Month: May 2026

  • Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA

    Azad olunmuş ərazilərdəki tarixi abidələrlə bağlı RƏSMİ AÇIQLAMA

    İşğaldan azad olunmuş ərazilərdə 705 tarix-mədəniyyət abidəsi Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dövlət qeydiyyatına alınıb. İşğal dövründə bu ərazilərə fiziki giriş mümkün olmadığı üçün siyahılar əvvəlki arxiv materialları əsasında tərtib edilsə də, torpaqlarımız azad olunduqdan sonra bölgədə monitorinqlər aparılıb.

    Bu sözləri “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum çərçivəsində keçirilən paneldə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli deyib.

    O qeyd edib ki, aparılmış monitorinqlər nəticəsində 575 abidənin vəziyyəti artıq qiymətləndirilib: “Abidələrin demək olar ki, hamısı müəyyən dərəcədə dağıntı və vandalizmə məruz qalıb, 68 abidə yer üzündən tamamilə silinib. Eyni zamanda, 114 abidə çox ağır dərəcədə dağıdılıb. Qalan abidələr isə müxtəlif həcm və miqyasda zərər görüb. Hazırda abidələrə dəyən zərərin hesablanması prosesi davam edir. İlkin rəqəmlərə görə, 434 abidəyə dəyən maddi ziyanın məbləği 700 milyon manatdan çoxdur”.

    Fariz Hüseynli monitorinqlər zamanı əvvəlki siyahılarda olmayan, lakin tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən 212 yeni obyektin də aşkar edildiyini diqqətə çatdırıb: “Ötən il bu obyektlərdən 44-ü artıq rəsmi siyahıya əlavə olunub və mühafizəsi təşkil edilib. Siyahıda olan 130-dan çox abidənin monitorinqi hələ ki, mümkün olmayıb. Bunun əsas səbəbi ərazilərin minalarla çirkəndirilməsi ilə bağlıdır”.

  • Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

    Yeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

    Paytaxtın küçə və prospektlərində mayın 4-dək aparılacaq təmir işləri ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

    4 nömrəli marşrut (“Nəriman Nərimanov” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

    20 nömrəli marşrut (Uşaq Klinik Xəstəxanası istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi – Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq). Əks istiqamətdə isə Mirəsədulla Mirqasımov küçəsi (son dayanacaq) – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

    61 nömrəli marşrut (9-cu mikrorayon istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

    83 nömrəli marşrut (“Gənclik” m/st istiqaməti): Səməd Vurğun küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Vaqif prospekti. Əks istiqamətdə isə Ceyhun Hacıbəyli küçəsi – Mirəsədulla Mirqasımov küçəsi – Səməd Vurğun küçəsi;

    85 nömrəli marşrut (“28 May” m/st istiqaməti): Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti. Əks istiqamətdə isə – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi;

    88 nömrəli marşrut (“Dərnəgül” m/st istiqaməti): Rəşid Behbudov küçəsi – Füzuli küçəsi – Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi. Əks istiqamətdə isə Azadlıq prospekti – Mirəsədulla Mirqasımov küçəsi – Mərdanov qardaşları küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Azadlıq prospekti;

    88A nömrəli marşrut (“Azadlıq prospekti” m/st istiqaməti): Səməd Vurğun küçəsi – Abbasqulu ağa Bakıxanov küçəsi – Ceyhun Hacıbəyli küçəsi ilə hərəkət edəcək.

  • Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib

    Rusiyanın Soçi hava limanında məhdudiyyətlər tətbiq edilib

    Rusiyanın Soçi hava limanında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    Məhdudiyyətlərin təhlükəsizlik səbəbi ilə tətbiq olunduğunu qeyd edilib.

    Aprelin 28-də Soçidən yola düşən sərnişin təyyarəsi dron təhlükəsi səbəbindən yenidən dayanacaq yerinə yönləndirilib. Söhbət N4-479 reysi ilə Omsk şəhərinə uçmalı olan “Nordwind Airlines” şirkətinə məxsus Boeing 737-800 təyyarəsindən gedir.

    Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 1-də Rusiya hava məkanını pozduqdan sonra 140-dan çox Ukrayna dronu məhv edilib. Bu dronlardan bəziləri Azov və Qara dəniz suları üzərində ələ keçirilib

  • Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

    Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb

    Ağdamda yol qəzası baş verib, ölənlər və yaralananlar var.

    APA-nın xəbərinə görə, hadisə rayonun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

    Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır xəsarət alıb.

    Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var

    Ağdamda ağır qəza: Ölənlər və xəsarət alanlar var

    Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

    Hərəkətdə olan VAZ-2107 və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi

    Bəzi mallar 5 illik müddətə idxal gömrük rüsumundan azad edildi

    Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, netto çəkisi 20 kiloqramdan az olmayan ilkin qablaşdırılmalar 2030-cü ilin sonuna qədər idxal gömrük rüsumundan azad edilib. Digər qablaşdırmalarda isə 15 %-lə gömrük rüsumuna cəlb ediləcək.
    Qərar bu gündən qüvvəyə minib.

  • Qurban ibadətində ən çox edilən səhvlər

    Qurban ibadətində ən çox edilən səhvlər

    İslam dünyasında xüsusi əhəmiyyətə malik olan Qurban bayramı paylaşma, yardımlaşma və mənəvi dəyərlərin ön plana çıxdığı günlərdən hesab olunur.

    Azərbaycanda da hər il geniş qeyd olunan Qurban bayramı ərəfəsində vətəndaşları ən çox maraqlandıran mövzular arasında qurbanlıq heyvanların seçimi, kəsim qaydaları, dini şərtlər və bu ibadətin mahiyyəti yer alır. Bununla yanaşı, son illərdə bayramın daha çox formal xarakter alması, sosial şəbəkələrdə nümayiş məqsədli paylaşımlar və qurban ibadətinin fəlsəfəsinin kölgədə qalması ilə bağlı müzakirələr də aktuallıq qazanır.

    Qurban ibadətinin İslamda əsas mahiyyəti və fəlsəfəsi nədir?

    Qurban kəsmək kimlər üçün vacib sayılır, kimlər üçün vacib deyil?

    Qurban kəsimi zamanı ən çox edilən səhvlər hansılardır?

    Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, islam dininə görə Qurban ibadəti sadəcə bir dini ritual, adət, ənənə deyil, həm də insanın Allaha münasibətinin, cəmiyyətə baxışının və daxili dünyasının göstəricisidir.
    Əkrəm Həsənov qeyd edib ki, əgər insanların imkanları varsa, Allaha iman edirsə, Qurban kəsməyin Allahın əmri olduğunu dərk edirsə, bunu icra edir, Qurban kəsib özünə, ailəsinə, ehtiyacı olan insanlarla paylaşır. Bir çox dini qruplar öz aralarında, ancaq özləri üçün kəsib paylayırlar və digər inanclı və ya inancsız insanları nəzərə almırlar, ama radikal olmayan dini qruplar imanlı, imansız fərqi olmadan Qurban kəsib ətindən ehtiyacı olanlara verirlər.

    “Ümumi olaraq, cəmiyyət bunu bir adət kimi icra edir. Ona görə də bu məsələyə həm dini mənbələr əsasında, həm də düşüncə baxımından geniş yanaşmaq lazımdır.
    Qurban ibadətinin əsas mahiyyətini anlamaq üçün ilk növbədə Qurana baxmaq lazımdır. Allah buyurur ki, onların nə əti, nə də qanı Allaha çatır, Allaha çatan yalnız sizin təqvanızdır. Bu fikir Həcc surəsinin 37-ci ayəsində açıq şəkildə ifadə olunur. Bu ayə qurbanın zahiri deyil, daxili tərəfinə diqqət çəkir. Yəni burada əsas məsələ heyvanın kəsilməsi deyil, insanın niyyəti, Allaha bağlılığı və itaət ruhudur. Bu həm də təkcə qurban bayramında yox, digər vaxtlarda da səndə olan nemətlərin digərləri ilə paylaşılması anlayışıdır”, — deyə ilahiyyatçı əlavə edib.

