Category: Cəmiyyət

  • İstirahət günü hava necə olacaq?

    İstirahət günü hava necə olacaq?

    Mayın 3-də gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

  • Ürəyiniz sağlam, ömrünüz uzun olsun – Alimlər çarəni tapdı

    Ürəyiniz sağlam, ömrünüz uzun olsun – Alimlər çarəni tapdı

    Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliyi ilə aparılıb.

    Araşdırma zamanı alimlər təbii berberin birləşməsi əsasında hazırlanmış eksperimental maddə – mitorubinin təsirini öyrəniblər. Bu maddə bəzi dərman preparatlarında istifadə olunur və müxtəlif bitkilərin tərkibində mövcuddur. Təcrübələr siçan hüceyrələri üzərində aparılıb ki, maddənin hüceyrə enerjisinə təsiri müəyyənləşdirilsin.

    Alimlərin sözlərinə görə, yaş artdıqca hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin sayı azalır və funksiyası zəifləyir. Bu isə ürək əzələsinin vəziyyətinə mənfi təsir göstərir. Araşdırma göstərib ki, mitorubin MITOL molekullarının səviyyəsini artırır. Bu molekullar mitoxondrilərin “keyfiyyətinə nəzarət” edir və onların sayının artmasına kömək edir.

    Nəticədə hüceyrələrin enerji istehsal etmək qabiliyyəti güclənir. Təcrübə nəticələrinə əsasən, bu proses ürəyin fəaliyyətinin yaşla bağlı zəifləməsini ləngidə və müəyyən dərəcədə bərpa edə bilər.

    Bununla belə, alimlər vurğulayırlar ki, nəticələr hələlik yalnız heyvan modelləri üzərində əldə olunub. Metodun insanlarda effektivliyi və təhlükəsizliyi üçün əlavə tədqiqatlara ehtiyac var.

    Tədqiqat müəllifləri qeyd edirlər ki, mitoxondri aktivliyinin azalması bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir. Mitorubinin gələcək araşdırmaları ürək-damar xəstəliklərinin müalicəsində yeni yanaşmaların hazırlanmasını sürətləndirə bilər.

  • Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

    Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirildi

    İranda həbsdə saxlanılan Güney azərbaycanlı hüquq müdafiəçisi, Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib.

    Bu barədə Nərgiz Məhəmmədi Fondunun yaydığı məlumatda deyilir.

    Bildirilir ki, vəziyyəti ağır olan N. Məhəmmədi hazırda Zəncandakı xəstəxananın reanimasiya şöbəsindədir.

    Xatırladaq ki, Nərgiz Məhəmmədinin ötən ay vəziyyətinin kritik olması ilə bağlı məlumatlar yayılmışdı.

    Qeyd edək ki, N. Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib.

    O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.

  • Qırmızı bazarda bir manatdan qumar oynadılar, 3 min cərimə olundular

    Qırmızı bazarda bir manatdan qumar oynadılar, 3 min cərimə olundular

    İşğaldan azad olunan Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi ərazisində bir manatdan qumar oynayan şəxslər saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, həmin qəsəbənin sakinləri, 1984 və 1995-ci il təvəllüdlü Muğur, Fərid, Cavid və Qaryağdı adlı şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib və işə ayrı-ayrılıqda məhkəmədə baxılıb.

    Məlum olub ki, Cavid Qırmızı Bazar qəsəbəsi ərazisində yerləşən icarə əsasında işlətdiyi obyektdə Muğur, Fərid və Qaryağdı adlı şəxslərlə qumar oynayıb. Onlardan 18 ədəd 1 manat, 2 ədəd 5 manat, 36 ədəd oyun kartı götürülüb.

    Məhkəmənin hökmü ilə onların hər biri ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə təqsirli bilinib və 3.000 manat məbləğində inzibati qaydada cərimə ediliblər.

  • Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Sürücülərin DİQQƏTİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

    Mayın 3-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

  • Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

    Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır?

    Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq. Bu məsələ Milli Məclisdə müzakirəyə çıxarılan və artıq Prezident İlham Əliyev tərəfindən təsdiqlənən qanun layihəsində əksini tapıb. Sazişin məqsədi iki ölkə arasında nəqliyyat sahəsində hüquqi mexanizmlərin sadələşdirilməsi, vətəndaşların hərəkət azadlığının genişləndirilməsi və sürücülük vəsiqələrinin tanınması prosedurlarının qarşılıqlı əsasda asanlaşdırılmasıdır.

    Ekspertlərin fikrincə, belə bir addım praktik baxımdan vətəndaşlara xaricdə avtomobil idarə edərkən əlavə imtahan və ya uzunmüddətli prosedurlardan keçmədən sənədlərini dəyişdirmək və ya istifadə etmək imkanı yaradır. Bu isə həm turizm, həm də əmək miqrasiyası baxımından əhəmiyyətli üstünlüklər formalaşdırır. Maraqlıdır, Azərbaycanın sürücülük vəsiqəsi konkret olaraq hansı ölkələrdə tanınır?

    Azərbaycan Respublikasının sürücülük vəsiqəsinin tanındığı ölkələrin sayı ikitərəfli və beynəlxalq razılaşmalardan asılı olaraq dəyişir. Ümumilikdə, Azərbaycan vəsiqəsi bəzi ölkələrdə birbaşa tanınır, digərlərində isə beynəlxalq sürücülük vəsiqəsi (IDP) ilə birlikdə qəbul edilir və ya müəyyən müddət üçün istifadə oluna bilir. Tanınma rejimi ölkələrin milli qanunvericiliyinə və qarşılıqlı sazişlərə əsaslanır.

    Azərbaycanın sürücülük vəsiqəsinin tanındığı və ya istifadə oluna bildiyi ölkələr sırasında bir sıra qonşu və region ölkələri xüsusi yer tutur.

    Hüquqşünas Ərşad Hüseynov məsələni “Kaspi”yə şərh edərkən bildirib ki, sürücülük vəsiqələrinin beynəlxalq səviyyədə tanınmasının əsas hüquqi bazası 1968-ci ildə təsdiq olunmuş Vyana Konvensiyasıdır. Bu Konvensiyaya qoşulan dövlətlərdə müəyyən standartlara uyğun sürücülük vəsiqələri əlavə ikitərəfli razılaşma olmadan da tanınır. Onun sözlərinə görə, hazırda bu Konvensiyaya qoşulan ölkələrin sayı təxminən 130-a yaxındır və bu, Azərbaycan vəsiqəsinin geniş coğrafiyada qəbul olunmasına imkan yaradır.

    Ə. Hüseynov qeyd edib ki, əslində sürücülük vəsiqələrinin qarşılıqlı tanınması ilə bağlı ayrıca ikitərəfli sazişlər daha spesifik və dərin hüquqi mexanizmdir. Onun izahına görə, bu cür sazişlər yalnız vəsiqənin tanınmasını deyil, həm də sürücülərin hazırlanma sistemi, imtahan prosedurları və sürücülük hüququnun əldə edilməsi qaydalarının qarşılıqlı qəbulunu əhatə edir. Bu isə dövlətlər arasında hüquqi və praktiki uyğunlaşmanı gücləndirir. O vurğulayıb ki, Azərbaycan artıq Türkiyə, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı tanınma sazişlərinə malikdir və Belarusla da belə bir sazişin təsdiqlənməsi olması bu siyahını genişləndirir. Onun fikrincə, bu cür razılaşmalar xüsusilə uzunmüddətli yaşayan və ya işləyən şəxslər üçün əhəmiyyətlidir, çünki sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı əlavə imtahan tələbi aradan qalxır.

    Hüquqşünas əlavə edib ki, Vyana Konvensiyası çərçivəsində turistik məqsədlə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları üçün sürücülük baxımından ümumilikdə problem yaranmır və onlar bir çox ölkədə müvəqqəti olaraq Azərbaycan vəsiqəsi ilə avtomobil idarə edə bilirlər. Lakin bu imkan adətən müəyyən müddətlə, təxminən üç aydan altı aya qədər məhdudlaşır və bundan sonra həmin ölkənin qanunvericiliyinə uyğun olaraq yerli sürücülük vəsiqəsinə keçid tələb oluna bilər.

