Category: Dünya

  • İran bu ölkəyə hücum etdi

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan 4 raket səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
     
    Median.Az bildirir ki, BƏƏ Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi İdarəsi bəyanat yayımlayıb:
     
    “Hava hücumundan müdafiə sistemləri hazırda raket təhlükəsinə qarşı aktivləşdirilib”-deyə verilən bəyanatda vətəndaşlardan təhlükəsiz yerdə qalmaları və rəsmi orqanların xəbərdarlıqlarına əməl etmələri istənilib.

    Bu arada, BƏƏ Müdafiə Nazirliyi İrandan ölkəyə yaxınlaşan 4 kruiz raketi aşkarlandığını, onlardan 3-ünün ölkənin ərazi suları üzərində uğurla ələ keçirildiyini, birinin isə dənizə düşdüyünü bildirib.

    Bəyanatda ölkənin müxtəlif yerlərində eşidilən səslərin hava təhlükələrinin uğurlu qarşısının alınmasının nəticəsi olduğu bildirilir və vətəndaşlar rəsmi mənbələrdən məlumat almağa, faktları yoxlamağa və xəbərdarlıq mesajları alarkən təhlükəsizlik prosedurlarına riayət etməyə çağırılır. Qeyd edək ki, BƏƏ Daxili İşlər Nazirliyi də bu yaxınlarda ölkəyə qarşı mümkün raket təhdidləri ilə bağlı mobil telefonlara xəbərdarlıq mesajları göndərmişdi.

    İranın pilotsuz təyyarə hücumundan sonra neft sənaye zonasında yanğın baş verib.
     
    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan gələn pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra Fuceyra neft sənaye zonasında yanğın baş verdiyini bildirib. Fuceyra Media Ofisinin açıqlamasında Fuceyra Neft Sənaye Zonasının İranın pilotsuz təyyarə hücumuna məruz qaldığı bildirilib. Bəyanatda əlavə edilib ki, hücum nəticəsində Fuceyra Neft Sənaye Zonasında yanğın baş verib və mülki müdafiə qrupları yayılan yanğını nəzarət altına almaq üçün müdaxilə edib.

  • Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edilib

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

    Görüşdə tərəflər nəqliyyat, energetika, gömrük və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

    C.Yılmaz bildirib ki, normallaşma prosesi çərçivəsində atılan qarşılıqlı konstruktiv addımlar konkret nəticələr verir.

    O, həmçinin Türkiyənin Cənubi Qafqazda sabitliyin təmin olunmasına töhfə vermək niyyətində olduğunu vurğulayıb və normallaşma, iqtisadi əməkdaşlığın genişləndirilməsi, xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətində siyasətin davam etdiriləcəyini qeyd edib.

    Qeyd edək ki, Cevdet Yılmaz 2013-cü ildən bəri Ermənistana səfər edən ilk yüksəkvəzifəli Türkiyə rəsmisidir.

  • Filippində 6 bal gücündə zəlzələ olub

    Filippinin şərqində yerləşən Samar adası ərazisində 6 bal gücündə zəlzələ qeydə alınıb.

    Yeraltı təkanlar adanın şimal-qərbində yerləşən Nena bölgəsi yaxınlığında baş verib. Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

    Zəlzələ yerin təxminən 73 kilometr dərinliyində qeydə alınıb və ölkənin şərq sahilində yerləşən digər yaşayış məntəqələrində də hiss olunub.

    İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən və yaralanan yoxdur, həmçinin ciddi dağıntı qeydə alınmayıb.

  • Günəşdə güclü partlayış baş verib – Maqnit qasırğası ola bilər

    Mayın 4-də səhər saatlarında Günəşdə daha əvvəlki güc kateqoriyasına daxil olan partlayış baş verib.

    Bu barədə Tətbiqi Geofizika İnstitutu TASS agentliyinə açıqlama verib.

    Məlumata əsasən, bu gün Bakı vaxtı ilə saat 05:33-də (Moskva vaxtı ilə 04:33 – red.) 4 424 nömrəli Günəş ləkəsi qrupunda (N16W77) rentgen spektrində M1.8 sinfinə aid və 31 dəqiqə sürən alovlanma aşkar edilib.

