Əfqanıstanda Novruz şənliyində terror: Ölən və yaralılar var – YENİLƏNİB

Kabildə Novruz şənliyi zamanı törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı altı nəfərə çatıb. Xəstəxanalarda 23 yaralının olduğu deyilir.

Bu haqda “RİA Novosti” 1TV telekanalına istinadən məlumat yayıb.

* * * * *

Əfqanıstanın paytaxtı Kabildə şiyə ziyarətgahı yaxınlığında keçirilən Novruz şənliyində üç partlayış törədilib.

Hadisə nəticəsində azı iki nəfərin həlak olduğu, 14 nəfərin yaralandığı bildirilir.

Bu haqda “Xinhua” agentliyi yerli KİV-ə istinadən məlumat yayıb.

İlk partlayış yerli vaxtla 09.30 radələrində Cəməl Mina rayonunda yerləşən mərkəzi dairəvi yolun yaxınlığında baş verib. Bir müddət sonra Karti-Səki adlı yerdə ardıcıl iki partlayış qeydə alınıb.

Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.