Category: Cəmiyyət

  • 48 il əvvəl çəkilmiş Azərbaycan filmi tapıldı – FOTOLAR

    “Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.

    Bu barədə Azərbaycan Dövlət Film Fondunun məlumatında deyilir.

    Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunmuşdur. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə ikən çəkdikləri kurs işidir. Filmin direktoru Nadir Əliyevdir.

    Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilmişdir. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.

    Film Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov tərəfindən təhvil verilmiş və Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.

    Qeyd etmək lazımdır ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.


  • Tikinti şirkətləri sakinləri gecə yuxusuna həsrət qoyub – Video

    Bakıda yeni inşa olunan çoxmərtəbəli binaların əksərinin tikintisi səhərə qədər davam olunur.

    Xüsusən ağırtonnajlı avtomobillərin gecə saatlarında tikinti ərazilərində çalışması vətəndaşları narahat edir.

    Sakinlər bildirirlər ki, səs-küydən yata bilmirlər.

    “Mən evdəki adi səsdən əsəbiləşən adamam. Belə səslərə isə dayanmaq olmaz. Gərək başını götürüb qaçasan”, – deyə sakinlərdən biri narazılığını dilə gətirib.

    Tikinti şirkətləri isə bildirir ki, bu problem yük maşınlarının şəhər ərazisinə gündüz saatlarında girməsinə icazə verilmədiyindən yaranır.

    “Məcburuq ki, daşınma, beton işlərini gecə saatlarında həyata keçirək. Elə olur ki, bu işlər səhər saat 6-ya kimi davam edir”, – texniki nəzarətçi Namiq Rəsulov Baku TV-yə açıqlamasında deyib.

  • Naxçıvanda bu qurum ləğv edildi

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Naxçıvan Aqrar İstehsalat, Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti ləğv edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev müvafiq qərar imzalayıb.

    Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət ləğvetmə komissiyasının formalaşdırılmasını və ləğvetmə prosesinin mülki qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini təmin etməlidir.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Qərara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

    Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, bu Qərarın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.

    Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Qərara uyğunlaşdırılmasını təmin edib bu barədə dörd ay müddətində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

    Qeyd edək ki, qərar aprelin 29-dan qüvvəyə minib.

  • Generalın oğlu işdən çıxarıldı

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) növbəti kadr islahatı həyata keçirilib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

    Əmrə əsasən, AAYDA-nın Söküntülər şöbəsinin rəisi Cavidan Həsənov vəzifəsindən azad edilib.

    Qeyd edək ki, C.Həsənov Penitensiar xidmətin sabiq rəisi, general-leytenant Ceyhun Həsənovun oğludur.

  • Təbii kürünü saxtasından necə ayıraq? – AQTA aydınlıq gətirdi

    Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib.

    Agentlik ticarət, ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirir ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. İstehlakçılara təqdim olunan bütün qida məhsulları, o cümlədən kürü məhsulları etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli, “təbii kürü” adı altında süni məhsulların təqdim edilməsinə yol verilməməli, məhsulların mənşəyini təsdiq edən sənədləri mövcud olmalıdır.

    Qeyd edək ki süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətlərə malikdir. Onun hazırlanmasında jelatin, yosun ekstraktı olan alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılar istifadə edilərək kürü formasına salınır. Əsas fərqlərdən biri odur ki, süni kürü qızdırıldıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayıran əsas göstəricilərdən biridir.

    İstehlakçılara tövsiyə olunur ki, ictimai iaşə obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərini tələb etsinlər və şübhəli hallarla qarşılaşdıqda Agentliyin “1003 – Çağrı Mərkəzi”nə müraciət etsinlər.

    Sonda qeyd edirik ki, nəzarət tədbirləri davam etdirilir, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcəkdir.

  • Gəncədə bağçada biabırçılıq – Tərbiyəçi azyaşlıları təhqir etdi (İDDİA- VİDEO)

    Gəncədə uşaq bağçasında xoşagəlməz hadisə baş verib. İddialara görə, tərbiyəçi azyaşlılara qarşı kobud davranaraq onları təhqir edib.

    Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

    Belə ki, tərbiyəçi uşaqlara “tormoz” və “axmaq, monqol” kimi ifadələr işlədib.

    Hadisənin hansı bağçada baş verdiyi məlum deyil.

  • Kruiz gəmisində yayılan virus bu ölkədə də aşkarlandı

    İsveçrədə əvvəllər Atlantik okeanında kruiz gəmisində olan bir kişidə hantavirus infeksiyası aşkar edilib.

    Bu barədə konfederasiyanın Nazirlər Kabineti mətbuata açıqlamasında bildirib.

    “Xəstə İsveçrəyə qayıdan və əvvəllər bir neçə hantavirus infeksiyası halının qeydə alındığı kruiz gəmisində olan bir kişidir”, – deyə açıqlamada bildirilir.

    Qeyd olunur ki, xəstə Sürix Universitet Xəstəxanasında müalicə alır.

    Daha əvvəl Atlantik okeanında kruiz gəmisində hantavirus epidemiyasının aşkarlandığı və nəticədə üç nəfərin öldüyü bildirilmişdi. Yoluxma hallarının sayı yeddiyə çatıb.

  • “Dr. Gülü” xəstəxanaya yerləşdirildi – AÇIQLAMA

    Bakıda özünü “Dr. Gülü” kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. Məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.

    Kliniki Tibbi Mərkəzdən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, 05.05.2026-cı il tarixində saat 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

    Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib.

    Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

  • Qanunsuz saxlanılan silah-sursat aşkarlandı

    Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

  • Kredit kartlarına LİMİT: “İnanılmaz dərəcədə böyük borclanma var idi”

    “Azərbaycan Mərkəzi Bankı (AMB) əhaliyə böyük limitlərlə kredit kartlarının verilməsinin qarşısını alıb”.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    “Biz əməkhaqqının beş misli qədər limit tətbiq etdikdən sonra kredit kartlarının sayı aktiv şəkildə azalmağa başladı. Çünki kartlar vasitəsilə inanılmaz dərəcədə böyük borclanma baş verirdi. Biz bunun qarşısını aldıq”, – deyə o qeyd edib.

    AMB-nin açıqladığı statistik bülletenə əsasən, aprelin 1-nə ölkədəki 22.4 milyon ədəd ödəniş kartının 20.3 milyonu debet, 2.1 milyonu kredit kartı olub. Son bir ildə debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb. Kartların ümumi sayında 10% artım qeydə alınıb.