Category: Cəmiyyət

  • Suçiçəyi ilə bağlı narahatlıq – Səhiyyə Nazirliyindən açıqlama

    Hazırda ölkə ərazisində uşaq və böyüklər arasında suçiçəyi xəstəliyinin yayılması ilə bağlı xəbərlər yayılıb. Həkim və bəzi tibb ekspertləri əhali arasında xəstəliyin yenidən alovlandığını iddia edirlər.

    Mövzu ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, suçiçəyi xəstəliyi mövsümi xarakter daşıyır və adətən payız-qış aylarında daha çox qeydə alınır.

    Məlumata görə, hazırda ölkə üzrə xəstəliyin kütləvi yayılması halları müşahidə edilmir:

    “Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən yoluxucu xəstəliklərin profilaktikası istiqamətində mütəmadi tədbirlər davam etdirilir və epidemioloji vəziyyət daim nəzarətdə saxlanılır. Yoluxma riskinin azaldılması məqsədilə vətəndaşlara xəstə şəxslərlə təmasdan çəkinmək, əlləri mütəmadi yumaq, şəxsi gigiyena qaydalarına riayət etmək, xəstəlik əlamətləri müşahidə olunduqda isə vaxtında tibb müəssisələrinə müraciət etmək tövsiyə olunur”, – məlumatda qeyd olunub.

  • Novxanı sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR – Yeni layihə…

    “Azərişıq” ASC Abşeron rayonunun Novxanı qəsəbəsində köhnə elektrik qurğusunu yenisi ilə əvəz etməyi planlaşdırır.

    Qəsəbədə mövcud 6/0.4 kV-luq 919 saylı paylayıcı qurğu sökülərək onun yerində 35/6 kV-luq daha müasir yarımstansiya inşa olunacaq.

    Yeni stansiyanın tikintisi ərazidə elektrik enerjisinin keyfiyyətinin artırılmasına və daha dayanıqlı enerji təminatının yaradılmasına xidmət edəcək.

    Layihənin ümumi dəyəri 4,1 milyon manatdan artıq qiymətləndirilir.

    Qeyd edək ki, bu layihə enerji infrastrukturunun yenilənməsi və gücləndirilməsi məqsədi daşıyır.

  • Güclü yağışlar müharibə ilə bağlıdır? – AÇIQLAMA

    Son dövrlərdə müşahidə olunan güclü və intensiv yağışlar cəmiyyətdə müxtəlif suallar doğurur. Bəzi hallarda bu cür hava hadisələri ilə bağlı fərqli ehtimallar irəli sürülür və onların səbəbləri haqqında müxtəlif yanaşmalar müzakirə olunur.
     
    Xüsusilə iqlim dəyişikliklərinin sürətləndiyi bir dövrdə təbii proseslərlə insan fəaliyyətinin təsir dərəcəsi daha çox diqqət mərkəzinə çevrilib.
     
    Bəs görəsən, son dövrlərdə tez-tez müşahidə olunan güclü və intensiv yağışların müharibə və ya hərbi fəaliyyətlərlə hər hansı bir birbaşa və ya dolayı əlaqəsi varmı? 
     
    Mövzu ilə bağlı ekoloq Qorxmaz İbrahimli sfera.az -a açıqlama verib. Onun sözlərinə görə, hazırda yağan yağıntılar bahar fəslinə aid olan yağıntılardır və başqa proseslərlə əlaqəsi yoxdur:

    “Düşünmürəm ki, bunun iqlim dəyişikliyi ilə hər hansısa bir əlaqəsi olsun. Bizim yerləşdiyimiz mülayim-subtropik qurşaqda bahar fəsli yaşanır. Bahar fəslinin əsas xüsusiyyətlərindən biri yağıntıların bolluğudur. Bəzən daha çox quraqlıq olur, bəzən hətta qar yağması belə müşahidə olunur. May ayında da qar yağdığı olub. Düzdür, iqlim dəyişikliyi baş verir. Amma bunun iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur. Müharibə ilə əlaqəsinə gəldikdə isə, bu, ola bilər. Çünki atmosferdə olan partlayışlar ola bilər ki, havaya təsir edir. Hazırda aparılan müharibənin buludlara, havaya təsiri olmaya da bilər. Çünki atılan bombalar yerə atılır. Cənub küləyi vasitəsilə, orda yaranan qazlar bizə gəlib çıxa bilər. Amma birbaşa olaraq bu yağıntıların müharibə ilə ciddi əlaqəsi yoxdur”.

