Month: April 2026

  • Sələmçiliklə bağlı XƏBƏRDARLIQ – Ali Məhkəmə məlumat yaydı

    Sələmçiliklə bağlı XƏBƏRDARLIQ – Ali Məhkəmə məlumat yaydı

    Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.

    Bu barədə Ali Məhkəmə məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə başqa qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə müəyyən edilmiş qaydada və məbləğdə faiz tələb edə bilər. Yəni faizlə borc vermək prinsip etibarilə qanunla qadağan olunmur və fiziki şəxslər arasındakı bu münasibətlərə məişət dilində, adətən, “sələmçilik” deyilir. Əsas risklər bu münasibətlərin necə rəsmiləşdirilməsindən qaynaqlanır:

    “Praktikada fiziki şəxslər arasında borc münasibətləri çox vaxt qeyri-rəsmi şəkildə qurulur. Yazılı müqavilə tərtib olunmur və ya tərtib edilsə belə, əsas şərtlər – borcun məbləği, faiz dərəcəsi, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilmir. Bu isə mübahisə yarandıqda sübutetməni çətinləşdirir.

    Bundan əlavə, ödənişlərin nağd şəkildə və sənədsiz aparılması da ciddi problemlərə səbəb olur. Hər bir ödənişin qəbz, köçürmə sənədi və ya digər sübutlarla rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunması baxımından vacibdir.

    Digər mühüm məqam isə fəaliyyətin xarakteri ilə bağlıdır. Əgər şəxs davamlı və sistemli şəkildə müxtəlif şəxslərə faizlə borc verirsə, bu fəaliyyət artıq sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilə bilər. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyəti dövlət qeydiyyatından keçməklə gerçəkləşdirilməlidir. Əks halda, belə fəaliyyət qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyət yarada bilər.

    Məhkəmə təcrübəsindən görünür ki, borc verən şəxslərin davranışlarında qanunsuz sahibkarlıq fəaliyyəti və ya digər hüquq pozuntularının əlamətləri aşkar edildikdə məhkəmələr tərəfindən xüsusi qərardad qəbul edilərək, materiallar prosessual qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilir.

    Bu riskləri minimuma endirmək üçün aşağıdakı tövsiyələrə əməl etmək məqsədəuyğundur:

    – borc münasibətlərini mütləq yazılı müqavilə ilə rəsmiləşdirmək;

    – müqavilədə bütün mühüm şərtləri (məbləğ, faiz, müddət, qaytarılma qaydası və s.) aydın şəkildə göstərmək;

    – ödənişləri mümkün qədər bank vasitəsilə həyata keçirmək və ya digər formada sənədləşdirmək;

    – bu fəaliyyət mütəmadi xarakter daşıyırsa, onun hüquqi statusunu (sahibkarlıq kimi) qanunvericiliyin tələblərinə uyğun düzgün müəyyən etmək;

    Nəticə olaraq, faizlə borc vermək hüquqi baxımdan mümkündür, lakin bu münasibətlərin düzgün qurulmaması həm maliyyə itkilərinə, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Buna görə də belə əməliyyatlarda ehtiyatlı davranmaq və mümkün hallarda hüquqşünas məsləhəti almaq tövsiyə olunur”.

  • Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY

    Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY

    Azərbaycanda mənzil sahəsinin hesablanması tez-tez alıcılar üçün problem yaradır. Bəzi hallarda müqavilədə göstərilən rəqəmlə “Çıxarış” və faktiki ölçü arasında fərq olur. Bu isə alıcıların narazılığına və etimadsızlığa səbəb olur. Mütəxəssislər hesab edirlər ki, sahə ölçüləri dəqiq və şəffaf şəkildə müəyyən edilməlidir. Bəs mənzil sahəsi necə hesablanmalıdır və hansı göstərici əsas götürülməlidir?

    Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov Median.Az-a verdiyi açıqlamada bildirib ki, son bir neçə ildə vətəndaşlarla tikinti şirkətləri arasında mənzillərin sahəsinin hesablanması ilə bağlı müəyyən problemlər yaranmaqdadır.
    Onun sözlərinə görə, bu problemlər əsasən vətəndaşların bəzən bilmədən, bəzən isə bilərəkdən fərqli şərtlərlə mənzil almalarından qaynaqlanır. Yəni elə alıcılar var ki, müqavilə şərtlərini tam anlamadan razılaşır, digərləri isə mövcud fərqləri bilsələr də, buna şüurlu şəkildə razılıq verirlər.
    Ekspert qeyd edir ki, problemin kökündə tikinti şirkətləri ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən çıxarış (kupça) arasında yaranan sahə fərqi dayanır. Bu fərq əsasən ölçü metodologiyasındakı fərqlərdən irəli gəlir:
    “Belə ki, tikinti şirkətləri mənzili satarkən əksər hallarda sahəni xarici ölçülər üzrə hesablayırlar. Bu zaman mənzilin ümumi kvadratmetrinə yalnız yaşayış sahəsi deyil, həm də divar altları və hava boşluqları daxil edilir. Nəticədə müqavilədə göstərilən sahə real istifadə sahəsindən daha böyük görünür. Lakin çıxarış verilərkən yanaşma fərqli olur. Bu zaman yalnız mənzilin “net”, yəni faktiki istifadə olunan daxili sahəsi nəzərə alınır. Divar altları və hava boşluqları ümumi kvadrata daxil edilmir. Bu da avtomatik olaraq sahənin azalmasına səbəb olur.
    Digər mühüm məqam isə eyvanlarla bağlıdır. Tikinti şirkətləri bütün hallarda eyvan sahəsini də tam şəkildə mənzilin ümumi kvadratmetrinə daxil edirlər. Halbuki çıxarış hazırlanarkən eyvan sahəsi tam deyil, yalnız üçdə bir hissəsi nəzərə alınır. Məsələn, əgər eyvanın sahəsi 6 kvadratmetrdirsə, çıxarışda bunun cəmi 2 kvadratmetri qeyd olunur, qalan hissə isə hesaba alınmır”.
    A.Nəsirovun sözlərinə görə, bu kimi fərqlər müxtəlif amillərdən asılı olaraq dəyişə bilər:
    “Xüsusilə eyvanların sayı çox və sahəsi geniş olduqda, ümumi fərq daha da artır. Eyni zamanda, əgər mənzil ilkin satış zamanı “çöldən-çölə” prinsipi ilə hesablanıbsa, bu halda ümumi sahədə təxminən 14-15 faiz fərq yarana bilər.
    Məsələn, vətəndaş yeni tikilmiş binadan 100 kvadratmetr sahəsi olan mənzil aldığını düşünsə də, çıxarış əldə etdikdə bu sahənin təxminən 85-86 kvadratmetr olduğunu görə bilər. Yəni təxminən 14-15 kvadratmetr sahə divar altları və digər texniki amillərə görə çıxılır. Bu da alıcı üçün gözlənilməz vəziyyət yaradır və narazılıqlara səbəb olur”.
    Ekspert vətəndaşlara tövsiyə edir ki, mənzil alarkən müqavilə şərtlərinə diqqətlə yanaşsınlar, sahənin hansı üsulla hesablandığını əvvəlcədən dəqiqləşdirsinlər və mümkün riskləri nəzərə alsınlar.

  • Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)

    Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)

    İki gün öncə sinif yoldaşı tərəfindən üzərinə spirt tökülərək xəsarət yetirilən yeniyetmənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

    Məktəblinin həkimi vəziyyəti ilə bağlı “Xəzər Xəbər”ə danışıb.

    Mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib ki, məktəblinin vəziyyəti ağır olsa da, huşu özündədir.

  • Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər

    Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər

    İran Prezidenti Məsud Pezeşkian və parlamentin spikeri Məhəmməd Baqir Qalibaf ölkə rəhbərliyində ABŞ-yə qarşı növbəti addımlarla bağlı ciddi fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib ediblər.

    M.Pezeşkian və M.B.Qalibaf bu barədə “X” platformasında yazıblar.

    “Bizdə radikallar və mötədillər yoxdur. Hamımız iranlıyıq və inqilabçıyıq, xalqın və dövlətin polad birliyi, ali rəhbərə tam tabeçiliklə cinayətkar təcavüzkarı etdiklərinə peşman edəcəyik”, – deyə M.Pezeşkian qeyd edib.

    İslamabadda ABŞ ilə keçirilən danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən M.B.Qalibaf da eyni məzmunlu mesaj paylaşıb.

    Daha əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platfromasında İranda döyüş meydanında məğlub olan sərt xətt tərəfdarları ilə mötədillər arasında daxili mübarizənin getdiyini yazmışdı.

  • Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi

    Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin prokurorluq tərəfindən keçirilən əməliyyatla saxlanılan əməkdaşları hakim qarşısına çıxarılıblar.

    Bakı Hərbi Məhkəməsi prokurorun təqdimatını təmin edib. Qərara əsasən təqsirləndirilən şəxslərin hər biri-Araz Kərimli, Niyam Mədətsoylu, Etibar Əliyev, Şamil Alıyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar vəzifədən müvəqqəti kənarlaşdırılıblar.

    Onlar Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (mütəşəkkil dəstə tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

  • Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

    Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov ilə görüşüb.

    E.Qasımov bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

    “Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksəksəviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm”, – deyə o bildirib.

  • Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı

    Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı

    Azərbaycan güləşçisi Günay Qurbanova (59 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

    İdmançı üçüncü yer uğrunda qarşılaşmada Marta Getmanovaya (UWW) 7:5 hesabı ilə qalib gəlib.

    Avropa çempionatı aprelin 26-da başa çatacaq.

    Digər qadın güləşçilərdən Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (62 kq) və Birgül Soltanova (65 kq) sabah bürünc medal uğrunda qarşılaşmada qüvvələrini sınayacaqlar.

    Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.

  • Экс-посол Грузии в Азербайджане возглавит правительство Аджарии

    Грузинский президент Михаил Кавелашвили представил на должность председателя правительства Аджарии Зураба Патарадзе.

    Как передает Median.Az со ссылкой на News Georgia, об этом было объявлено сегодня на брифинге в администрации президента.

    Патарадзе уже возглавлял правительство Аджарии с 2016 по 2018 год. До последнего времени он был послом Грузии в Азербайджане.

    Кавелашвили заявил, что принял решение по согласованию с премьером Грузии Ираклием Кобахидзе.

    Для утверждения кандидатуру должны поддержать большинство членов Верховного совета Аджарии. Процедура формальная, поскольку у правящей “Грузинской мечты” в органе большинство.

    Кавелашвили подчеркнул, что в свое первое руководство регионом Патарадзе реализовало ряд крупных проектов, а на международной арене проявил себя как “защитник интересов” страны.

    “Зураб Патарадзе много лет плодотворно работал на дипломатической службе, где достойно защищал интересы Грузии на международной арене. Он уроженец Аджарии, хорошо знает потребности и потенциал региона”, – заявил президент.

    Патарадзе поблагодарил Кавелашвили и Кобахидзе за доверие.

    Патарадзе – кадровый дипломат. С августа 2018 года он работал послом Грузии в Азербайджане. До этого занимал посольские посты в Казахстане (2013-2016) и Турции (2012-2013), а также должность генерального консула в Стамбуле.

    В его послужном списке – работа в консульской службе МИД Грузии, а в 1990-х – служба в Центральном аппарате МВД Аджарской автономной республики и банковских структурах Батуми.

    Место главы правительства Аджарии стало вакантным из-за перестановок в силовом блоке – нынешнего председателя, Сулхана Тамазашвили, переводят на должность министра внутренних дел Грузии.

  • Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək

    Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək

    Gürcüstan Prezidenti Mixail Kavelaşvili Acarıstan hökumətinin sədri vəzifəsinə Zurab Pataradzenin namizədliyini irəli sürüb.

    Median.Az “News Georgia”ya istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasında keçirilən brifinqdə elan edilib.

    Z.Pataradze artıq 2016-2018-ci illərdə Acarıstan hökumətinə rəhbərlik edib. Son vaxtlara qədər o, Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

    M.Kavelaşvili bildirib ki, bu qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə razılaşdıraraq qəbul edib. Namizədliyin təsdiqlənməsi üçün Acarıstan Ali Şurası üzvlərinin əksəriyyəti ona səs verməlidir. Hakim “Gürcü Arzusu” partiyasının qurumda çoxluğa malik olması səbəbindən bu prosedur formal xarakter daşıyır.

