Category: Hadisə

  • Qobustanda balıq tutmağa gedənlər torpaq uçqunu altında qaldılar: ÖLƏN VAR

    Abşeron rayonu ərazisində torpaq sürüşməsi olub.

    Hadisə Qobustan ərazisində baş verib. 1987-ci il təvəllüdlü Rəşad Cəsarət oğlu Əhmədov Qobustan kəndində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatı qoparaq üzərinə tökülüb. Nəticədə, o, hadisə yerində ölüb, hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Niyaməddin Şayəddin oğlu Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
    //oxu.az

  • Şəkidə 49 yaşlı kişi restoranda öldü

    Şəkidə istirahətə gedən 49 yaşlı kişi restoranda ölüb.

    Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Fədai Əsədov Şəki şəhərində restoranlardan birində olarkən qəfildən halı pisləşib. O, restoranda ürək çatışmazlığından ölüb.

    Faktla bağlı araşdırma aparılır.
    //oxu.az

  • Bu şirkətin anbardarı həbs edilib – 50 minlik yeyinti

    “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax regional anbarının satıcı-anbardarı həbs edilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Hikmət Fətəliyev şirkətin külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilir.

    Burada söhbət 50 min manatdan artıq yeyintidən gedir. Satıcı anbardar prokurorluq tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 309 (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

    İttihamların ağırlığı da nəzərə alınaraq H.Fətəliyev barəsində həbs qərarı verilib. Təqsiri sübuta yetirilsə və ziyan ödənilməsə, o, 5 ildən 10 ilə kimi azadlıqdan məhrum edilə bilər.

  • Şəkidə 5 otaqlı ev yandı

    Şəkidə yaşayış evi yanıb.

    Yanğın hadisəsi rayonun Sarıca kəndində baş verib. Yanğın yerinə Şəki DYMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı kənd sakini, 1963-cü il təvəllüdlü Abbasova Esmira İsgəndər qızına məxsus

    ümumi sahəsi 192 kv/m olan 5 otaqlı evin 142 kv/m hissəsi tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

  • Lənkəranda 18 yaşlı şəxs göldə boğularaq ölüb

    Lənkəran rayonunda 18 yaşlı şəxs göldə boğularaq ölüb.

    Hadisə rayonun Tükəvilə kəndi ərazisində baş verib.

    Kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Bəhram oğlu Ələsgərov ehtiyatsızlıqdan sahələrin suvarılması üçün yaradılan gölə yıxılıb və suda boğulub.

    Yaxınları hadisədən xəbər tutandan sonra göldəki suyun səviyyəsi azaldılıb və meyiti sudan çıxarmaq mümkün olub.

    Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda yataqxanada yanğın olub, bir nəfər xəsarət alıb

    Bakıda yataqxanada yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb

    Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Sadıqov Fikrət Sədirxan oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə piyadanı vurub.

    Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.

    Faktla bağlı araşdırma aparılır.

  • Ötən il Azərbaycanda qeydə alınan körpə ölümlərinin sayı açıqlanıb

    Ötən il Azərbaycanda 549 körpə ölü doğulub.

    Bu barədə “Azərbaycanda uşaqlar” adlı statistik məcmuədə bildirilib.

    Keçən il perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 319 döl təşkil edib.

    Bundan başqa, həmin müddətdə 2 519 uşaq ölümü qeydə alınıb. Onlardan 1 449-u oğlan, 1070-i isə qızdır. 7 günədək ömür sürən körpə sayı 770-dir.

    Həmçinin ölkədə ötən il üzrə 1 420 bir yaşadək körpə ölümü baş verib və bunun 751-i şəhər, 669-u isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 1 745 olub ki, bunun da 981-i oğlan, 764-ü qızdır.

    Eyni zamanda ötən il Azərbaycanda 29 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib.

    Məlumat üçün bildirək ki, 2023-cü ildə perinatal dövrdə ölənlərin sayı 1 837, körpə ölümü 2039, ana ölümlərinin sayı isə 33 olub.

  • Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb

    Gəncədə 4 gün əvvəl avtomobilin vurduğu piyada ölüb.

    Avqustun 13-də 1998-ci il təvəllüdlü Məmmədov Hüseyn Bəhrəm oğlu idarə etdiyi “Mercdes” markalı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən 1962-ci il təvəllüdlü Quliyeva Mehriban Əli qızını vurub.

    Qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Mehriban Quliyeva ötən gün ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.

  • Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI

    Salyan rayonunda baş verən və ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

    Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar avqustun 18-i, saat 07:10-da iki nəfər (biri qadın cinsli, biri kişi cinsli olmaqla) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

    “Müxtəlif yüngül bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar”, – deyə məlumatda bildirilir.