    Xatırladaq ki, Günəşdəki partlayışlar yaydıqları rentgen şüalarının intensivliyinə görə beş əsas qrupa ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetr üçün 10 nanovatt radiasiya gücü deməkdir. Hər sonrakı sinfə keçid zamanı şüalanma gücü 10 qat çoxalır. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda Yer kürəsində maqnit qasırğaları yarada bilir.

  • İsveç saxta bayraq altında üzən gəmini saxladı

    İsveç sahil mühafizəsi “Jin Hui” adlı tankeri saxlayıb.

    Median.Az “Fokus” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin açıqlama yayıb.

    Onun sözlərinə görə, gəmi böyük ehtimalla saxta bayraq altında fəaliyyət göstərib və Avropa İttifaqı, Böyük Britaniya və Ukraynanın sanksiya siyahılarına daxil edilib.

    Nazir bildirib ki, gəminin texniki vəziyyəti və sığortasının olmaması ilə bağlı da suallar var.

    Tankerin saxlanılması İsveçin ərazi sularında, onun Baltik dənizinə doğru hərəkəti zamanı baş verib.

    Hazırda gəmi Trelleborq limanında lövbər salıb və araşdırmalar davam edir. Sahil mühafizəsi şübhəli gəminin təyinat məntəqəsinin də qeyri-müəyyən olduğunu qeyd edib.

  • İran neft hasilatını azaltmağa başlayıb

    İran ABŞ-ın tətbiq etdiyi dəniz blokadası fonunda neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaltmağa başlayıb.

    Bu barədə “Bloomberg” məlumat yayıb.

    Məlumata görə, Tehran anbarlar tam dolmadan əvvəl bu addımı atıb.

    Qeyd olunur ki, iranlı mühəndislər quyuları zərər görmədən müvəqqəti bağlamaq və sonradan hasilatı bərpa etmək imkanına malikdir.

  • Dubayda yaşayış icazəsi almaq asanlaşdı

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən böyük şəhəri olan Dubayda yaşayış icazəsi almaq üçün daşınmaz əmlaka minimum investisiya həddi ləğv edilib.

    Bu barədə “DLD Cube” platformasının məlumatında bildirilib.

    Yeni qaydalara əsasən, tək mülkiyyətçilərin Dubayda 2 illik yaşayış icazəsi alması üçün əldə etdiyi mənzilin dəyəri ilə bağlı minumum tələb ləğv edilib.

    Bununla belə, əmlaka başqa biri ilə birgə sahib olmaq istəyən şəxslər üçün isə 400 min BƏƏ dirhəmi (təxminən 185 min AZN) həddi saxlanılıb.

    Qeyd edək ki, əvvəlki qaydalara əsasən, tək mülkiyyətçilərin yaşayış icazəsi almaq üçün əldə etdiyi mənzilin dəyərinin minimum həddi 750 min BƏƏ dirhəmi (347 min AZN) təşkil edirdi.

  • Cevdet Yılmaz Ermənistana gedir

    Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz gələn həftə Ermənistana səfər edəcək.

    Median.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, C.Yılmaz mayın 4-də İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin 8-ci sammitində iştirak edəcək.

  • İran daha iki casusu edam etdi

    İranda İsraillə əlaqəsi olan iki agent edam edilib.

    Bu barədə “Fars” agentliyi məlumat yayıb.

    Yaqub Kərimpur və Nasir Baqerzadə İsrail və Mossad kəşfiyyat xidməti üçün kəşfiyyat əməkdaşlığı və casusluq ittihamları ilə məhkəmədən sonra asılıblar.

    Hökmlər ölkənin Ali Məhkəməsi tərəfindən çıxarılıb.

  • ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

    Almaniyadan 5000 Amerika əsgərinin çıxarılır.

    Bu barədə xarici mətbuat yazır.

    Qeyd olunur ki, ABŞ Almaniyadan 5000 əsgərini geri çəkir, çünki Avropa müttəfiqləri ABŞ prezidentinin gözlədiyi dəstəyi ona göstərmir.

    Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl “Truth Social” sosial şəbəkəsində Almaniyadakı ABŞ hərbi kontingentinin azaldılmasını təklif etmişdi.