Category: Ordu

  • MN: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirilir

    Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi – 2025” beynəlxalq təlimini izləyib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı – 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.

    Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.

    “Anadolu Qartalı – 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.
    Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.

    Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.

    Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

  • Əsgərin 40 dərəcə hərarəti olubmuş – Ölümü ilə bağlı həbs edilən var

    Naxçıvandakı “N” saylı hərbi hissədə əsgər Əsgər Firuz oğlu Əsədlinin ölümü ilə bağlı hərbi hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.

    Median.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.

    İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.

    Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib.

    Mərhum əsgərin atası məhkəmədə ifadə verərək, R.Mustafayevdən şikayətçi olduğunu, onun laqeydliyi ucbatından oğlunu itirdiyini deyib. Hüquqi varis təqsirləndirilən şəxsin qanunauyğun cəzalandırılmasını istəyib.

    Müttəhim də ittihamla razılaşıb, özünü tam təqsirli bilib. Gizir Mustafayev deyib ki, Naxçıvan Tibb Kollecini bitirib. Məzun olduqdan sonra hərbi hissədə işə başlayıb. Bu hadisə vaxtı o, hərbi hissənin tibb məntəqəsinin rəisi, feldşer işləyib. Hazırda isə yalnız feldşer kimi xidmət edir. Təqsirləndirilən şəxs əsgərin ölümündə günahkar olduğunu etiraf edərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

    Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə Rüstəm Mustafayev təqsirli bilinib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 4 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə kimi azadlıqda olan gizir məhkəmə zalında dərhal həbs edilib.

  • Bakıda Azərbaycan və Özbəkistan hərbi mütəxəssisləri görüşüb

    Azərbaycan və Özbəkistan respublikaları arasında hərbi əməkdaşlıq planına müvafiq olaraq, Bakıda hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nümayəndələr rabitə sistemləri, informasiya və kommunikasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparıblar.

    İşçi görüşü zamanı birgə əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

  • Müdafiə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ – Partlayış səsləri eşidiləcək

    İyunun 18-i saat 13:00-dan 17:00-dək istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsası olmadığını diqqətə çatdırırıq”, – deyə məlumatda qeyd edilib.

  • NATO-nun İstanbuldakı mərkəzində Azərbaycan bayrağı qaldırılıb

    Türkiyənin İstanbul şəhərində yerləşən Şimali Atlantika Müqaviləsi Təşkilatının Dəniz Təhlükəsizliyi Mükəmməlliyi Mərkəzində (NATO DTMM) iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mərkəzin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin sədası altında Dövlət Bayrağımız qaldırılıb.

    Mərasimdə çıxış edən NATO DTMM-nin rəisi 1-ci dərəcəli kapitan Mehmet Cengiz Ekren dəniz təhlükəsizliyinin qlobal ticarətdə, beynəlxalq əməkdaşlıqda və kollektiv təhlükəsizlikdəki rolunu vurğulayaraq, onun bugünkü qloballaşan dünyadakı həlledici əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının NATO DTMM-yə beşinci üzv kimi qəbul edilməsinin mühüm proses olması və mövcud üzv ölkələr – Türkiyə, Yunanıstan, Portuqaliya və Rumıniya ilə birlikdə dəniz təhlükəsizliyinin gələcəyini formalaşdırmaq öhdəliyinin göstəricisi olduğu vurğulanıb. Çıxışda, həmçinin 2025-ci ildən etibarən üç il müddətinə NATO DTMM-də “EDU/007 – Təhsil üzrə qərargah zabiti” vəzifəsinə təyin edilmiş 3-cü dərəcəli kapitan Murad Eldar oğlu Muradovun xidmət müddətində qazandığı təcrübəni öz ölkəsində uğurla tətbiq edəcəyi əminliklə vurğulanıb.

    Mərasimin sonunda Azərbaycan Respublikasının NATO DTMM-yə töhfə verən ölkə olaraq qatılması şərəfinə zabitimizə xatirə hədiyyəsi təqdim edilib.

  • Bu şəxslər hərbi xidmətə çağırılır? – AÇIQLAMA

    Bəzi vətəndaşlar Azərbaycanda və yaxud xaricdə qiyabi formada ali təhsil alırlar. Əksəriyyətin bildiyi kimi, əyani təhsil alanlara əsgərlikdən möhlət verilir. Lakin bu məsələdə qiyabi təhsil alanların vəziyyəti bəzən sual doğurur. Maraqlıdır, bu möhlət hüququ qiyabi təhsil alanlar üçün də keçərlidir?

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, təhsilin ölkə daxilində və ya xaricində alınmasından asılı olmayaraq, əgər təhsil forması qiyabidirsə, həmin şəxslərə müddətli həqiqi hərbi xidmətdən möhlət verilmir.
    Möhlət hüququ yalnız əyani təhsil alanlara şamil olunur.

  • Müdafiə Nazirliyindən valideynlərə çağırış: “Hərbi hissələrə gəlməyin”

    Havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar şəxsi heyətin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə xüsusilə adaptasiya dövründə olan gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub:

    “Hərbi hissələrdə komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların səhhətinin diqqət mərkəzində saxlanılması üçün effektiv qabaqlayıcı tədbirlər görülür, bütün növ təminat yüksək səviyyədə təşkil olunur”.

    “İctimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı, qarşıdan gələn Qurban bayramı və istirahət günlərində hərbi hissələrə gəlməməyi xahiş edirik”, – deyə məlumatda qeyd olunub.

  • Azərbaycan Ordusunda döyüş atışlı taktiki təlimlərdən GÖRÜNTÜLƏR (Video)

    Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, plana əsasən, bölmələrin daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə yerləşməsi, texnikaların döyüşə hazır vəziyyətə gətirilməsi və atəş mövqelərinin tutulması üzrə tapşırıqlar icra olunub.

    Təlimlərdə bölmələr haubitsalardan və yaylım atəşli reaktiv sistemlərdən döyüş atışları icra edib. Şərti düşmən hədəflərinin sərrast artilleriya atışları ilə məhv edildiyi təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

    Təlimin keçirilməsində əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə qabiliyyətinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, eləcə də şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılmasına yönəldilib.

  • Müdafiə Nazirliyindən əhaliyə çağırış: “Döyüş sursatları məhv ediləcək”

    Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, sözügedən döyüş sursatları iyunun 2-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv ediləcək:

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”.

  • Müdafiə Nazirliyi: “Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb”

    Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin iddiaları ilə bağlı məlumat yayıb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

    “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır”.