqəmlər problemin miqyasını açıq şəkildə göstərir”.

    Ekspert bildirib ki, müəyyən qurumlar bu problemlərlə məşğul olurlar:

    “Təhsilin Keyfiyyət Təminatı Agentliyinin (TKTA) siyahısı mövcuddur. Həmin siyahıda ölkədə tanınan universitetlər yer alır. Elm və Təhsil Nazirliyinin rəsmi maarifləndirici materialları və videoları var. Lakin biz çox vaxt bunlara baxmadan qərar veririk və nəticədə aldanırıq. Bu aldanma isə abituriyentin, gələcək tələbənin taleyinə mənfi təsir göstərir. Bəzi gənclər yalnız tələbə adını almaq və ya hərbi xidməti gecikdirmək üçün bu cür “təhsil” yollarına üz tuturlar”.

  • Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

    Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

    Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin atası dindirilib.

    Şahid qismində ifadə verən Rahim Hüseynov təqsirləndirilən şəxslə qohum olduqlarını bildirib:

    “Axşam saatlarında yatmışdım. Birdən qapı döyüldü bu təqsirləndirilən şəxsi gördüm. Bizə gəlməyinə səbəb oğlumun onun avtomobilini icazəsiz sürməsi və götürüb qaçması idi. İçəri dəvət etdim. Təqsirləndirilən şəxs içkili idi amma özünü idarə edə bilirdi. Oğlumla dalaşdılar. Mən onları ayırdım, lakin oğlumun boğazından bıçaqla xəsarət yetirmişdi”.

    Şahid onu da bildirib ki, təqsirləndirilən şəxslə barışıblar və heç bir şikayəti yoxdur.

    Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
    //unikal.az

  • Aprelin son günü hava necə olacaq?

    Aprelin son günü hava necə olacaq?

    Azərbaycanda aprelin 30-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Belə ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 55-65 % təşkil edəcək.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 8-13° isti olacaq.

  • Bakıda yeni metro stansiyası təhlükəli ərazidə tikilir? – RƏSMİ AÇIQLAMA

    Bakıda yeni metro stansiyası təhlükəli ərazidə tikilir? – RƏSMİ AÇIQLAMA

    Vəkil Sahib Məmmədov Nizami stansiyasının yaxınlığında B-5 stansiyasının tikilməsinin təhlükəli, həmin ərazinin yeraltı suların aktiv zonası olduğunu iddia edib. Həmçinin bildirir ki, ərazinin hidrogeoloji şəraiti belə layihələrin icrasına imkan vermir.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında Bakı metropoliteninin inşası nəzərdə tutulan 10 stansiyasından 6-sı Bənövşəyi xətdə yerləşəcək:

    “Əsas məqsəd şəhərin şimal istiqamətindən başlanan metro xəttinin mərkəzdən keçməklə paytaxtın şərqinə doğru uzadılmasıdır. Bakıda nəqliyyat təhlilləri, həmçinin rəqəmsal əkiz modeli əsasında toplanmış məlumat bazası, simulyasiyalar da prioritet məsələlər sırasında bu xəttin uzadılmasının xüsusi əhəmiyyətini əyani nümayiş etdirib.

    Layihə adı “B-5” olan stansiya Bənövşəyi xəttin üzərində yerləşəcək və Yaşıl xəttin “Nizami” stansiyasına keçid inşa ediləcək. Metro prinsiplərində xətlərdən bir-birinə keçidlər sərnişin axının tənzimlənməsi, insanlara daha çeşidli, uyğun və rahat nəqliyyat şəraitinin yaradılması, nəqliyyat inteqrasiyasının optimallaşdırılması və genişləndirilməsinə imkan verir. Bundan savayı bu keçidlə “Nizami” stansiyasında dərin özüllü stansiyalar üçün mühüm əhəmiyyət kəsb edən ikinci çıxışı da təmin edəcək.

    Bakının mürəkkəb hidrogeoloji şəraiti ilə seçilən ərazisində yerləşməsi nəzərə alınaraq layihələndirmə zamanı stansiyanın və tunellərin tikintisində geoloji quruluş, habelə dərinlik və digər məsələlərin hər biri xüsusi nəzərə alınıb, mümkün risklər qiymətləndirilib. Bu xüsusda “Nizami-28 May” mənzilinin 50 ilə yaxın istismar dövründəki təcrübəsi, təsirləri və texnoloji amillər xüsusi öyrənilib. Həmçinin bununla əlaqədar dünya tunelqazma praktikası və müasir texnologiyaları, istifadə olunan qazma və inşaat üsulları, inşaatdan sonrakı istismar təcrübələri əsaslı şəkildə araşdırılaraq təhlilləri aparılıb.

