Category: Dünya

  • SEPAH içində parçalanma: İranı kim idarə edir?

    İran ikinci raund danışıqlarda iştirakdan imtina etdiyini açıqlayıb. Tehran bu qərarı qarşı tərəfin “həddindən artıq tələbləri”, mövqelərin dəyişməsi və davam edən dəniz blokadası ilə əsaslandırır. Rəsmi mövqeyə görə, sözügedən blokada atəşkəs rejiminin pozulması kimi qiymətləndirilir və bu, danışıqlar prosesinə ciddi zərbə vurur.

    İranın bu qərarı daxili siyasi faktorlarla nə dərəcədə bağlı ola bilər?

    Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Güney azərbaycanlı siyasətçi Məhəmməd Rəhmanifər bildirib ki, İranda əsas qərarverici qüvvə, ölkə daxilində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hesab olunur. Onun sözlərinə görə, xüsusilə Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən sonra SEPAH-ın təsir imkanları daha da genişlənib və qərarvermə mexanizmi böyük ölçüdə bu qurumun nəzarətinə keçib.

    Siyasətçi qeyd edib ki, hazırda İranın siyasi sistemində formal olaraq fərqli qüvvələr mövcud olsa da, əslində həm iqtidar, həm də müxalifət eyni struktur — SEPAH daxilində formalaşır. Ölkədə “sivil siyasətçi” kimi təqdim olunan bir çox şəxslər də keçmişdə bu qurumun üzvləri olub.

    Rəhmanifər əlavə edib ki, son günlərdə İran daxilində yüksək səviyyəli danışıqlar və görüşlər keçirilib. Pakistan Silahlı Qüvvələrinin baş komandiri İrana gəldi. Bu proseslər fonunda beynəlxalq aktorların, o cümlədən Donald Trampın açıqlamaları və sosial media paylaşımları regionda əlavə gərginlik yaradıb. Trampın bu paylaşımından sonra, İran Xarici İşlər naziri Araqçi də oxşar paylaşım etdi. Bu, dünya bazarında neftin də təxminən 10 dollardan çox qiymətinin düşməsinə səbəb oldu. ABŞ tərəfinin Hörmüz boğazı ilə bağlı bəyanatlarından sonra İran rəsmiləri arasında müəyyən müddət informasiya boşluğu yaranıb və bu, ölkə daxilində müxtəlif suallar doğurub.

    Siyasətçinin sözlərinə görə, İran mediasında və siyasi dairələrdə pərdəarxası razılaşmaların olub-olmaması ilə bağlı müzakirələr genişlənib. Hətta bəzi yüksək vəzifəli şəxslər açıq şəkildə rəsmi mövqe tələb ediblər. Daha sonra İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən verilən açıqlama vəziyyətə müəyyən aydınlıq gətirsə də, bu müddətdə ölkə daxilində fikir ayrılıqları açıq şəkildə üzə çıxıb.

    Siyasətçi vurğulayıb ki, SEPAH daxilində də mövqelər birmənalı deyil. Bir qrup qarşıdurmanın davam etdirilməsinin nəticə verməyəcəyini düşünür, digər qrup isə müqavimətin davam etdirilməsinin daha məqsədəuyğun olduğunu hesab edir.

    Rəhmanifərin fikrincə, ABŞ-ın İrana yanaşması da prosesləri çətinləşdirir. O bildirib ki, Vaşinqton Tehran qarşısında sərt şərtlər irəli sürür, o cümlədən nüvə proqramının tam dayandırılması və raket imkanlarının ciddi şəkildə məhdudlaşdırılmasını tələb edir. Bu isə İran daxilində kompromis əldə olunmasını çətinləşdirir.

    Güneyli siyasətçi sonda qeyd edib ki, danışıqların nəticə verməməsi və blokada məsələsinin həll olunmaması vəziyyəti daha da gərginləşdirir. Mövcud şəraitdə müharibənin növbəti mərhələyə keçməsi ehtimalı yüksəkdir.

    “Hazırkı vəziyyətdə genişmiqyaslı qarşıdurmanın yenidən baş verməsi mümkündür. Mövcud danışıqlar formatı ilə problemin qısa müddətdə həll olunacağı real görünmür. İndiki vəziyyətdə savaşın 3-cü mərhələyə keçməsi mümkündür”, – deyə o, deyib.

    Dəniz Pənahova
    Median.Az

  • Maariv: Türkiyə və Pakistan — İsrailin yeni düşmənləri

    İsrailin Maariv nəşri yaxın gələcək üçün proqnoz yayımlayıb.

