Category: İqtisadiyyat

  • Bakıda Neft Emalı Zavodu yenidən qurulur: Planlar açıqlandı

    Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernizasiya və yenidənqurması layihəsinin dəyəri təxminən 1,6-1,7 milyard dollardır.

    Bu barədə SOCAR məlumat yayıb.

    “Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurması layihəsinə 2015-ci ildə başlanılıb. Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və indiyədək imzalanan 3 müqavilənin dəyəri təxminən 1,6-1,7 milyard dollardır. Layihə çərçivəsində NEZ-də neftin ilkin emal gücünün artırılması nəzərdə tutulur.

    Hazırda zavodun emal gücü illik 6 milyon tondur və bu göstəricinin ildə 8 milyon tona çatdırılması hədəflənir.

    İstehsal gücü ildə 2 milyon ton olan neftin ilkin emalı qurğusunun keçmiş “Azərneftyağ” zavodunun ərazisindən NEZ-ə köçürülməsi nəzərdə tutulur. Layihənin icrası tamamlandıqdan sonra NEZ-də hazırda ildə 1,2 milyon ton olan avtomobil benzinin istehsal gücü 2,2 milyon tona, dizel yanacağının həcmi ildə 1,9 milyon tondan 2,9 milyon tona, neft-kimya məhsullarının istehsal həcmi illik 112 min tondan 390 min tona, reaktiv yanacaq istehsalı ildə 600 min tondan 1 milyon tona, bitum istehsalı isə illik 200 min tondan 400 min tona çatdırılacaq.

    Zavodda 14 yeni qurğunun tikintisi planlaşdırılır. Bu layihənin icrası ilə neft sənayesinin inkişafının təmin edilməsi, avtomobil yanacağının keyfiyyətinin “Avro-5” standartına çatdırılması və ölkədə yanacağa olan tələbatın tam ödənilməsi nəzərdə tutulur. Layihənin 2021-ci ildə tamamlanması planlaşdırılır”, – deyə SOCAR bildirir.

  • Əhaliyə ŞAD XƏBƏR: maaş artımı gözlənilir

    “Hazırda Azərbaycan nefti 2018-ci ilin dövlət büdcəsində pronozlaşdrırldığından təqirbən iki dəfə baha satılır. Əgər büdcədə neftin qiyməti 45 dollar götürülübsə, hazırda Azərbaycan nefti dünya bazarında 80 dollar civarında satılır. Bu da büdcəyə böyük həcmdə əlavə gəlirlərin daxil olması deməkdir. Bu da öz növbəsində büdcə gəlirlərində ciddi fərqlərin yaranmasına gətirib çıxarır. Bu amil büdcəyə yenidən baxılmasını zəruri edir”.

    Median.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli “modern.az”a bildirib.

    Onun sözlərinə görə, büdcəyə dəyişikliyi zəruri edən ikinci amil isə 2018-ci ilin mart-may aylarında dövlət büdcə təşkilatlarında çalışanların maaşlarının artırılmasıdır:

    “Hələ birinci variantda maaşların artırılması üçün 600 milyon manat əlavə vəsaitə ehtiyac var idi. İndi bu vəsait struktur dəyişikliyi hesabına olacaq, yoxsa əlavə vəsatin cəlb edilməsi ilə? Bunu demək çətindir. Ola bilsin neftdən gələn əlavə gəlirlər hesabına əməkhaqqlarına vəsait ayrılsın. Bunlar müzakirə obyektidir. Bütün bu deyilənlər 2018-ci ilin büdcəsinə baxılacaq dürüstləşdirilməsini zəruri edir. Ona görə də iyun ayında məsələyə baxıla bilər”.

