Category: Cəmiyyət

  • Bolşeviklərin adları küçələrdən götürülsün – Deputatdan TƏKLİF

    “Milli dəyərlərimizin qorunmasına və tarixi ədalətin bərpasına xidmət edən yanaşma, toponimiya siyasəti ölkəmizin digər ərazilərində də ardıcıl şəkildə davam etdirilməlidir”.

    Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasının iclasında deputat Vasif Qafarov deyib.

    O bildirib ki, bu gün bir çox şəhər və qəsəbələrimizdə, o cümlədən Bakıda və Bakı qəsəbələrində hələ də sovet dövründən qalan və dəyərlərimizə yad ideoloji məzmun daşıyan, milli kimliyimizlə uyğunlaşmayan küçə adları mövcuddur:

    “Bu baxımdan xüsusilə bolşevik adlarını daşıyan küçələrin adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmasını və həmin adların Azərbaycan tarixini, görkəmli şəxsiyyətlərini və milli dəyərlərini əks etdirən adlarla əvəz olunmasını məqsədəuyğun hesab edirəm. Bu yanaşma həm tarixi yaddaşımızın bərpasına, həm də gələcək nəsillərin milli ruhda formalaşmasına töhfə verəcək.

    İkincisi, Azərbaycanın bir çox rayonlarında, o cümlədən təmsil etdiyim Lerik rayonunda bəzi kəndlərin adları keçən əsrdə rus dilində tərtib olunan dövlət reyestrlərində yanlış qeyd olunub. Kəndlərin adları qeyd olunarkən bir və ya bir neçə hərf səhvi edilib, nəticədə həmin adlar heç bir toponomik məna daşımayan bir hala gəlib. Müstəqillik dövründə də həmin reyestrlər əsas istinad mənbəyi kimi götürüldüyündən bu yanlışlıqlar təkrar olunub. Yaxşı olardı ki, bu məsələ də diqqətdə saxlanılsın, yerli qurumlar və bələdiyyələr bu yanlışlıqların aradan qaldırılması təşəbbüsü ilə çıxış etsinlər və bu məsələ də öz həllini tapsın.

    Son iki yüz ildə yad təsirlərə məruz qalmış toponimlərimizin milliləşdirilməsi prosesi sistemli və davamlı xarakter daşımalı, bu istiqamətdə həm regionlarda, həm də paytaxtda ardıcıl və məqsədyönlü addımlar atılmalıdır”.

  • Bakının mərkəzi prospektində “Qırat” Koroğlunu “axtarır” – Video

    Bakıda nəqliyyatın hərəkətinin intensiv olduğu Heydər Əliyev prospektində sahibsiz atın hərəkət zolağına çıxması sürücülərin təəccübünə və narahatlığına səbəb olub.

    Sosial şəbəkələrdə hadisə ilə bağlı videogörüntü paylaşılıb.

    Belə ki, metronun “Koroğlu” stansiyasının qarşısında hərəkət zolağına çıxan sahibsiz at nəqliyyatın hərəkətinə mane olmaqla yanaşı, həm də sürücüləri təhlükə ilə üz-üzə qoyub. Atın haradan qaçdığı və kimə məxsus olduğu məlum deyil.
    //oxu.az

  • Qəbiristanlıqda tapılan körpənin taleyi ilə bağlı RƏSMİ AÇIQLAMA

    “Abşeron rayonu ərazisində tapılan və valideynləri tərəfindən atıldığı bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar”.

    Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Qeyd olunub ki, hazırda Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən körpənin mövcud vəziyyəti nəzərə alınaraq qanunvericiliyə uyğun addımlar atılır.

    “Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşağın mənafeyinə uyğun olaraq onun müvafiq qayğı ilə əhatə edilməsi üçün tədbirlər görüləcək”, – deyə məlumatda bildirilib.

    Xatırladaq ki, ötən gün “Azərbaycan Uşaqları” birliyinin sədri Kəmalə Ağazadə Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında atılmış uşağın valideynlərinin tapılması və uşağın anasının övladından imtina etdiyi ilə bağlı məlumat yayıb.

  • Azərbaycanın yeni KAMİKADZE DRONLARI – FOTO

    Azərbaycanın müdafiə sənayesi sahəsində fəaliyyət göstərən “Arkan İnnovations LLC” şirkəti üç yeni kamikadze dron istehsal edib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, 2026-cı il istehsalı olan kamikadze dronlar hazırda İstanbulda keçirilən V “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində ictimaiyyətə təqdim olunub.

    “Arkan-10”, “Arkan -10 FO” və “Arkan- 10 FT” adlanan yeni nəsil dronlar müasir texnologiyalar əsasında hazırlanıb və həm kəşfiyyat, həm də zərbə imkanlarına malikdir. Xüsusilə “Arkan -10 FO” fiber-optik olduğundan radarlara düşmək ehtimalı çox azdır.