    Tunel və stansiya qazıntısında müasir texnologiyalar və üsulların daha mürəkkəb geoloji strukturu olan mühitdə tətbiqi inşaat işlərinin təhlükəsiz aparılmasının mümkünlüyünü təsbit edib. “B-5” stansiyasının və ərazidən keçən tunellərin inşası zamanı bütün risklər nəzərə alınmaqla təhlükəsizliyi təmin edən ən aparıcı texnologiyalardan istifadə olunacaq”, – deyə qeyd olunub.

  • Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı

    Dövriyyədə olan ödəniş kartlarının sayı açıqlandı

    Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib.

    Mərkəzi Bankdan bildirilib ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 12 faiz artıb, kredit kartlarının sayı isə 9 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, mart ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46 faiz artıb.

    2026-cı ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9,560 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 8,291 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,267 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69,7 faizini təşkil edib.

    Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin mart ayının sonu ilə müqayisədə bankomatların sayı 6,3 faiz, POS-terminalların sayı 46 faiz artıb.

  • Üç yüksək vəzifəli qırğız məmuru dövlət çevrilişinə cəhd edib?

    Üç yüksək vəzifəli qırğız məmuru dövlət çevrilişinə cəhd edib?

    Üç keçmiş yüksək vəzifəli qırğız məmuru – Milli Təhlükəsizlik Dövlət Komitəsinin keçmiş rəhbəri Kamçıbek Taşiyev, keçmiş deputat Kurmankul Zuluşev və Joqorku Keneşinin keçmiş spikeri Nurlanbek Turqunbek dövlət çevrilişinə cəhddə ittiham olunublar.

    Bu barədə 24.kg nəşri məlumat yayıb.

    Bildirilir ki, təqsirləndirilən şəxslər Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsində dindiriliblər. Dindirmələr bir neçə saat davam edib və daha sonra onlar idarənin binasını tərk ediblər.

    “Söhbət kütləvi iğtişaşların təşkili və müstəntiqlərin dövlət çevrilişi cəhdi kimi nəzərdən keçirdiyi hərəkətlərlə bağlı ciddi cinayətlərdən gedir”,- nəşr aydınlaşdırıb.
    //unikal.az

  • Zəngəzur dəhlizi ilə bağlı rəsmi açıqlama

    Zəngəzur dəhlizi ilə bağlı rəsmi açıqlama

    Naxçıvanın iqtisadi potensialının artması və ölkə iqtisadiyyatındakı rolunun güclənməsi gözlənilir. Hesab edirik ki, Zəngəzur dəhlizinin açılması bu istiqamətdə birmənalı şəkildə müsbət təsir göstərəcək.

    Bunu “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

    “Eyni zamanda, qabaqlayıcı addım kimi dövlət tərəfindən vergi güzəştlərinin tətbiqi və xüsusi vergi rejiminin formalaşdırılması da bu prosesə əlavə stimul yaradır. Hazırda Ələt azad iqtisadi zonası, sənaye parkları, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri qüvvədədir. Bundan əlavə, bu ildən Naxçıvan Muxtar Respublikasında 10 illik vergi güzəştləri tətbiq edilir”, – deyə nazir bildirib.

    Mikayıl Cabbarov qeyd edib ki, sahibkarların ixrac imkanlarının genişlənməsi üçün nəqliyyat xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması məqsədilə dəstək tədbiri nəzərdə tutulur. Dövlət başçısı tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında 2026-2029-cu illər üzrə rəqəmsal iqtisadiyyatın inkişafına dair Strategiya”da müəssisələrin rəqəmsal transformasiyası üçün görüləcək işlər əhatə olunub. Sahibkarlarımızın bu sənədlə tanış olmalarını tövsiyə edirik.

  • Sumqayıtda silah-sursat aşkarlandı

    Sumqayıtda silah-sursat aşkarlandı

    Sumqayıt şəhərində silah-sursat aşkarlanıb.

    Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

    Ərazidən 1 ədəd 7,62 kalibrli “AK-74 Kalaşnikov” markalı avtomat və həmin silaha məxsus 30 ədəd patron aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.