Category: İqtisadiyyat

  • “Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA

    “Azəriqaz”dan limiti keçən abonentlər haqda AÇIQLAMA

    Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci il başlamasına baxmayaraq, qaz sayğaclarının hələ də sıfırlanmadığını iddia edib. O bildirib ki, Qaz idarələrində olan itkilər, bu itkilərə görə vəifəli şəxslərin vəzifədən getmə (cəzalanma) ehitimalı yüksək olduğundan, onlar da qaz itkisini ört-basdır etmək üçün abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfini yanvar ayınının əvvəllərində qeyd etməyi (planlaşdırıblar).

    M.Qəhrəmanlı həmçinin deyib ki, qızı smartkarta 10 manat yükləyib, amma sayğaca 5 manat yüklənib:

    “Halbuki, yanvarın 1-dən etibarən limit ləğv olunmalı idi. “Azəriqaz”ın rəhbəri Əkbər Hacıyev, bu gün qızım smartkarta 10 manat pul vurub. Ancaq sayğac 5 manat yüklədi. Niyə oğurluq? Pulu həftə sonunadək qaytarmasan, səni məhkəməyə verəcəm. Hanı sənin sıfırlanman?”.

    Median.Az xəbər verir ki, məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin ( İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev Modern.az-a deyib ki, 2018-ci il yanvarın 1-dən etibarən bütün sayğaclar sıfırlanıb:

    “Tarif (qiymət) Şurasının 2016-cı il 22 dekabr tarixli, 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanıb. Mirvari Qəhrəmanlı yeganə abonentdir ki, bu barədə şikayət edir. Ünvanı, sağyacın kodunu qeyd etsin. Biz bazada baxaq. Əminliklə bildirirəm ki, elə bir problem yoxdur. Və yeganə insandır ki, belə bir müraciət ünvanlayıb ki, guya 10 manat yükləsə də 5 manat yüklənib”.

    İ.Kərbalayev sözlərinə belə davam edib:

    “Birincisi, sayğacın göstəricisi manatla deyil, kubla göstərilir. İkincisi, onun məsələsilə bağlı müraciət ünvanlamışıq ki, abonent kodunu bizə bildirsin. Yalnız o halda araşdırma aparıb açıqlama verə bilərik”.

    “Azəriqaz” rəsmisi qeyd edib ki, 2017-ci ildə təbii qazın monitorinqi zamanı mexaniki sayğacla təmin olunan abonentlərin 25 faizi illik limiti keçib:

    “Smart tipli sayğaclarda, həmçinin, “Smart ITRON” məişət qaz sayğaclarından istifadə edən əhali istehlakçıları üzrə 1700 kubmetr limit 2018-ci il yanvarın 1-i tarixindən başlayaraq smart karta aparılan ilk ödəniş əməliyyatından etibarən hesablanacaq. Yəni, əgər abonentin sayğacında ötən ildən məbləğ qalıbsa, 2018-ci ildə hansı aydan ödəniş edəcəksə, o vaxtdan yeni 1700 kubmetr qaz limiti hesablanacaq”.

  • Vergi ödəyicilərinin NƏZƏRİNƏ: kağız qaimə-faktura qadağan edildi

    Vergi ödəyicilərinin NƏZƏRİNƏ: kağız qaimə-faktura qadağan edildi

    Bu gündən bütün vergi ödəyiciləri malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim etməlidir.

    APA-nın məlumatına görə, Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

    Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

    Beləliklə, bu gündən başlayaraq elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.

    Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” – vergi ödəyicisi, İnternet Vergi İdarəsinin “e-Qaimə” altbölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn rejimdə” – vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir.

    Qeyd edək ki, bu barədə İnternet vergi idarəsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib.

    E-qaimənin tətbiqinin vergi orqanları və vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Elektron qaimə-fakturanın tətbiqinin digər üstünlüyü isə mətbəə xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu sistemin tətbiqi nəticəsində heç bir mətbəəyə müraciət etmədən və əlavə vaxt itkisinə yol vermədən birbaşa internet vasitəsilə real vaxt rejimində elektron qaimə-fakturanı hazırlayıb malın (işin, xidmətin) alıcısına təqdim etmək mümkündür.

    Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə kömək edir.

  • Azərbaycanda “Exchange”lər yenidən açılır

    Azərbaycanda “Exchange”lər yenidən açılır

    Maliyyə Bazarlarına Nəzarət Palatası “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq edib.

    Qayda “Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

    Qaydaya əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.

    Valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır.

    Valyuta mübadiləsi məntəqəsi nəzərdə tutulmuş əməliyyatların aparılması üçün ən azı 6 kvadratmetr sahəyə malik olmalıdır. Məntəqədə təhlükəsizlik (video müşahidə kameraları) və Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilmiş tələblərə müvafiq yanğından mühafizə-xəbərdarlıq qurğuları, habelə telefon-rabitə vasitələri (mikrofon, telefon, internet) quraşdırılmalı, məntəqənin elektron mühafizə sistemləri texniki imkanlar olduğu halda mərkəzləşdirilmiş polis mühafizə pultuna qoşulmalıdır. Video müşahidə kameraları xəzinədarı və müştərini qeydə ala biləcək yerdə quraşdırılmalıdır. Qeydə alınan görüntülər ən azı 3 ay müddətinə saxlanılmalıdır.

    Valyuta mübadiləsi məntəqəsində əməliyyat günü başa çatdıqdan sonra kassa qalığının saxlanılmasına valyuta mübadiləsi məntəqəsinin bütün qeyri-iş saatlarında Daxili İşlər Nazirliyinin mühafizə xidməti və ya qanunla özəl mühafizə fəaliyyətinə lisenziya almış şəxslə silahlı mühafizənin təmin edilməsinə dair bağlanmış müqavilənin olması şərtilə icazə verilir.

  • Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq

    Bu gündən Azərbaycanda yeni gömrük rüsumları tətbiq olunacaq

    Bu gündən Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərar qüvvəyə minib.

    Median.Az-ın “Report”a istinadən xəbərinə görə, bununla bağlı sənədi Baş nazirin birinci müavini Yaqub Eyyubov imzalayıb.

    Qaydaya əssən, ölkəyə gətirilən minik avtomobilləri üçün (yük-sərnişin avtomobil-furqonları və idman avtomobilləri də daxil olmaqla) rezin şinlərə 15 dollar idxal gömrük rüsumu tətbiq ediləcək.

    Dəmiryol və ya tramvay yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən və ya özügetməyən nəqliyyat vasitələrinə (məsələn, vaqon-emalatxanalar, kranlar, şpalvuran maşınlar, yoldüzəldən maşınlar, nəzarət-ölçü vaqonları və yola baxış üçün nəqliyyat vasitələri) gömrük rüsumu tətbiq edilməyəcək.

    Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, yalnız sıxılmadan alışan porşenli daxili yanma mühərrikli (dizel və ya yarımdizel), mühərrikinin silindrlərinin işçi həcmi 2500 sm3-dən çox olan, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillərin ölkəyə idxalı zamanı da gömrük rüsumu tətbiq edilmir.

    Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş avtobuslar-məxsusi olaraq hava limanlarında istifadə üçün gətirilən avtobuslara görə də gömrük rüsumu tətbiq edilməyəcək.

    Digərlərlərinə görə isə mühərrikinin silindrlərinin işçi həcminin hər 1 kubsantimetrinə 0.7 dollar idxal gömrük rüsumu tutulacaq.

    Mühərrikinin silindrlərinin işçi həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan avtomobillərə hər kubsantimetrə görə 0.7 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq. İstismar olunmuş avtomobillər üçün isə bu rəqəm 1.2 dollar olacaq.

    Mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan avtomobillərdən də hər kubsantimetrə görə də 0.7 ABŞ dolları rüsum tutulacaq.