Category: İqtisadiyyat

  • Çeki saxlayın: ƏDV-nin 15 faizi geri qayıda bilər

    2019-cu ildən Azərbaycan hökuməti “kölgə iqtisadiyyatı”nın səviyyəsini azaltmaq üçün qarşısına konkret məqsəd qoyub. Bunlardan biri istehlakçıların aldıqları mal və xidmətə görə çek tələbetməsini stimullaşdırmaqla bağlı tədbirlərdir.

    Dövriyyənin rəsmiləşdirilməsi və nağdsız əməliyyatları stimullaşdırmaq məqsədilə gələn il ƏDV-nin bir hissəsinin istehlakçıya geri qaytarılması ilə bağlı Vergilər Nazirliyinin təklifləri var.

    Belə ki, ticarət mərkəzləri və iaşə xidmətlərindən istifadə edən alıcı topladığı çekləri təqdim edərək ƏDV-nin bir qismini geri alacaq. Konkret olaraq, təkliflər belədir ki, vətəndaş aldığı mala görə əldə etdiyi çekləri təqdim etdiyi zaman əgər ödəniş nağdsız həyata keçirilibsə, ƏDV-nin 15 faizini, nağd şəkildə alış-veriş edilibsə, yenə də kassa çeki varsa, 10 faizini geri ala biləcək. Bu həm rəsmiləşməyə doğru aparan bir təşviq mexanizmidir, həm də nağdsız dövriyyənin həcmini artıracaq.

    O da məlumdur ki, Azərbaycanda ƏDV 18 faizdir və vergi daxilolmalarının böyük hissəsi məhz ƏDV-nin üzərinə düşür. 2019-cu ilin büdcəsində vergi daxilolmalarının həcmi artırılıb, bu halda bu təklifin büdcəyə mənfi təsiri ola bilərmi?

    İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda ƏDV-nin 18 faiz təşkil etdiyini nəzərə alsaq, 100 manatda 18 manat edir. Və büdcədə ƏDV-nin gəliri 5,3 milyard təşkil edirsə, orta hesabla nağdsız, nağd hesablaşmaları 13,5 faizlə götürsək, bu, təxminən 375 milyon manat edir. Üstəlik, ƏDV-nin geri qaytarılması ancaq qeyri-neft sektoru məhsullarına aid edilir.

    “Burada başqa bir məsələ var, siz inanırsınızmı bu çeklər yığılıb təhvil veriləcək? Əgər vətəndaş 1000 manatlıq dövriyyə etsə, bu 180 manat edir. Tutaq ki, 15 faiz nağdsız dövriyyə ilə edib, bu halda ona çatacaq məbləğ 27 manatdır. Belə məbləğə görə vətəndaşın hansısa bankın və ya idarənin qapısını döyməsi üçün, bəlkə, marağı olar, ancaq kiçik həcmlərə görə inanmıram.

    Ümumən, bu təklifi dəstəkləyirəm, sadəcə olaraq, sual yaranır ki, mexanizm işləyəcəkmi? Çünki bizdə nağdsız ödəniş mədəniyyəti hələlik yoxdur”.

    Ancaq əminliklə demək olar ki, bu təklif tətbiq edilərsə, müsbət tendensiya yaranacaq. Çünki insanlar hansısa formada pul alacaqlarını bildikləri üçün çek tələb edəcəklər. Bu isə sahibkarları məcbur edəcək ki, dövriyyəni rəsmiləşdirsinlər. Rəsmiləşdirmə isə büdcəyə daxilolmanın həcmini artıracaq.

    Ona görə də bu gün mümkün imkanlardan istifadə edib, təşviq mexanizmlərini artırmaq lazımdır. Nağdsız və qanuni dövriyyəni artıq mədəniyyətə çevirməliyik. Qarşıdakı 5-6 ildə stimullaşdırıcı mexanizmlərdən istifadə etməklə, sonrakı dövr üçün bir mədəniyyət formalaşdırmaq lazımdır.

    R.Həsənov ƏDV-nin differensiallaşmasının tərəfdarıdır:

    “Çünki sabit ƏDV çox absurd bir vəziyyət yaradır, idarəetməni çətinləşdirir. Hökumət əlindəki tənzimləmə alətlərinin sayını nə qədər çoxaldırsa, o qədər daha çevik siyasət həyata keçirə bilir. Uzunmüddətli perspektivdə sadələşdirilmiş verginin ləğv edilməsi zamanı belə, sabit ƏDV böyük problemlər yaradacaq.

