Month: April 2026

  • Xamenei generalların verdiyi qərarlarla hərəkət edir

    Xamenei generalların verdiyi qərarlarla hərəkət edir

    ABŞ və İsrail ilə münaqişə və ölkənin əvvəlki ali lideri Ayətullah Əli Xameneinin ölümü fonunda İranda həm siyasi, həm də hərbi güc İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) keçir.

    Bu barədə “Reuters” agentliyi mənbələrə istinadən yazıb.

    Nəşr bildirir ki, “Müharibə dövründəki təzyiqlər hakimiyyəti dar və daha sərt daxili dairədə cəmləşdirib. Bu dairə Ali Milli Təhlükəsizlik Şurasında (SNSC), Ali Liderin Ofisində və hazırda həm hərbi strategiyaya, həm də əsas siyasi qərarlara hakim olan İİKK-da kök salıb”.

    Qeyd olunur ki, hazırkı Ali Lider Müctəba Xamenei ölkənin güc strukturunun zirvəsində qalır. Lakin onun rolu əsasən öz əmrlərini verməkdənsə, generalların verdiyi qərarları qanuniləşdirməkdir.
    //unikal.az

  • Yeni pasportlarda Trampın şəkli olacaq?

    Yeni pasportlarda Trampın şəkli olacaq?

    ABŞ Dövlət Departamenti ölkənin 250 illik yubileyi şərəfinə Amerika pasportları üçün yeni dizayn üzərində işləyir.

    “The Bulwark” qəzetinin məlumatına görə, sənəddə Donald Trampın şəkli ola bilər.

    25.000 nüsxədən ibarət məhdud sayda nəşr nəzərdən keçirilir. Dizaynda ənənəvi şəkillərin əvəzinə Trampın portretinin və imzasının pasportun içərisinə yerləşdirilməsi təklif olunur.

    Mütəxəssislər bu təşəbbüsü misli görünməmiş addım adlandırırlar, çünki müasir pasportlar adətən hakimiyyətdə olan dövlət başçılarının şəkilləri ilə dizayn edilmir. Plan hazırda yekun təsdiq gözləyir. Trampın portretinin yekun dizayna daxil edilməsi ilə bağlı hələlik rəsmi təsdiq yoxdur.

  • Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib

    Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib

    Azərbaycanda baş müəllim vəfat edib.

    Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib.

    Qeyd edək ki, N.Vəliyev 1980-ci ildən etibarən ATU-da çalışıb.

  • Bakı sakinlərinə pis xəbər: Mənzillərin qiymətləri yüksəldi – VİDEO

    Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə, yeni tikili binalarda mənzil qiymətləri sürətlə dəyişir.

    Sakinlər Baku TV-yə bildirirlər ki, ev sahibi olmaq onlar üçün getdikcə əlçatmaz arzuya çevrilir.

    Əmlak ekspertlərinin sözlərinə görə, qiymət artımının əsas səbəblərindən biri tikinti xərclərinin yüksəlməsidir. Bununla yanaşı, bəzi hallarda süni qiymət artımları da qeydə alınır.

    Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş və qəzalı binaların sökülərək yerində yeni yaşayış komplekslərinin tikilməsi əlavə xərclər yaradır.

    Onun sözlərinə görə, bu proses zamanı tikinti şirkətləri sakinlərə yeni mənzil, köç və kirayə xərcləri ödəyir ki, bu da maya dəyərinin artmasına səbəb olur.

    Ekspert əlavə edib ki, sərmayəçilərin bu cür layihələrə daha çox yatırım etməsi də qiymətlərin yüksəlməsinə təsir göstərir.

    Onun sözlərinə görə, Bakı və digər iri şəhərlərdə tikinti üçün yararlı torpaq sahələrinin azalması və inşaat həcminin aşağı düşməsi tələbatı artırır. İpoteka şərtləri və bank faizləri də bazara təsir edən amillər sırasındadır. Güzəştli kreditlər isə alıcılıq qabiliyyətini artıraraq qiymət artımını sürətləndirir.

    İqtisadçı Xalid Kərimli isə qeyd edib ki, son beş ildə əhalinin gəlirləri təxminən 45 faiz artsa da, mənzil qiymətləri 47 faizə qədər yüksəlib. Onun sözlərinə görə, xüsusilə, Bakı şəhərinin mərkəzində tikinti üçün yararlı torpaq sahələrinin çatışmazlığı qiymət artımını daha da sürətləndirir. Xalid Kərimli əlavə edib ki, inflyasiya, enerji, kommunal və işçi qüvvəsi xərclərinin artması da tikinti şirkətlərinin xərclərini yüksəldir və bu, birbaşa mənzil qiymətlərinə təsir göstərir.

  • 7-8 min verib çeki aldım – ƏDV SATANLARIN İŞİ

    7-8 min verib çeki aldım – ƏDV SATANLARIN İŞİ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Vüqar Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Məhkəmə şahid ifadəsi ilə davam edib.

    Şahid Q.E təqsirləndirilənlərdən Rəşad Bağırovla birlikdə işlədiyini deyib:

    “Mən dənizdə işləyirdim. Rəşadla da orada tanış olmuşdum, bir otaqda qalırdıq. İstirahət vaxtımız idi, otaqda idik. Telefonlarımızda sosial şəbəkə hesablarımıza baxıb vaxt keçirirdik. Rəşad dedi ki, “tik-tok”da “ədv” satırlar, alsaq qabağa düşə bilərik. Bunu deyib otaqdan çıxdı. Çox keçmədən qayıtdı ki “Danışdım oradakı nömrə ilə. Məni arxayın edib dedilər ki, iş sistem üzərindən olur. Bir aydan sonra da sistemə oturur və məbləği götürürsən. Rəşad məlumat və nömrələri mənə verdi. Nömrə ilə əlaqə saxlayıb adamla görüşdük. Üzü yadıma gəlmir, amma azca hündür adam idi. Başında “kapşon” və papağı var idi. “Ədv” üçün oradaca ona 7-8 min manat pul verdim, o da çeki verdi”.

    Növbəti proses 13 may saat 10:30-a təyin olunub.

    Baş Prokurorluğun yaydığı məlumata görə, mütəşəkkil dəstə üzvləri – Əliyev Rasim Serqey oğlu, Bağırov Rəşad Füzuli oğlu, Yunin Aleksey Sergeyeviç, Tağıyev Vüqar Gündüz oğlu, Lətifov Müşviq Niymət oğlu və İsmayılzadə Cavid İsrafil oğlunun 2023-2024-cü illər ərzində müxtəlif sahibkarlıq subyektləri barədə məlumatları və nəzarət-kassa aparatlarını qanunsuz yolla ələ keçirdikdən sonra istifadə edib yaymalarına, əmtəəsiz əməliyyatlar edərək ayrı-ayrı şəxslərin adlarına “ƏDV geri al” portalları açılması yolu ilə həmin portallara gizli yolla köçürdükləri ümumilikdə 1 milyon 120 min manatdan artıq pul vəsaitini talamalarına, bu üsulla da əldə edilmiş pul vəsaitlərinin həqiqi mənbəyini gizlətmək üçün maliyyə əməliyyatları etməklə törədilən cinayətdən xəbərsiz digər şəxslərin bank kartlarına köçürərək leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

    Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq olaraq 177.3.1, 177.3.2 və 177.4 (mütəşəkkil dəstə tərəfindən külli və xüsusilə külli miqdarda ziyan vurmaqla oğurluq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 202.2-ci (külli miqdarda ziyan vurmaqla kommersiya sirri olan məlumatları qanunsuz yolla yayma) və digər maddələri ilə yekun ittiham elan edilib.

    İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmənin qərarları ilə Rasim Əliyev, Aleksey Yunin və Müşviq Lətifov barəsində həbs, Rəşad Bağırov, Rəşad Tağıyev və Cavid İsmayılzadə barəsində isə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.
    //lent.az

  • “Zamanıdır” – Amil Məmibəyli AKİ-də gəncləşmədən danışdı

    “Zamanıdır” – Amil Məmibəyli AKİ-də gəncləşmədən danışdı

    Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədr mövzusu gündəmə gəlib. Nizamnamənin tələblərinə əsasən qurultayın may ayında keçiriləcəyi bildirilib.

    Mövzu ilə bağlı Median.Az-a danışan AKİ-nin idarə heyətinin üzvü, rejissor və ssenarist Amil Məmibəyli öz namizədini açıqlayıb.

