Category: Ordu

  • Həqiqi hərbi xidmətdə olmağın yaş həddi ilə bağlı DƏYİŞİKLİK

    Həqiqi hərbi xidmətdə olmağın yaş həddi müəyyən edilməyən şəxslərin siyahısı genişləndirilir.

    Bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklər layihəsində öz əksini tapıb.

    Layihədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddinin müəyyən edilməməsi təklif olunur.

    “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” qanuna təklif edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdən sonra yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

    “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir. Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılacaqlar.

    Mövcud qanunvericilik ordu generalı hərbi rütbəsinə malik hərbi qulluqçular üçün hərbi xidmətdə olmağın son yaş həddini müəyyən etmir. Layihədə həqiqi hərbi xidmətdə olmağı yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişlənməsi nəzərdə tutulur.

    Qeyd edək ki, həqiqi hərbi xidmətdə olmağın yaş həddi aşağıdakı kimidir:

    – Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları: 31.5 yaş;

    – Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar, kiçik zabitlər: 48 yaş;

    – Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər: 48 yaş;

    – Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər: 53 yaş.

    – Ali zabitlər üçün – general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral: 58 yaş;

    – General-polkovnik, admiral, 63 yaş.

    Sözügedən məsələ parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirə olunub.
    //oxu.az

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

    Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 2-si saat 13:55-dən 14:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

  • Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

    Martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Median.Az Müdafiə Nazirliyinə istinadən bildirir.

  • Azərbaycan MN vacib məlumat yaydı: “Ermənistan silahlı təxribatlarını gizlətməyə çalışır”

    Martın 31-də saat 11:10-da Ermənistan silahlı qüvvələrinin Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqeləri atıcı silahlardan atəşə tutulub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    “Son günlər mütəmadi olaraq Azərbaycan Ordusunun bölmələrini atəşə tutan, eləcə də mövqelərimiz üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan tərəfi təxribatlarını ört-basdır etmək məqsədilə dezinformasiyalar yayır.

    Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xanazax yaşayış məntəqəsinin atəşə tutulması barədə Ermənistanın yaydığı məlumatın heç bir real əsası yoxdur, tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.

    Qarşı tərəf bu cür yalan və həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və təxribatlarını gizlətməyə cəhd edir”, – məlumatda qeyd olunub.

  • Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb”

    Martın 30-u saat 21:25-də Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.

    “Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunur.

  • Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

    Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ramazan bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

    Median.Axəbər verir ki, təbrikdə deyilir:

    “Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!

    Dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, bərabərlik rəmzi olan müqəddəs Ramazan bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

    İslami dəyərlərin qorunduğu ölkəmizdə hər il dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Ramazan bayramı insanlar arasında bərabərliyi, birliyi daha da gücləndirir, cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, xeyirxahlıq və humanizm duyğularının təntənəsini özündə təcəssüm etdirir.

    Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərimiz yüksək tutulub, adət və ənənələrimizin qorunub saxlanması reallığa çevrilib. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, atılan qətiyyətli addımlar sayəsində, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan çoxlu sayda böyük layihələr nəticəsində dövlətimizin iqtisadi dayaqları möhkəmlənib, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliği həyata keçirilib, Azərbaycan demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər qazanıb, dəyərlərimizin dünyada daha yaxından tanınması təmin olunub.

    Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun müasirləşdirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin genişmiqyaslı təxribatlarına qarşı aparılan uğurlu əks-hücum əməliyyatı şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirmiş və nəticədə 2020-ci il tariximizə Zəfər ili kimi yazılmışdır. 2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının konstitusiya quruluşu tam bərpa edilmişdir.

    Dövlət müstəqilliyinin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərimizdə qalib Ordumuz Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmaqla bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələr verir.

    Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini hər zaman olduğu kimi, Ramazan bayramı günlərində də dərin hörmət və ehtiramla yad edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ali diqqət və qayğısı sayəsində şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğılarının həlli istiqamətində mühüm addımlar atılır. Şəhid valideynlərini, onların ailə üzvlərini, Vətən uğrunda sağlamlıqlarını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram. Arzu edirəm ki, bu müqəddəs Ramazan bayramı gəlişi ilə xalqımıza firavanlıq, xoşbəxtlik və süfrələrimizə bol ruzi-bərəkət gətirsin.

    Bir daha hər birinizi Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənimiz müstəqil Azərbaycan naminə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

    Ramazan bayramınız mübarək olsun!”.

  • Mövqelərimizin atəşə tutulmasının görüntüləri – VİDEO

    Xəbər verdiyimiz kimi, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

    “Unikal” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin bu barədə məlumatından sonra, qarşı tərəf həqiqəti yenə gizlətməyə çalışıb. Lakin kənd sakinlərindən birinin çəkdiyi video sayəsində bu məsələ Ermənistan mətbuatında gündəmə gəlib.

    Qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışma olmadığını bəyan etməklə reallığı gizlətməyə çalışır: “Daha sonra media və müxtəlif şəxslər atışma olduğunu sübut edəndə və artıq bunu gizlətmək mümkün olmayanda “Ermənistan-Azərbaycan sərhədində bəzən Ermənistan ərazisini hədəfə almayan atışma qeydə alınır” kimi biabırçı, gülünc bəyanat yayırlar. Bunun nə demək olduğunu heç kim bilmir…”

  • Gədəbəydə qar uçqununda həlak olan əsgər 10 gün sonra tərxis olunacaqdı

    Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Ruslan Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqdı.

    Bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib.

    Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

    R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqdı.

    Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

    Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.

  • Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri tapıldı

    Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər Əli Tariyel oğlu İmanovun və əsgər Ruslan Rüstəm oğlu Həmidovun nəşləri aşkar edilib.

    Bu barədə Müdafiə və Fövqəladə Hallar nazirliklərinin birgə məlumatında deyilir.

    Qeyd edək ki, qar uçqununa düşən hərbi qulluqçularımızın tapılması məqsədilə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, yüksək dağlıq və çətin relyefli ərazidə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin xüsusi texnikaları, qüvvə və vasitələri birgə axtarış-xilasetmə tədbirlərinə cəlb edilmişdi.

  • Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

    Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, martın 20-dən 21-nə keçən gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.