    “Zurab Pataradze uzun illər diplomatik xidmətdə səmərəli fəaliyyət göstərib, Gürcüstanın maraqlarını beynəlxalq səviyyədə layiqincə qoruyub. O, əslən Acarıstandandır, regionun ehtiyaclarını və potensialını yaxşı bilir”, – deyə M.Kavelaşvili bildirib.

    Z.Pataradze peşəkar diplomatdır. 2018-ci ilin avqustundan Gürcüstanın Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Bundan əvvəl Qazaxıstanda (2013-2016) və Türkiyədə (2012-2013) səfir, həmçinin İstanbulda baş konsul vəzifələrini tutub.

  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

    Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi

    “Əhalinin böyük bir hissəsi ya qeyri-rəsmi işləyir, ya işsizdir, ya da gizli işsizlik vəziyyətindədir. Regionlarda 45 faizlik göstərici isə mütləq rəqəm kimi deyil, əmək müqavilələrinin ümumilikdə az olduğu bir sistem daxilindəki pay kimi qiymətləndirilməlidir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Akif Nəsirli Milli Məclisin deputatı Vüqar Bayramovun “əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır” fikrinə münasibət bildirərkən deyib.

    Ekspertin sözlərinə görə, məsələyə obyektiv yanaşmaq üçün bir neçə mühüm aspekt nəzərə alınmalıdır:

    “Rəqəmlərin özü tamamilə uydurma deyil, lakin onların seçilmiş və daha əlverişli kontekstdə təqdim edildiyi açıq görünür. Bu, klassik “texniki cəhətdən doğru, amma kontekstdən çıxarılmış” təqdimat üsuludur – göstəricilər mövcuddur, amma bütöv mənzərəni əks etdirmir. Vüqar Bayramovun açıqladığı rəqəmlər rəsmi statistikaya əsaslanır. Lakin bu rəqəmlərin kontekstdən kənar şərhi yanıltıcı ola bilər. Məsələn, 1 milyon 775 min əmək müqaviləsi ilə çalışan şəxsin ümumi əmək qabiliyyətli əhali (5 milyondan çox) fonunda payı kifayət qədər aşağı görünür”.

    Vüqar Bayramovun regionlarda yaşayan əhalinin illik gəlirlərinin 32 milyard manatdan çox olması ilə bağlı fikrinə də toxunan Akif Nəsirli bildirib ki, bu rəqəm adambaşına bölündükdə real mənzərə daha fərqli görünür:

    “Əgər regionlarda 3–4 milyon əhali yaşayırsa, bu məcmu gəlir adambaşına orta hesabla çox yüksək olmayan göstərici deməkdir. Üstəlik, bu gəlir bərabər bölünmür. İri müəssisələr və böyük sahibkarların qazancı ortalamanı süni şəkildə yüksəldə bilər”.

    İqtisadçı əlavə edib ki, Bakı ilə regionlar arasındakı fərqin azalması məsələsi uzun illərdir aktualdır:

    “Müstəqil iqtisadçıların və beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və Asiya İnkişaf Bankının hesabatları bu fərqin hələ də ciddi olduğunu göstərir. Bir sıra rayon mərkəzlərində infrastruktur, iş imkanları və gəlir səviyyəsi Bakı ilə müqayisədə xeyli geri qalır. Kəndlərdən isə ümumiyyətlə danışmağa belə ehtiyac yoxdur”.

    Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov 2024-cü ildə ölkə üzrə əmək müqaviləsi ilə çalışanların sayının 1 milyon 775 min nəfər olduğunu bildirib. Onun sözlərinə görə, bu şəxslərin 792 min 737-si regionlarda fəaliyyət göstərir:

    “Bu o deməkdir ki, əmək müqaviləsi ilə işləyənlərin 45 faizi regionlarda çalışır. Regionlarda yaşayan əhalinin illik gəlirləri isə 32 milyard manatdan çoxdur. Göründüyü kimi, iqtisadi siyasət regionların inkişafında dayanıqlılığı təmin edib və Bakı ilə bölgələr arasındakı fərqin mərhələli şəkildə azalmasına səbəb olub”.