    Rejissor bildirib ki, ad seçmək çətin deyil və görmək istədiyi şəxslər var:

    Amil Məmibəyli vurğulayıb ki, indiyədək AKİ-yə əsasən yaşlı nəsil nümayəndələri rəhbərlik edib. O, bu kontekstdə Rüstəm İbrahimbəyov, Şəfiqə Məmmədova və Rasim Balayevin adlarını xatırladıb.

    Rejissor qeyd edib ki, artıq bu ənənədən çıxmaq və daha çox orta yaş nəslinə üstünlük vermək vaxtıdır:

    “Düşünürəm ki, 40-50 yaş aralığında olan şəxslərin rəhbərliyə gəlməsi daha məqsədəuyğun olar. Bu, keçid mərhələsi kimi vacibdir”, – deyə o əlavə edib.

    Öz favoritini də açıqlayan A. Məmibəyli AKİ sədrliyinə Əli İsa Cabbarovu dəstəklədiyini bildirib:

    “İttifaq daxilində həyata keçirilən layihələr, müsabiqələr, gənc rejissorlara göstərilən dəstək təqdirəlayiqdir. Bu təşəbbüslərin arxasında duran əsas şəxslərdən biri Əli İsa Cabbarovdur. Onu sədr kimi görmək istərdim”, – deyə rejissor vurğulayıb.

    O əlavə edib ki, sədrin yanında isə baş katib vəzifəsində təcrübəli şəxslərin bir arxa və dayaq olması da vacibdir. O şəxslər ki həm yüksək elitayla əlaqəsi olmalı ya da kinomuzda uzun müddətli institusional bazaya malik olmalıdır. Bu postlara da ancaq Şəfiqə Məmmədova və Cəmil Quliyev kimi təcrübəli şəxslərin uyğun ola biləcəyini deyib.

    Rejissor hesab edir ki, son illərdə AKİ-nin fəaliyyətində əldə olunan uğurlarda Əli İsa Cabbarovun rolu böyük olub:

    “Xüsusilə Rasim Balayevin sədr olduğu dövrdə həyata keçirilən bir çox layihələrin təşəbbüskarı məhz Əli İsa Cabbarov olub. Belə şəxsləri dəstəkləmək və irəli çəkməyin zamanıdır.”, – deyə o bildirib.

    Rejissor sonda qeyd edib ki, Azərbaycan kino sahəsində idarəçilikdə gəncləşmə prosesi mərhələli şəkildə həyata keçirilməlidir. Ən azı orta yaş nəslinə imkan verilməlidir ki, gələcəkdə daha gənc kadrların önə çıxması mümkün olsun”, – deyə o fikrini yekunlaşdırıb.

    Dəniz Pənahova
    Median.Az

  • Müasir yazıçılar dərsliklərdən kənarda qalır: səbəb nədir? – Sevinc Elsevərdən ŞƏRH

    Müasir yazıçılar dərsliklərdən kənarda qalır: səbəb nədir? – Sevinc Elsevərdən ŞƏRH

    Fərqli dövrlərdə bir çox yazıçıların əsərləri dərsliklərə daxil edilərək təhsil prosesinin bir hissəsinə çevrilib. Onların yaradıcılığı uzun illərdir məktəb proqramlarında öz əksini tapır. Xüsusilə müstəqillikdən sonrakı dövrdə çağdaş Azərbaycan ədəbiyyatında öz imzasını təsdiqləmiş bir sıra qələm sahibləri formalaşıb. Belə olan halda sual yaranır: bu müəlliflərdən hansıların əsərləri dərsliklərdə yer almalıdır? Müasir Azərbaycan ədəbiyyatının hansı nümayəndələri təhsil proqramlarına daxil edilməyə daha layiqdir?

    Mövzu ilə bağlı tanınmış yazıçı Sevinc Elsevər Median.Az-a açıqlamasında deyib ki, ədəbiyyat sevgimiz dərsliklərimizin sayəsində yaranırdı. Hətta ibtidai sinif dərsliklərimizdə bütün klassiklərimizin əsərlərindən hissələr verilirdi:

