Month: April 2026

  • Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

    Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi

    Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbəri xadiməyə görə cərimələnib.

    Qaynarinfo-nun məlumatına görə, bir müddət əvvəl Milli Oftalmologiya Mərkəzində M.N. adlı xadimə iş zamanı yıxılaraq burnu sınıb. Xəsarət alan xanımın təzyiqi də qalxıb.

    O, Təcili və Təxirəsalınmaz Tibbi Yardım vasitəsi ilə xəstəxanaya yerləşdirilib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Milli Oftalmologiya Mərkəzinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyətinə mane olma) ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Milli Oftalmologiya Mərkəzinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştiraklarını təmin etməyiblər və bunun səbəbləri barədə məlumat verməyiblər.

    Məhkəmənin qərarı ilə Milli Oftalmologiya Mərkəzinin rəhbəri İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2.000 manat məbləğində cərimə edilib.

    Qeyd edək ki, 2006-cı ildən Mərkəzin direktoru Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovdur.

  • Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?

    Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?

    Cənubi Koreyada F-15K tipli iki qırıcı təyyarənin təlim uçuşu zamanı toqquşmasının səbəbi müəyyən edilib – pilotların havada selfi çəkməsi və video qeydləri aparması. 

    Bu barədə “The Independent” yazır.

    Qəza 2021-ci ilin dekabrında Tequ şəhəri yaxınlığında baş verib. Pilotlar xəsarət almayıb, lakin hər iki təyyarə zədələnib. Təmirin dəyəri təxminən 880 milyon vona (təxminən 550 min dollar) çatıb.

    İstintaqın məlumatına görə, pilotlardan biri bölmədəki son uçuşunu xatirə fotosu ilə yadda saxlamaq istəyib. Bazaya qayıdış zamanı digər pilot da öz təyyarəsindən foto çəkməyə başlayıb, daha sonra isə ekipajlardan biri video çəkməyi xahiş edib.

    Kadr üçün qırıcı təyyarələrdən biri kəskin manevr edərək yuxarı qalxma və çevrilmə hərəkəti edib. Bu isə təyyarələr arasındakı məsafəni kritik dərəcədə azaldıb. Toqquşmadan yayınmaq üçün hər iki pilot əks manevrlər etsə də, bu, kontaktın qarşısını ala bilməyib: bir təyyarənin qanadı digərinin quyruq hissəsinə dəyib.

    Hadisədən sonra pilotlardan biri xidmətdən uzaqlaşdırılıb. Ona təmir xərclərinin tam məbləği üzrə cərimə tətbiq edilib, lakin apellyasiyadan sonra cəza 90 faiz azaldılaraq təxminən 88 milyon vona endirilib.

    Eyni zamanda, audit nəticələrində uçuş zamanı foto və video çəkmənin uzun müddətdir nəzarətsiz qalan geniş yayılmış praktikası olduğu qeyd edilib.

    Hərbi Hava Qüvvələri hadisəyə görə üzr istəyib və oxşar insidentlərin qarşısını almaq üçün uçuş təhlükəsizliyi qaydalarının sərtləşdirildiyini açıqlayıb.
    //qaynar.az

  • Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız…

    Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız…

    Cari ilin ilk 3 ayı ərzində 261 nəfər adını dəyişdirib.

    Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, onlardan bir hissəsi yalnız adını, qalanlar isə adını və soyadını, eləcə də adını, soyadını və ata adını birlikdə dəyişdirib.

    “Qanvoy, Ulçin, Radə, Mamed, Nənəş, Kimyə, Cunaqız kimi adlar vətəndaşların arzusu əsasında dəyişdirilib”, – məlumatda qeyd olunub.

  • Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)

    Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)

    2025-ci ildə Azərbaycanda doğum əmsalının ən aşağı və ən yüksək olduğu rayonlar müəyyənləşib.

    Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ölkə üzrə ən aşağı göstərici Abşeron rayonunda qeydə alınıb. Burada hər 1000 nəfərə düşən doğum əmsalı 5,4 (2 328) təşkil edib.

    Belə ki, siyahıda növbəti yerlərdə Bakı şəhərinin Nəsimi rayonu (5,5) və Ordubad rayonu (5,7) qərarlaşıb.