    Əgər hədəf belədirsə, mütləq ƏDV differensiallaşmalıdır ki, tənzimləmək üçün alət rolunu oynasın. Sektorların təşviqi, qiymətlərin idarə edilməsi, tələb və təklifin istiqamətləndirilməsi üçün bu, vacib addımdır”.//oxu.az

  • Neftin qiyməti 112 dollaradək qalxa bilər – PROQNOZ

    2040-cı ildə neftə olan tələbat təklifi üstələyəcək, buna görə də bir barelin qiymətinin 112 dollaradək yüksəlməsi gözlənilir.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə “World Energy Outlook 2018”də qeyd olunub.

    Məlumatda bildirilir ki, 2040-cı ildə neftə olan tələbat bir sutkada 106,3 mln. barel, hasilat isə 103,4 mln. barel olacaq.

    Ekspertlərin fikrincə, 2025-ci ilə qədər neftə olan qlobal tələbat bir sutkada orta hesabla milyon barel artacaq, lakin daha sonra bu temp ləngiyəcək.

    Bu proqnoz dünyanın aparıcı iqtisadi güclərinin uzunmüddətli inkişaf strategiyasını (məsələn, havanın çirklənməsinə qarşı mübarizə, yeni enerji standartları kimi amilləri) ortaya qoyması ilə gerçəkləşə bilər.

    Digər versiyaya əsasən, mövcud siyasi kurs şəraitində neftin qiyməti 137 dollar, tələb və təklif isə bir sutkada müvafiq olaraq 120,5 mln.,117,2 mln. barel həddinə çata bilər.

  • Dollarla bağlı mühüm proqnozlar

    ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.

    Median.Az-ın xəbərinə görə, belə qənaətə “Bloomberg” agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.

    Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.

    Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, “Bloomberg”in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.

    “Dollar ən yüksək göstəricilərə yaxındır. Lakin perspektivdə 6-12 ay ərzində hər şey əksinə ola bilər”, – “Credit Agricole” şirkətinin analitiki Valentin Marinov hesab edir. Onun fikrincə, dolların əsas dəstək amili ABŞ FES-in pul siyasətidir.

    “Societe Generale” şirkətinin analitiki Kit Yukes də ABŞ FES-in siyasəti və məşğulluğun yüksək göstəricisinin dolları dəstəkləyən əsas amillərdən hesab edir. Onun fikrincə, ABŞ valyutasının ucuzlaşması 2019-cu ildə baş verəcək.

    Analoji mövqeyə “Bank of America”nın mütəxəssisi Ben Rendol malikdir. O hesab edir ki, ABŞ iqtisadiyyatının artım tempinin yavaşlaması dolların ucuzlaşmasına səbəb olacaq. Bununla belə, onun fikrincə, Avropadakı problemlər və Brexit ABŞ valyutasının möhkəmlənməsinə kömək edəcək.

  • Azərbaycanda 1,3 milyard manat məhv edildi (VİDEO)

    2017-ci il ərzində ölkə iqtisadiyyatının nağd pula olan tələbatı tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilib.

    Median.Az “Report”a istinadla məlumat ki, Azərbaycan Mərkəzi Bankının 2017-ci il üçün illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində Mərkəzi Banka dövriyyədən 7,8 mlrd. manat və ya 376 mln. ədəd pul nişanı mədaxil olunub, 9 mlrd. manat və ya 452 mln. ədəd pul nişanı isə məxaric olunub.

    Ümumilikdə, il ərzində tədavüldə pul kütləsi 1,2 mlrd. manat (17%) artaraq hesabat dövrünün sonuna 8 mlrd. manat təşkil edib. Ölkə iqtisadiyyatının nağd pula olan tələbatının vaxtında və tələb olunan strukturda ödənilməsi üçün Mərkəzi Bank tərəfindən 410,7 mln. manat həcmində kağız və metal pul nişanlarının istehsal olunaraq ölkəyə gətirilməsi təmin olunub. Tədavülə buraxıldığı 12 il müddətində iri nominallı pul nişanlarının (50 və 100 manat) xüsusi çəkisi davamlı olaraq artıb və 2017-cı ilin sonuna 90%-i ötüb.

    “Beynəlxalq təcrübədə tədavüldə iri nominallı pul nişanlarının xüsusi çəkisi 75%-dən yuxarı olduqda mərkəzi banklar tərəfindən dövriyyəyə daha iri nominallı pul nişanlarının buraxılması nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Mərkəzi Bank tərəfindən bu istiqamətdə müvafiq qiymətləndirmələrin aparılmasına başlanılıb. Dövriyyədə olan milli pul nişanlarının keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul olunmuş “Tədavüldə təmiz pul siyasəti” davam etdirilib”, – məlumatda vurğulanıb.

    Hesabatda qeyd olunub ki, il ərzində Mərkəzi Bankda yaradılmış “Əhaliyə xidmət kassaları” vasitəsilə 7,7 mln. manat tədavülə yararsız pul nişanının dəyişdirilməsi və eləcə də tədavüldən qayıtmış pul nişanlarının emal edilməsi təmin edilib, tədavülə yararsız 1,4 mlrd. manat (92 mln. ədəd) həcmində pul nişanı dövriyyədən çıxarılıb:

    “Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış məhvetmə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2017-ci il ərzində tədavüldən çıxarılmış yararsız pul nişanlarının məhv edilməsi prosesləri davam etdirilib və dövr ərzində 1,3 mlrd. manat həcmində yararsız pul nişanlarının məhv edilməsi təmin olunub”.

    Azərbaycanda da pul nişanları eyni qaydada məhv edilir

  • Neftin qiyməti yenidən bahalaşır

    İki aydan çox davam edən ucuzlaşmadan sonra bu gün neft bahalaşıb.

    “Brent” markalı neft birjalarda 71.25 dollarla satışa başlayıb.

    Bu arada, rəsmi Tehran neftin qiymətinin ucuzlaşmasına görə Rusiya və Səudiyyə Ərəbistanını günahlandırıb.

    Belə ki, İranın Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzrə nümayəndəsi Hüseyn Kazımpur Ərdəbili öz çıxışında Rusiya ilə Səudiyyə Ərəbistanının neft istehsalını artırdığını və bunun da “qara qızıl”ın qiymətinin bir barel üçün 15 dollar ucuzlaşmasına səbəb olduğunu deyib.

    O, neft tədarükünün artmasının qiyməti ucuzlaşdırdığını, bu vəziyyətin digər istehsalçılara mənfi təsir edəcəyini, Rusiya və Səudiyyə Ərəbistanının istehsalı azaltmasının vacibliyini bildirib.

    Qeyd edək ki, “Brent” markalı neftin bir barelinin qiyməti ABŞ-ın İrana qarşı sanksiyalarda səkkiz ölkəyə güzəştə getməsi, eləcə də, Səudiyyə Ərəbistanı, Rusiya və Birləşmiş Ştatlarda hasilatın artması fonunda son səkkiz ayın minimumuna düşüb.

  • Hikmət Hacıyev Norveç səfirliyinin bağlanmasından danışdı

    Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir.

    Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.

    Median.Az
    xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumata münasibət bildirərkən deyib.

    O xatırladıb ki, Norveçin Azərbaycandakı səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman “Statoil” adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi.

    “Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda, Norveçdə də akkreditasiya olunub.

    Azərbaycanda iqamətgahı Bakıda olmaqla, 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur.

    Həmçinin, ölkəmizdə dörd Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb.

    Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında beş nümayəndəliyi, doqquz Baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir.

    Avropa ölkələrində ölkəmizin otuza yaxın səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub”, – deyə PA rəsmisi əlavə edib.

  • Vergilər Nazirliyindən taksi sürücülərinə xəbərdarlıq

    Ölkəmizdə taksi xidməti əsasən fərdi sahibkarlıq subyektləri üzərində qurulub. Şəxsi avtomobili olan vətəndaşlar zəruri icazə əldə etməklə taksi xidməti göstərirlər. Taksi və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslər qanunvericiliyə görə, nə qədər vergi ödəməlidirlər?

    Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişindaşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yükdaşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər.

    Vergiödəyicilərinin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri sadələşdirilmiş vergi üzrə vergitutma obyektidir. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, taksi ilə sərnişin daşınmasını həyata keçirən vergiödəyiciləri üzrə sadələşdirilmiş verginin 1 ədəd nəqliyyat vasitəsi üçün aylıq məbləği 9 manatdır.

