Category: Cəmiyyət

  • Bakıda gənc qız cinsi istismara məruz qaldığını iddia edir – ARAŞDIRMA BAŞLADI

    Paytaxtın Nizami rayonunun sakini yaxınları tərəfindən təhdid edildiyini iddia edir.

    O, bununla bağlı sosial şəbəkədə videomüraciət yayıb.

    2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva iddia edib ki, yaxınları – atası və əmisi tərəfindən cinsi istismara məruz qalır və təhdid edilir.

    Ailənin ikinci övladı olduğunu bildirən N.Şirəliyeva videomüraciətində bildirib ki, öz doğma əmisi, 1993-cü il təvəllüdlü Allahyar Qasımlı tərəfindən təhdid olunur. Eyni zamanda, öz doğma atası Daşqın Rafiq oğlu Şirəliyev onun dəli olmasına dair əsassız fikirlər irəli sürür.

    “Məndən ekspertiza rəyi tələb edirlər. Aprelin 23-də İsmayıllı Rayon Polis Şöbəsinə cinsi istismara məruz qalmağım və təhdid edilməyimlə bağlı müraciət etmişəm”, – deyə N.Şirəliyeva bildirib.

    O qeyd edib ki, bundan sonra atası və əmisi tərəfindən yenidən təhdidlərə məruz qalıb və əmisinin onun köhnə e-mail hesabları, yazışmaları, şəxsi video və şəkillərini qanunsuz əldə edərək əleyhinə istifadə etməyə çalışdığını, atasının isə onu psixiatriya müəssisəsinə yerləşdirməklə hədələdiyini vurğulayıb.

    N.Şirəliyeva videomüraciətində aidiyyəti qurumlara müraciət edərək məsələnin nəzarətə götürülməsini xahiş edib və paylaşımından sonra başına hər hansı hadisə gələcəyi təqdirdə adlarını çəkdiyi şəxslərin məsuliyyət daşımalı olduğunu diqqətə çatdırıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, N.Şirəliyeva qeyd olunan məsələ ilə bağlı polisə müraciət edib. Hazırda müraciət üzrə prosessual araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub. Araşdırmalar davam etdirilir.

  • Bəzi şəxslər pensiyaya çıxanda yüksək miqdarda birdəfəlik ödəniş alacaqlar

    Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.

    Sözügedən məsələ “Diplomatik xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

    Layihədə qeyd olunur ki, diplomatik xidmət orqanı əməkdaşının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün fəaliyyətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.

  • Paytaxtın hansı küçələrində sıxlıq var?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

    2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

    3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində;

    4. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından “Azneft” dairəsi istiqamətində;

    5. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

    7. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

    9. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    10. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

    11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    14. Bülbül prospekti, “Sahil” metro stansiyasının qarşısında;

    15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    16. Neftçilər prospekti, “Azneft” dairəsi istiqamətində;

    17. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

    18. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

    19. Neftçilər prospekti, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

  • Azərbaycanda “Yol hərəkəti haqqında” qanun dəyişdi

    Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

    Yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.

  • Baş nazir bəzi həkimlərin maaşı ilə bağlı QƏRAR İMZALADI

    COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqqılarına əlavənin verilmə müddəti iyula qədər uzadılıb.

  • Bakıdakı uşaq bağçasında işəqəbul maxinasiyası: Şikayətçilər necə aldadıldıqlarını açıqladılar

    Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Oxu.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs Aybəniz Qasımova bildirib ki, 4 ay adıçəkilən bağçada çalışıb:

    “4 ay idi ki, maaşlarımızı almırdıq. Bağçaya işə düzəlmək üçün Havvaxanıma 9 500 manat pul vermişdim. Maaş məsələsinə gələndə dedi ki, bu gün – sabah ödəniləcək. Amma proses uzandı və biz də polisə şikayət etdik”.

    Gülçöhrə Allahverdiyeva isə bildirib ki, işə düzəlmək üçün 5 min manat pul verib və həmin bağçada cəmi 1 ay təcrübə keçib.

    Zərərçəkmiş Günel Həsənovanın sözlərinə görə, adıçəkilən bağçada vakansiya olduğu üçün müraciət edib:

    “Artıq bir ay keçəndən sonra narazılıqların olduğunu gördüm. Başa düşdük ki, dələduzluğa məruz qalmışıq. İşə rəsmi götürülmədiyimi öyrəndim”.

    Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin edilib.

    Qeyd edək ki, təqsirləndirilən H.Rüstəmova zərərçəkmiş şəxslərə vurduğu 428 min manat maddi ziyanın 385 min manatını ödəyib.

    Eyni zamanda, zərərçəkmiş şəxslərin bir neçəsi ilə barışıq əldə olunub. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş kimi tanınıb.

    Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Sonradan onunla bağlı həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

    Məlumat üçün bildirək ki, “Moon Kids” bağçası fəaliyyəti dayandırılıb.

  • Azərbaycanda vətəndaşlar maaş bankını sərbəst seçə biləcəklər

    Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın aylarda bank sektorunda əmək bürokratizasiyası həyata keçirməyi planlaşdırır.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    “Bankların xərcləri artır. Çünki bir tərəfdən, son illər inflyasiya yüksək olub, digər tərəfdən isə bu sektorda dayanıqlılığın təmin edilməsi üçün əlavə tələblər qoymuşuq. Xüsusilə informasiya texnologiyaları (İT) infrastrukturu, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi üçün indiyə qədər olmamış tələblər qoyulub. Həmçinin dövlətin tənzimlədiyi qiymətlərin artımı bankların xərclərinə təsir edir. Üstəlik, rəqabət güclüdür, bu da faizlərə təsirini göstərəcək.

    Əsas istəyimiz odur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə müvafiq inteqrasiyaları həyata keçirək, həm dövlət, həm özəl sektorda çalışan şəxslər istədiyi bankdan maaşını ala bilsin. Növbəti mərhələdə bu, pensiyaçılara da aid olacaq, xüsusilə Bakı şəhərini və Abşeron rayonunu əhatə edəcək. Ümumilikdə biz bu prosesi vətəndaş üçün çox sadə etmək istəyirik. Odur ki, həm İT infrastrukturu, həm də proqram təminatı nöqteyi-nəzərindən işlər görülməlidir. Yəqin ki, üç-dörd aya biz buna nail olacağıq”, – deyə o qeyd edib.

  • Bolşeviklərin adları küçələrdən götürülsün – Deputatdan TƏKLİF

    “Milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir”.

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının iclasında deputat Vasif Qafarov deyib.

    O bildirib ki, bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və Bakı qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur:

    “Bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək.

    İkincisi, Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bəzi kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın.

    Son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır”.

  • Bakının mərkəzi prospektində “Qırat” Koroğlunu “axtarır” – Video

    Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.

    Sosial şəbəkələrdə hadisə ilə bağlı videogörüntü paylaşılıb.

    Belə ki, metronun “Koroğlu” stansiyasının qarşısında hərəkət zolağına çıxan sahibsiz at nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyub. Atın haradan qaçdığı və kimə məxsus olduğu məlum deyil.
    //oxu.az

  • Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar”.

    Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

    “Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, ötən gün “Azərbaycan Uşaqları” birliyinin sədri Kəmalə Ağazadə Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynlərinin tapılması və uşağın anasının övladından imtina etdiyi ilə bağlı məlumat yayıb.