Roma Papası banka zəng etdi, əməkdaş isə telefonu onun üzünə bağladı

Bank əməkdaşı Roma Papasının telefon zənginə şübhə ilə yanaşaraq dəstəyi onun üzünə asıb.

Bu qeyri-adi hadisə barədə “The New York Times” qəzeti məlumat yayıb.

2025-ci ilin ortalarında baş vermiş insidenti pontifikin yaxın dostu, keşiş Tom Makkarti mətbuata açıqlayıb. Hadisə Papa XIV Leonun seçilməsindən təxminən iki ay sonra baş verib. Belə ki, pontifik bank hesabındakı əlaqə detallarını yeniləmək qərarına gəlib.

Telefon danışığı zamanı Papa özünü dünyəvi adı – Robert Prevo kimi təqdim edib və bütün yoxlama suallarına doğru cavab verib. Lakin bank əməkdaşı onun ünvanını və telefon nömrəsini məsafədən dəyişməkdən imtina edərək, müştəriyə şəxsən filiala yaxınlaşmağı tövsiyə edib. Papanın bunun qeyri-mümkün olduğunu bildirməsi də nəticəni dəyişməyib.

Sonda pontifik “Mənim Roma Papası Leo olduğumu bildirsəm, nəsə dəyişəcək?” deyə soruşub. Bu sözlərdən dərhal sonra bank işçisi zəngin zarafat olduğunu düşünərək dəstəyi asıb.