    Proqnoza görə, Türkiyə və Pakistan İsrail üçün əsas strateji rəqib statusunda İranı əvəz edə bilər.

    Qəzetin analitikləri hesab edirlər ki, məhz bu iki dövlət ölkənin təhlükəsizliyi üçün əsas çağırışa çevriləcək.
    Birbaşa qarşıdurmanın ən ehtimal olunan məkanlarından biri kimi Suriya göstərilir.
    Nəşrin proqnozuna əsasən, İsrail Suriya ərazisində Ankara və ya İslamabadın hərbi qüvvələri və ya maraqları ilə üz-üzə gələ bilər. Bu ərazi artıq yeni regional oyunçuların maraqlarının toqquşduğu zonaya çevrilir.

  • ABŞ: Şrivportda atışma — 8 uşaq həyatını itirdi

    ABŞ: Şrivportda atışma — 8 uşaq həyatını itirdi

    Şrivport şəhərində baş verən faciə nəticəsində 1 yaşdan 14 yaşa qədər olan səkkiz uşaq həlak olub, daha iki nəfər yaralanıb.
    Bu barədə The New York Times məlumat yayıb.
    Polisin məlumatına görə, hücumdan sonra silahlı şəxs qaçmaq məqsədilə avtomobil qaçırıb, lakin təqib zamanı hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.

    New York Post nəşrinin yazdığına görə, hücum edən şəxs 31 yaşlı ABŞ ordusu veteranı Şamar Elkins olub. İddialara əsasən, ölənlər arasında onun özünün yeddi övladı da var.

  • Evdən işləməyin gizli qarşılığı: Vəzifə yüksəlişi şansınız risk altındadır?

    Qlobal pandemiya ilə həyatımıza daxil olan uzaqdan iş modeli artıq müvəqqəti bir tendensiya deyil, iş dünyasının daimi hissəsinə çevrilib. 

    Qaynarinfo xəbər verir ki, “MyPerfectCV” tərəfindən təqdim olunan məlumatlar, xüsusilə Birləşmiş Krallıqda hibrid iş modelinin nə qədər geniş yayıldığını göstərir.

    Bu gün hər beş işçidən ikisi ya tamamilə uzaqdan, ya da hibrid rejimdə çalışır. Həftədə orta hesabla 1,8 gününü ofisdən kənarda keçirən Böyük Britaniya işçiləri çevik iş modelləri üzrə qabaqcıl ölkələrdən sayılır. Lakin bu yeni dövr eyni zamanda ciddi fürsət bərabərsizliyi və karyera yüksəlişində görünməz baryerlər də yaradıb.

    Gəlir və imkan fərqləri

    Araşdırma nəticələri göstərir ki, evdən işləmək imkanı hər kəs üçün eyni səviyyədə əlçatan deyil. İllik gəliri 50 min funt sterlinqdən yüksək olan və universitet məzunu işçilər uzaqdan işləmək imkanına daha asan çıxış əldə edirlər. Xüsusilə informasiya texnologiyaları və bilik əsaslı sahələrdə bu model standart hal alarkən, pərakəndə satış və xidmət sektoru kimi fiziki əmək tələb edən sahələrdə çalışanlar bu imkandan kənarda qalır. Bu isə iş dünyasında gəlir və təhsil səviyyəsinə bağlı yeni bir ayrışma yaradır.

    Məhsuldarlıq mübahisəsi və karyera qiyməti

    İş dünyasında ən çox müzakirə olunan mövzulardan biri məhsuldarlıqdır. İşçilərin böyük hissəsi evdən işləyərkən daha səmərəli olduqlarını düşünür, lakin rəhbərlərin yalnız kiçik bir qismi bu fikirlə razılaşır. Məlumatlar göstərir ki, fərdi tapşırıqlarda məhsuldarlıq artsa da, komanda işi tələb edən hallarda uzaqdan iş modeli çətinlik yaradır.

    Digər bir problem isə bitməyən onlayn görüşlərdir. Ənənəvi iş mühitindəki ünsiyyət boşluğu bu görüşlərlə doldurulmağa çalışıldıqca, iş saatları daha da uzanır və səmərəsizlik artır.

    Görünməz karyera maneələri

    Araşdırmanın diqqət çəkən nəticələrindən biri də “gözdən uzaq olan könüldən də uzaq olur” yanaşmasını təsdiqləyən məqamdır. Rəhbərlərin böyük əksəriyyəti ofisdə fiziki olaraq olan işçiləri daha asan fərqləndirir. Bu isə uzaqdan və ya hibrid işləyənlərin yüksəliş və maaş artımı şansını səssiz şəkildə azaldır.

