Category: Ordu

  • Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ: “Məhv ediləcək”

    “Ermənistan Müdafiə Nazirliyi etiraf etdi ki, atəş zərbəsi ilə sıradan çıxarılan əməliyyat-taktiki raket kompleksləri (ƏTRK) Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda, mülki obyekt və infrastrukturun olmadığı ərazidə tam döyüş növbəsində və tətbiqə hazır vəziyyətdə olub.

    Həmin ƏTRK-lar Azərbaycan ərazisindəki mülki obyektləri və infrastrukturu hədəfə almışdı”.

    Bununla bağlı Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.

    Bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin guya Ermənistan ərazisindən Azərbaycanın yaşayış məntəqələrinə atəş açılmaması barədə bəyanatları isə açıq-aşkar yalandır:

    “Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrimizin məhz Ermənistan ərazisindən atəşə tutulması danılmaz faktdır.

    Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür.

    Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır”.

  • Düşmənin Tərtəri atəşə tutması nəticəsində yaralanan səkkiz nəfərin ikisi vəzifəli şəxsdir

    Bu gün səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, səhər saat 10 radələrində Tərtər rayonu ərazisində kənd orta məktəbinin həyətinə mərmi düşməsi nəticəsində Tərtər rayon İcra Hakimiyyəti başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1971-ci il təvəllüdlü Zeynalov Ramiz Surxay oğlu, Əsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi 1966-cı il təvəllüdlü Əhmədov Kamran Vəliyəddin oğlu, kənd sakinləri 1976-cı il təvəllüdlü Əliyev Mətləb Cəmşid oğlu, 1987-ci il təvəllüdlü Əhmədov Xəyyam Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü İbrahimov İlqar İbrahim oğlu, 1996-cı il təvəllüdlü Ağazadə Firdovsi Alim oğlu və 1960-cı il təvəllüdlü Süleymanov Ağa Süleyman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Bundan başqa, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nın (Aztv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1983-cü il təvəllüdlü Qəmbərov Namiq Malik oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən televiziyanın xidməti avtomobilinin atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, avtomobilə isə ciddi ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

  • Müdafiə Nazirliyi: “Su-25 təyyarəmiz vurulmayıb”

    Bu gün növbəti dəfə Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 döyüş təyyarəsinin vurulması barədə yalan xəbər yayıb.

    Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilmir və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

  • Murad Bozdan Azərbaycanın haqlı mübarizəsinə dəstək – FOTO

    Türkiyəli məşhur müğənni Murad Boz Azərbaycan Ordusunun Qarabağda torpaqlarını geri qaytarmaq uğrunda keçirdiyi hərbi əməliyyatlara dəstək nümayiş etdirib.

    O, “Instagram” hesabının hekayə bölməsində Azərbaycan və Türkiyə bayraqlarını “Qarabağ” qeydi ilə paylaşıb.

  • Terrorçu dövlət olan Ermənistanın Gəncəyə hücumu xristianların məbədinə də ziyan vurub – VİDEO

    Terrorçu dövlət olan Ermənistanın Gəncəyə raket hücumları zamanı Aleksandr Nevski məbədi də zərər çəkib.

    Bu barədə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüqar Məmmədovun tvitini paylaşıb.

    Məbədin dini xadimi bunu insanlıqdan kənar hərəkət və Ermənistan tərəfin törətdiyi soyqırım adlandırıb.


  • Düşmən AzTV-nin maşınını atəşə tutdu: Yaralı var – FOTO

    Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərin atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Televiziyasının maşını atəşə tutulub.

    APA-nın Qarabağ bürosunun xəbərinə görə, nəticədə, AzTV-nin sürücüsü yaralanıb.




  • Düşmən Tərtərdə yaşayış evinə top atdı: Ölən var – RƏSMİ

    Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

    Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, saat 09 radələrində Tərtər rayonu, Narlı qəsəbəsində yaşayan 1969-cu il təvəllüdlü Axundov Ədavət Zahid oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində həlak olub, yaşayış evinə isə külli miqdarda ziyan dəyib.

    Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

  • Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi – RƏSMİ

    Oktyabrın 14-ü, saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib.

    Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

    Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilmişdi.

    Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb.

  • Düşmənin çox sayda hərbi texnikası məhv edildi – SİYAHI

    Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

    Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin beş ədəd T-72 tankı, üç ədəd BM-21 “Qrad” YARS, bir ədəd “Osa-AKM” ZRK, bir ədəd PDM-2, bir ədəd KS-19 zenit topu, iki ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

  • Ermənilər bir sıra rayonlarımızı artilleriya atəşinə tutur – RƏSMİ

    Səhər saatlarından başlayaraq, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulur.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ordumuz tərəfindən adekvat tədbirlər görülür.

    Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.