    Onun sözlərinə görə, uzunmüddətli yaşayış və ya daimi fəaliyyət hallarında fərqli qaydalar tətbiq edilir və bəzi ölkələrdə sürücülük vəsiqəsinin yerli vəsiqəyə dəyişdirilməsi zamanı yenidən imtahan verilməsi tələb olunur. Məsələn, Almaniya və İtaliya kimi ölkələrdə bu praktika geniş yayılıb.

    Ə. Hüseynov qeyd edib ki, qarşılıqlı tanınma sazişləri olan ölkələrdə bu proses daha sadələşdirilmiş şəkildə həyata keçirilir və bəzi hallarda imtahansız dəyişdirmə mümkündür. Belarusda da Azərbaycan vətəndaşları həmin ölkədə sürücülük vəsiqələrini əlavə imtahan vermədən dəyişə biləcəklər.

    Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu kimi sazişlər sürücülərin işini daha da asanlaşdırır. Onun sözlərinə görə, beynəlxalq konvensiyalara qoşulan ölkələr həmin konvensiyaya üzv olan digər ölkələrin sürücülük vəsiqələrini tanımalıdırlar. Lakin bəzi ölkələrin daxili qaydaları mövcuddur və onlar fərqli yanaşmalar tətbiq edirlər. Bu isə müəyyən hallarda çətinliklərin yaranmasına səbəb olur.

    Ekspert qeyd edib ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən başqa ölkələrə gedən sürücülərə həm də xarici sürücülük vəsiqəsi verilir. Eyni zamanda, mövcud qanunvericiliyə əsasən, xarici vətəndaş hansı ölkədə sürücülük vəsiqəsi əldə edibsə, Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyata düşdükdən sonra bir ay ərzində həmin vəsiqəni dəyişməlidir və milli sürücülük vəsiqəsi almalıdır. Bu proses zamanı yenidən imtahan verilməsi tələb olunmur. Şəxs yalnız aidiyyəti sənədləri təqdim etməlidir. Yol polisi təqdim edilən sənədlə bağlı müvafiq ölkəyə sorğu göndərir. Əgər cavabda sənədin qanuni yolla əldə edildiyi təsdiqlənərsə və onun istifadə müddəti etibarlı olarsa, həmin xarici vətəndaşın sürücülük vəsiqəsi dəyişdirilir. Bu halda şəxs xarici vəsiqəsini də özündə saxlaya bilir və ona Azərbaycan sürücülük vəsiqəsi təqdim olunur.

    E.Muradlı gələcəkdə Avropa ölkələri ilə də belə razılaşmaların əldə olunmasının mümkünlüyünü istisna etməyib. Onun fikrincə, bu istiqamətdə ən optimal variant Avropa İttifaqı ilə vahid sənəd üzərində razılaşma əldə edilməsidir. Çünki Aİ-nin qəbul etdiyi qərarlar üzv ölkələrin hamısında tətbiq olunur və bu da məsələnin daha sistemli şəkildə həllinə imkan yaradır.

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən isə “Kaspi”nin sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqələri bir sıra ölkələrdə tanınır: “Bu tanınma əsasən Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiyalar və ölkələrarası razılaşmalar çərçivəsində həyata keçirilir.

    Eyni zamanda qeyd olunmalıdır ki, bəzi ölkələrdə sürücülük vəsiqəsinin istifadə müddəti məhdudlaşdırıla və ya əlavə olaraq beynəlxalq sürücülük vəsiqəsi (IDP) tələb oluna bilər. Bu səbəbdən vətəndaşlara xarici ölkələrə səfər etməzdən əvvəl həmin ölkənin müvafiq qaydaları ilə tanış olmaları tövsiyə edilir”.

  • WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı

    WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı açıqlandı

    Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) tədbirində iştirak etmək üçün 176 ölkədən olan şəxslər qeydiyyatdan keçib.

    Median.Az bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.

    Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. İndiyədək forumda iştirak etmək üçün dünyanın müxtəlif ölkəsindən 20 min nəfərdən çox şəxs qeydiyyatdan keçib. Bu mötəbər tədbir Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, “ağıllı şəhər”lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

  • Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib

    Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib

    Zaqatalada canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Car kənd inzibati ərazisinə aid olan Axaxdərə kəndində baş verib.

    Belə ki, canavar evin həyətyanı sahəsində kənd sakini 47 yaşlı Aydın Şamil oğlu Qurbanova hücum edərək ona çoxsaylı xəsarət yetirib.

    A. Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Ona bədənin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.

  • Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – XƏBƏRDARLIQ

    Bakıda və bölgələrdə KÜLƏK GÜCLƏNƏCƏK – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında mayın üçündə, bəzi bölgələrdə isə üçü və dördündə külək güclənəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə şimal-şərq küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Niyə “Xruşşovka”lar günü-gündən bahalaşır?

    Niyə “Xruşşovka”lar günü-gündən bahalaşır?

    Bakının siması yeniləndikcə, sovet dövründən miras qalan və istismar müddətini başa vurmuş “xruşşovka”ların taleyi daşınmaz əmlak bazarının ən çox müzakirə olunan mövzusuna çevrilir. Şəhərin yeni Baş Planına əsasən, qarşıdakı illərdə bu qəzalı binaların mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. Lakin bəzi işbazlar və investorlar gələcək söküntü zamanı tikinti şirkətlərindən daha böyük kompensasiya, əlavə yaşayış sahəsi, təmir və kirayə pulu qoparmaq ümidi ilə kütləvi şəkildə bu cür köhnə mənzilləri almağa başlayıblar. Nəticədə, “xruşşovka”ların qiymətində kəskin artım müşahidə edildiyi bildirilir.

    Median.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, əmlak bazarı üzrə ekspert Anar Nəsirov Bakı şəhərinin Baş Planına əsasən, bəzi ərazilərdə istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, eləcə də kvartalların söküntüsü həyata keçirildiyini bildirib.

    Söküntü zamanı sakinlər kirayə pulu ilə təmin edilir və onların yaşadıqları evlər tikinti şirkəti ilə qarşılıqlı razılaşma əsasında sökülür:

    “Evləri söküntüyə düşən vətəndaşlar bu prosesdən xeyli əlavə qazanc əldə edirlər. Birincisi, köhnə binanın əvəzinə onlara 24 saat daimi suyu, qazı, işığı və müasir liftləri olan, yeni standartlara cavab verən binalarda mənzil verilir. İkincisi, məsələn, 50 kvadratmetr sahə sökülürsə, şirkətlə razılaşma əsasında mülkiyyətçiyə əlavə kvadratmetrlər təklif olunur. Üçüncüsü, vətəndaş ya təmir pulunu alıb mənzili özü təmir edir, ya da şirkətdən tam təmirli ev alır”.

    A.Nəsirovun fikrincə, buna görə alıcıların “xruşşovka”lara marağı artıb. Hazırda söküntüyə gedən əksər binaların sakinləri tikinti şirkətlərindən əlavə kvadratmetr əldə etməyə çalışırlar:

    “Mərkəzə nisbətən yaxın ərazidə yerləşən 3 otaqlı “Xruşşovka” layihəli ev bu gün 190-200 min manata satılırsa, bina söküntüyə düşdüyü halda əvəzində verilən yeni mənzilin dəyəri təqribən 300 min manata yaxın olur. Bu gün 1-3 mərtəbəli həyət evləri azaldığından, tikinti şirkətləri yeni bina inşa etmək üçün artıq 4-5 mərtəbəli binaları da sökürlər. Bunu bilən bəziləri həmin binalardan mənzil alaraq qazanc əldə etməyə çalışırlar. Onlar bu proseslərdə təcrübəli olduqları üçün tikinti şirkətləri ilə əlaqəyə çıxır, bina təhvil verilənədək həm yüksək kirayə haqqı, həm də əlavə kvadratlar almağı bacarırlar. Beləliklə, qazanclarını daha da artırırlar. Ümumilikdə, əlavə kirayə pulu, təmir xərcləri və əlavə kvadratmetrlər hesablandıqda, söküntüdən əldə edilən xalis qazanc mənzilin ilkin dəyərinin 35-60%-ni təşkil edə bilir. Bütün bunlara görə də vətəndaşların “xruşşovka”lara marağı kəskin artıb”.