    Buna baxmayaraq, bir çox işçi yol xərclərinə qənaət və ümumi həyat keyfiyyətinin yüksəlməsi səbəbilə bu riskləri qəbul edir. Proqnozlara görə, gələcəkdə ofisə tam qayıdış təzyiqi azalacaq, lakin ofisdə keçirdilən vaxt daha strateji şəkildə planlanacaq.

  • Trampdan İsraillə bağlı açıqlama

    İsrail məni heç vaxt İranla müharibəyə sövq etməyib, 7 oktyabr hadisələrinin nəticələri isə İranın heç vaxt nüvə silahına sahib olmayacağı fikrimi daha da artırdı.

    Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

    “Medianın danışmağı sevmədiyi Venesueladakı nəticələr kimi, İrandakı nəticələr də heyrətamiz olacaq”, – deyə Tramp əlavə edib.

  • Milyonlarla istifadəçi “ChatGPT”yə girə bilmir

    Amerikanın “OpenAI” şirkətinə məxsus xidmətlərin, o cümlədən “ChatGPT”nin fəaliyyətində genişmiqyaslı nasazlıqlar qeydə alınıb.

    Bu barədə “Downdetector” platforması məlumat yayıb.

    Məlumata görə, ən çox şikayət Böyük Britaniyadan daxil olub – 7 600-dən çox istifadəçi xidmətdən istifadə zamanı problemlə qarşılaşdığını bildirib.

    Bundan əlavə, nasazlıqlar Almaniyada (5 800), Fransada (3 600), İspaniyada (2 100), ABŞ-də (1 800) və Belçikada (1 300) qeydə alınıb.

  • CENTCOM: “Blokadanın əvvəlindən İranla əlaqəli 27 gəmi ələ keçirilib”

    Blokadanın əvvəlindən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri İran limanlarından yola düşən 27 ticarət gəmisini ələ keçiriblər.

    ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə sosial mediada məlumat verib.

    “İran limanlarına və sahil ərazilərinə daxil olan və ya oradan çıxan gəmilərin blokadasının başlanğıcından bəri ABŞ qüvvələri 27 gəmiyə geri dönməyi və ya İran limanlarına qayıtmağı əmr edib”, – bəyanatda deyilir:

    CENTCOM bildirib ki, ABŞ blokadası nəticəsində İranın dəniz ticarəti tamamilə dayandırılıb.

  • Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırıldı

    Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Bu barədə Almaniya XİN-in X platformasındakı səhifəsində məlumat verilib.

    Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib. “Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”, – deyə məlumatda bildirilib.

  • Fişəng fabrikində güclü partlayış – Onlarla insan öldü

    Hindistanın cənubundakı Tamil Nadu ştatında fişəng fabrikində partlayış baş verib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər həlak olub.

    Hadisə zamanı binada təxminən 40 işçi olub. Partlayış o qədər güclü olub ki, bir neçə istehsal müəssisəsini məhv edib.

    Yaralılar xəstəxanalara yerləşdirilib, bəzilərinin vəziyyəti ağırdır.

    Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir və araşdırma başlanıb. İlkin məlumatlara görə, faciəyə təhlükəsizlik qaydalarının pozulması səbəb olub.

  • Ermənistanda general-mayor axtarışa verilib

    Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibinin oğlu, general-mayor Qriqori Xaçaturov barəsində axtarış elan edilib.

    Bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti TASS agentliyinə açıqlama verib.

    Məlumata görə, Q.Xaçaturov xüsusilə külli miqdard qanunsuz vəsaitin yuyulmasında və vəzifə səlahiyyətlərini aşmaqda günahlandırılır.

    “2025-ci il, dekabrı 25-də təqsirləndirilən general-mayor Qriqori Xaçaturovla bağlı həbs qətimkan tədbirinin seçilməsi qərarına dair apellyasiya şikayəti araşdırıldıqdan sonra, Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi istiqamətində qərar çıxarıb və barəsində rəsmi axtarış elan edilib”, – deyə rəsmi açıqlamada qeyd olunur.

    Xatırladaq ki, 2023-cü il dekabrın 1-də Qriqori Xaçaturovun istintaq dövründəki həbs qətimkan tədbiri dəyişdirilmiş və o, inzibati nəzarətə götürülərək azadlığa buraxılmışdı.

    Qeyd edək ki, general Qriqori Xaçaturov 2008-ci il etiraz aksiyalarında Ermənistanda konstitusiya quruluşunu devirməkdə günahlandırılan KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğludur.