Category: Ordu

  • Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub

    Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    Məlumatda bildirilib ki, eyni zamanda Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun bölmələri tərəfindən Xanazax yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış evinin zədələnməsi barədə tamamilə yalan və dezinformasiya məqsədi daşıyan məlumat yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.

    “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və obyektlərə atəş açmır.

    Bölmələrimiz tərəfindən yalnız qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – deyə nazirlikdən əlavə edilib.

  • Azərbaycan Ordusunun “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətinə baxış keçirilib

    Azərbaycan Ordusunun Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2025” (“Anatolian Phoenix – 2025”) beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək hərbi qulluqçularına mayın 8-də sıra baxışı keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, hərbi qulluqçulara təlimin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilib, təhlükəsizlik qaydaları və təşkilati məsələlərlə bağlı müvafiq tapşırıqlar çatdırılıb.

    Cari ilin 12-23 may tarixlərində keçiriləcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış- xilasetmə xidmətinin mütəxəssisləri, texniki heyət və aviasiya vasitələri təmsil edəcək.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi – FOTO

    Azərbaycan Ordusunun hərbçisi dünyasını dəyişib.

    Median.Az “Unikal”a istinadən xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Fərid Elşən oğlu Nağıyev ağır gedişli meningoensefalit diaqnozu ilə vəfat edib.

    Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan Ordusuna qoşulmaq istəyənlərin NƏZƏRİNƏ – FOTO

    Regional sənəd qəbulu mərkəzlərində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti uzadılıb.

    Bu barədə Milli Müdafiə Universitetindən məlumat verilib.

    Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətin müddəti 15 may tarixədək uzadılıb.

    Namizədlərin regional sənəd qəbulu mərkəzlərinə yaxınlaşaraq sənədlərini təqdim etmələri yetərli hesab olunur.

    Sənəd qəbulu mərkəzləri Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Quba, Ağcabədi və Şirvan şəhərlərində yerləşən Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarında və xidmət şöbələrində, Bakı şəhərində isə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda (Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a) fəaliyyət göstərəcək.

    Xidmətə təyinat zamanı, kursu müvəffəqiyyətlə başa vurmuş şəxslərə bölgələr üzrə xidmət yerlərinin seçilməsi üçün azad seçim imkanı təqdim edilir. Tələb olunan sənədlər: – kursa qəbul olunmaq barədə ərizə; – anket forması; – tərcümeyi-hal (1 nüsxədə); – təhsil haqqında sənədin surəti (1 nüsxədə); – doğum haqqında şəhadətnamənin surəti (1 nüsxədə); – yaşayış yeri və ailə tərkibi haqqında arayış (1 nüsxədə); – əlavə peşə və ya ixtisasınız varsa təsdiqedici sənədlərin surəti (diplom, sertifikat, şəhadətnamə və s.); – şəxsiyyət vəsiqəsinin surəti və ya yeni nəsil şəxsiyyət vəsiqəsindən çıxarış (1 nüsxədə); – sürücülük vəsiqəsinin surəti (əgər varsa, 1 nüsxədə); – nikah haqqında şəhadətnamənin surəti (evli olduqda, 1 nüsxədə); – həyat yoldaşının və uşaqların şəxsiyyət vəsiqələrinin surəti (1 nüsxədə); – rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm, 2 ədəd 4.5×6 sm və 3 ədəd 9×12 sm); – hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş, 1 nüsxədə); – psixonevroloji, narkoloji, vərəm və dəri- zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.

    Qeyd edək ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

  • Müdafiə Nazirliyinin hərbi qulluqçularının rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib

    Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiq edilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

  • Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub

    Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edəcəklər

    Türkiyənin Marmaris şəhərində aprelin 30-dək keçiriləcək “KURTARAN-2025” adlı beynəlxalq təlimlərdə iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri qardaş ölkəyə yola düşüblər.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələrinin, Quru Qoşunlarının, Hərbi Hava Qüvvələrinin və Sahil Mühafizə Qüvvələrinin iştirakı nəzərdə tutulub.

    Təlimlər zamanı həmçinin “Yüksəksəviyyəli müşahidəçi günü”nün keçirilməsi də planlaşdırılıb.

    Plana uyğun olaraq təlimlər çərçivəsində müxtəlif qoşun növləri qarşılıqlı əlaqədə qarşıya qoyulmuş tapşırıqları icra edəcəklər.

  • Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

    “Aprelin 23-də saat 22:20-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir”.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açılmır.

    Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla öz təxribatlarını ört-basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır”, – məlumatda qeyd olunur.

  • Ordumuzun mövqeləri atəşə tutulub

    Aprelin 18-də saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Raket və Artilleriya Qoşunları bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib

    Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının taktiki raket bölmələri ilə döyüş hazırlığı məşğələsi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Plana uyğun olaraq ərazidə açılma, start mövqelərinin tutulması və texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi üzrə fəaliyyətlər icra olunub.

    Bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələdə şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.