    Ə. Həsənov vurğulayıb:

    “Ancaq təəssüf ki, bu, qurbanlıqla bitir, digər vaxtlarda insanlar bir birləri ilə tam səmimi olaraq əldə olan nemətlərdən paylaşmırlar.
    Qurban ibadətinin kökü İbrahim peyğəmbərin (əleyhissalam) həyatına gedib çıxır. Oğlu İsmayılı qurban verməyə hazır olması sadəcə bir hadisə deyil, bu, insanın Allah qarşısında tam təslimiyyətinin simvoludur. Böyük İslam alimlərindən İmam Qəzali bu hadisəni şərh edərkən qeyd edir ki, qurban insanın daxilindəki özünü, yəni eqosunu, dünyaya bağlılığını qurban verməsinin rəmzidir”.

    Müasir dini düşüncədə də bu yanaşmanın davam etdiyini bildirən Ə. Həsənov deyib:

    “Məsələn, Fazlur Rahman və digər müasir tədqiqatçılar qurbanı sosial ədalət və paylaşma mexanizmi kimi izah edirlər.
    Peyğəmbərimiz (s.ə.s) buyurur ki, Adəm övladı Qurban bayramı günü qan axıtmaqdan daha sevimli bir əməl etməz. Bu hədis Tirmizi və İbn Macədə rəvayət olunub. Amma bu hədisi yalnız zahiri şəkildə başa düşmək doğru deyil. Burada məqsəd Allaha yaxınlaşmaqdır. Elə qurban sözünün özü də yaxınlaşmaq mənasını verir”.

    “Müasir psixologiya baxımından da bu ibadətin maraqlı tərəfləri var. İnsan paylaşdıqca, başqasının ehtiyacını ödədikcə beyində mükafat sistemi aktivləşir. Altruizm adlanan bu davranış forması insanın həm mənəvi, həm də psixoloji sağlamlığına müsbət təsir edir. Yəni qurban sadəcə dini deyil, sosial və psixoloji baxımdan da insanı saflaşdıran bir prosesdir”.

    İlahiyyatçı bildirib ki, qurban kəsməyin kimlər üçün vacib olmasına gəldikdə isə, İslam hüququnda bu məsələ daha konkret şəkildə izah olunub. Hənəfi məzhəbinə görə, müəyyən maddi imkanı olan, yəni nisab miqdarında malı olan, borc içində olmayan və əsas ehtiyaclarından artıq imkanı olan müsəlmana qurban vacib sayılır. Bu gün aldığı az məvaciblə banklara borclu olan insanların əlavə borca girib qurban kəsməsi şəri cəhətdən məqbul hesab edilmir. Çünki, Allah təala heç kimə gücünün çatmadığı əmri icra etdirmir. Məcbur deyil ki, borcla qurban alıb kəsəsən. Ona görə də bəzi məzhəblərdə bu əməl vacib deyil, güclü sünnə kimi qəbul edilir. Burada əsas prinsip insanın gücüdür. Quranda açıq şəkildə deyilir ki, Allah heç kəsə gücünün çatmadığını yükləməz. Bu, Bəqərə surəsinin 286-cı ayəsində qeyd olunur.
    Bu məsələdə çox önəmli bir məqam var. Qurban kəsmək imkanı olmayan insanın özünü sıxıntıya salması doğru deyil. İbn Teymiyyə və digər alimlər qeyd edirlər ki, borc alıb qurban kəsmək ibadətin ruhuna ziddir. Çünki bu ibadət rahatlıq, paylaşma və şükür üzərində qurulub, özünü çətinliyə salmaq üzərində yox.