    “Yadımdadır ki, Nizami Gəncəvi ilə “Əlifba” dərsliyində tanış olmuşduq. Cəlil Məmmədquluzadə, C.Cabbarlı, Mir Cəlal, Ə. Məmmədxanlı, Ordubadi və onlarla yazıçılarımızın əsərlərindən hissələr verilirdi. Həmişə də əsərlərin ən maraqlı hissələri seçilirdi. Biz o hissəni oxuyub danışmaqla kifayətlənmirdik. Mütləq əsərin özünü axtarıb tapır, bütöv oxuyurduq. Həmişə mənə böyük, qalın kitabın içində həmin hissəni tapmaq maraqlı olurdu. Əsərin o hissəsinə çatmaq, yerin mantiya qatına yetişmək, gizli xəzinəni qazıb çıxartmaq kimi gəlirdi. İllüstrasiyalar da eyni hissləri verirdi. Hansısa əsərdən illüstrasiyaya vurulurdum, sonra kitabı oxuyub həmin səhnəyə çatanda dəhşətli dərəcədə həyəcanlanırdım. Bizi belə böyüdürdülər. Bu gözəl hisslərlə.

    Dərsliklər məncə, o vaxtlar da müasirləri çox çap eləməkdən qaçıb. Bunun bir neçə səbəbi var. Mənə elə gəlir, burda təkcə keyfiyyət məsələsini düşünmürlər. Başqa məsələlər də nəzərə alınır. Adətən, dünyasını dəyişmiş müəllifləri çox asanlıqla dərsliklərə salırlar. Dünyasını dəyişmiş adam tam təhlükəsiz adamdır. “Səhvlər eləməyəcək” adamdır. Ondan ehtiyat etmək lazım deyil”.

    S.Elsevər qeyd edib ki, dünyasını dəyişən adam qısqanclıq doğurmayan adamdır. Hətta antipatiyamız, köhnə ədavətimiz olsa da, artıq “bağışladığımız” adamdır. Ölüm – buzları əridir, bütün daş ürəkləri yumşaldır:

    “Müasir uşaq ədəbiyyatı müəlliflərindən bəziləri dərsliklərə salınır. Bu məsələ ətrafında elmi dairələrdə də, mətbuatda, televiziyada da mübahisələr zaman-zaman yer alır. İddialar var ki, dərslik hazırlayanlar yaxın çevrələrindən müəlliflər seçirlər. Və ya bir müəllifi qondarma bir neçə adla eyni dərslikdə çap edirlər. Dərsliklərə düşəcək ədəbi nümunələrdən danışanda, onu demək lazımdır ki, təkcə uşaq ədəbiyyatından danışmaq lazım deyil. Yuxarı sinif şagirdləri artıq gənclər sayılır. 16+ yaşda olan gəncləri, yuxarı sinif şagirdlərini Şərif Ağayar, Seymur Baycan, Həmid Herisçi, Rafiq Tağı, Səlim Babullaoğlu, Qismət, Şəhriyar və adını çəkmədiyim onlarla müasir imzaların əsərləri ilə tanış eləmək olar. Murad Köhnəqalanın maraqlı uşaq şeirləri, “Bulud pinəçisi” kimi əsəri var.

    Çox vaxt yeniyetmələr üçün əsər çatışmazlığından gileylənirlər. 12+ yaşda olan uşaqlar həyatlarının elə dönəmindədirlər ki, onlara nə mağazada paltar tapmaq olmur, nə də parka aparanda yaşlarına uyğun atraksiona mindirmək olmur. Bizim uşaqlar balaca idilər. Böyük qızım özündən balacalardan 3-6 yaş böyük idi. Onların mindiyi atraksionlara minə bilmirdi, baxa-baxa qalırdı. Balacalara paltar ala bildiyim mağazalarda ona paltar tapa bilmirdim. Böyük adamların mağazalarındakı paltarlar da yaşına, əyninə uyğun olmurdu. Uşaq ədəbiyyatı, uşaq kinosu ilə də vəziyyət eynilə belədir. Yeniyetmələrin oxuya biləcəyi ədəbiyyatı seçib dərsliklərə salmaq lazımdır”.

