Category: Ordu

  • Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ: Döyüş sursatları məhv ediləcək

    Goran Təlim Mərkəzində martın 5-də saat 13:00-dan 17:00-dək yararsız döyüş sursatları məhv ediləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.

    “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd olunub.

  • Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib

    “Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1975-ci il təvəllüdlü Rüstəmov Faiq Akif oğlunun kəskin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, miokard infarktından vəfat etməsi ilə bağlı məlumatı təsdiq edirik”.

    Bu barədə  Müdafiə Nazirliyindən bildirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

    Allah rəhmət eləsin!

  • Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

    Azərbaycan ilə Türkiyə arasında imzalanmış “İkitərəfli hərbi əməkdaşlıq proqramı”na əsasən, hər iki qardaş ölkənin Hərbi Hava Qüvvələri (HHQ) nümayəndələrinin iştirakı ilə 15-ci Qərargah danışıqları keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə Şəhidlər xiyabanı və Türk Şəhidliyi ziyarət edilib. Şəhidlərin xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

    Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə Türkiyə Hərbi Hava Qüvvələri qərargahının Maddi-Texniki Təminat İdarəsinin rəisi general-leytenant Hüseyin Dumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Keçirilən Qərargah danışıqlarının əhəmiyyətinin xüsusi vurğulandığı görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

    Sonra səfər planına uyğun olaraq, Aviasiya təmir zavodunu ziyarət edən Türkiyə nümayəndə heyətinə müəssisənin yaranma tarixi, inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verilib.

    Zavodun istehsalat bölmələrində yaradılan şəraitlə tanış olan qonaqlar burada təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər.

    Daha sonra Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən görüşdə Milli Müdafiə Universiteti rektorunun elm üzrə müavini – Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru general-mayor Arif Həsənov qonaqlarla görüşərək onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

    Qonaqlar hərbi institutda yaradılan şəraitlə tanış olublar. Türkiyə nümayəndə heyətinə təhsil müəssisəsi ilə bağlı ətraflı məlumat verilib və ölkələrimiz arasında hərbi təhsil sahəsində görülən işlər və perspektiv planlardan geniş söhbət açılıb.

    General-leytenant H.Duman hərbi institutun “Fəxri qonaqlar kitabı”na ürək sözlərini yazıb.

    Plana əsasən, sonda Türkiyə nümayəndə heyəti HHQ-nin “N” hərbi hissəsini ziyarət edib. Qardaş ölkənin nümayəndələrinə hərbi hissənin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

  • Ordumuzun hərbçisi qəfil vəfat etdi – Foto

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Quliyev Şirxan Söhrab oğlunun ölüm faktı əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.

    Median.Az xəbər verir ki, bu barədə hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

  • Vəfat edən əsgər haqqında yeni DETALLAR

    Ötən gün vəfat etdiyi barədə xəbər yayılan Müdafiə Nazirliyinin hərbi qulluqçusu əsgər Maqbet Məcidov barədə bir sıra detallar məlum olub.

    Median.Az xəbər verir ki, yaxınlarının modern.az-a verdiyi məlumata görə, Maqbet Məcidov 2003-cü ildə Bakı şəhərində anadan olub.

    O, orta məktəbi Bakıda bitirib. Azərbaycan Milli Konservatoriyası tərkibindəki İncəsənət gimnaziyasından məzun olan Maqbet 2020-ci ildə Azərbaycan Dillər Universitetinə qəbul olub və burada rus dili müəllimliyi ixtisasını bitirib.

    Onun özündən başqa 2 qardaşı var. Böyük qardaşı tələbə, kiçik qardaşı 2-ci sinif şagirdidir.

    Maqbet Məcidov bu ilin yanvar ayında hərbi xidmətə yollanıb və fevralın 21-də ailəsinə vəfat etdiyi barədə məlumat verilib. O, Naxçıvanda hərbi xidmət edirmiş.

    Rəsmi açıqlamaya görə, gənc əsgərin ölümünə səbəb ildırımsürətli vaskulit olub.

    Qeyd edək ki, vaskulit damar divarının iltihabından meydana gələn xəstəlikdir. Nəticədə toxuma, orqan və ya orqanlar qrupuna qan tədarükünün pozulması və onların funksiyasının pozulması baş verir.

    Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, hərbi qulluqçunun ölüm faktı ilə bağlı cinayət işi başlanıb.

    Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

  • Azərbaycan hərbçiləri 2024-cü ildə 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib

    Ötən il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak edib.

    Bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında məlumat verilib.

    İclasda müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd edilib.

    Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

  • Pakistan nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini ziyarət edib

    Pakistanın Hərbi Dəniz Qüvvələri (HDQ) Akademiyasının rəis müavini kontr-admiral Ehsan Ahmed Xanın rəhbərlik etdiyi nümayəndə heyəti və akademiyanın “Hərbi Dəniz Qüvvələri Qərargah kursu”nun dinləyiciləri Azərbaycan HDQ-ni ziyarət ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, əvvəlcə qərargahda keçirilən görüşdə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini – qərargah rəisi, birinci dərəcəli kapitan Teymur Mürşüdov Azərbaycanın dünyanın aparıcı dəniz qüvvələrinə malik ölkələri ilə əməkdaşlığında Pakistanın dəniz donanmasının xüsusi yeri olduğunu qeyd edib.

    Görüşdə qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kontr-admiral Ehsan Ahmed Xan protokola uyğun olaraq, “Şərəf kitabı”nı imzalayıb. Sonra qonaqlara HDQ-də icra edilən fəaliyyətlərlə bağlı brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

  • Hərbi qulluqçumuz vəfat etdi – FOTO

    Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.

    Azərbaycan Ordusunun hərbi qulluqçusu Maqbet Xətai oğlu Məcidova ilkin olaraq ildırımsürətli vaskulit diaqnozu qoyulub və o, həmin xəstəlikdən vəfat edib.

    Məlumatda qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

    Əldə etdiyimiz məlumata görə, M.Məcidov 2020-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasından məzun olub.

  • Zakir Həsənov kollegiya iclası keçirdi, göstərişlər verdi

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2024-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, Əlahiddə Ümumqoşun Ordu Komandanı, Milli Müdafiə Universitetinin rektoru, baş idarə, idarə rəisləri, hərbi birlik və birləşmə komandirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda ötən ildə görülmüş işlərin yekunları təhlil edilib və 2025-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

    Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ötən ildə ordu quruculuğu sahəsində həyata keçirilən uğurlu islahatlardan danışan müdafiə naziri Ali Baş Komandanın Ordu qarşısında qoyduğu tapşırıqları iştirakçılara çatdırıb.

    Müdafiə naziri Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və regionun qlobal güc mərkəzinə çevrilməsində ölkəmizin müdafiə qüdrətinin əhəmiyyətini xüsusi vurğulayaraq, cari ildə Ordu quruculuğu istiqamətindəki perspektiv planlardan geniş söhbət açıb.

    General-polkovnik Z.Həsənov qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.

    Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.

    Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.

    Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.

    Qeyd olunub ki, 2024-cü ildə səfərbərlik hazırlığına diqqət daha da artırılıb, səfərbərlik ehtiyatlarının keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi addımlar atılıb. Ötən il ərzində toplanışlara cəlb edilən 10.000-dən artıq müxtəlif ixtisaslı hərbi vəzifəlinin bilik və bacarıqlarının artırılması ilə yanaşı, onlara silahlanmaya yeni qəbul edilmiş silah və texnikadan istifadə qaydaları öyrədilib. Bu istiqamətdə həyata keçirilən tədbirlərin cari ildə də davam etdiriləcəyi vurğulanıb.

    Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri, yeni yolların çəkilməsi və digər hərbi infrastrukturların yaradılması ilə bağlı aparılan işlər kollegiya iştirakçılarının diqqətinə çatdırılıb.

    Kollegiyada şəxsi heyətin sağlamlığının qorunması, praktiki məşğələlərin intensivliyinin artırılması, nizam-intizamın vəziyyəti məsələlərinə xüsusi diqqət yetirildiyi vurğulanıb.

    Azərbaycan Ordusunda qoşunların təyin olunmuş normalara uyğun vaxtında bütün növ maddi-texniki vəsaitlərlə təmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili, silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması, hərbi hissələrin raket, döyüş sursatları və digər hərbi avadanlıqlarla təmin edildiyi bildirilib.

    Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər, xüsusilə yüksək dağlıq ərazilərdə yerləşən döyüş mövqelərində ərzaq, əşya, yanacaq və odun ehtiyatının normalara uyğun yaradılması, şəxsi heyətin isti geyimlə tam təmin edilməsi və ümumilikdə maddi-texniki təminat üzrə ötən il ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğu qeyd edilib.

    Daha sonra hərbi təhsil sistemində tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verilib. Yeni hərbi kolleclərin yaradıldığı, hərbi akademik təhsil sisteminin müasirləşdirilməsi ilə bağlı zabit heyəti üçün bir neçə yeni kursların təsis edildiyi, hərbi uçot ixtisasları ilə ali təhsil proqramları arasında uyğunluğun təmin edilməsi məqsədilə yeni ixtisasların açıldığı diqqətə çatdırılıb.

    Şəxsi heyətin komplektləşdirilməsi istiqamətində ötən il ərzində bir çox yeniliklərin tətbiq edildiyi, intellektual qabiliyyətli bölmələrin yaradıldığı, eləcə də Azərbaycan Ordusunda ştatların optimallaşdırılması məqsədilə bir sıra struktur dəyişikliklərinin həyata keçirildiyi vurğulanıb.

    Kollegiyanın gedişində vəzifəli şəxslərin 2024-cü ilin yekunları və perspektiv planlara dair fikir və təklifləri dinlənilib.

    Yekunda çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyəti, eləcə də ötən ildə qazandığı nailiyyətlərin Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində beynəlxalq əməkdaşlığın və birgə təlimlərin regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük töhfə verdiyini qeyd edib.

    2025-ci il üzrə planlaşdırılan fəaliyyətlərdən danışan nazir şəxsi heyətin peşəkarlığına və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin effektivliyinin artırılmasının əhəmiyyətini bir daha vurğulayıb.

    Şərti dövlət sərhədində döyüş növbətçiliyinin təşkili, təhlükəsizlik qaydalarının daim diqqət mərkəzində saxlanılması, ayıq-sayıqlığın artırılması, qarşı tərəfin fəaliyyətinin fasiləsiz müşahidəsinin və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

    Hərbi hissələrdə gündəlik xidməti fəaliyyət zamanı yanğın və digər təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.

    Müdafiə naziri qış mövsümündə Azərbaycan Ordusunun bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilməsi, dayaq məntəqələri və döyüş mövqelərində yaradılan bütün növ ehtiyatların daim diqqət mərkəzində saxlanılması, şəxsi heyətin xidməti və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması, eləcə də tibbi təminat məsələlərinə dair aidiyyəti üzrə vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

    Müdafiə naziri Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi, cari ildə bölmələrin döyüş hazırlığına və şəxsi heyətin fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi, eləcə də cari il ərzində qarşıya qoyulmuş vəzifələrin icrasının yüksək səviyyədə təmin olunması ilə bağlı tələblərini kollegiya iştirakçılarına çatdırıb.

    Kollegiya iclasının sonunda müdafiə naziri Azərbaycan Ordusunun bundan sonra da Ali Baş Komandanın və xalqımızın etimadını doğruldacağını əminliklə vurğulayıb.

  • Azərbaycan Ordusunun dəniz piyada bölmələrinin təlimi keçirilib – VİDEO

    Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə təlim keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Plana əsasən icra olunacaq fəaliyyətlər dəqiqləşdirildikdən sonra bölmələr şərti düşmən pusqusuna qarşı fəaliyyəti yerinə yetiriblər.
    Mobil qruplar əlverişsiz hava şəraitində, meşəlik və dağlıq ərazilərdə vaxt normativinə uyğun təyin olunan istiqamətdə irəliləyib və pusqunu dəf edib. Həmçinin yaralılara ilkin tibbi yardım və təxliyə tapşırıqları uğurla icra edilib.
    Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiq edildiyi, eləcə də şəxsi heyətin dözümlülük və praktiki vərdişlərinin artırılması məqsədilə yerinə yetirilən təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib, qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.