Month: April 2026

  • “Livanı dərhal tərk edin!” – ABŞ-dən xəbərdarlıq

    “Livanı dərhal tərk edin!” – ABŞ-dən xəbərdarlıq

    ABŞ-nin Beyrutdakı səfirliyi Livandakı təhlükəsizlik vəziyyətini yaxından izləyir.

    Bu barədə səfirlik məlumat yayıb.

    Təhlükəsizlik vəziyyətinin mürəkkəb olaraq qaldığı və sürətlə dəyişə biləcəyi vurğulanır.

    “Biz ABŞ vətəndaşlarını kommersiya uçuşları hələ də mövcud olduğu müddətdə Livanı tərk etməyə çağırırıq. Livanı tərk etməməyi seçən ABŞ vətəndaşlarını təcili planlar hazırlamağa və hər hansı yeni inkişaf üçün xəbərləri izləməyə təşviq edirik”, – ABŞ səfirliyinin açıqlamasında deyilir.

    Hesabata görə, partlamamış hərbi sursat hərbi əməliyyatların aparıldığı ərazilərdə təhlükə yaradır.

  • Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? – AÇIQLAMA

    Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? – AÇIQLAMA

    “Bəzən deyirlər paytaxt köçürülsün, amma biz paytaxtın köçürülməsini rasional hesab etmirik”.

    Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarklıq komitəsinin sədri, deputat Azər Əmiraslanov deyib.

    O bildirib ki, paytaxtın köçürülməsi əvəzinə regionların inkişafı həyata keçirilməlidir: “İşğaldan azad edilmiş ərazilərimizə Böyük qayıdış regionların inkişafını tamamlayan böyük sənəddir. Eyni zamanda Naxçıvanda regional idarəetmə təkmilləşir, bələdiyyələr inkişaf edir”.

    Komitə sədri qeyd edib ki, iqtisadi rayonlaşma sahəsində yeniliklər həyata keçirilir: “İqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb ki, bu da regionların inkişaf etdirimləsi tədbirlərinin daha kompleks şəkildə inkişaf etdirilməsinə imkan verir”.

  • İsrail 200 milyon dollarlıq silah alır

    İsrail 200 milyon dollarlıq silah alır

    İsrail Müdafiə Nazirliyi müdafiə şirkəti “Elbit Systems”dən təxminən 200 milyon dollar dəyərində qabaqcıl hava sursatı sifariş edib. Bu satınalmalar İrana qarşı hərbi əməliyyatların bir hissəsidir.

    Bu barədə şirkət açıqlama yayıb.

    Qeyd olunur ki, “Elbit Systems” “hava silahları sahəsində texnoloji liderdir” və İsrail Müdafiə Nazirliyi ilə uzun müddətdir ki, tərəfdaşdır. Şirkətin sözlərinə görə, onun sursatları İsrail Hərbi Hava Qüvvələrinin hava üstünlüyünü təmin edən amillərdən biridir.

    “Haaretz” qəzetinin məlumatına görə, İsrail Müdafiə Nazirliyi razılaşmanın “silah sektorunda müstəqilliyi” gücləndirməyə və “təcili döyüş ssenariləri”nə və “intensiv onillik təhlükəsizliyin” hazırlığını artırmağa yönəldiyini açıqlayıb.

    İsrailin müdafiə naziri İsrael Katz isə bildirib ki, razılaşma ölkənin sursat təchizatında özünütəminatını gücləndirmək strategiyasının bir hissəsidir.

    Bu alışlar fonunda, Qəzzadakı müharibə səbəbindən İsrailə silah embarqosu tətbiq etmək üçün beynəlxalq çağırışlar davam edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 7 oktyabr 2023-cü ildən bəri İsrailin hücumları nəticəsində 72.652 nəfər həlak olub, daha 172.320 nəfər yaralanıb.
    //unikal.az

  • Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı

    Qanunsuz saxlanılan 4 avtomat, 18 tüfəng aşkarlandı

    Ötən gün vətəndaşlar tərəfindən qanunsuz saxlanılan silah-sursat aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aprelin 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 18 tüfəng, 4 patron darağı və 246 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü – Video

    Teleqüllə yaxınlığındakı qanunsuz tikililər söküldü – Video

    Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Teleqüllə yaxınlığındakı ərazisində, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən isə rayonun Firuzabad qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

    Müraciətlər əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin və müvafiq icra hakimiyyətləri nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

  • Bu ölkədə quş qripi aşkarlanıb – Minlərlə toyuq məhv edilir

    Bu ölkədə quş qripi aşkarlanıb – Minlərlə toyuq məhv edilir

    Yaponiyanın şimalındakı Aomori prefekturasında quş qripi epidemiyası aşkar edilib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bundan sonra təxminən 230 min toyuq məhv edilib.

    İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün 32 quşçuluq ferması ətrafında 10 km radiusda karantin zonaları yaradılıb. Hakimiyyət orqanları və ekspertlər ciddi iqtisadi nəticələrdən narahatdırlar.

    Xüsusilə, 2023-cü ildə oxşar bir epidemiya Yaponiyada yumurta qiymətlərinin kəskin şəkildə artmasına və mağazalarda qıtlığa səbəb olub.

  • 30 il əvvəlki qətlin üstü necə açıldı? – Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI – Video

    30 il əvvəlki qətlin üstü necə açıldı? – Taksi sürücüsünün amansızlıqla öldürülməsinin DƏHŞƏTLİ TƏFƏRRÜATI – Video

    Paytaxtda 30 il əvvəl baş verən qətlin üstü açılıb. Hadisə 1996-cı il aprelin 10-da qeydə alınıb.

    Median.Az Baku TV-yə istinadən xəbər verir ki, Şahin Cəlilovla Hidayət Qafarov əvvəlcədən qrup şəklində planlaşdıraraq metronun “Neftçilər” stansiyasının yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun maşınında müştəri qismində əyləşib və onu Qaraçuxur qəsəbəsi ərazisinə gətiriblər. Həmin şəxslər bir müddət sonra avtomobildə sürücünü boğaraq onu qətlə yetirib, mərhumun meyitini basdırıblar.

    Şahin Cəlilovla Hidayət Qafarov mərhuma məxsus avtomobili hissələrə bölərək satıb, əldə etdikləri pulu öz aralarında bölüblər.

    Cinayətin üstü 30 il sonra açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən meyitin basdırıldığı ərazidə baxış keçirilən zaman mərhuma məxsus meyit qalıqları (sümüklər) aşkar edilərək ekspertizaya təhvil verilib.

    Hadisənin şahidi olan qonşu Elşən Əhmədov bildirib ki, ərazidə qazıntı işləri aparılarkən əvvəlcə nə baş verdiyini anlamayıblar: “Sonradan öyrəndik ki, burada 1996-cı ildə cinayət hadisəsi törədilib. Sakinləri izahat verməyə çağırdılar. Hadisəni törədənlərdən biri – Hidayət qardaşının evi yaxınlıqda olduğu üçün buralara tez-tez gəlib-gedərdi, sakit insan idi”.

    Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydıqları məlumata əsasən, 2026-cı il aprelin 22-də Şahin Cəlilov və Hidayət Qafarov Azərbaycanın 2000-ci il sentyabrın birinədək qüvvədə olmuş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara ittiham elan edilib. İstintaq orqanının vəsatəti və prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

    Əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklər hansılardır?

    Əlillik sahəsində həyata keçirilən islahatlar nəticəsində artıq iki ildir ki, əlilliyin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı dəfələrlə artırılıb.

    Median.Az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

    Belə ki, Nazirlər Kabinetinin 11 may 2024-cü il tarixli Qərarı ilə müddət gözlənilmədən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməsinə əsas verən xəstəliklərin sayı 5-dən 73-ə çatdırılıb (https://e-qanun.az/framework/56880).

    Bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, xroniki böyrək xəstəliyi, mərkəzi sinir sisteminin miеlinsizləşmə ilə müşahidə olunan xəstəlikləri, autizm və bir çox hematoloji xəstəliklər, 18 yaşadək olan şəxslərdə şəkərli diabet və s. daxildir.

    Həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.

    Göndərişlər tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edilərək adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, göndərişi daxil edən tibb müəssisəsi və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.

  • Aİ rusiyalı məşhur müğənniyə sanksiya tətbiq etdi

    Aİ rusiyalı məşhur müğənniyə sanksiya tətbiq etdi

    Avropa İttifaqı rusiyalı məşhur müğənni Timatiyə (Timur Yunusov) sanksiya tətbiq edib.

    Müğənni Aİ-nin Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiya paketində şəxsi sanksiyalar siyahısına daxil edilib.

    Həmin siyahıda Sankt-Peterburqdakı Ermitaj muzeyinin direktoru Mixail Piotrovskinin də adı yer alıb.

  • Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

    Azərbaycanda “Son zəng” tədbirləri üçün TƏLƏBLƏR qoyuldu

    Azərbaycanda “Son zəng” tədbirlərinin keçirilməsi üçün tələblər müəyyənləşib.

    Bununla bağlı məktəblərə təlimatlar göndərilib.

    Təlimata əsasən, “Son zəng” tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

    Tədbir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

    Həmçinin təlimatda aşağıdakılar qeyd olunub:

    – “Son zəng” tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir;

    – “Son zəng” tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 08:00, 09:00 və ya 10:00-da başlamalı və ən geci 2 saat ərzində bitməlidir.

    “Son zəng” tədbirində aşağıdakı şəxslərin iştirakı mümkün hesab edilir:

    – 1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

    – Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

    – Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

    Bundan başqa, şagirdin geyimi, nizam-intizam və etik davranış tələbləri də müəyyənləşib:

    – Şagirdlər tədbirdə məktəbli formasında olmalıdırlar;

    – Məzunların xarici görünüşü təhsil müəssisəsinin intizam qaydalarına uyğun və səliqəli olumalıdır;

    – Bayağı musiqilərin səsləndirilməsinə yol verilməməlidir.

    Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir.

    Tədbirin açılışı Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

    Bundan başqa, təlimatda məktəbdaxili təşkilati tədbirlər və əlavə tələblər də qeyd olunub:

    Tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır;

    – Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır;

    Qeyd olunan tələblərlə bağlı pedaqoji şura iclası keçirilməli, müvafiq qərarlar qəbul edilməli və valideynlərin məlumatlandırılması məqsədilə təlimat hazırlanaraq məktəbin görünən guşələrində yerləşdirilməlidir. Valideynlər tədbirdən öncə maarifləndirilməlidir.
    //oxu.az