    Ən aşağı göstəricilər sırasında həmçinin Sumqayıt şəhəri (5,9) və Naxçıvan şəhəri (6,4) də yer alıb.

    Bundan əlavə, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Yardımlı (14,2), Qobustan (14,0), Cəlilabad (13,9), Kəlbəcər (12,9), Xocalı (12,8), Astara (12,6), Laçın və Biləsuvar (12,3), Şamaxı (12,0), Ağcabədi, Ağdam, Xocavənd və Lerik (11,7), Ağsu və Bərdə (11,6), Tovuz, Sabirabad və Salyan (11,5), Göygöl, Ucar və Yevlax (11,3), Füzuli, Quba və Zərdab (11,2), Daşkəsən və Kürdəmir (11,1), Goranboy və Ağstafa (11,0), Samux, Ağdaş və Qəbələ (10,6), Şabran və Saatlı (10,5), İsmayıllı, Siyəzən və Göyçay (10,4), Tərtər, Şəmkir, Xaçmaz, Beyləqan və Hacıqabul (10,3), İmişli və Qubadlı (10,1), Cəbrayıl (10,0), Qazax (9,9), Gədəbəy və Oğuz (9,8), Qax (9,7), Şuşa və Masallı (9,6) və Qusar (9,5) rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub. Digər inzibati ərazi vahidləri üzrə isə bu göstərici ölkə səviyyəsindən aşağı olub.

  • Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

    Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

    Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “BMW” markalı minik avtomobilləri toqquşub.

    Qəza nəticəsində bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
    //unikal.az

  • Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?

    Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?

    Keyfiyyətli gecə yuxusu bəzən çətin əldə edilir və bu səbəbdən bir çox insan onu yaxşılaşdırmaq üçün qida əlavələrinə müraciət edir. Ən populyar əlavələrdən biri maqneziumdur – orqanizmdə yüzlərlə prosesdə, o cümlədən yuxunun tənzimlənməsində iştirak edən vacib mineral.

    Bu barədə “Eatingwell” yazır.

    Maqnezium yuxusuzluqla mübarizəyə kömək edir, neyromediator balansını bərpa edir, əsasən qlutamatı bloklayaraq və GABA aktivliyini artıraraq təsir göstərir. GABA (qamma-aminoyağ turşusu) sinir sistemini sakitləşdirən və rahatlanmanı təmin edən əsas neyromediatordur. Tədqiqatlara görə, maqnezium GABA fəaliyyətini gücləndirərək yuxuya getməyi asanlaşdırır.

    Yuxunu yaxşılaşdırmaq məqsədilə maqnezium qəbul edirsinizsə, ən çox tövsiyə olunan vaxt yatmazdan qısa müddət əvvəldir.

    “Yatmazdan 30–60 dəqiqə əvvəl maqnezium qəbul etmək orqanizmin yuxuya hazırlanması üçün optimal sayılır. Bu vaxt intervalı bədənin maqneziumu mənimsəməsinə və yuxu prosesinə hazırlanmasına imkan verir”, deyə diyetoloq Uitni Stüart bildirib.

    Diyetoloq Coanna Kats da bunu təsdiqləyir: “Araşdırmalara görə, maqnezium adətən gündə bir dəfə, axşam və ya yatmazdan 30–60 dəqiqə əvvəl qəbul edilir və bir neçə həftə davamlı istifadə olunur”.

    Maqneziumun yatmazdan əvvəl qəbulunun əlavə üstünlüyü də var: “Hər gecə eyni vaxtda qəbul yuxu siqnalını gücləndirir və orqanizmin bioloji ritmini tənzimləyir”, deyə Stüart əlavə edib.

    Mütəxəssislər yuxunun keyfiyyətini artırmaq üçün aşağıdakı vərdişləri də tövsiyə edir:

    * gündə ən az 7 saat yuxu;
    * hər gün eyni vaxtda yatmaq və oyanmaq (hətta həftəsonları da);
    * gün ərzində fiziki aktivlik;
    * yatmazdan əvvəl parlaq işıqdan uzaq durmaq;
    * yuxu şəraitini optimallaşdırmaq (sakitlik, qaranlıq və 18–20°C temperatur).

