ABŞ-nin “OpenAI” şirkəti yeni əsas çatbot modeli olan “GPT-5.5 Instant”ı təqdim edib.
Bu barədə məlumat “OpenAI”nin rəsmi saytında yayımlanan press-relizdə yer alıb.
Məlumata görə, “GPT-5.5 Instant” artıq “ChatGPT”nin pulsuz istifadəçiləri üçün standart modelə çevriləcək və cari ilin mart ayında təqdim edilmiş “GPT-5.3 Instant” versiyasını əvəz edəcək. Əvvəlki versiya ödənişli abunəçilər üçün daha üç ay seçim variantı kimi aktiv qalacaq.
Şirkət qeyd edir ki, yeni model daha ağıllı, anlaşılan və fərdiləşdirilmiş cavablar təqdim edir. Daxili sınaqların nəticələrinə əsasən, tibb, hüquq və maliyyə sahələri üzrə yanlış məlumatların sayı 52.5%, ümumi qeyri-dəqiqliklər isə 37.3% azalıb.
Texniki göstəricilərdə də ciddi artım müşahidə olunur. Belə ki, model “AIME 2025” riyaziyyat testində 81.2 bal toplayıb (əvvəlki modeldə bu göstərici 65.4 idi). “MMMU-Pro” çoxmodallı düşünmə testində isə nəticə yüksələrək 69.2 baldan 76 bala çatıb.
“OpenAI”, həmçinin bildirib ki, yenilənmədən sonra “ChatGPT” bütün modellər üzrə istinad mənbələrini göstərəcək. Bu da istifadəçilərə cavabların hansı məlumatlara əsaslandığını daha aydın şəkildə anlamağa imkan verəcək.
