Category: Avto

  • Gələn ildən öz avtomobillərimiz olacaq

    Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri olan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodu mart ayından istehsala başlayacaq. Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

    O bildirib ki, zavodda artıq son avadanlıqlar quraşdırılır: “İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Bu avtomobillər, əsasən yerli bazarda satışa çıxarılacaq. Xarici ölkə bazarlarına çıxış imkanları da araşdırılır. Bu istiqamətdə bir neçə ölkə, o cümlədən Rusiya ilə danışıqlar aparılır”.

    2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulduğunu deyən Emin Axundov qeyd edib ki, “Azərmaş” ASC ölkəmizin digər bölgələrində də avtomobil sənayesinin yaradılmasında maraqlıdır.

    Qeyd edək ki, müasir texnologiyalar əsasında qurulan “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodunda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal olunacaq.

    Azərbaycan Prezidentinin 2015-ci il tarixli Sərəncamına əsasən yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışı 2017-ci il sentyabrın 24-də olub.

  • “NAZ-Lifan” istehsalı dayandırıb? – Bir ildə cəmi 30 maşın…

    Hələ 2017-ci ilin martında Naxçıvan Avtomobil Zavodunda (NAZ) istehsalın dayandırdığı barədə məlumat vermişdik. 

    Median.Az xəbər verir ki, həmin vaxt Modern.az-a danışan zavodun icraçı direktoru Musa Abdullayev 2017-ci ilin 3 ayı ərzində cəmi 3 avtomobil satdıqlarını açıqlamışdı. Bu açıqlama üzərinə qınaq obyektinə çevrilən zavod rəsmisi, çarəni jurnalistləri zavoda toplayaraq, hələ də fəaliyyətdə olmaları təsəvvürü yaratmaqda gördü.

    Amma rəsmi statistika bu göstərilənlərin əsassız olduğunu bir daha sübut edir. Belə ki, Naxçıvan İqtisadiyyat Nazirliyinin açıqladığı rəsmi statistikada göstərilib ki, yanvar-iyul aylarında zavodda cəmi 30 ədəd minik avtomobili yığılıb. Bu rəqəm həm də bütövlükdə 2017-ci ili əhatə edir.

    Modern.az rəsmi rəqəmlərə istinadən bir daha icraçı direktor Musa Abdullayevə müraciət edib. M.Abdullayev isə bu barədə danışmaq istəmədiyini əsəbi şəkildə qeyd edib:

    “Kim nə istəyir yazsın, mən şərh verməyəcəm. Nə sualınız varsa, Naxçıvan İqtisadiyyat Nazirliyinə müraciət edin”.

    Xatırladaq ki, zavodda 2016-cı ildə ümumilikdə 1200 avtomobil istehsalı nəzərdə tutulsa da, 270 avtomobil istehsal olunmuşdu.

    Sifarişlərin artdığı vaxtda “NAZ-Lifan” avtomobili alan qurumlar sırasında Təhsil Nazirliyi, “Xəzər Dəniz Gəmiçiliyi” QSC, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti, “Azpetrol”, Dövlət Neft Şirkəti, “Cahan Holding” və başqaları var idi.

    Naxçıvan Avtomobil Zavodunda (NAZ) 8 modeldə minik avtomobilinin istehsalı nəzərdə tutulmuşdu. Bunlar “NAZ-Lifan 720”, “NAZ-Lifan 820” (Premium modellər), “NAZ-Lifan 620”, “NAZ-Lifan 630” (sedan modellər), “NAZ-Lifan X50” və “NAZ-Lifan X60” (SUV), “NAZ-Lifan 320” və “NAZ-Lifan 330” (mini) modelləridir.

    “NAZ-Lifan 720” (sürət qutusu mexaniki) modelinin qiyməti 14 min manatdan, “NAZ-Lifan 820” modelinin (sürət qutusu avtomat) qiyməti 22 min manatdan başlayır. Bu avtomobillər şəhəriçi 100 kilometrə 8-9 litr yanacaq işlədir.

    Onu da qeyd edək ki, NAZ avtomobillərinin ehtiyat hissələri Çinin avtomobil zavodundan gətirilirdi.

  • Azərbaycanda avtomobillərin qiyməti qalxıb

    Ötən il avtomobillərin qiymətləri 2016-cı illə müqayisədə 7,1% bahalaşıb. 

    Median.Az rəsmi statistikaya istinadən xəbər verir ki, avtomobillərin ehtiyat hissələrinin dəyərində 11,9 faizlik artım qeydə alınıb. 
    Yanacaq məhsulları (benzin və dizel yanacağı) 8, 2 faiz bahalaşıb. 

    Xatırladaq ki, hesabat ilində avtomobillərin istehsalı 88,9 faiz azalıb. İdxal iki dəfə artıb. 

  • Yol polisinin “BMW”-ləri satışa çıxarıldı – QİYMƏT

    Azərbaycanda dövlət qurumlarının bir sıra nəqliyyat vasitələri hərraca çıxarılıb.

    Bu barədə oxu.az-a Əmlak məsələləri dövlət komitəsindən məlumat verilib.

    Hərraca çıxarılan avtomobillər arasında Daxili İşlər Nazirliyinin tabeliyində olan “BMW-320” markalı avtomobillər də var.

    Komitənin dərc etdiyi siyahıda 2007-ci ildə istehsal edilən “BMW-320”-nin hərrac qiyməti 5200 manatdan başlayır.