    Ə.Məsimli deyib ki, əgər büdcəyə baxılarsa, neftin büdcədə proqnozlaşdırıldığı 45 dollar həcmi 10-15 dollar qaldırıla bilər:

    “Belə bir praktika olub. Elə 2017-ci ilin büdcəsinə zamanı neftin qiyməti 25 dollar götürülsə də, neftin qiyməti proqnzlaşdırıldığından baha oldu. Qiyməti dəyişdirilərək 40 dollara qaldırıldı. Hazırda büdcədə neftin qiyməti 45 dollar nəzərdə tutulsa da, real olaraq bazarda neftin qiyməti 80 dollar civarındadır. Bu da nəzərdə tutulduğundan təqribən iki dəfə çoxdur. Odur ki, məsələyə baxıb neftin qiymətini büdcədə 55-60 dollar həcmində götürmək olar. Bu məqbul variantdır”.

    Qeyd edək ki, Milli Məclisin iyun ayında keçiriləcək növbədənkənar iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılacaq.

  • “Gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək”

    Sahibkarlara malların idxalı zamanı SMS-lə bildirişlərin göndərilməsi xidmətinin tətbiqinə başlanılıb.

    Bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abbasov deyib.

    Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılıb: “Belə ki, may ayıın 29-dan tətbiqinə başlanılan sistemə əsasən hazırda sahibkarlara idxal zamanı yük gömrük ərazisinə daxil olduqda və təyinat nöqtəsinə çatdıqda SMS vasitəsilə bildiriş göndərilir. Təkmilləşdirmə işləri aparıldıqdan sonra yüklərin sənədləşdirilməsi, ödəniləcək gömrük rüsumu ilə bağlı da SMS-lə məlumat veriləcək”.

  • Bakının ən məşhur zavodu bağlanır

    “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodu da 40-45 gün ərzində dayandırıla bilər

    Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq.

    Median.Az APA-ya istinadla xəbər verir ki, bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, illik əsaslı təmir işləri neft emalı zavodu ilə yanaşı, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər: “Vəziyyət işin gedişatından asılı olaraq dəyişə bilər”.

    D. Məmmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla bağlı saziş iyun ayında imzalanacaq.

    D. Məmmədov qeyd edib ki, idxal üçün ən əlverişli bazar Rusiyadır. “Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kifayət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə “Ai-92″ markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək” – deyə D. Məmmədov bildirib.

  • “Kredit faizləri çox yüksəkdir…” – Deputatdan banklara etiraz

    “2017-ci ildə biz bu məsələni qaldırdıq. Düzdür manatın dayanıqlılığı çox gözəldir. Ancaq məsələ qaldırıldı ki, Azərbaycanda banklarda kredit faizi çox yüksəkdir. Vətəndaşlar bundan səmərəli istifadə edib, yeni iş yerləri yarada bilmirlər”.

    Median.Az xəbər verir ki, bunu “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Deputatın sözlərinə, Azərbaycanda orta və kiçik sahiblarlıq kreditlərdən yararlana bilmir ki, oradan da dövlət büdcəsinə vergi ödənilsin və büdcə artsın.

    “2018-ci ildə hansı işlər görülür ki, bu faiz dərəcələri aşağı düşsün və insanlar kredit ala bilsin? Yaxşı hallardan biri ondan ibarətdir ki, prezident İlham Əliyev tərəfindən həm şəhid ailələrinə, həm də əlillərə müavinətlərin ödənilməsi ilə bağlı sərəncam imzalandı. Ancaq bununla yanaşı digər bu qəbildən olan məsələlər var ki, onlar da öz həllini tapmalıdır”. /modern.az/

  • 200 manatlıq əskinaslar dövriyyədə

    Artıq Azərbaycan Mərkəzi Bankının bankomatlarında bir müddət öncə ölkədə dövriyyəyə buraxılan 200 manatlıq əskinasları əldə etmək mümkündür.

    Bununla bağlı məlumat bank tərəfindən verilib.

    Bu gündən etibarən inkassasiya zamanı başqa nominallarla yanaşı, bankomatlardan 200 manatlıq əskinaslar da veriləcək.