    Bildirilib ki, sözügedən pilotsuz uçuş aparatlarında (PUA) süni intellekt elementləri, təkmilləşdirilmiş avtonom idarəetmə sistemi və daha uzun uçuş müddəti təmin edilib.

    Yeni modellərin əsas xüsusiyyətləri arasında aşağı radar görünürlüyü, yüksək manevr qabiliyyəti və müxtəlif silah sistemləri ilə inteqrasiya imkanı xüsusi qeyd olunur. Bu dronlar müasir döyüş şəraitində effektiv istifadə üçün nəzərdə tutulub.


  • Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI

    “Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1.1 dərəcə təşkil edib”.

    Bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişaf Forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, 2025-ci ildə orta temperatur 14.3 dərəcəyə çatıb:

    “Bu isə əvvəlki dövrlərin müqayisədə 1.6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16.2 dərəcə təşkil edib. Söhbət orta illik dərəcədən gedir. İstilik dalğaları da tez-tez baş verir. Daha uzun davam edir. Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeyd alınıb.

    2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edibdir. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 və 2026-da artıq siz özünüz görürsünüz havalar və hadisələr necə başlayır. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik. Biz bu dəyişiklikləri yaşayıq. 2026-ci ilin ilk aylarında bu tendensiyanı təsdiqləyir. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normaladan 1.5-3.5 dəfə Bakıda isə 5 dəfə çox olub. Əsas çağırış isə qeyri-müəyyənlik, mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır”.

  • Eldar Əzizov rəisi işdən çıxartdı – YENİ TƏYİNAT

    Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyindəki Yaşıllaşdırma Təsərrüfatı Birliyində kadr dəyişikliyi olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.

    Əmrə əsasən, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Su quyularının İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi Yaşar Hüseyn oğlu Salahov vəzifəsindən azad edilib.

    Digər əmrlə, adıçəkilən müəssisənin rəisi vəzifəsinə Cavanşir Samir oğlu Əhmədov təyinat alıb.

  • Ötən il fermerlərə 280 milyon manat ödənilib – RƏSMİ

    “2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, onminlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub”.

    Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

    O bildirib ki, eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib.

    “Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır”.

    Nazir əlavə edib ki aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır:

    “Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir”.

  • İctimai nəqliyyatda yayxanaraq oturanları cərimə və həbs gözləyir? – Video

    Metro və avtobuslarda yayxanaraq oturan, bununla da digər sərnişinlərə mane olan şəxslər cərimələnə, hətta həbs oluna bilərlər.

    İnzibati Xətalar Məcəlləsinə əsasən, bu cür hərəkətlər xırda xuliqanlıq maddəsi üzrə qiymətləndirilir. İctimai nəqliyyatda qaydaları pozan şəxsləri 50 manatdan 100 manatadək məbləğdə cərimə gözləyir. Bu tədbirin tətbiqi kifayət hesab edilmədikdə isə qanunvericilik 15 günədək inzibati həbs nəzərdə tutur.

    Məsələ ilə bağlı paytaxt sakinlərinin fikirləri fərqlidir.

    “Ola bilər ki, insan fikirli, halsız və ya işdən çıxdığı üçün yorğun olsun. Sadəcə, rahat oturmaq istəyir. Mən buna normal baxıram”, – deyə sakinlərdən biri Baku TV-yə bildirib.

    Digər bir vətəndaş isə bu cür halların narahatlıq yaratdığını vurğulayıb: “İki nəfərin yerini tuturlar. Etiraz edəndə isə hələ bir qulaqlıqlarını taxıb “bir az o yana otur” deyirlər”.

    Hüquqşünas Hikmət Əliyev məsələnin hüquqi tərəflərinə aydınlıq gətirərək bildirib ki, hər bir hal fərdi şəkildə qiymətləndirilməlidir:

    “İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanın pozulması və cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər xırda xuliqanlıq hesab olunur. Lakin ictimai nəqliyyatda şəxslərin uyğunsuz şəkildə əyləşməsi hər zaman bu maddə ilə qiymətləndirilə bilməz. Hüquqi məsuliyyət yalnız o halda yaranır ki, həmin hərəkət digər sərnişinlərin hüquqlarını pozsun və ya cəmiyyətə qarşı nümayişkaranə hörmətsizlik xarakteri daşısın. Yəni yayxanaraq oturmaq faktı öz-özlüyündə xırda xuliqanlıq sayılmır. Yalnız ictimai asayişin pozulduğu və başqalarının hüquqlarına müdaxilə edildiyi halda bu maddə çərçivəsində məsuliyyət məsələsi gündəmə gələ bilər”.

  • Sürücülərin 80 faizinin vəsiqəsi məhdudlaşdırıla bilər – Ekspert

    Son dövrlər Azərbaycanda sürücülər arasında maraqlı və bir o qədər də düşündürücü tendensiya müşahidə olunur. İnzibati cərimə ballarının 20 bal həddinə çatmasından və sürücülük hüququnun məhdudlaşdırılmasından qorxan şəxslər, törətdikləri qayda pozuntularını etibarnamə vasitəsilə başqa şəxslərin adına yönləndirirlər. Bu mexanizmin hüquqi tərəfləri və yarada biləcəyi fəsadlar cəmiyyətdə geniş müzakirə olunur.

    Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Sfera.az-a açıqlama verərək, mövcud vəziyyəti tənqid edib və çıxış yollarını göstərib.
    Ekspert hesab edir ki, bəzi cərimələrə görə tətbiq olunan ballar ümumiyyətlə yığışdırılmalıdır:

    “Biz bu gün sürücüləri cərimə balları ilə “asıb-kəsməklə” heç nəyi həll etmirik. Çünki biz o sürücünü peşəkar səviyyədə hazırlamamışıq. Sürücülük məktəbləri, təlimçilər ürəkaçan deyil, imtahan prosesində illərdir heç bir yenilik yoxdur. Sürücü kütləsini yalnız qorxu altında saxlamaqla yol hərəkəti təhlükəsizliyini təmin etmək olmaz. Bunun üçün ilk növbədə uyğun şərait yaradılmalıdır”.

    E.Muradlı şəhərdəki infrastruktur problemlərinin sürücüləri çıxılmaz vəziyyətdə qoyduğunu vurğulayıb:

    “Bəzi yerlərdə avtobus zolaqlarında saat 07:00-dan 23:00-a qədər qadağa var, lakin bu mexanizm tam formalaşmayıb. Sürücü bəzən dönmə bucağını düzgün tənzimləyə bilmədiyi üçün məcburən zolağa girir və cərimələnir. Şəhərdə düzgün parklanma yerləri yoxdur. Vətəndaş məcbur qalıb maşını qısa müddətlik piyada keçidinə yaxın və ya səkidə saxlayır. Nəticədə dərhal 40-60 manat cərimə və 2 bal tətbiq olunur. Sərnişin düşürmək üçün dayanan sürücüyə 5 saniyəyə görə 80 manat və 2 bal yazılır.

    Bu, nə dərəcədə ədalətlidir? Xüsusilə taksi fəaliyyəti ilə məşğul olan şəxslərin vəziyyəti acınacaqlıdır. Onların əksəriyyətinin 18-19 balı var və növbəti xırda bir xəta onların çörək pulundan məhrum olması deməkdir. İnsanların hüququnu əlindən almaq ən ağır tədbirdir. Məsələn, 5 dəfə qırmızı işıqdan keçmək ciddi pozuntudur, amma avtobus zolağında sərnişin götürmək üçün 3 saniyə dayanmağa görə ağır cəza vermək sivil yanaşma deyil”.

    Vətəndaşların cərimə ballarını başqa şəxslərin üzərinə keçirməsinə gəlincə, E.Muradlı bunun bir məcburiyyətdən doğduğunu bildirib: “Mən bu addımı atanları qınaya bilmərəm, çünki qanunla etibarnamə verilməsinə dair bir qadağa yoxdur. Vətəndaş çıxış yolu kimi buna əl atır. Problem etibarnamədə deyil, problem vətəndaşı bu vəziyyətə salan tənzimləmələrdədir.
    Hazırda hər 10 sürücüdən 8-nin sürücülük hüququnun məhdudlaşdırılması təhlükəsi var. İndi sual yaranır: bizə sürücülük vəsiqəsi əlindən alınmış kütlə lazımdır, yoxsa şərait yaradılmış intizamlı sürücülər? Bu sualın cavabı hər şeyi aydınlaşdıracaq”.

  • Saat 10:00-da işıq kəsiləcək – Bu ərazilərdə

    Mayın 6-da Bakının Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/10 kV-luq 213 saylı yarımstansiyadan çıxan və Komplekt Transformator Məntəqəsini (KTM 1078) qidalandıran 10 kV-luq hava xəttində cari təmir işləri aparılacaq.

    Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

    Bununla əlaqədar olaraq saat 10:00-dan 15:00-dək Nizami rayonu Şərq küçəsində Azərsutikinti trestinin xəstəxanasının ətrafında yerləşən bəzi yaşayış ərazilərində elektrik enerjisinin verilişində mərhələli şəkildə məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.