    “Qurban kəsimi zamanı edilən səhvlərə gəldikdə isə, burada həm dini, həm də etik problemlər var. Ən çox rast gəlinən səhvlərdən biri niyyət məsələsidir. Qurban ibadəti bəzən sosial şəbəkələrdə nümayiş xarakteri alır. İnsanlar qurbanı paylaşmaq üçün deyil, göstərmək üçün edirlər. Halbuki Quranda riya, yəni özünü göstərmək üçün edilən ibadət sərt şəkildə tənqid olunur.
    Digər bir səhv heyvanın seçimi ilə bağlıdır. Peyğəmbərimiz (s.ə.s) qurbanlıq heyvanın sağlam, qüsursuz və müəyyən yaş həddinə çatmış olmasını şərt qoyub. Bu barədə hədislərdə açıq şəkildə qeyd olunur ki, kor, xəstə, arıq və ciddi qüsuru olan heyvanlar qurban üçün uyğun deyil.
    Bir başqa mühüm məsələ kəsim prosesinin özüdür. İslamda heyvana əziyyət vermək qadağandır. Peyğəmbərimiz (s.ə.s) buyurur ki, sizdən biri qurban kəsəndə bıçağını itiləsin və heyvana əziyyət verməsin. Bu, həm dini, həm də etik məsələdir. Müasir heyvan hüquqları ilə bağlı yanaşmalar da bu prinsiplə üst-üstə düşür.
    Ən çox unudulan məsələlərdən biri isə qurbanın paylaşılmasıdır. Qurbanın əsas fəlsəfəsi ehtiyacı olan insanlara yardım etməkdir. Əgər qurban yalnız ailə daxilində qalırsa və sosial faydaya çevrilmirsə, onun mahiyyəti zəifləyir. Böyük islam alimləri qurban ətinin üç hissəyə bölünməsini tövsiyə ediblər: bir hissəsi ailəyə, bir hissəsi qohumlara, bir hissəsi isə kasıblara verilməlidir”, — Həsənov vurğulayıb.

    İlahiyyatçı sonda bu gün ən ciddi problemlərdən bəhs edərək deyib:

    “Qurbanın ruhunun unudulması da ən ciddi problemlərdən biridir. İbadət formal olaraq yerinə yetirilir, amma onun arxasındakı düşüncə, hikmət və məqsəd diqqətdən kənarda qalır. Halbuki qurban insanı dəyişdirməlidir. Əgər bu ibadətdən sonra insan daha mərhəmətli, daha paylaşan və daha məsuliyyətli olmursa, deməli burada ciddi bir boşluq var.
    Başa düşməliyik ki, qurban ibadəti sadəcə bir heyvan kəsmək deyil. Bu, insanın öz nəfsini tərbiyə etməsi, Allaha yaxınlaşması və cəmiyyətə faydalı olması üçün bir fürsətdir. Bu ibadəti doğru anlamaq və doğru yaşamaq həm dini, həm də insani məsuliyyətdir”.

    Dəniz Pənahova
    Median.Az

  • İstehlakçı qorxusu, yoxsa yanlış məlumat? Toyuq qalmaqalı araşdırıldı

    İstehlakçı qorxusu, yoxsa yanlış məlumat? Toyuq qalmaqalı araşdırıldı

    Son dövrlərdə marketlərdə satışa çıxarılan dondurulmuş toyuq məhsulları ilə bağlı istehlakçılar arasında narahatlıq yaradan məsələlərdən biri də qablaşdırmadan sızan qırmızı mayedir. İlk baxışda bu maye qan kimi göründüyü üçün bir çox alıcıda məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı suallar yaradır.

    Bununla belə, məhsulun düzgün saxlanmaması, temperatur rejiminin pozulması və ya gigiyenik qaydalara əməl olunmaması hallarında bu cür sızmalar daha ciddi problemlərin göstəricisi də ola bilər.

    Dondurulmuş toyuq məhsullarından sızan qırmızı maye tam olaraq nədir, tərkibi nədən ibarətdir?

    Bu hal məhsulun keyfiyyətsiz və ya xarab olmasının göstəricisi ola bilərmi?

    Toyuq ətinin düzgün saxlanma temperaturu və müddəti nə qədər olmalıdır?

    Ərimiş və yenidən dondurulmuş məhsulların təhlükəsi nədən ibarətdir?

    Mövzu ilə bağlı Median.Az-a danışan qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov suallarımızı cavablayıb.
    Ağa Salamovun sözlərinə görə, vətəndaşlar hər şeyə reaksiya verirlər. Toyuq barədə bilən də, bilməyən də danışdı və xalqın həssas nöqtələri ilə oynadılar.

    Mütəxəssis qeyd edib ki, dondurulmuş toyuqda qırmızı maye olmalıdır və təbiidir. Çünki toyuq kəsimdən sonra başından xeyli qan axır. Həmin qan da yuyulmalıdır. Eyni zamanda toyuqlar kəsimdən sonra isti buxara daxil olaraq tükləri xüsusi şotka vasitəsilə təmizlənir. Nəticədə, onun tərkibinə su dəyir.

    “Nəzərə alsaq ki, toyuq təzə kəsilib və qablaşdırılmaya gedir, bu zaman da miaqlabin piqmenti olur. Bu da qana qırmızı rəngi verən piqmentdir. Həmin zülal da qabın içinə axır və təbii bir prosesdir. Çox vaxt bu prosesi qorxunc bir hal kimi qələmə verirlər”, — deyə baş mütəxəssis əlavə edib.

    Dondurulmuş toyuqların içində olan buz məsələsinə də toxunan A. Salamov deyib:

    “Bəzən vətəndaşlar düşünür ki, toyuğun qablaşdırılmasında və ya içində buz varsa, deməli, toyuq bir neçə dəfə dondurulub və buzu açılıb. Xeyr, bu səhv yanaşmadır. Çünki bu, əslində işbazlıqdır. Paketə su vurub onu donduranda bir dəfə edilən bir proses olur. Həmin toyuqlar kəsiləndə də çox vaxt onun döş hissəsindən buz çıxır. Bu, işbazlıq növüdür. Amma buzun iki dəfə açılması sayılmır”.

    Buzu açılıb yenidən dondurulmuş toyuqları ayırd etmək üçün istehlakçılar buna diqqət etməlidir:

    “Toyuğun üst hissəsində buz yanığı kimi təbəqə əmələ gəlir. Toyuq bir neçə dəfə dondurulub buzu açılanda keyfiyyətini itirmiş halda və rəngi bulanıq şəkildə görünür”.

    “Toyuq qablaşdırıldıqda, parça, salfet kimi bez əlavə olunur. O, qanı çəkmək üçün nəzərdə tutulub. Onu sıxdıqda da çəhrayı rəngli qanı müşahidə edəcəksiniz. Burada qorxulu heç nə yoxdur. Ümumiyyətlə, toyuq, balıq, mal əti riskli məhsullar kateqoriyasına aiddir. Bunlar maksimum müsbət 2/4 soyuducusunda saxlanılmalıdır. Bu dərəcələrdə saxlanılan toyuqların 48 saat ömrü var. Lakin dondurucuda saxlanılan toyuqları aylarla (3-4 ay) saxlamaq mümkündür və heç bir sıxıntı da yaratmır”, — deyə Ağa Salamov sonda bildirib.

    Dəniz Pənahova
    Median.Az

  • “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” təsdiq edilib

    “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” təsdiq edilib

    “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası” təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, aidiyyəti dövlət orqanları (qurumları) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, publik hüquqi şəxslər “Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın həyata keçirilməsi istiqamətində aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təmin etməlidir.

  • Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı – YENİLƏNİB

    Bakıda məktəbdə zəhərlənməyə görə araşdırma başladıldı – YENİLƏNİB

    Xətai rayonu ərazisində yerləşən 257 nömrəli məktəbə şagirdlərdən biri tərəfindən gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Xətai Rayon Polis İdarəsində təhqiqat araşdırması başlayıb. Polis əməkdaşları tərəfindən həmin salfet müvafiq ekspertizaya təqdim olunması üçün götürülüb. Araşdırmalar davam etdirilir.

    * * * * *

    Bakının Xətai rayonunda yerləşən 257 nömrəli tam orta məktəbdə kütləvi zəhərlənmə olub.

    Bu barədə telejurnalist Aytən Səfərova məlumat yayıb. O bildirib ki, şagirdlərin xlordan zəhərləndiyi deyilir. Məktəbə təcili yardım briqadası cəlb olunub.

    Məktəbdən verilən açıqlamaya görə isə, 5-ci sinif şagirdləri arasında nəm salfetlərdən allergik reaksiyalar baş verib. Bu səbəbdən həmin uşaqlara təcili yardım çağırılıb. Onların vəziyyəti qənaətbəxşdir.