    DİN-nin tabeliyində olan və satışa çıxarılan “BMW-320” markalı avtomobillərin sayı yeddidir. Hərrac fevralın 13-də keçiriləcək.

    Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

  • Avtomobil idxalı iki dəfə artıb

    Ölkəyə gətirilən avtomobillərin sayı artıb.

    Dövlət Statistika Komitəsindən oxu.az-a verilən xəbərə görə, 2017-ci il ərzində Azərbaycana ümumilikdə 13 098 ədəd avtomobil idxal olunub.

    2016-cı ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 7 352 ədəd və ya 2,28% artıb.

    Ölkəyə gətirilən avtomobillərin 187 ədədi sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 11 610 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş avtomobillər və digər motorlu nəqliyyat vasitələri, 1 227 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 74 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

  • Elektriklə işləyən maşınlar: 100 km-ə cəmi 1 manat – VIDEO

    Türkiyə istehsalı yerli avtomobillərin detalları məlum olub.

    Yenicag.az türk mediasına istinadən xəbər verir ki, elektriklə işləyəcək maşınlar 5-6 saat enerji yığdıqdan sonra istənilən yerə gedə biləcək. Bu texnologiya ilə 100 km məsafə üçün cəmi 2 lirə (1 manat) vəsait lazım gələcək. Beləliklə, Türkiyədə az gəlirli vətəndaşlar da avtomobil sahibi ola biləcək.

    Qeyd edək ki, ilkin mərhələdə bu maşınlar 160, daha sonrakı mərhələdə isə 180 km/saat sürətlə hərəkət edəcək. Fərqli modellər üçün hətta sürət həddi 280 km/saat-a qədər qalxacaq.

  • Rayonlarda maşın bahalaşıb – VİDEO

    Bölgələrdə maşınların qiyməti bahalaşıb.

    Artım daha çox ikinci əl avtomobillərin qiymətindədir.

    Ən böyük maşın bazarlarından biri olan Bərdənin avtomobil bazarında həftədə iki dəfə satış həyata keçirilir. Bazarda ən çox qiymət artımı ikinci əl və ya Rusiya istehsalı olan avtomobillərdədir.

    Bazarda daha çox buraxılış ili köhnə olan maşınlara rast gəlinir. Ən çox satılan da bu avtomobillərdir.

    Qiymətin bahalaşması isə alıcılıq qabiliyyətinə təsri göstərməyib. Satıcılar yaxın günlərdə avtomobillərin qiymətinin daha da bahalaşacağını deyir. Buna səbəb kimi avtomobil rüsumlarının artmasıdır.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı

    Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı

    Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

    Median.Az xəbər verir ki, unikal.org-un əməkdaşının avtomobil bazarında apardığı araşdırmaya görə, ili 1993-1999-cü il olan “Mercedes” markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşıb.

    3 ay əvvəl buraxılış ili 1998-ci il olan “Mercedes” E 220 -nin satış qiyməti 6500-7500arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

    3 ay əvvəl buraxılış ili 1996-ci il olan “Mercedes” E 230 -nin satış qiyməti 5500-6500 olduğu halda, hazırda qiyməti 8500-9500 arasında dəyişir.

    3 ay əvvəl buraxılış ili 1997-ci il olan “Mercedes” C 180-nin satış qiyməti 6500-7500 civarında idisə, hazırda qiyməti 8500-11500 arasında dəyişir.

    3 ay əvvəl buraxılış ili 2007- ci il olan “Hyundai Sonata” satış qiyməti 10 000-11500 arasında dəyişirdisə, hazırda qiyməti 13500-14500 manatadır.

    Bununla belə, “Opel”, “Nissan”, “KİA”, “Lada” (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

    Avtomobil alverçiləri qiymətlərin son 3 ayda artığını qeyd edir və buna səbəb kimi ehtiyat hissələrinin bahalaşmasını göstərirlər:

    “Avtomobillərin ehtiyat hissələri ölkəyə çox baha gətirilir. Bununla belə, avtomobil yağları, təkərlərinin qiymətində də bahalaşma var. Avtomobil satışa hazır edilməsi üçün məcburi ehtiyat hissələri yeniləndiyi üçün qiymətlərdə bahalaşma müşahidə olunur. Yanvar ayının 1-dən tətbiq olunan idxal gömrük rüsumunun artımı avtomobillərin qiymətinə daha kəskin təsir göstərəcək”.

    Mütəxxəsislər qiymətlərin bahalaşmasına baxmayaraq, bu sahədə durğunluğun da müşahidə edildiyini deyirlər: “Qiymətlər baha, alver isə yoxdur. Əvvəllər avtomobili olmayanlar, bazara tez-tez üz tuturdularsa, hazırda bazarda yalnız avtomobillərini barter edən, yaxud satıb, başqası ilə əvəzləyənlərə daha çox rast gəlinir”.

    Qeyd edək ki, Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu bu ilin yanvarın 1-dən artırılıb. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

  • Ölkəyə avtomobil gətirənlərin nəzərinə! – Gömrük rüsumu artdı

    Ölkəyə avtomobil gətirənlərin nəzərinə! – Gömrük rüsumu artdı

    Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən bu gündən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb.

    “Qafqazinfo” xəbər verir ki, yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar olacaq.

    Bundan öncə isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.

    1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu kateqoriyalarda olan təzə minik avtomobilləri üçün 0,40 dollar, işlənmiş avtomobillər üçün isə 0,70 dollar sabit qalıb.