Category: Dünya

  • Türkiyəli tanınmış aktyor həyatını itirdi

    Türk teatrı və operasının tanınmış adlarından olan Ferdi Atuner 82 yaşında həyatını itirib.

    Median.Az-ın “Hürriyet” nəşrinə istinadən xəbərinə görə, bu barədə aktyorun ailəsi məlumat verib.

    Məlumata görə, uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan Atuner infarkt keçirib və vəfat edib.

    Yaradıcılığı boyunca bir çox mühüm layihələrdə yer alan Ferdi Atuner xüsusilə Levent Kırca ilə birlikdə iştirak etdiyi “Olacak o kadar” serialı ilə geniş izləyici auditoriyası qazanıb.

    Eyni zamanda İstanbul Dövlət Opera və Balet Teatrının sənətçisi olan Atuner aktyorluq karyerasında böyük iz qoyub. Məşhur “Çocuklar duymasın”, “Reytinq Hamdi”, “En son babalar duyar”, “Ayrılsak da beraberiz”, “Bez bebek” və “Çılğın Bediş” kimi seriallarda rol alan sənətçi səsləndirmə işləri ilə də yadda qalıb.

  • Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

    Türkiyədə Quru Qoşunlarının Aviasiya Komandanlığına məxsus “CH-47” tipli ağır nəqliyyat helikopteri qəzaya uğrayıb.

    Median.Az “Dünya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumatda bildirilir ki, hərbi helikopter təlim uçuşu zamanı naməlum səbəbdən Ankaranın Temelli bölgəsində qəzaya uğrayıb.

    Qeyd edilir ki, qəza nəticəsində helikopter ekipajı arasında mənfi hal qeydə alınmayıb. Qəzanın baş vermə səbəbi araşdırılır.

  • ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

    ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiya siyahılarını genişləndirib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə sözügedən qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında deyilir.

    Sənədə əsasən, məhdudiyyətlər səkkiz İran vətəndaşına, həmçinin İslam Respublikası və Birləşmiş Ərəb Əmirliyindən olan dörd şirkətə, eləcə də “Mahan Air” aviaşirkətinin iki “Boeing 777-200ER” təyyarəsinə şamil edilib.

  • Gürcüstan hökumətində dəyişiklik oldu – Yeni nazirlər

    Gürcüstan hökumətində kadr dəyişiklikləri baş verir.

    Geka Geladze daxili işlər naziri vəzifəsindən istefa verib və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olub. Acarıstan hökumətinin başçısı Sulxan Tamazaşvili Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.

    Gürcüstanda, həmçinin, Hüquq-mühafizə orqanlarının koordinasiya naziri vəzifəsi yaradılacaq və bu vəzifəni Dövlət Təhlükəsizlik Xidmətinin hazırkı rəhbəri Mamuka Mdinaradze tutacaq. O, eyni zamanda Baş nazirin müavini olacaq.

    Xarici işlər naziri Maka Boçorişvili Baş nazirin daha bir müavini təyin edilib.

  • Makron Ermənistana gedir

    Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana dövlət səfəri edəcək.

    Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

  • İranda edam edilən şəxslərin dəfn yeri də gizlədilir

    İranda edam edilmiş iki etirazçı Əmir Mehdi Biglari və Şahin Vaheparastın cəsədləri gizli şəkildə dəfn olunub.

    “Unikal” xəbər verir ki, bu barədə İran mətbuatı yazıb.

    Qeyd olunub ki, təhlükəsizlik qüvvələri edam olunanların ailələrinə məzarlarının yeri barədə məlumat verməyiblər.

    Məhkəmə sistemi bu iki siyasi məhbusu yanvar etirazları zamanı hərbi obyektə hücum etməkdə və silah anbarına girməyə cəhd edərək, oranın dağıdılmasında və yandırılmasında iştirak etməkdə ittiham edib. Sözügedən şəxslər aprelin 6-da edam olunublar.

  • Tramp İranı atəşkəsi dəfələrə pozmaqda ittiham etdi

    ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi bir neçə dəfə pozmaqda ittiham edib.

    Bu barədə Ağ Ev lideri sosial şəbəkə hesabında açıqlama yayıb.

    “İran atəşkəs rejimini dəfələrlə pozub!”, – deyə Tramp paylaşımında bildirib.

    Lakin o, atəşkəsin pozulması ilə bağlı heç bir detal və ya dəlil təqdim etməyib.

    Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

    İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

    Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

    İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

    Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

    Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

    Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

  • İndoneziya sahillərində güclü zəlzələ

    İndoneziya sahillərində 5.5 maqnitudasında yeraltı təkanlar baş verib.

    Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.

    Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 282 min nəfər əhalisi olan Kupang şəhərindən 133 km şimal-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 77 kilometr dərinlikdə qeydə alınıb.

    Təbii fəlakət nəticəsində xəsarət alanlar və ya bina dağıntıları barədə hələ heç bir məlumat daxil olmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib.

  • KİV: BƏƏ neft əməliyyatlarında ABŞ dollarından imtina edə bilər

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdəki münaqişə fonunda maliyyə dəstəyi almaq ehtimalı ilə bağlı ABŞ ilə danışıqlara başlayıb.

    Bu barədə BƏƏ və ABŞ rəsmilərinə istinadən “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

    Nəşrin məlumatına görə, BƏƏ nümayəndələri danışıqlar zamanı ABŞ rəsmilərinə bildiriblər ki, dollar qıtlığı yaranarsa, ölkə neft satışında və digər əməliyyatların həyata keçirilməsində Çin yuanı və ya başqa dövlətlərin valyutasından istifadə etmək məcburiyyətində qala bilər.

    Qeyd edilir ki, BƏƏ-nin başqa valyutanın istifadəsinə keçməsi halında ABŞ dolları üçün gizli təhlükə yarana bilər. Belə ki, dollar qismən neft əməliyyatlarında istifadə edildiyinə görə dünya valyutaları arasında dominant mövqeyə malikdir. WSJ vurğulayır ki, Əmirlik dirhəmi dollara bağlıdır və təxminən 270 milyard dollar məbləğində valyuta ehtiyatları ilə təmin olunub.

  • Trampın rüsumları ilə bağlı şok qərar: 3 000-dən çox şirkət kompensasiya gözləyir

    ABŞ Prezidenti Donald Trampın Administrasiyası aprelin 20-dən etibarən ABŞ şirkətlərinin ödədiyi 166 milyard dollardan çox idxal rüsumunun geri qaytarılması ilə bağlı müraciətləri qəbul etməyə başlayacaq.

    Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

    “FedEx” və “Costco” kimi nəhənglər də daxil olmaqla, 3 000-dən çox şirkət vəsaitlərin geri alınması tələbi ilə məhkəməyə müraciət edib. Qeyd olunur ki, yalnız rüsumları rəsmi şəkildə ödəmiş şirkətlər kompensasiya almaq hüququna malik olacaqlar.

    Xatırladaq ki, fevralın 20-də ABŞ Ali Məhkəməsi milli fövqəladə hallar üçün nəzərdə tutulan federal qanun əsasında Donald Tramp tərəfindən tətbiq edilmiş rüsumların əksəriyyətini qanunsuz elan edib. Qərar tariflər səbəbindən zərər çəkmiş şirkətlərin iddiası əsasında qəbul olunub.

    Donald Tramp bu qərarı “rüsvayçılıq” adlandırıb və buna cavab olaraq bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən rüsumları 10%-dən 15%-ə qaldırıb.

    Tramp dəfələrlə “fövqəladə tarifləri” xarici şirkətlərin ödəyəcəyini bəyan etsə də, Nyu-York Federal Ehtiyat Bankının hesablamalarına görə, ötən ilin ilk səkkiz ayında xarici şirkətlər bu əlavə rüsumların cəmi 6%-ni ödəyiblər.