Category: Cəmiyyət

  • CV-lər işəgötürənlər üçün dəyərini itirib: səbəb nədir?

    Şirkətlər arasında “steril” CV-lərin artması fonunda ənənəvi işə qəbul sənədləri öz dəyərini itirməyə başlayır.

    Valyuta.az-ın “G7” nəşrinə istinadən məlumatına görə, neyron şəbəkələrin kütləvi istifadəsi namizədlərin CV-lərini o qədər qüsursuz edib ki, onların arxasında real insanı görmək çətinləşib.

    Əmək bazarında yeni tendensiya

    Mövcud vəziyyət bir növ qapalı dövr yaradıb. Şirkətlər açar sözlərə əsaslanan avtomatlaşdırılmış sistemlər tətbiq edir, iş axtaranlar isə süni intellektdən istifadə edərək həmin sözləri ideal şəkildə CV-lərə yerləşdirirlər. Nəticədə yüksək uyğunluq balı real bacarıqları əks etdirmir.

    Rekrutinq üzrə mütəxəssis Tamara Tayti bildirir ki, CV-lər artıq namizədlərin real qabiliyyətlərini etibarlı şəkildə göstərməkdə əvvəlki rolunu itirir.

    Müsahibədə gerçəklik üzə çıxır

    Bir çox namizədin təcrübəsi göstərir ki, süni intellekt müsahibəyə dəvət almağa kömək etsə də, görüş zamanı real bilik və bacarıqlar üzə çıxır və uyğunsuzluqlar aşkar edilir.

    “No Fluff Jobs” şirkətinin nümayəndələri qeyd edir ki, rekruterlər artıq “maşın tərəfindən yazılmış” mətnləri müəyyən etməyi öyrəniblər. Bu cür mətnlər adətən həddindən artıq düzgün cümlə quruluşu və spesifik yazı üslubu ilə seçilir.

    Yeni yanaşmalar tətbiq olunur

    Hazırda şirkətlər seçim prosesində daha çox manual yoxlamalara, telefon müsahibələrinə və praktiki tapşırıqlara üstünlük verirlər. Eyni zamanda, işçilərin şəxsi tövsiyələrinin əhəmiyyəti xeyli artıb və bəzən ən ideal CV-dən daha etibarlı hesab olunur.

    Mütəxəssislər hesab edir ki, gələcəkdə işə qəbul prosesində fərdi təcrübə və real nəticələr daha ön plana çıxacaq.

  • Anası o uşaqdan imtina etdi

    Bakıda itkin düşmüş körpənin valideynləri tapılıb. 

    Median.Az xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat paylaşıb.

    O bildirib ki, azyaşlının anası ondan imtina edib. 

    “Hazırda barəsində cinayət işi açılıb. Uşaqdan rəsmi qaydada imtina etdi. Ruhu belə incimədən. Sual verdim ki, “bəs düşünmədin ki, uşağa heyvanlar toxunar,xəsarət alar?” Çiyinlərini çəkdi…”, – deyə Birliyin sədri qeyd edib. 

  • Bu şəxslərin maaşı 35 faiz artıb

    Sertifikatlaşdırma prosesinə start verildikdən indiyədək 83 min 983 təhsilverənin imtahanlarda iştirakı təmin edilib.

    Median.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

    Bildirilib ki, sertifikatlaşdırma prosesindən uğurla keçən 24 min 36 nəfər təhsilverənin maaşına 35 faiz artım tətbiq edilir.

    Qeyd edək ki, müəllimlər ilk dəfə 2022-ci ildə sertifikatlaşmaya cəlb olunublar. Həmin ildən proses davam etməkdədir.

    Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarına əsasən, sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin vəzifə maaşlarına tədris edilən dərs saatına görə 35%, keçid balını (30) toplamış digər təhsilverənlərə isə 10% əlavələr tətbiq olunur

  • Bu küçədə nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək

    Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində (8 Noyabr prospektindən Babək prospektinədək olan hissə) 5 may saat 22:00-dan 8 may saat 06:00-dək nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

    Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

  • Məxfurə Hüseynovanın meyiti tapıldı

    İstanbulda Kadıköydən Beşiktaşa hərəkət edən sərnişin bərəsinə mindikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.

    Bu barədə “Sabah” nəşri məlumat yayıb.

    Bildirilib ki, hadisə mayın 2-də baş verib. Bir neçə gün davam edən axtarış tədbirlərindən sonra onun meyiti Haydarpaşa yaxınlığında dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

    Təhlükəsizlik kameralarının qeydlərini araşdıran qurumlar onun Kadıköydəki turniketdən keçərək gəmiyə mindiyini, lakin Beşiktaşda sahilə çıxan sərnişinlərin arasında olmadığını müəyyənləşdirib. Məlumat daxil olduqdan dərhal sonra dənizdə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

    Həmin görüntülər itkin düşən qadının qızı Nigar Yusifliyə də təqdim olunub. N.Yusifli kadrlardakı şəxsin anası olduğunu təsdiqləyib. Faktla bağlı araşdırmalara başlanılıb.//oxu.az

  • Daha üç rayonda bir neçə kənd QAZSIZ QALACAQ

    Şəmkir, Tovuz və Qazax rayonlarının bəzi kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Median.Az xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

    Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar mayın 6-da saat 09:30-dan işlər yekunlaşanadək Şəmkir rayonunun Mahmudlu kəndində, Tovuz rayonunun Hunanlar və Aşağı Mülkülü kəndlərində, həmçinin Qazax rayonunun Yuxarı Salahlı, Aslanbəyli və II Şıxlı kəndlərində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

    Qeyd olunub ki, işlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

    Xatırladaq ki, daha əvvəl Qəbələ rayonun Bum qəsəbəsi, Hacıqabul rayonunun Padar və Ağsu rayonunun Padarqışlaq kəndlərində də mayın 6-da saat 10:00-dan etibarən qaz təchizatında müvəqqəti fasilə yaranacağı barədə açıqlama verilmişdi.

  • Cəlilabadda gənc müəllim dünyasını dəyişdi

    Cəlilabadda müəllim vəfat edib.

    Median.Az Unikal-a istinadən xəbər verir ki, Cəlilabad rayonunun Albalan kənd sakini, Əhməd Əhmədov Natiq oğlu uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

    Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəllabad filialının 2015–2020-ci il məzunu olub, tarix–coğrafiya ixtisası üzrə təhsil alıb. O, həmçinin hazırlıq kurslarında müəllim kimi fəaliyyət göstərib. O ailəli idi.

  • Övladı yeni hərbi xidmətə getmişdi… – Cəlilabad sakini Aeroport yolundakı dəhşətli qəzada həlak oldu

    Aeroport yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüat məlum olub.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, qəza nəticəsində həyatını itirən Mansur İmanov Cəlilabad rayonunun Uzuntəpə kənd sakini olub.

    Məlumata görə, mərhumun övladı bu yaxınlarda hərbi xidmətə yola düşübmüş.

    ***

    Xəzər rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes” və “XPeng” markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, “Mercedes” markalı minik avtomobilinin sürücüsü və sərnişininin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

    Xilasedicilər tərəfindən minik avtomobilinin sərnişini xilas edilib. Həyatını itirən sürücü, Mansur Güləxan oğlu İmanovun meyiti isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

  • Dumana görə yollarda görünüş məsafəsi məhdudlaşacaq – XƏBƏRDARLIQ

    Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

    Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

    Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

  • Sumqayıtda avtomobil yolunun çökməsinin səbəbi açıqlandı (Yenilənib)

    Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən 600 mm diametrli kanalizasiya xəttində çökmə baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti asfalt yolda oyuq yaranmasının səbəbinə aydınlıq gətirərkən məlumat verib.

    Bildirilib ki, hazırda müvafiq qurumlar tərəfindən ərazidə təhlükəsizlik tədbirləri həyata keçirilir, hadisə yerinə giriş-çıxış nəzarətə götürülüb. Yaranmış problemin aradan qaldırılması məqsədilə sabahdan etibarən təmir-bərpa işlərinə başlanılacaq. İşlərin qısa müddətdə yekunlaşdırılması üçün bütün zəruri tədbirlər görüləcək.

    * * * * *

    Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, nəticədə yolun hərəkət hissəsində təxminən 5 metr diametrli iri oyuq yaranıb.

    Çökməyə səbəb kimi kanalizasiya xəttində qəzanın baş verməsi göstərilir.

    Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, hazırda təhlükəsizlik tədbirləri görülür və problemin aradan qaldırılması istiqamətində işlər aparılır.