    Yazıçının sözlərinə görə, bu günədək uşaqlar üçün dörd roman yazıb. Onlardan ikisi sırf yeniyetmələr üçün, ikisi isə aşağı yaş qrupuna aid uşaqların da oxuya biləcəyi kitablardır:

    “Böyüklər üçün yazılan əsərlər arasında elələri var ki, onu uşaqlara, xüsusən yeniyetmələrə də oxutmaq olar. Sizə kiçik bir sirr açım. Uşaq ədəbiyyatı deyilən şey zatən illüziyadır. Dünya uşaq ədəbiyyatı kitabxanasının ən yaxşı əsərlərini uşaq vaxtı oxuyub yaxşı anlamamışıq. Təcrübə deyir ki, o əsərləri böyüyəndən sonra təkrar-təkrar oxumağımız vacibdir. Məsələn, “Balaca şahzadə” , “Uzuncorab Peppi”, “Qaraca qız” əsərlərini, Andersonun nağıllarını, ümumiyyətlə, xalqların nağıllarını oxuyub yüz faiz anlamamışıq. Biz qayğısız uşaqlıq dövründə o əsərlərdə macəra axtarırdıqsa, böyüyəndən sonra həmin əsərlərdə dərd də, kədər də, həyatın ağır tərəflərini də tapmışıq.

    Uşaq vaxtı uzuncorab Peppinin halına acımırdım. Əksinə ona qibtə edirdim. Deyirdim nə kefdədir bu, azaddır, özbaşınadır. Dostlarını başına yığıb əylənir bəxtəvər. Heç kim qadağa qoymur. Böyüyəndən sonra Peppinin halına dəsmal götürüb ağlamağım gəlirdi ki, yazıq qız yetim qalıb. Atası da onu atıb uzaq-uzaq səfərlərə çıxır.

    Uşaqlarda empati hissini artıra biləcək, bədii zövqlərini təkmilləşdirəcək əsərlərin dərsliklərə salınmasını arzulayardım.

    Yadımdadır, hansı əsərlər, xüsusən şeirlər ərəb-fars mənşəli sözlərlə zəngin idi və ədəbiyyat müəllimimiz bizdən tələb edirdi ki, o əsərləri əzbərləyək, biz ədəbiyyatdan küsürdük. Gözümüzə dururdu. Amma o şeirlər, əsərlər ki, sadəcə oxumağımız, sonra təhlil, müzakirə etməyimiz üçün tapşırılırdı, əsl bayram olurdu. Dram əsərlərinin rollarını bölürdük, sinifdə səsləndirirdik. Aktyorluq etməsək də, oxuyur, anlamağa çalışırdıq. Bütün bunlar bizi tərbiyə edirdi”.

    Xanım yazıçı vurğulayıb ki, müasir uşaq ədəbiyyatı nümunələrinin dərsliklərə salınmağı müəlliflərin təbliği, kitablarının satışı üçün böyük dəstəkdir. Dərslikdə verilmiş bir parçanı oxuyan, bəyənən uşaq mütləq o əsərin dalınca gedəcək, axtaracaq, kitabı alıb bütün əsəri oxumağa çalışacaq. Bu qayda elə bütün əsərlər üçün keçərlidir:

    “Kitab yarmarkalarında çox iştirak edirəm. Həmin yarmarkalarda fikir verirəm ki, kitab seçimində valideynlər özlərini çox əziyyətə salmaq istəmirlər. Onlar kitablarla yerində tanış olmaqdansa, özləri kitabları incələməkdənsə, çoxdan tanıdıqları müəlliflərin, ya da xarici müəlliflərin əsərlərinə üstünlük verirlər. Müasir müəllifləri də çox vaxt dərsliklərdən tanıyırlar.

    Məncə, heç olmasa, uşaq ədəbiyyatı məsələsində adil olmaq, bütün müəlliflərə ədalətli yanaşmaq, layiqli əsərləri dərsliklərə daxil etmək lazımdır. Yaxşı əsərlərin oxucularına çatmaq haqqı tanınmalıdır ki, gələcəyimiz əmin əllərdə olsun, məktəblərimizdə tərbiyəli şagirdlər oxusun, cinayətlər baş verməsin, bullinq əhvalatları olmasın. Körpələrimiz empati hissləri ilə, böyük ürəklə böyüsünlər”.

  • Aktyorlar, ssenaristlər və rejissorlar danışdı: AKİ sədrliyinə ən çox kimi istəyirlər?

    Aktyorlar, ssenaristlər və rejissorlar danışdı: AKİ sədrliyinə ən çox kimi istəyirlər?

    Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) sədr postu ətrafında müzakirələr yenidən aktuallaşıb. Nizamnaməyə əsasən, yeni sədrin müəyyənləşdirilməsi üçün qurultayın may ayında keçirilməsi nəzərdə tutulur.