    Ekoloq əlavə regiondakı müharibə ilə yağıntının əlaqəsinə də toxunub:

    “Hazırda yağıntılar ekosistemə, bitki örtüyünə, təbiətə müsbət təsir göstərir. Dünyanın ən kirli şəhərlərindən biri olan Bakının havası təmizlənir. Ona görə də yağıntıların olması müsbətdir. Hətta müharibə nəticəsində yaranmış zəhərli havanı belə yağışlar təmizləmir”.

  • Culfa kəndlərində işıq olmayacaq

    Aprelin 7-də Culfa rayonunun bir çox kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

    “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, fasilələr şəbəkədə aparılacaq planlı təmir-bərpa işləri ilə əlaqədardır. Bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki vəziyyətin yoxlanılması məqsədilə 35 kV-luq “Əbrəqunus” hava xəttində və eyniadlı yarımstansiyada gərginliyin açılması nəzərdə tutulub.

    Təmir işləri ilə əlaqədar olaraq saat 14:00-dan 16:00-dək rayonun Əbrəqunus, Xoşkeşin, Teyvaz, Ləkətağ, Milax, Ərəfsə, Bənəniyar, Göydərə, Saltaq, Əlincə, Xanəgah, Qazançı, Ərəzin, Boyəhməd, Gal, Şurud, Camaldın, Qızılca və Kırna kəndlərinə elektrik enerjisinin verilişi dayandırılacaq.

    Naxçıvan RETSİ yaranacaq müvəqqəti narahatlığa görə istehlakçılardan üzr istəyir.

  • İrandan Azərbaycana indiyədək neçə nəfər təxliyə olunub?

    İrandan fevralın 28-i saat 08:00-dan aprelin 6-sı saat 10:00-dək Azərbaycana ümumilikdə 3 322 nəfər təxliyə olunub.

    Median.Az “Report”a istinadən xəbər verir ki, təxliyə olunanların 575 nəfəri Azərbaycan vətəndaşıdır.

    Eyni zamanda, Çinin 732, Rusiyanın 370, Hindistanın 238, Banqladeşin 198, Tacikistanın 189, Pakistanın 151, İranın 136, Omanın 84, İndoneziyanın 68, Əlcəzairin 57, İtaliyanın 44, İspaniyanın 26, Almaniyanın 27, Kanadanın 25, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 19, Özbəkistanın 16, Polşanın 14, İsveçrənin 14, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 16, Qazaxıstanın 13, Meksikanın 11, ABŞ-nin 13, Belarusun 11, Böyük Britaniyanın 10, Bolqarıstanın 10, Konqo Demokratik Respublikasının 10, Braziliyanın 9, Sudanın 8, Venesuelanın 7, Finlandiya, Ruminiya, Çexiya, Slovakiya, Belçika və Birləşmiş Ərəb Əmirliklərinin hər birinin 6 vətəndaşı təxliyə edilib.

    Bundan başqa, təxliyə edilənlər arasında Türkiyə, Serbiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, Vyetnam və Qırğızıstanın hər birinin 5, İordaniya, Filippin, Ukrayna, Şri-lanka, Küveyt və Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka və Norveçin hər birinin 3, Nepal, Livan, Yəmən, Myanma, Kipr, Misir və Sloveniyanın hər birinin 2 vətəndaşı var.

    İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Beliz və Dominikanın hər birinin 1 vətəndaşı təxliyə olunub.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali lideri Əli Xamenei və bir sıra yüksəkvəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

  • Sürücülərə və şagirdlərə müraciət

    “Məktəb ətrafı ərazilərdə hərəkət edən sürücülər və piyadalar xüsusi diqqətli olmalıdır. Sürücülər sürət həddini minimuma endirməli, piyada keçidlərinə yaxınlaşarkən daha ehtiyatlı olmalı və uşaqların qəfil yola çıxma ehtimalını nəzərə almalıdırlar”.

    Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatında deyilir.

    “Piyadalar, xüsusilə şagirdlər, yolu yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, diqqəti yayındıran amillərdən uzaq durmalıdır.

    Valideynlər isə uşaqlara yol hərəkəti qaydalarını mütəmadi izah etməli və onlara şəxsi nümunə göstərməlidirlər.

    Unutmayaq ki, təhlükəsiz mühit yalnız qaydalara riayət etdikdə mümkündür. Qaydalara riayət etmək isə sürücülərin, piyadaların və digər yol iştirakçılarının təhlükəsizliyini təmin edir”, – deyə qurumun müraciətində deyilir.

  • Azərbaycanda bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək

    Prokurorluq orqanlarına məxsus kriminalistik avadanlıqlarla təmin edilən avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək, onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ veriləcək.

    Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin videokonfrans formatında birgə iclasında müzakirə olunan “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Layihə “operativ nəqliyyat vasitələri” anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur.

    Hazırda qüvvədə olan qanuna görə, operativ nəqliyyat vasitələri yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.

    Təklif edilən dəyişikliyə əsasən, yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger funksional rabitəsi orqanının tapşırıqlarının yerinə üzrə səlahiyyətli yetirilməsi, minatəmizləmə fəaliyyəti qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin həyata keçirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Respublikasının ali Azərbaycan vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası, poçt rabitəsinin milli operatoruna məxsus olan və poçtun daşınmasında istifadə edilməsi, prokurorluq orqanlarına məxsus olan və kriminalistik avadanlıqlarla təmin edilərək təxirəsalınmaz hadisə yerində prosessual hərəkətlərin yerinə yetirilməsi, növbətçi əməkdaşların hadisə yerinə çatdırılması və ya təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər operativ nəqliyyat vasitələri hesab ediləcək.

    Dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir.

    Belə ki, hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması zərurəti yaranıb.

    Qeyd olunan dəyişiklik hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın gücləndirilməsini, hadisələrə çevik reaksiya verilməsini və cinayətlərin açılması prosesinin artırılmasını təmin edəcək. Eyni zamanda, bu nəqliyyat vasitələrinə xüsusi işıq və səs siqnallarından istifadə hüququnun verilməsi onların yol hərəkətində üstünlüyünü təmin etməklə ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edəcək.
    //unikal.az

  • 6 uşağı zəhərlənən ailəyə sosial-psixoloji yardım göstəriləcək

    Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailə üzvlərinin sosial-psixoloji reabilitasiyası ilə bağlı kompleks tədbirlər planı hazırlanıb.

    Bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

    Bildirilib ki, proses boyunca peşəkar sosial işçilər və psixoloqlar tərəfindən ailəyə mütəmadi dəstək göstəriləcək.

    Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir, üçünün vəziyyəti ağırdır.

  • Bakının hansı istiqamətlərində nəqliyyatın hərəkəti çətinləşib?

    Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

    Hazırda:

    1. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

    2. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;

    3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    4. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

    5. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

    6. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

    7. Koroğlu Rəhimov küçəsi, akad. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

    8. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

    9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

    10. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.

  • Azər Maqsudov amnistiyaya düşdü

    Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudov amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

    Median.Az Apa-ya istinadən xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

    Xatırladaq ki, 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində Azər Maqsudov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Arif Acaloğlunu avtomobillə vurub. Nəticədə A.Acaloğlu aldığı xəsarətdən ölüb.

    Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

    A.Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması – ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

    Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

    Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

    Hökmə əsasən, A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib.