Bayram günlərində baş vermiş hadisələrdə 13 nəfər ölüb – Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən Ramazan və Novruz bayramları ilə əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 380 yanğına çıxış, beş avtonəqliyyat qəzası, üç partlayış faktı və subasmalarla bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 11-i azyaşlı olmaqla 45 nəfər xilas edilib, 14 nəfər xəsarət alıb, hadisələr zamanı 13 nəfər həyatını itirib, intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə köməksiz vəziyyətdə qalan 210-u azyaşlı olmaqla 766 nəfər, yanğın zamanı isə 35 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.