    Həmçinin 220.6-cı maddəyə əsasən, yük və sərnişin daşınmasının növündən və həyata keçirildiyi ərazidən asılı olaraq, sərnişin və yük daşıyan vergiödəyiciləri üçün sadələşdirilmiş vergi həmin məcəllənin 220.5-ci maddəsində göstərilən sadələşdirilmiş verginin məbləğinə aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən edilir:

    – Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında – 2,0;

    – Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (VM-in 220.6.1-ci maddəsində göstərilənlər istisna olmaqla) – 1,5;

    – Digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında (220.6.1-ci və 220.6.2-ci maddələrdə göstərilənlər istisna olmaqla) – 1,0.

    Beləliklə, Bakı şəhərində taksi ilə sərnişin daşıyan şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin aylıq məbləği 1 ədəd nəqliyyat vasitəsi üçün 18 manat (1 x 9 manat x 2 = 18 manat) təşkil edir.

  • 34 rayona büdcədən pul verilməyəcək

    2019‐cu ildə ölkənin 34 şəhər və rayonu dövlət büdcəsindən dotasiya almadan öz büdcəsini müstəqil şəkildə formalaşdıracaq. Başqa sözlə, bu şəhər və rayonlar “xozraşot”a keçirlər, özləri qazanıb, özləri xərcləməlidirlər.

    Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn ilin büdcə zərfində Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərləri, Abşeron, Ağcabədi, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarının xərclərinin öz gəlirləri hesabına təmin edilməsi nəzərdə tutulub.

    2019‐cu ildə Gəncənin gəlirləri 47 milyon manat, Sumqayıtın gəlirləri 90 milyon manat, Mingəçevirin gəlirləri isə 21 milyon manat proqnozlaşdırılır.

    Azərbaycanda rayonların inkişafında əsas istiqamət yerli potensialın gücləndirilməsidir, hətta hökumətin məqsədi investisiya layihələrinin, maliyyə xərclərinin belə yerli resurslar hesabına həyata keçirilməsinə nail olmaqdır. Aqropark və sənaye şəhərciklərinin yaradılmasında da yerli sahibkarların maliyyə imkanlarından istifadə edilməsi qərara alınıb.

    İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyevin sözlərinə görə, rayonların reytinqlərinin tərtib edilməsinə başlanılıb və onların problemləri araşdırılır.

    Bu, imkan verəcək ki, rayonların iqtisadi imkanlarının üzə çıxmaması səbəbləri araşdırılsın və qiymətləndirmə aparılsın. Hazırda müvafiq qurumlar rayonların inkişafına mane olan səbəbləri öyrənir və perspektiv sahələri, dəyər zəncirini araşdırır. Qərara alınıb ki, investisiya çatışmazlığı, infrastruktur təminatı, kənd təsərrüfatının inkişafına mane olan amillər öyrənilərək, inkişaf planları hazırlansın.

    İqtisadçı hesab edir ki, rayonlara tətbiq edilən reytinq icra hakimiyyətlərini məsuliyyətli olmağa vadar edəcək:

    “2017-ci ildə 30, 2018-ci ildə isə büdcədən 33 rayona vəsait ayrılması dayandırılıb. Həmin rayonlar artıq özlərini daxili imkanlar hesabına dolandırırlar. Bunun üçün hər bir rayon öz coğrafi-iqtisadi şəraitini nəzərə alaraq investisiya planlarını hazırlayıb həyata keçirməlidir”.

    İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun hazırladığı investisiya reytinqlərinə əsasən, hazırda xeyli rayon öz daxili hesablarına maliyyə xərclərini ödəmək iqtidarındadır.

    Sumqayıt, Şirvan, Mingəçevir, Gəncə, Lənkəran, Naftalan, Abşeron, İmişli, Culfa, Bərdə, Ordubad, Qax, Bərdə, Siyəzən, Qazax, Xızı, Yevlax, Şəki, Zaqatala, Göygöl, Xaçmaz, Hacıqabul, Qusar rayonlarının iqtisadi konyukturu və ümumi iqtisadi vəziyyəti daha yaxşıdır. Bu rayonlarda iqtisadi inkişaf daha dayanıqlıdır, istehsal sektoru davamlıdır.

