Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Zamin Qalayev vəfat edib.
Median.Az “Yeni sabah”a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Gizir rütbəsində xidmət edən Z.Qalayev ötən gün iş başında dünyasını dəyişib.
Azərbaycanda malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsi nəzərdə tutulur. Bu, “Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsində əksini tapıb.
Maraqlıdır, gömrük dəyərinin manatla bəyan edilməsinə zərurət nədən irəli gəlir? Bunun idxal və ixrac qiymətlərinə təsiri mümkündürmü?
İqtisadçı Eldəniz Əmirov bildirib ki, əsas səbəblərdən biri valyuta risklərinin azaldılmasıdır:
“Hazırda idxal əməliyyatlarının böyük hissəsi xarici valyuta ilə aparılır və gömrük dəyəri də əsasən dollarla bəyan edilir. Lakin məzənnə dəyişdikdə eyni malın gömrük dəyəri müxtəlif zamanlarda, hətta qısa intervallarda belə fərqli olur. Manatla birbaşa müəyyən edildikdə bu qeyri-müəyyənlik azalır və daha sistemli yanaşma formalaşır”.
Ekspertin sözlərinə görə, digər mühüm faktor dövlət büdcəsi ilə bağlıdır: “Gömrük rüsumları və əlavə dəyər vergisi manatla ödənilir. Bu baxımdan daxilolmaların, o cümlədən gömrük dəyərinin milli valyutada müəyyənləşdirilməsi daha məqsədəuyğundur”.
Prosesin qiymətlərə təsirinə gəldikdə isə iqtisadçı bunun ciddi dəyişikliklərə səbəb olacağını düşünmür.
Qeyd edək ki, sözügedən dəyişiklikləri nəzərdə tutan qanun layihəsi Milli Məclis plenar iclasında birinci oxunuşda baxılması üçün tövsiyə olunub.
//oxu.az

Mayın 2-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə 60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.

Bakıda hava şəraitinin gözlənilmədən sərin keçməsi fonunda respirator xəstəliklərə yoluxma halları artıb. Sosial şəbəkələrdə yayılan paylaşımlarda isə xəstəliyin adi qripdən fərqli olduğu və daha ağır simptomlarla müşayiət olunduğu iddia edilir. Xüsusilə güclü əzələ və sümük ağrılarından şikayət edənlərin sayı artmaqdadır. Bu vəziyyət əhali arasında yeni virusun yayılması ilə bağlı narahatlıqları gücləndirib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Yenisabah.az-a açıqlıamasında hazırda ölkədə infeksiyalarla bağlı vəziyyətin stabil olduğunu bildirib.
“Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin son açıqlamalarına görə, ölkədə respirator infeksiyalarla bağlı vəziyyət stabil və nəzarət olunan hesab edilir. Statistik baxımdan müraciətlərdə artım müşahidə olunsa da, bu, mövsümi dalğalanma çərçivəsindədir və epidemioloji həddi aşmayıb. Aprel ayında havaların qəfil soyuması və rütubətin artması bu tip virusların aktivləşməsi üçün təbii mühit yaradır. Bu infeksiyalar sümük-əzələ ağrıları və uzunmüddətli öskürəklə müşayiət oluna bilir. Belə ki, virus bədənə daxil olduqda intoksikasiya (zəhərlənmə) yaradır ki, bu da pasiyentlər tərəfindən “sümük sızlaması” və ya “əzələ qırılması” kimi hiss edilir. Bu, yeni bir virus deyil, sadəcə bu mövsümdə daha aktiv ştamdır. Mövcud hallar daha çox Mövsümi A qripi (hazırda ən çox rast gəlinən patogendir), Rinovirus və Adenovirus (Burun axması və boğaz ağrısı ilə müşayiət olunan “adi soyuqdəymə” halları), RSV Respirator Sinsitial virus kombinasiyası ilə əlaqələndirilir”, – o deyib.
Nazirlik bildirir ki, mövcud vəziyyət epidemioloji risk yaratmır və vətəndaşlara özbaşına müalicədən uzaq durmaq tövsiyə olunur:
“Bu virusların klinik mənzərəsi bir-birinə çox bənzədiyi üçün laborator analiz olmadan onları fərqləndirmək çətindir, lakin müalicə protokolları əsasən oxşardır (simptomatik müalicə). Hazırkı vəziyyət epidemioloji baxımdan təhlükəli hesab edilmir. Səhiyyə Nazirliyi əhaliyə özünümüalicədən çəkinməyi, xüsusilə antibiotiklərin virus xəstəliklərində təsirsiz olduğunu və vəziyyəti ağırlaşdıra biləcəyini xatırladırlar. Eyni zamanda qapalı məkanların tez-tez havalandırılması, şəxsi gigiyena və immuniteti gücləndirən qidalanmanı tövsiyə edir. Simptomlar (xüsusilə yüksək qızdırma və nəfəs darlığı) 3-4 gündən artıq davam edərsə, mütləq ailə həkiminə və ya poliklinikaya müraciət edilməlidir”.

Rəqəmsal platformalar əhalinin əksəriyyəti üçün əsas informasiya kanallarına çevrilib. Araşdırmalar göstərir ki, ən çox internetə çıxışı olan Çin Xalq Respublikasıdır və burada bir milyarddan çox əhalinin internetə çıxışı var. İnkişaf etmiş ölkələrin əhalisinin 90 faizindən çoxunun belə imkanları var. Lakin inkişafda olan ölkələrin cəmi üçdəbir hissəsinin internetə çıxışı var ki, bu da çox aşağı səviyyədir.
Bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumun açılışında deyib.
O qeyd edib ki, Azərbaycan əhalisinin 94,6 faizinin şəhərlərdə, 82,1 faizinin kəndlərdə internetə çıxışı var. Bu, dünya üzrə orta göstəricidən xeyli yüksəkdir.
“Hazırda Elm və Təhsil Nazirliyində “Microsoft” analitik platforması tətbiq olunur və növbəti mərhələdə süni intellekt əsasında analitikanın tətbiqi nəzərdə tutulur. İnformasiya sistemlərində isə təhsil məlumatlarının bütün inzibati səviyyələrdə rəqəmsallaşdırıldığını qeyd etmək istərdim. Növbəti mərhələdə əsas inzibati proseslərin yenidən qurulması və dövlət platformaları ilə tam inteqrasiya olunması nəzərdə tutulur. Təbii ki, bunun üçün müvafiq infrastruktur tələb olunur. Hazırda məktəblərin 63 və şagirdlərin 82 faizi genişzolaqlı internet şəbəkəsinə qoşulma imkanlarına malikdir. Növbəti mərhələdə bütün məktəblərdə fiber-optik internet, yenilənmiş daxili şəbəkə, müəllim və şagird cihazlarının qoşulması, eyni zamanda, gücləndirilməsinə texniki dəstək təmin olunacaq”, – deyə F.Qurbanov vurğulayıb.
Hazırda ölkədə hər 6 şagirdə bir kompüter düşdüyünü deyən nazir müavini əlavə edib: “Bizim əsas hədəfimiz hər bir şagirdə bir kompüter nisbətini təmin etməkdir. Yadıma gəlir, 2000-ci illərin əvvəllərində 1062 şagirdə bir kompüter düşürdü. Hazırkı statistik göstərici isə ölkəmizin bu sahədəki yüksək inkişaf tendensiyasını göstərir”.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülçöhrə Abdullayeva tikinti şirkəti tərəfindən aldadıldığını iddia edir. Onun sözlərinə görə, güzəştli şərtlərlə ev təklif edən şirkətə pul ödəsə də, illərdir nə ev var, nə də ödədiyi məbləğ geri qaytarılır. İddiaya görə, şirkət ofisini də bağlayıb.
Median.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Gülçöhrə Abdullayevanın sözlərinə əsasən, sosial şəbəkədə gördüyü elan onun diqqətini çəkib və bu səbəbdən ”Günəşli İnşaat” şirkətinin Hövsan qəsəbəsində yerləşən ofisinə üz tutub.
Aktrisanın iddiasına görə, şirkətin rəhbəri Firutan Məmmədovla görüşüb və 27 min 600 manata başa gələcək ev üçün, 2020-ci ildə ilkin ödəniş edərək müqavilə bağlayıb. Qalan məbləği isə aylığa bölüblər ki, bu da 36 ayda ödəniləcəkdi.
Aktrisa bildirir ki, şirkətə hər ay gücü çatan qədər ödəniş edib. Bir müddət sonra ona bildirilib ki, pandemiya olduğundan tikinti dayandırılıb. Amma buna baxmayaraq Gülçöhrə Abdullayeva aylıq ödənişi davam etdirdiyini deyir.
Məsələyə münasibət öyrənmək üçün adı çəkilən şirkətin rəhbəri Firutan Məmmədov bildirdi ki, qadın aylıq ödənişi dayandırdığı üçün tikinti yarımçıq qalıb. ”Ödənişləri bərpa etsin, evi tamamlayaq və təhvil veriləcək”,- deyə-Firutan Məmmədov bildirdi.

Göygöl rayonunda qanunsuz tikili sökülüb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu çərçivədə, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Üçtəpə kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti və Göygöl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Azərbaycanda borc müqavilələrindən yaranan məhkəmə mübahisələrində sübutetmə məsələlərinə aydınlıq gətirilib. Borc müqavilələrindən irəli gələn məhkəmə mübahisələrində sübutetmə yükünün hansı tərəfin üzərinə düşməsi tez-tez müzakirə olunan hüquqi məsələlərdən biridir.
Bu barədə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadova məlumat verib.
Hakimin sözlərinə görə, prosessual qanunvericiliyə əsasən, hər bir tərəf öz tələbinin və ya etirazının əsasını sübut etməlidir. Bu o deməkdir ki, iddiaçı cavabdehə müəyyən məbləğdə pul verdiyini sübut etməli, cavabdeh isə həmin borcun tam və ya qismən qaytarıldığını təsdiq etməlidir.
Qeyd olunub ki, belə mübahisələrdə sübutetmə prosesini asanlaşdırmaq üçün tərəflərin borc münasibətlərinə daxil olarkən mütləq qaydada yazılı sənədləşmə aparmaları tövsiyə edilir. Əks halda, şifahi razılaşmalar əsasında baş verən halların məhkəmədə sübut olunması xeyli çətinləşir.
Hakim həmçinin müqavilələrin hüquqi mahiyyətinə də toxunub. Bildirilib ki, konsensual müqavilələr tərəflərin razılığı ilə bağlanmış sayılır və əlavə olaraq faktiki icra tələb olunmur. Buna nümunə olaraq alğı-satqı müqavilələri göstərilir. Borc müqaviləsi isə real müqavilədir. Yəni, belə müqavilənin bağlanmış hesab olunması üçün yalnız razılıq kifayət etmir, borcun predmetinin — pul vəsaitinin və ya digər əvəz edilə bilən əşyanın faktiki verilməsi zəruridir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.3-cü maddəsinə əsasən, borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc predmetinə sərəncam hüququ əldə etdiyi gün borcun verildiyi gün hesab olunur.