    Bu proses fonunda kino ictimaiyyətində də diqqət bu məsələyə yönəlib. Aktyorlar, ssenaristlər, rejissorlar və ümumilikdə sənət adamları artıq öz favoritlərini açıqlayaraq mövqelərini ortaya qoyublar.

    Median.Az sənət adamları arasında keçirdiyi sorğunun təqdim edir:

    AKİ film studiyasının rəhbəri və prodüseri Azad Axundov

    Əli İsa Cabbarov olmasaydı, bu ittifaq yox dərəcəsində idi. İttifaqda işləyən katib odur. Ona görə də sədr olaraq Əli İsa Cabbarovu görürəm.

    Kinoşünas Hacı Səfərov

    Məncə, Şəfiqə Məmmədova olmalıdır. Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqına Şəfiqə Məmmədova rəhbərlik edir. Rasim Balayevin vəfatından sonra görülən işlər qaldığı yerdən davam edir. Məhz bu səbəbdən düşünürəm və arzu edirəm ki, AKİ öz fəaliyyətinə olduğu kimi davam edəcək.

    Kinoşünas Aliyə Dadaşova

    Kinonu sevdiyinə, AKİ-də katib olaraq gördüyü işlərdən dolayı, kino mühitində sağlam və perspektivli irəliləyiş yarada biləcəyinə inandığım üçün Əli İsa Cabbarovun olmasını istərdim.

    Əməkdar artist Elman Rəfiyev

    Sədr olaraq kinonu, aktyorluğu, rejissorluğu bilən adam seçilməlidir. Ən əsası isə aktyorların qeydinə qalmalıdır. Kino aləmində Elxan Cəfərov öz sözünü deyib və çəkdiyi filmlər də göz önündədir. Onun “Dolu” filmi nəyə desəniz dəyər. Bu adam kinoda doğulub və orada boya-başa çatıb. Həmidə Ömərova da seçilsə, mən alqışlayaram. Bizə kinonu sevdirən də Həmidə xanım olub.

    Yazıçı-dramaturq Jalə İsmayıl

    Yaxşı menecer kimdirsə, AKİ rəhbəri o olsun.
    İstənilən halda kino sənayesini bilən şəxs olmalıdır.
    Böyük sənətkar, sevilən kino adamı olmaq yetərli deyil bu iş üçün.
    Ən yaxşı kömək nədir? Mane olmamaq. Ən azı, işləyənə mane olmamağı bacaran adam olsun.
    Namizədə gəlincə, uzağa getməyək, götürək elə bizim Əli İsa Cabbarovu. Niyə o olmasın, məsələn?

    Aktyor Cavad Nur

    Bu sual cavab vermək çətindir. Mən düşünürəm ki, sədr kim təyin olunacaqsa, film, aktyorluq, rejissorluq sahəsini yaxşı bilməlidir. Eyni zamanda ictimai mühitdə daha çox tanınan bir adam olmalıdır. Həmçinin sədr seçiləcək şəxs sözükeçən adam olmalıdır. İdeyası, fikri, kreativliyi yerində olan bir şəxs olsa, gözəl olar. Ağıla gələn ilk adlardan biri Elxan Cəfərovdur. Kino sahəsinin inkişafına böyük bir təsiri olar.

    Ssenarist Pərviz Məmmədov

    Sədr kimi Əli İsa bəyi görürəm. İş bacarığı, çalışqanlığı və s. üçün. Ancaq eyni zamanda düşünürəm ki, sədr statuslu biri olmalıdır. Bəzən problemlər sadəcə bir zənglə həll olunur. Status məsələsində kimin ola biləcəyi ilə bağlı fikrim yoxdur. İnşallah, görək, namizədlər kimlər olacaq. Həmin variantların içindən seçməli olacağam.

    AKİ-nin katibi, rejissor-prodüsser Türkan Hüseyn

    Əli İsa Cabbarov illərdi AKİ-də icraçıdır və kino prosesini, yaradıcı insanları şəxsən tanıyır. Layihələr keçirir və ittifaqın idarəçiliyini həyata keçirir.
    Buna görə sistem zatən işləyir və hamı razıdır. Buna görə var olanı böyütmək və işin davamı üçün ittifaqın işini, idarəçiliyini artıq bilən, kinonu bilən insan olaraq Əli İsa Cabbarov ən uyğun sədr namizədidir.

    Ssenarist Nicat Dadaşov

    Əli İsa Cabbarovu ən düzgün namizəd hesab edirəm. Çünki o, incəsənət adamlarının səsini həqiqətən eşidən, onları anlayan və hər zaman dəstək göstərən nadir insanlardandır. Kinematoqrafiya sahəsinin yaşadığı reallığı həm peşəkar, həm də insani baxımdan dərindən anlayır. Onun mədəniyyətə və yaradıcı insanlara münasibəti səmimi və davamlıdır ki, bu da onu digərlərindən fərqləndirir.

    Dəniz Pənahova
    Median.Az

  • Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU

    Xarici bank kartları ilə ictimai nəqliyyatda ödəniş MÜMKÜN OLDU

    Azərbaycanda xarici bank kartları ilə də ictimai nəqliyyatda ödəniş etmək mümkündür.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    Belə ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumundan (WUF13) öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər həyata keçirilə bilər. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı yaradılıb.

    Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.

    Həmçinin AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sərnişinlər üçün rəqəmsal ödəniş imkanlarını genişləndirərək, artıq xarici emissiyalı bank kartları ilə ödənişi mümkün edib.

    NFC texnologiyası əsasında tətbiq olunan təmassız ödəniş sistemi sayəsində sərnişinlər beynəlxalq bank kartlarından istifadə edərək turniketlərdən rahat və sürətli keçid edə bilərlər.

    Qeyd edək ki, Bakı metropolitenində NFC texnologiyasına əsaslanan ödəniş sisteminin tətbiqinə ötən ildən başlanılıb. Bu müddət ərzində ümumilikdə 31 milyon sərnişin NFC vasitəsilə ödəniş imkanından yararlanıb. Hazırda isə bu üsul metropolitendə həyata keçirilən bütün ödənişlərin təxminən 29%-ni təşkil edir.

    Bundan əlavə, Bakı şəhərində hərəkət metro, avtobus, dəmir yolu, aeroport ekspress marşrutu, taksi xidmətləri və mikromobillik vasitələri ilə rahat şəkildə təşkil olunur.

    Məlumata əsasən, metroda ödəniş üçün “BakıKart”, həmçinin mobil tətbiqlər, QR bilet və NFC təmassız ödəniş vasitələri ilə həyata keçirilə bilər.

    Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) keçiriləcəyi məkana ən yaxın metro stansiyası “Koroğlu”dur. Metro hər gün saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.

    Əlilliyi olan şəxslər üçün “Əlçatan Metro” xidməti də mövcuddur.

  • Mayda hava necə keçəcək? – AYLIQ PROQNOZ

    Mayda hava necə keçəcək? – AYLIQ PROQNOZ

    May ayına olan hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, may ayında havanın temperaturu tədricən yüksəlir.

    Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə təsiri nəticəsində temperatur və təzyiq fərqləri yaranır.

    Bu ilin may ayında orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olmasına baxmayaraq, ayrı-ayrı günlərdə intensiv yağışların yağması ehtimalı var.

    Ayın ilk günlərində bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağıntı gözlənilir. Birinci ongünlüyün ikinci yarısından etibarən isə əksər rayonlarda yağıntıların intensivləşəcəyi ehtimal olunur.

    Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 18–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 12–17°C, gündüzlər 20–25°C, bəzi günlərdə isə 27–32°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18–21 mm).

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 18–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 33–62 mm) gözlənilir.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 14–18°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (68–122 mm).

    Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 14–18°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 7–12°C, gündüzlər 15–20°C, bəzi günlərdə 25–30°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir(52–103 mm).

    Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 18–21°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 23–28°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 30–35°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (43–67 mm).

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 16–19°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 11–16°C, gündüzlər 20–25°C, bəzi günlərdə 28–33°C isti, dağlarda isə gecə 3–8°C, gündüz 15–20°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim norması daxilində, bəzi yerlərdə normadan bir qədər çox olacağı ehtimal olunur (26–166 mm).

    Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 19–22°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 13–18°C, gündüzlər 22–27°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 33–38°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 17–20°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 12–17°C, gündüzlər 21–26°C, ikinci və üçüncü ongünlüyün bəzi günlərində 29–34°C isti olacaq. Aylıq yağıntının miqdarının kiçik mənfi fəqrlə normaya yaxın olacağı gözlənilir (norma 26-62 mm).