    Son dörd ildə dövlət subsidiyası olmadan özünü tam maliyyələşdirən rayonlar isə bunlardır: Sumqayıt, Abşeron, İmişli, Şirvan, İmişli, Naftalan. Bu rayonlar həm də vergi potensialına görə ən yaxşı iqtisadi rayonlar hesab olunur.//oxu.az

  • Azərbaycan məhsulları Çində satışa çıxarıldı

    Çinin iri market şəbəkələrində Azərbaycan məhsullarının satışına başlanılıb.

    Median.Az-ın “Trend”ə istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Çinin “Greenland” şirkətinin prezidenti Can Yulianq ilə görüşü zamanı bildirilib.

    Ş.Mustafayev Azərbaycan-Çin əlaqələrinin inkişaf etdiyini, ölkəmizdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, ölkəmizdə biznes və investisiya mühiti, sahibkarlığın inkişafı, bu sahədə aparılan islahatlar və özəl sektora dəstək mexanizmləri barədə məlumat verib, “Doing Business 2019” hesabatında Azərbaycanın mövqeyinin ciddi şəkildə yüksəldiyini vurğulayıb.

    Görüşdə “Greenland” şirkətinin fəaliyyətinə dair təqdimat keçirilib və qeyd olunub ki, şirkətin fəaliyyəti daşınmaz əmlak, tikinti, beynəlxalq ticarət, maliyyə, otellər, supermarketlər və s. kimi xidmət sahələrini əhatə edir.

    Tərəflər “Greenland”lə otelçilik, turizm, xəstəxanaların idarə olunması və digər sahələrdə əməkdaşlığa, şirkətə məxsus “G-super” marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına dair müzakirələr aparıb, şirkətin ölkəmizdə həyata keçirilən investisiya layihələrində iştirak edə biləcəyi diqqətə çatdırılıb.

    Görüş çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında iqtisadi və ticarət əməkdaşlığının inkişafına dair Anlaşma Memorandumu, AZPROMO və Çinin “Shanghai Jizhi Investment Management” şirkəti arasında “Greenland Global” Ticarət Mərkəzində sərgi pavilyonunun icarəsinə dair Müqavilə imzalanıb. Görüşdə həmçinin, “Azersun Holdinq” şirkəti və “Greenland Zhongxuan” Beynəlxalq Ticarət Şirkəti arasında 2 mln. ABŞ dolları dəyərində, “Şərq Ulduzu” şirkəti və “Greenland Zhongxuan” arasında 1 mln. ABŞ dolları dəyərində məhsulların Çinə ixracına dair niyyət memorandumları imzalanıb.

  • Orta aylıq əməkhaqqı 642 manata çatacaq – RƏSMİ

    Cari ilin 10 ayında muzdla işləyənlərin sayı 1 milyon 540 min nəfər olub, 3.3 milyon nəfər isə sərbəst məşğul olanlardır.

    Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev parlamentdə çıxışı zamanı deyib.

    “Bu ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəliri 3 milyard 187 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 9.7 faiz artım deməkdir”, – deyən İ.İsayev bildirib ki, Azərbaycanda demoqrafik göstəricilər müsbətdir, əhali cavandır, 15-64 yaş arasında olan əhali 71 faiz təşkil edir:

    “65 yaşdan yuxarı olan əhali isə növbəti ildə 6.3 faiz təşkil edəcək. Bu, çox müsbət göstəricidir. Qeyd edim ki, əmək qabiliyyətli əhali bizim üçün əhəmiyyət kəsb edir, çünki əmək qabiliyyətli əhali işləyən əhali deməkdir. İşləyən əhalinin sayı nə qədər çox olacaqsa, pensiya sisteminin maliyyə dayanıqlılığı daha möhkəm olacaq. Çünki ödənilən sosial sığorta haqları bu insanlardan asılıdır.

    Növbəti ildə məşğul əhalinin sayının beş milyona çatacağı qeyd olunur. Gələn il əhalinin gəlirləri 9 faiz artaraq, 54.4 milyard manata çatacaq. Bu da müsbət göstəricidir. Növbəti ildə orta aylıq əməkhaqqı 5.7 faiz artaraq, 642 manat təşkil edəcək. 2019-cu ildə inflyasiya 3.8 faiz səviyyəsində nəzərdə tutulur”.