    Hazırda 200 manatlıq əskinaslar AMB-nin baş ofisindəki, Səbail, Nəsimi, Mərkəzi filiallarındakı, “Port Baku” və “SOCAR Tower” ofislərindəki bankomatlara paylanılıb. Yaxın vaxtlarda bu əskinasları AMB-nın bütün bankomatlarından əldə etmək mümkün olacaq.

  • BP Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir

    BP şirkətində Azərbaycanın 2500 vətəndaşı çalışır. Bu, Azərbaycanda əməkdaşlarımızın 95 faizini təşkil edir.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

    Qəri Cons BP-nin Azərbaycanla əməkdaşlığından danışıb:

    “Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu.

    Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir”.

  • 208 adda mal və xidmət bahalaşıb

    2018-ci ilin birinci rübündə inflyasiyanın hesablanması üçün istifadə olunan 520 adda mal və xidmətdən 170-nin qiyməti azalıb, 142-nin qiyməti isə dəyişməz qalıb. Nəticədə 208 adda mal və xidmət növünün qiymətlərində artım müşahidə olunub.

    Median.Az Mərkəzi Banka istinadən xəbər verir ki, 2018-ci ilin ilk rübündə orta aylıq inflyasiya 0.1% olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7% bəndi aşağıdır.

    MB-dan bildirilir ki, dövr ərzində istehlak qiymətlərinin azalmasına təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə edilib.

    Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən 2018-ci ilin birinci rübü ərzində ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri mebel və avtomobil seqmentində azalıb, məişət avadanlıqları seqmentində isə artıb.

    Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə azalıb. Azalma daha çox nəqliyyat, otelçilik və səhiyyə seqmentlərində özünü göstərib.

  • Müəllimlərin maaşları artırılacaq

    “Ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqısı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcək”.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə bildirib.

    M.Camalzadə bildirib ki, bu qiymətləndirmədə ötən il keçirilən diaqnostik qiymətləndirmədə iştirak edən müəllimlər də iştirak edir: “Həmin müəllimlər yenidən bilik və bacarıqlarını yoxlamaq üçün bu dəfəki qiymətləndirməyə qatılır, özlərini yenidən sınayırlar”.

    Qeyd edək ki, bu gün Azərbaycan Texniki Universitetində ümumtəhsil və peşə təhsil müəllimlərinin bilik və bacarıqlarının diaqnoştik qiymətləndirməyə start verilib.

    İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may-2 iyun tarixlərində keçiriləcək.

    Diaqnostik qiymətləndirmədə respublikanın ümumi təhsil müəssisələrində çalışan 19 min nəfər müəllimin iştirak edəcəyi gözlənilir.

  • Devalvasiya həyəcanı – ekspertdən təhlükə barədə XƏBƏRDARLIQ

    Azərbaycan manatının kursunun uzun müddət stabil qalması iqtisadiyyat üçün xoş olmayan prosesdir.

    Bu barədə iqtisadçı ekspert İlham Şaban baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu təcrübə vaxtilə ölkə üçün pis nəticələnib.

    “Martın 7-dən Azərbaycan manatının kursu dəyişmir. Valyuta bazarında manatın dollara nisbətən kursu 1.70 AZN qalmaqdadır. Əgər biz faktiki olaraq nəzər salsaq, ötən ilin aprel ayının əvvəlindən bu kurs davam edir. Təbii ki, neft gəlirlərinin artması səbəbindən manatın kursu stabil qalıb. Lakin manatın dollara nisbətən kursunun stabil qalması yaxşı əlamət deyil. Biz bu təcrübəni bir dəfə keçdik. Faktiki olaraq Azərbaycan manatının kursu 10 il ərzində stabil olaraq qaldı. Qeyri neft sektorumuz ixracyönümlüdür. Bu zaman ölkə valyutasının stabil qalması yerli istehsalçılar üçün yaxşı heç nə vəd etmir”, – deyə İ.Şaban bildirib.

    Ekspert deyir ki, burada çıxış yolu yumuşaq valyuta siyasətini həyata keçirtməkdir: “Bu zaman yumuşaq inflyasiya lazımdır”.