    Diyetoloqların fikrincə, maqnezium “möcüzə vasitə” deyil. O, yalnız düzgün yuxu rejimi və sağlam həyat tərzi ilə birlikdə daha effektiv nəticə verir.
    //qaynar.az

  • Bu yolda böyük çuxur yarandı – Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)

    Bu yolda böyük çuxur yarandı – Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)

    Paytaxt Bakı ərazisində yolda yaranan çuxur sürücülərdən birini ziyana salıb.

    Hadisə Hövsan yolunda baş verib. Belə ki, hərəkətdə olan “Chevrolet Cruze” markalı avtomobil yolda yaranan böyük çuxura düşüb.

    Avtomobilin təkəri partlayıb, eyni zamanda diski zədələnib.

    Nəticədə sürücüyə xeyli maddi ziyan dəyib.

    Qeyd edək ki, aidiyyəti qurum tərəfindən çuxurun yaxınlığına heç bir xəbərdarlıq nişanı yerləşdirilməyib.
    //unikal.az

  • “Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu” – Məhkəmə işi

    “Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu” – Məhkəmə işi

    Bakıda qadın gözəllik salonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə məhkəməsi başlayıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Cahan Çələbiyeva bildirib ki, təqsirləndirilən şəxs Samir Həsənovla 7 ay münasibətləri olub:

    “Samir özünü mənə tamam başqa cür qələmə vermişdi. Bundan sonra mənə fərqli nömrələrdən qadın zəng edib bildirirdi ki, onun həyatındayam. Daha sonra təhdidlər oldu. Mən də ayrılmaq qərarına gəldim. Samir məni izləməyə başladı. Telefonumdan ailəmin və mənim şəxsi fotolarımı götürüb onlarla şantaj etməyə başladı. O məni dəfələrlə ictimaiyyət içində döyüb təhqir edib. O məni öldürəcəyi ilə bağlı təhdidlər etməyə başladı. Buna görə də bir neçə dəfə polisə müraciət etmişəm və onu başı qanlı barəsində inzibati həbs cəzası verilib. Hadisə günü salona gəldi və mənə 9 bıçaq zərbəsi ilə xəsarət yetirdi.

    Onun ailəsi indiyə qədər mənim iş yerimə gəlib təzyiqlər göstərirlər. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və heç bir barışıq yoxdu. Məhkəmədən ona ən ağır cəzanın verilməsini xahiş edirəm”.

    Təqsirləndirilən şəxs isə zərərçəkmiş şəxsin yalan ifadə verdiyini bildirib.

    Məhkəmənin növbəti iclası mayın 7-nə təyin edilib.

    Qeyd edək ki, hadisə 2025-ci il noyabrında paytaxtın Nizami rayonu ərazisində yerləşən gözəllik salonunda baş verib.

    Məlumata görə, 39 yaşlı Samir Həsənov həmin salonda çalışan, tanışı – 30 yaşlı Cahan Çələbiyevaya şəxsi münasibətlər zəminində kəsici alətlə xəsarətlər yetirib.

    Hadisəni törətməkdə şübhəli bilinən S.Hasanov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Qadın kafi vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Samir Həsənova qarşı 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
    //unikal.az

  • Sabah hava necə olacaq?

    Sabah hava necə olacaq?

    Aprelin 24-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, duman olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.

    Havanın temperaturu gecə 8-12° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • Bu il yol qəzalarında 140 nəfər həlak olub

    Bu il yol qəzalarında 140 nəfər həlak olub

    Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında baş verən avtoqəzalarda 140 nəfər həlak olub.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, 2026-cı ilin yanvar-mart aylarında 252 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 319 nəfər zərər çəkib.

    Onlardan 140 nəfər həlak olub, 179 nəfər isə yaralanıb. Hadisələrin 42,9 faizi gecə, 37,7 faizi gündüz, 19,4 faizi isə toran vaxtı baş verib. Yol-nəqliyyat hadisələrinin 32,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

    Yol-nəqliyyat hadisələrinin 84,1 faizi yaşayış məntəqələrində baş verib. Bütün yol-nəqliyyat hadisələrinin 42,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,3 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,6 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,7 faizini, yaralananların isə 71,5 faizini kişilər təşkil edib.