    Ekspert bildirdi ki, evi bir dəfə söküntüyə düşüb bunun bəhrəsini görənlər gələcəkdə plana düşə biləcək mənzilləri hədəf seçirlər. Həmin evləri alıb sökülənə qədər kirayəyə verirlər, söküntü başladıqda isə əlavə imtiyazlar alaraq prosesdən qazanclı çıxırlar:

    “Belələrinin çox olması avtomatik olaraq 1-5 mərtəbəli köhnə evlərin qiymətlərində bahalaşma yaradıb. Hazırda bu investisiyanın heç bir riski yoxdur. Azərbaycanda hər il əmlak bazarında müvafiq faiz dərəcəsində qiymət artımı müşahidə olunur, alınan əmlak riskli hesab edilmir. Söküntüyə gedən evləri alanlar da bunu yaxşı bilirlər. Çünki bina bu il sökülməsə belə, gələn ilə qaldıqda əmlakın dəyəri müəyyən qədər artacaq. Söküntü reallaşdıqda isə qazanc qat-qat çox olacaq”.

    Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə düşünür ki, “xruşşovka”ların qiymətindəki artım realdır, lakin bu tendensiya heç də təqdim olunan qədər şişirdilmiş səviyyədə deyil:

    “Qiymət artımı daha mərkəzdə və mərkəzə yaxın ərazilərdə yerləşən binalardadır. “Xruşşovka”ların qiymətlərindəki artım ümumi bazar tendensiyasından irəli gəlir. Lakin bir çox hallarda gəzən şayiələrə aldanıb kompensasiya əldə etmək məqsədilə investorların bu istiqamətdə axını da süni qiymət artımına səbəb olur. Söküntü zamanı verilən kompensasiya məbləğləri çox vaxt investorun gözləntilərini doğrultmur. Gözlənilən məbləği ala bilməyən və mənzilini sata bilməyən investor iflasa uğraya, evi dəyər-dəyməzinə satıla bilər. Əslində, satışında və ipoteka predmeti kimi çıxış etməsində məhdudiyyətlər olduğuna görə “xruşşovka”ların qiyməti digər layihələrdən daha ucuz olmalıdır”.

    V.Orucun fikrincə, bütün “xruşşovka”ların qiymətinin artacağını düşünərək spekulyasiyaya uymaq və söküntü zamanı yüksək kompensasiya əldə etmək məqsədilə əvvəlcədən bu binalardan mənzil almaq kifayət qədər risklidir:

    “Çünki istismar müddəti bitməsinə baxmayaraq, texniki vəziyyəti hələ də normal olan binaların sökülməyəcəyini də ehtimal etmək lazımdır. İnvestor müəyyən bir binadan mənzil alıb onun sökülməsini illərlə gözləyə bilər. Bu, yüz faizlik zəmanətli investisiya deyil. Söküntü olmazsa, həmin tikililərin satışı heç də asan deyil”.

    Sədrin sözlərinə görə, əmlakın qiymətini bazar müəyyən edir. Bəzən mənzil qiymətlərinin orta aylıq əməkhaqqı göstəriciləri ilə uzlaşmaması əsas gətirilərək qiymətlərin şişirdildiyi və ya bazarda “sabun köpüyü” yarandığı iddia edilir. Amma bütün tendensiyalar onu deməyə əsas verir ki, qiymət artımı bazar prinsiplərinə tam uyğundur:

    “Qiymətlərin bilərəkdən artırılmasına gəldikdə isə, təbii ki, hər bir mülkiyyətçi öz mənzilini daha baha satmaq istəyir. Rieltorlar da yüksək qiymətə satış reallaşdırmaqda maraqlıdırlar. Bəzi hallarda yaranan spekulyasiyalar da məhz daha çox qazanc əldə etmək istəyindən irəli gəlir”.